Təsviri sənətimizdə bədii plakat və karikatura paralelliyi

 

Təsviri  sənət müxtəlif zövqləri özündə birləşdirən bir xəzinədir. Bu xəzinədən zaman-zaman müxtəlif cür istifadə olunub. İntibah dövründə saray rəssamlarından tutmuş, müəyyən ideologiyaya xidmət edən incəsənət, Balzakın sözləri ilə desək, öz kahinləri və əzabkeşləri olan bir təriqətdir.

Təsviri  sənət müxtəlif zövqləri özündə birləşdirən bir xəzinədir. Bu xəzinədən zaman-zaman müxtəlif cür istifadə olunub. İntibah dövründə saray rəssamlarından tutmuş, müəyyən ideologiyaya xidmət edən incəsənət, Balzakın sözləri ilə desək, öz kahinləri və əzabkeşləri olan bir təriqətdir. Bu estetik təriqətdən sovet dövründə siyasətçilər çox məharətlə istifadə etmiş, incəsənəti göstəriş və qanunlar çərçivəsinə salmış, nəticədə mənasız, ideyasız bir  şeyə çevirmişlər. Sosialist realizmi deyilən bir cərəyan ətrafında birləşməyən rəssamlara elə prizmadan baxırdılar ki, sanki onlar sənətə təsadüfən gəlmiş insanlar idilər.

  Bütün dövrlərdə təsviri incəsənətin ən aktiv və operativ janrlarından sayılan bədii plakat və karikatur indiki dövrümüz üçün də fəal bir janr kimi fəaliyyətdədir. Əfsuslar olsun ki, başqa janrlardan fərqli olaraq, bədii plakat və  karikatur yalnız bir ideologiyaya xidmət etmiş ən operativ janr kimi yadımızda qalıb. Müstəqilliyimiz dövründə istər bədii plakatda, istərsə də karikatur janrında rəssamların düşüncəsinə müdaxilə etmək, onları yeni ideyalar axtarışından kənardaşdırmaq kimi cəhdlər yoxdur.

  1994-cü ildən başlayaraq bu sahədə bir canlanma yarandı. Hər il müxtəlif mövzularda, sərbəst ideyalar xəzinəsi olan bədii plakat janrında çəkilmiş yüksək səviyyəli sənət əsərləri işləndi. İstedadlı gənclər üzə çıxdı, mükafatlandırıldı və Azərbaycan incəsənətinin bir qolu olan bədii plakat cəmiyyətdə vətənpərvərlik və maarifləndirmə işini çox məharətlə yerinə yetirdi.

   Rəssamın əsərlərinin yaşamaq haqqı oldugu kimi, müəllifin də öz əsərlərində yaşamaq hüququ var. Bədii plakat və karikatur əsərləri bukletlərdə, kataloqlarda və kitab-albomlarda yayılır və təbliğ olunur. Bu baxımdan görkəmli heykəltaraş Ömər Eldarov və Bakı İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədovun əməyi çox təqdirəlayiqdir. “Müasir Azərbaycan plakatı” adlı kitab-albom keçirilən sərgi-müsabiqələrin yekunu olaraq özündə ən layiqli əsərləri cəmləşdirib. Bədii plakatla karikatur janrında həmişə bir sintez oxşarlığ var. İdeyanın şərtilik əsasında tapılması, stilə edilməsi, karikaturun bədii plakat və plakatı karikatur formasında tamaşaçıya çatdırılması mümkündür. Plakatda və karikaturda rəssam adi insanın görmədiyi hədəfi nişana alır və onu “vurur”. Həqiqəti gözəlliklə uygunlaşdırır və tamaşaçıya mətnsiz, illüstrasiya kimi yox, hadisəni ideya halına salıb, qrafik bir əsər kimi çatdırır.

  Son dövrlər ölkəmizdə plakat janrında bir süstlük yaranmışdı. Halbuki bu janr vasitəsilə bütün sahələrdə ideoloji təbligat, maarifləndirmə işi aparmaq mümkündür.

  Karikatur Azərbaycan mətbuatında 1906-cı ildən mövcuddur. Plakatdan fərqli olaraq, karikatur janrına həmişə bəsit bir forma kimi baxıblar. Dünyanı, necə deyərlər, qarşı-qarşıya qoyan karikatur janrına bu cür yanaşma isə düzgün deyil. Bu gün Azərbaycan karikatur məktəbi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Karikatur sərgilərinin keçirilməsi, beynəlxalq sərgilərdə Azərbaycanı təmsil etmək, dövlət məmurlarının şarjlarının sərgilənməsi bu janra meylin artmasından xəbər verir. Əvvəllər biz karikaturu ancaq qəzet-jurnal səhifələrində illüstrasiya formasında görürdüksə, indi artıq onlar sərgi salonlarında qrafik bir əsər kimi nümayiş olunur.

  2006-cı ildə Rəssamlar İttifaqının tərkibində Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin yaranması Azərbaycan karikatur məktəbinin xoş gələcəyindən xəbər verir. Son 5 ildə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi böyük işlər görmüş, beynəlxalq sərgilər keçirmiş, kitab-albom, kataloqlar çap etmiş və bir çox xarici dövlətlərdə Azərbaycan incəsənəti layiqincə təbliğ olunmuşdur.

 Üzeyir Hacıbəyovun musiqidə, Lətif Kərimovun xalçada, Kərim Kərimovun miniatür sənətində etdiyini Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə də karikaturda etdi. Güman edirəm ki, sənət adamlarıı mənim bu analogiyala tam razılaşarlar. Bu, həqiqətən də, belədir.

  Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının (FEKO) Baş katibi Piter Nyuvandeyikin Azərbaycan karikaturu barədə söylədiyi fikirləri oxuculara da çatdırmaq istərdim: “Mən bu yaxınlarda B. Hacızadənin müəllifi oldugu “100 illik Azərbaycan karikaturası” adlı maraqlı bir kitabını oxudum. Deməliyəm ki, bu, şah əsərlər toplusudur! Bu kitabdakı əsərlərin heç birinin izaha ehtiyacıı yoxdur, onlar özləri danışırlar.

  Təəssüflə deməliyəm  ki, əvvəllər mənim Azərbaycan karikaturaları haqqında hec bir məlumatım yox idi və onların əsərləriı ilə tanış  deyildim...”

  Bu kitab bizdə Azərbaycan karikaturçularının əsərləri ilə tanış olmaq üçün geniş imkanlar yaradır və ölkələr, xalqlar, rəssamlar arasında əlaqələri daha da möhkəmləndirir. Biz “beynəlxalq dil”də danışa bilərik.

  Bu gün 80-ə yaxın üzvü olan və Beynəlxalq Karikaturaçlar Təşkilatları Federasiyasının üzvü olan Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi ən fəal dövrünü yaşayır. Bu da ölkəmizdə gedən inkişafın göstəricisidir.

 

 

Kirman Abdin

 

Zaman.- 2010.- 24-25 iyun.- S. 12.