Azərbaycanın təhsil sahəsində beynəlxalq əlaqələri: dünən, bu gün,sabah

 

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında, digər dövlətlərlə münasibətlərinin yüksəlməsində təhsil sahəsində beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyəti var.

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında, digər dövlətlərlə münasibətlərinin yüksəlməsində təhsil sahəsində beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyəti var. Hazırda Azərbaycan Təhsil Nazirliyinin dünyanın 30-dək dövləti ilə təhsil əlaqələri mövcuddur. Nazirlikdən verilən məlumata görə, son bir neçə ildə ölkəmizlə Türkiyə, Tacikistan, Rusiya, Gürcüstan, Çin, İran, Misir, Avstriya, Qazaxıstan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlıq məqsədilə protokol və saziş imzalanıb.

Azərbaycanlı gənclərin xaricdə təhsil almalarına ən böyük dəstək isə Prezident İlham Əliyev tərəfindən verilib. Prezident İlham Əliyevin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqram qəbul olunandan sonra 2007-2008-ci dərs ilində xaricə təhsilə göndərilən azərbaycanlıların sayı 74, 2008-2009-cu dərs ilində 120 nəfər olub. Hazırda isə Dövlət Proqramı əsasında təhsil alanların sayı 500 nəfərə yaxındır. Proqram çərçivəsində xaricdə təhsil alanların 23 faizi tibb, 20 faizi iqtisadiyyat, 14 faizi isə texniki və mühəndislik ixtisaslarına yiyələnib.

 

Azərbaycanın Türkiyə ilə təhsil əlaqələri

 

Digər sahələrdə olduğu kimi, Azərbaycanın təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biri Türkiyədir. Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıqla bağlı ilk müqavilə 1992-ci ildə imzalanıb. Növbəti belə sənədlər isə ölkələrimiz arasında 1994 və 1997-ci ildə imzalanıb. 1998-ci ildə imzalanan növbəti protokolla  iki ölkə arasında təhsil sahəsində yeni bir mərhələ başlayıb. Belə ki, həmin sənəddən sonra tələbə mübadiləsinin əsası qoyulub və ölkəmizdə təhsil alan türkiyəli tələbələrin (tibb, inşaat, hüquq, beynəlxalq hüquq ixtisasları istisna olmaqla) diplomları öz ölkələrində tanınıb. Əməkdaşlığın uğurlu nəticəsi olaraq, 2006-2007-ci illərdə Azərbaycan Dillər Universitetinin avropaşünaslıq və beynəlxalq əlaqələr fakültəsinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat mühəndisliyi ixtisasları üzrə verilmiş diplomlar da Türkiyədə tanınıb.

Türkiyə universitetlərində azərbaycanlı bakalavrlar əsasən beynəlxalq iqtisadi əlaqələr, türk dili və ədəbiyyatı, beynəlxalq hüquq, tibb, dövlət idarəçiliyi, maliyyə, bank işi, xarici dillər, memarlıq, inşaat, meşəçilik, jurnalistika, sahibkarlığın iqtisadiyyatı, yüngül sənaye və yeyinti sənayesi, sosiologiya və digər ixtisaslar üzrə təhsil alırlar. Magistratura və doktorantura pillələrinə gəlincə, idarəetmə və təşkilatçılıq, marketinq, elektrik və elektronika mühəndisliyi, dəniz rabitəsi və mühəndis menecer, ilahiyyat, müasir türk ləhcələri, fəlsəfə, mülki hüquq, dövlət hüququ, sənaye psixologiyası və digər ixsisasları qeyd etmək olar.

 

“Çağ”ın məzunları ölkəmizə 85 qızıl gətiriblər

 

Azərbaycanın təhsil sahəsində beynəlxalq uğurlarından söhbət gedirsə, ümummilli lider Heydər Əliyevin 1991-ci ildə imzaladığı sənədlə ölkəmizdə fəaliyyətə başlayan “Çağ” Öyrətim Şirkətinin fəaliyyətini də qeyd etmək yerinə düşər. “Çağ”ın şagirdləri indiyədək dünyanın 50-dən çox ölkəsində respublikamızı təmsil edib, 85 qızıl, 127 gümüş, 196 bürünc medal qazanıblar. Bu qurumun əhatə etdiyi təhsil ocaqlarının məzunları hazırda dünyanın 30-dan artıq ölkəsinin məktəblərində oxuyurlar. “Çağ”ın hər il Təhsil Nazirliyi və digər qurumlarla birgə təşkil etdiyi bilik sərgilərinə 50-dən çox ölkəsindən yeniyetmələr qatılırlar...

