Tarixin daha bir qara səhifəsi:Göytəpə faciəsi (2)

 

Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu.

Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu. Rus əsgərləri onları təqib edərək ya güllələyir, ya da doğrayırdılar. Səhra insan cəsədi ilə dolu idi. General Skobelevin əmri ilə əsgərlər bir canlıya da rəhm etmirdilər. Beləliklə, Göytəpədə 20 min nəfər türkmən rus əsgərləri tərəfindən qətlə yetirildi. Bu qətllər elə qəddarlıqla həyata keçirilmişdi ki, rus tarixçiləri uzun illər bu barədə danışmamağa çalışırdılar.

Göytəpənin işğalı zamanı ruslar da az itki verməmişdilər. Sonralar məlum oldu ki, rusların Göytəpəni işğal etməsi onlara 6-10 min nəfərin ölməsi və təxminən, bir o qədərinin də yaralanması hesabına başa gəlib.

 

Tatyana Təkinskayanın qəribə  taleyi

 

 Taleyin də qəribə oyunları var. Əsgərlər tərəfindən qətlə yetirilən dinc əhalinin meyitlərini at üstündə seyr edərək bundan  coşduğunu nümayiş etdirən Skobelevin gözü qəflətən hələ də öldürülmüş anasının döşləriniəmməkdə olan körpə qız uşağına sataşır. Həmin an görünür Allahın bu körpəyə rəhmi gəlmişdi. General atdan düşərək körpəni qucağına götürmüş və sonralar onu özü ilə Sankt-Peterburqa apararaq yetimlər evinə vermişdi. Qıza Tatyana adı verilir, soyadı kimi isə Təkinskaya (Təkin türkmənlərinin adı ilə) yazılır. Tatyana Təkinskaya sonralar ali məktəbi bitirdikdən sonra özünün kimliyi ilə maraqlanır. Ona Tükmənistandan olduğunu və yaşadığı faciəni bildirirlər. Bundan sonra o, doğma yurda qayıtmaq fikrinə düşür. Elə taleyin hökmü ilə Türkmənistana qayıdaraq, orada çarizm əleyhinə inqilabi fəaliyyətlə məşğul olmağa başlayır...

 

Göytəpə faciəsi ilə əlaqədar maraqlı bir hadisə

 

Deyilənə görə, Göytəpə alınandan sonra Skobelevin yanına əsir alınan bir türkməni gətirirlər. General ondan soruşur ki, onlar bu döyüşdə neçə nəfər itki veriblər. Əsir türkmən cavab verir ki, cəmisi 3 nəfər. Skobelev əsəbiləşərək deyir ki, axı ölən türkmənlərin sayı çoxdur, üstəlik, demək olar ki, heç kim sağ qalmayıb. Əsir türkmən isə yenə sakitcə:- Xeyir, ölən 3 nəfərdir,-deyir. Türkmən sonra əlavə edir: “Ölənlər sərkərdə Dıkma Sərdar, baxşi (aşıq), Amangəldi Qonibəy türkmənlərin dini rəhbəri Qurbanmurad İşandır. Göytəpədə öldürülən 20 min nəfərdən çox adamın yeri yeni doğulanlar hesabına doldurulacaq. Ancaq bu 3 nəfəri bir türkmənlər dünyaya gətirə bilməyəcəklər.”

Göytəpə alınandan sonra türkmənlərin müqaviməti qırıldı. 6 gün sonra ruslar cüzi itkilərlə Aşqabadı da işğal etdilər. Burada rus əsgərləri Skobelevin əmri ilə yaşı ondan çox olan bütün türkmən kişilərini qətlə yetirdilər.

1884-cü ildə isə ruslar türkmənlərin son alınmaz qalası hesab edilən Mərvi işğal etdilər. Bununla da ruslar Türkmənistanın işğalını başa çatdırdılar. Onu da deyək ki, ruslar Orta Asiyada Türkmənistanı, digər bölgə dövlətləri ilə müqayisədə, xeyli gec işğal etdilər. Buna da səbəb  türkmənlərin rus işğalına güclü müqavimət göstərməsi idi.

 

Skobelevin ölümü

 

Göytəpə qırğınına rəhbərlik edən  general Skobelevi qətlə yetirdiyi dinc insanların ahı tutdu. Türkmənistanın işğalına görə, hökumətin ali medalları ilə təltif edilən Skobelev Parisdəki konfranslardan birində Avropa əleyhinə kəskin bəyanatla çıxış etdi. Bu isə Avropanı ayağa qaldırdı. Nəticədə çar Skobelevi təcili  geri çağırdı ona bu çıxışına görə tez-tez irad tutmağa başladılar. Rusiya-Osmanlı müharibələri zamanı işğal edilən Ədirnədə məscidin kaşılarını belə sökdürərək Moskvaya daşıtdıran dinc əhalini, həmçinin əsirləri talan edərək, qətlə yetirərək onların var-dövlətini əlindən alan Skobelevin milyonlarla rubl var-dövləti, qızılı, gümüşü vardı. General bu var-dövlətin bir hissəsini anasına verərək onu  Bolqarıstana göndərmişdi. Qızıl-gümüşün bir hissəsi isə onun özündə idi. Amma o taladığı  var-dövləti yeyə bilmədi. Gözdən düşəndən sonra əyyaşlığa meyl edən Skobelev Göytəpə qırğınından bir qədər sonra infarkt keçirərək öldü. Onun anası isə Bolqarıstanda naməlum şəxslər tərəfindən qətlə yetirildi.

 

12 yanvar Türkmənistanda Milli Hüzn Günüdür

 

Türkmənistan tarixində Göytəpə qırğını qanlı səhifə kimi durur. Türkmənlər bu qətliamını unuda bilmir   faciəni qəlblərində ən ağır bir tarixi gün kimi yaşatmaqda davam edirlər. 1990-cı ilin yanvar ayında Türkmənistan Prezidenti Saparmurad Niyazov1881-ci il 12 yanvar Göytəpə qətliamının hər il Milli Hüzn Günü kimi qeyd edilməsi barədə sərəncam imzaladı. Sərəncamda qeyd edilirdi ki, bundan məqsəd ruslarla türkmənlər arasında düşmənçilik salmaq deyil, Göytəpənin qəhrəman müdafiəçilərinin  qətlə yetirilən 20 min türkmənin xatirəsini yad etməkdir. Saparmurad Niyazov bununla əlaqədar verdiyi açıqlamada: “Göytəpə faciəsinin anılması onun qurbanlarının xatirəsinin yad edilməsi bizim müqəddəs vəzifəmizdir”,-demişdi.

Bu gün Göytəpə qalasının yerində böyük bir məscid  yerləşir. Hər il yanvar ayının 12-də Türkmənistanın dövlət bayraqları aşağı endirilir və minlərlə adam bu günü hizn və kədərlə yad edir. Həmin gün Türkmənistanın hər yerindən on minlərlə adam Göytəpəyə gələrək faciə qurbanlarının, həmçinin, son nəfəsədək qəhrəmanlıqla döyüşən insanların xatirəsini yad edirlər. Son

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.-26-29 iyun.- S. 9