Azərbaycan
təhsilini Avropaya birləşdirən “körpü” - Boloniya
prosesi
“Neft kapitalı insan kapitalına çevrilməlidir”,- deyən ölkə başçısı
İlham Əliyev Azərbaycanın Avropa ali təhsil məkanına
inteqrasiyası üçün əməli addımlar
atmağa başladı. Azərbaycan
2005-ci ildə rəsmən “Avropa ali təhsil
məkanına”- Boloniya prosesinə qoşuldu.
Dünyada sənaye cəmiyyətinin yerini
informasiya cəmiyyəti tutmağa başlayıb. Əgər sənaye cəmiyyətinin
inkişafında əsas amil təbii sərvətlər hesab
edilirdisə, informasiya cəmiyyətinin inkişafında bunu yüksək
intellektə malik insan kapitalı əvəz etməkdədir.
Yüksək intellektli kadrların formalaşmasında isə,
heç şübhəsiz ki, təhsilin, xüsusilə də
ali təhsilin əhəmiyyəti
danılmazdır. Təsadüfi deyil ki, müasir dövrdə
hər bir ölkənin inkişafı həmin ölkədə
ali təhsilin səviyyəsi ilə müəyyən
edilir. Onu da deyək ki, dünyanın ən reytinqli ali təhsil müəssisələri bu gün
iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə
yerləşir. Nə qədər kobud səslənsə
də, etiraf etməliyik ki, inkişaf etmiş müasir iqtisadiyyatlar
üçün insan zəkası əsas xammal hesab olunur.
Ölkəmizin Boloniya prosesinə
qoşulmasına ən yüksək səviyyədə
“xeyir-dua” verilib
Qloballaşan dünyanın bir parçası olan
ölkəmizdə ali təhsilin nə qədər
önəmli olduğu və yüksək intellektli insan kapitalına
olan ehtiyac hər keçən gün daha çox hiss edilir.
Bu ehtiyacı qarşılamaq üçün isə ölkəmizin
ali təhsil sistemində dinamik
inkişafı təmin etmək lazımdır. Bunun
üçün müasir dünyanın təhsil yenilikləri
ölkəmizdə də tətbiq edilməlidir. Avropa ali təhsil sisteminə inteqrasiyanın nə qədər
önəmli olduğu ümummilli lider Heydər Əliyev tərəfindən
vaxtı ilə bu cür ifadə olunub: “Azərbaycan müstəqil
dövlət kimi Qərb ölkələrinin təcrübəsindən
istifadə etməyə çalışır və təhsilin
də təkmilləşdirilməsində bu təcrübədən
istifadə etmək lazımdır”. Ümummilli
liderin bu ifadəsi ölkənin Avropa təhsili sisteminə
inteqrasiya baxımından verilən ən yüksək səviyyəli
siyasi qərar hesab edilməlidir. Məhz
ümummilli liderin ortaya qoyduğu siyasi iradə qısa
müddətdə öz bəhrəsini verməyə
başladı. “Neft kapitalı insan kapitalına
çevrilməlidir”, - deyən ölkə
başçısı İlham Əliyev Azərbaycanın
Avropa ali təhsil məkanına
inteqrasiyası üçün əməli addımlar
atmağa başladı. Azərbaycan
2005-ci ildə rəsmən “Avropa ali təhsil
məkanına” - Boloniya prosesinə qoşuldu.
Azərbaycan Avropanın ali
təhsil məkanına inteqrasiyada qərarlıdır
Boloniya prosesinin rəsmi başlanğıcı 1999-cu il iyunun 19-u tarixinə təsadüf edir. Həmin tarixdə Boloniya şəhərində
(İtaliya) 29 Avropa ölkəsinin təhsil nazirləri tərəfindən
“Avropa Ali təhsil məkanı” (European Higher Education Area,
EHEA) və ya Boloniya Bəyannaməsi qəbul olunub. Hazırda Boloniya Bəyannaməsinə imza atan
ölkələrin sayı 47-yə çatıb. Proses iştirakçıları
öz üzərlərinə bir sıra mühüm öhdəliklər
götürməklə, Avropada ali təhsilin
keyfiyyətini yüksəltməyi qarşılarına əsas
məqsəd qoyublar. Azərbaycan da Avropanın ali
təhsil məkanına inteqrasiyada qərarlı
görünür. Elə təhsil naziri Misir Mərdanovun:
“Avropa təhsil məkanına inteqrasiya universitetlərin əsas
vəzifələrindən biri olmalıdır”,-
sözləri də bu məqsədin bariz nümunəsi hesab
olunmalıdır.
Boloniya prosesi bizə nə vəd edir?