 

Rusiyada 5 min azərbaycanlı təhsil alır

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, hazırda Rusiyanın ali təhsil müəssisələrində 5 mindən çox azərbaycanlı tələbə təhsil alır. Rusiya ilə Azərbaycan arasında 1995-ci ildə imzalanan elmi və mədəni əməkdaşlıq haqqında saziş ölkələrimiz arasında bu sahədə ilk mühüm sənəd hesab olunur. Bunun ardınca isə 1997-ci ildə növbəti saziş imzalanıb və həmin il 76, 1998-ci ildə 24, 1999-cu ildə 43 nəfər azərbaycanlı gənc Moskvanın ali məktəblərində təhsil almağa göndərilib. 2000-ci ildən Rusiya Təhsil  Elm Nazirliyi birtərəfli qaydada Azərbaycan vətəndaşları üçün təqaüdlər ayırır. Bunun hesabına 2000-ci ildə 8, 2001-ci ildə 12, 2002-ci ildə 51 tələbə Rusiyanın ali məktəblərinə təhsil almağa göndərilib. Təhsil naziri Misir Mərdanovun açıqlamasına görə, 2006-2007-ci tədris ilində Rusiyada Təhsil Nazirliyinin xətti ilə təhsil alanların sayı 170-dən artıq olub.

2008-ci ilin yanvarında isə Rusiyanın ən nüfuzlu ali təhsil müəssisəsi olan M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıda filialı açılıb. 2009-2010-cu tədris ilindən başlayaraq, Rusiyanın Təhsil və Elm Nazirliyi bu ölkənin respublikamızdakı səfirliyi ilə birlikdə Azərbaycanın 50 məktəbində rus dilinin intensiv tədrisi layihəsinə başlayıb.

 

Yaponiya, Almaniya, Amerika, Çin və Cənubi Koreya ilə də əməkdaşlıq arzuolunan səviyyədədir

 

Yaponiyanın Azərbaycanda təhsillə bağlı layihələri 3 istiqamətdədir. Bunlardan birincisi, məktəblərin tikintisi və təmiri, ikincisi, tələbə və müəllim mübadiləsi proqramları, üçüncüsü isə, təhsilə yardım layihələridir.

Hazırda Yaponiyanın “Ot kökləri və insan təhlükəsizliyi” qrant layihəsi əsasında məktəb tikintisi və təmiri sahəsində ölkəmizdə çox böyük işlər görülür.

Belə demək mümkünsə, Azərbaycanla Almaniya arasında təhsil əlaqələrinin əsası hələ Sovetlər Birliyi dağılmazdan öncə qoyulub. Belə ki, Sovetlər dövründə Almaniyanın Zigen Universiteti ilə Azərbaycan Dövlət Neft Akademiyası arasında əməkdaşlıq əlaqələri qurulub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə münasibətlər yeni mərhələyə qədəm qoyub. Alman Akademik Mübadilə Xidmətinin (DAAD) son on il ərzində müxtəlif proqramları üzrə Azərbaycana 680 təqaüd ayrılıb. Bu təqaüdlərin nəticəsi olaraq, çoxlu sayda azərbaycanlı Almaniyada təhsil alıb, ixtisasını artırıb və s.

Azərbaycanla Çin arasında təhsil əlaqələri hər iki ölkənin hökumətləri arasında 1994-cü ildə imzalanmış mədəni əməkdaşlıq haqqında müqavilədən sonra daha da inkişaf etməyə başlayıb. Ümumilikdə indi respublikamızda 228 Çin vətəndaşı təhsil alır. Onların böyük əksəriyyəti Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsidir. 1997-ci ildən isə bu ölkənin respublikamızdakı səfirliyinin dəstəyi ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Çin dili ixtisası şöbəsi fəaliyyət göstərir.

Təhsil sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Azərbaycan,təbii ki, ABŞ-la da bu sahədə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycan ABŞ-ın qeyri-hökumət təşkilatlarının “Azadlığın dəstəklənməsi aktı” çərçivəsində həyata keçirdiyi müxtəlif təhsil proqramlarında fəal iştirak edir. 2008-ci ildə ABŞ Dövlət katibinin müavini Qoli Amerinin ölkəmizə səfəri zamanı hökumətlərimiz arasında təhsil haqqında saziş imzalanıb. Sazişə əsasən, Dövlət Proqramı çərçivəsində 2009-2010-cu tədris ilində 4 nəfər magistr təhsili almaq üçün ABŞ-a göndərilib. Sonradan elan olunmuş müsabiqə əsasında daha 6 nəfərin bu ölkədə ali təhsil alması barədə qərar qəbul edilib. İndiyədək ACCELS, İREX təşkilatlarının həyata keçirdiyi və ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi təhsil mübadilə proqramları çərçivəsində 2500-dən artıq Azərbaycan vətəndaşı ABŞ-da təhsil alıb, yaxud ixtisasını artırıb.