Boloniya prosesinə qoşulmağın
üstünlükləri nələrdir? Çoxsaylı üstünlüklərdən
bəzilərini bu cür sıralamaq olar:
müəllimlərin müəyyən olunmasında tələbələrin
seçiminə üstünlük verilir; hər bir tələbə fərdi
planını tərtib etmək və qəbul edilən qərarlarda
iştirak hüququ qazanır;
tələbələr dərs yükünü özləri
seçdikləri üçün (Avropa Kredit Transfer
Sistemi-AKTS) universiteti daha tez və ya daha gec muddətə bitirə
bilirlər;
akademik hərəkətlilik (mobillik) nəticəsində təhsillərini
başqa universitetlərdə davam etdirə bilərlər;
ali təhsil
ixtisasları əmək bazarının tələblərinə
uyğunlaşdırılır;
ali təhsilin
maliyyələşməsində universitetlərə maliyyə
müstəqilliyi verilir;
bənzər
qiymətləndirmə sistemi imkan verir ki, tələbələrin
(məzunların) bilik və qabiliyyətləri Avropanın
istənilən ölkəsində asanlıqla tanınsın;
transmilli təhsil
standartlarının yaradılması və s.
Ali təhsildə ən mükəmməl islahat
proqramı
Bəs, görəsən, Azərbaycan ali
təhsil müəssisələrinin Avropa ali təhsil məkanına
inteqrasiyası ilə bağlı bu günədək
hansı işlər görülüb:
Ölkəmizin Bolonya prosesinə
qoşulması ilə əlaqədar əvvəlcə (2006-2007-ci
tədris ili) 10, daha sonra (2007-2010-cu illər) isə 27 dövlət
ali məktəbində bütün ixtisaslar üzrə kredit
sisteminin (AKTS) tətbiqinə başlanılıb;
diplomların
ekvivalentliyi və qarşılıqlı tanınması
üçün diploma əlavənin vahid nümunəsi
Avropa Komissiyası, Avropa Şurası və YUNESKO ekspertlərinin
də daxil olduğu birgə işçi qrup tərəfindən
hazırlanıb;
ölkə
başçısı İlham Əliyev tərəfindən
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə
bağlı bəzi tədbirlər haqqında” 31 yanvar 2008-ci
il tarixli sərəncam imzalanıb;
22 may 2009-cu il tarixində “2009-2013-ci illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı” təsdiq edilib;
Dövlət
Proqramının icrasını təmin etmək məqsədilə
Təhsil Nazirliyi tərəfindən 10 iyul 2009-cu il tarixində fəaliyyət planı qəbul
edilib;
həmçinin,
mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsi
məqsədilə onlarla yeni əsasnamə, qərarlar, təlimatlar
və digər sənədlər qəbul edilib;
kredit
sistemi ilə təhsil alan tələbələrin biliyinin
qiymətləndirilməsi üçün çoxballı
sistem tətbiq olunur;
auditoriya
saatlarının miqdarı azaldılıb (4140 saatdan, orta
hesabla, 3305 saata qədər), seçmə fənlərə
ayrılan saatların miqdarı isə artırılıb (
5%-dən 20%-dək);
Boloniya prosesinin tələblərinə
uyğun olaraq nəzəri həftələrin sayı 133-dən
115-ə, auditoriya dərsləri isə 17-18 həftədən
15-ə endirilib;
istehsalat
təcrübəsinin müddəti ixtisaslardan asılı
olaraq, 10 həftədən 18 həftəyə qədər artırılıb;
humanitar
fənlər bölümündə məcburi fənlərin
sayı 10-dan 3-ə endirilib və s.
Çatışmazlıqlar da mövcuddur
Əldə olunan çoxsaylı
uğurlarla bərabər bu sahədə öz həllini
gözləyən problemlər də mövcuddur. Məlum olduğu kimi,
Boloniya prosesinin əsas müddəalarından biri də
akademik mobillik və ya hərəkətlilikdir. Yəni,
Boloniya Bəyannaməsinin əsas tövsiyələrinə
görə, hər bir tələbə təhsilini ən
azı bir semestr başqa ali təhsil
müəssisəsində davam etdirə bilər. Lakin Azərbaycan Boloniya prosesinə qoşulsa da, əsas
müddəalardan olan akademik mobillik universitetlərdə tətbiq
olunmur. Bu sahədə problemlərin olduğu “Boloniya
prosesi çərçivəsində ali
təhsil sahəsində aparılan islahatlar haqqında Azərbaycan
Respublikasının Milli hesabatı”nda da göstərilir.
Milli hesabatda qeyd edilir ki, ali təhsil
müəssisələri tələbələrinin və
müəllimlərin akademik mobilliyini təmin edən
mövcud normativ baza təkmilləşdirilməli və yeni
normativ sənədlər hazırlanmalıdır.
Rəsmilər də
çatışmazlıqları inkar etmirlər
Azərbaycan Respublikasının Prezidenti
yanında Təhsil üzrə Komissiyanın sədri, Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də bu sahədəki
mövcud vəziyyətin qeyri-qənaətbəxş
olduğu fikrindədir.