Azərbaycanla Cənubi Koreya arasında da təhsil sahəsində əlaqələr sürətlə inkişaf edir. Əgər 2007-ci ildə Cənubi Koreyada təhsil alan azərbaycanlı tələbələrin sayı 7 nəfər idisə, indi onların ümumi sayı 60-dan çoxdur. Onlardan 25 nəfəri  Dövlət Proqramı əsasında təhsil alır. Təhsil Nazirliyinin məlumatına əsasən, Azərbaycanda texniki peşə təhsili sahəsində 3 il ərzində həyata keçiriləcək layihənin dəyəri 32 milyon dollardır ki, onun da 22 milyonunu Cənubi Koreya hökumətinin verdiyi kredit təşkil edir.

 

Təhsil Nazirliyi 20-dən artıq beynəlxalq təşkilatla əməkdaşlıq edir

 

Bu gün Təhsil Nazirliyi dünyanın 20-dən artıq beynəlxalq təşkilatı ilə, ümumilikdə, 70-dən artıq birgə proqram və layihə həyata keçirir. Həmin təşkilatlardan biri də UNİCEF-dir. UNİCEF-lə (BMT-nin Uşaq Fondu) Təhsil Nazirliyinin birgə fəaliyyəti Azərbaycan hökuməti ilə həmin təşkilat arasında imzalanmış beşillik fəaliyyət planları əsasında həyata keçirilir.

Təhsil Nazirliyi ilə Avropa Şurası arasında əməkdaşlıq bu gün də ən yüksək səviyyədədir. Avropa Şurası ilə əməkdaşlıq nəticəsində Azərbaycan Boloniya prosesinə qoşulub və bununla bağlı fəaliyyət planı qəbul olunub. Ölkəmiz indiyədək Avropa Şurasının “Təhsilin keyfiyyətinin təmin edilməsi sahəsində qanunvericilik layihəsi” (1996), “Tbilisi təşəbbüsü layihəsi” (1998), “Azərbaycan, Ermənistan və Gürcüstanda təhsilin keyfiyyətinin təmin edilməsi sahəsində qanunvericilik layihəsi”ndə (2000) iştirak edib.

Azərbaycanla Avropa İttifaqı arasında da uzun illərdir ki, geniş əlaqələr mövcuddur. Ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlıq bu təşkilatın həyata keçirdiyi TEMPUS və Erazmus Mundus proqramları ilə bağlıdır. Ölkəmizin ali təhsil müəssisələri hər il TEMPUS proqramı çərçivəsində 71-dən artıq layihə təqdim edirlər.

İndiyədək TEMPUS proqramı çərçivəsində ölkəmizdə Fransa və Yunanıstan 11, Belçika 2, Almaniya 5, İtaliya, Böyük Britaniya, Şimali İrlandiya və Niderland 6 layihənin icrasında iştirak edib.

Azərbaycanla UNESCO arasında münasibətlər hazırda da uğurla inkişaf edir. 2005-ci ildə Prezident İlham Əliyev “UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb və bu komissiyanın 17 nəfərlik yeni tərkibi müəyyənləşdirilib. 2007-ci ildə isə Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu ilə UNESCO arasında “Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi” layihəsinin həyata keçirilməsi haqqında saziş imzalanıb. Layihəyə əsasən, Təhsil Problemləri İnstitutunun tərkibində Texniki Peşə Təhsil Mərkəzi yaradılıb.

Təşkilatla Təhsil Nazirliyinin əməkdaşlığının nəticəsi olaraq, 2006-cı ilin 12-13 iyun tarixlərində Bakıda “Azərbaycanda inkluziv təhsil təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu, Azərbaycanın təhsil tarixində inkluziv təhsilə həsr olunmuş ilk beynəlxalq tədbir olub.

UNESCO ilə əməkdaşlıq çərçivəsində baş tutan ən mühüm tədbirlərdən biri də 14-16 may, 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda UNESCO-nun Dünyada Savadlılığın dəstəklənməsi üzrə regional konfransın keçirilməsi olub. Konfransda dünyanın 30-dan çox ölkəsinin 200-ə yaxın təhsil ekspertləri iştirak edib.

Bu gün Təhsil Nazirliyi “British Council” (Britaniya Şurası) ilə, Amerika Birləşmiş Ştatlarının Açıq Cəmiyyət İnstitutu və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Azərbaycanın etibarlı tərəfdaş olması, Prezident İlham Əliyevin təhsil sahəsində görülən böyük işlərə xüsusi önəm verməsi ölkəmizin gələcəkdə təhsil sahəsində beynəlxalq aləmdə daha böyük uğurlara imza atacağından xəbər verir.

 

 

NİCAT İNTİQAM

 

Zaman.- 2010.- 30 iyun.- S. 10.