Prezident yanında Təhsil üzrə Komissiyanın sədri
bəyan edib ki, bütün ali məktəblər
Boloniya prosesinə sözdə fəal şəkildə
qoşulduqlarını bəyan etsələr də,
onların istifadə etdikləri proqramlarda sovet dövründən
bu günə qədər çox kiçik dəyişikliklər
öz əksini tapıb. Təhsil naziri Misir Mərdanov da ali təhsilin keyfiyyəti ilə bağlı səslənən
iradlardan narahat olduğunu söyləyir. Təhsil naziri “Ali məktəblərdə
keyfiyyət baxımından ciddi addımlar
atılmalıdır”,- deyir. Eyni zamanda, təhsil
naziri Misir Mərdanov ali təhsilimizin gələcəyi
ilə bağlı ümidverici açıqlamalar da verir: “Təhsilimizin
digər pillələrində bizim bildiyimiz çoxlu sayda
problemlər var. Əsas məsələ ondan ibarətdir ki,
biz problemləri bilirik və onun həlli istiqamətində mərhələlərlə
tədbirlər görməyə hazırlaşırıq”.
İslahatlar daha sürətlə həyata
keçirilməlidir
Azərbaycan Texniki Universitetinin tələbəsi
Samir Qədirov bir semestri Bakı Dövlət Universitetində
(BDU) oxumaq qərarına gəlir. Baxmayaraq ki, Azərbaycan 5 ildir Boloniya prosesinə
qoşulub, amma Samir Qədirov öz istəyinə nail ola bilmir. “Bir fəndən kreditimi
başqa universitetə ödəmək qərarına gəldim.
İlk növbədə özüm çoxlu
araşdırmalar apardım və bunun elə də
böyük çətinlik törətməyəcəyini
düşündüm. Bunu ilk olaraq öz
ölkəmizdə, BDU-da etməyi düşündüm.
Qış semetrini tam şəffaflıqla
verdikdən dərhal sonra bu fikrimi dekanıma bildirdim.
Dekan fikrimi bəyəndi
və mənə prorektorla əlaqə saxlamağı məsləhət
gördü. Prorektorla danışdıqdan sonra
rektora yazılı ərizə ilə müraciət etdim.
O, ərizəmi qəbul edib yönləndirdi. Ərizəmin
yönləndirildiyi müəllimlər həm Təhsil Nazirliyi,
həm də BDU ilə telefonla razılığa gələ
bildilər. Lakin son anda - prorektorumuz bununla
bağlı nazirliyə gedəndə vəziyyət dəyişdi.
İş orasındadır ki, nazirlik BDU-ya təyinat
almaq üçün orada keçiriləcək fəlsəfə
fənnindən kredit yükünün və dərs proqramının
bizim univerisitetlə eyni olmasını vacib saydı.
Yaxşı irəliləsəm də, sonda hər şey
uçuruma yuvarlandı”,- Texniki
Universitetin tələbəsi Samir Qədirov belə deyir.
Münasibət birmənalı deyil
Ümumiyyətlə, tələbələr
Boloniya prosesinə qoşulmaqdan məmnundurlarmı? Söhbət ediyimiz tələbələr
bu prosesə qoşulmaqdan məmnun olduqlarını bildirsələr
də, bəyənmədikləri bəzi məqamların olduğunu söylədilər.
Məsələn, söhbət etdiyimiz tələbələrdən
biri, BDU-nun tarix fakültəsinin IV kursunda oxuyan Cavid Musayev deyir
ki, onun bəyənmədiyi məsələ dəftərə
görə tələbəyə bal verilməsidir:
“Universitetlərdə dəftərə görə 5, bəzilərində
isə hətta 10 bal verirlər. Tələbələr bal almaqdan ötrü dərsləri öyrənmədən
dəftərə köçürürlər. Müəllimlər
də dəftərin dolu və səliqəli yazılmasına
baxıb tələbəyə bal verirlər.
Nəticədə, bu, savadsızlığa və
əzbərçiliyə səbəb olur”.
İncəsənət Universitetində oxuyan Toğrul
adlı bir tələbə belə hesab edir ki, Boloniya
sisteminin ən üstün tərəfi dərslərin kredit
sistemi ilə keçirilməsidir: “Əvvəl tələbələr
hər hansı bir dərsdən imtahan verə bilməsəydi
yuxarı kurslara keçə bilmirdilər. Boloniya
prosesinin üstünlüklərindən biri budur ki, tələbə
hər hansı bir fəndən imtahanı uğurla verə
bilmədiyi üçün kursda saxlanılmır. O,
yuxarı kursa keçir və burada oxuya-oxuya aşağı
kursdan qalan kəsrini də verir”.
Bu yazı Azərbaycan Respublikası Təhsil Nazirliyinin,
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun və Azərbaycan Mətbuat
Şurasının keçirdiyi birgə müsabiqəyə
təqdim edilir.
Qvami Məhəbbətoğlu
Zaman.- 2010.- 24-25 iyun.-
S. 13.