“Çağ”ın yetirmələri Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazandılar

 

Bakıda keçirilən Beynəlxalq Mendeleyev Olimpiadası dünən başa çatıb. Olimpiadanın sonuncu günü həm də qaliblərin mükafatlandırılması mərasimi ilə yadda qalıb. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, olimpiadaya 14 ölkədən 87 şagird qatılıb. O bildirib ki, olimpiadada yüksək nəticə göstərmiş şagirdlər öz təhsillərini Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirəcəklər.

Nazir tədbirdə bir çox tanınmış şəxslərin - Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakultəsinin dekanı Valeri Vasiliyeviç Luninin, “Çağ” Öyrətim Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərənin, Qazaxıstanın, Belaruzsun və digər ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələrinin iştirakını mühüm hadisə adlandırdı. V.V.Luninin isə olimpiada iştirakçıları adından onlara göstərilən diqqət və qayğıya, qonaqpərvərliyə görə Təhsil Nazirliyinə, Təşkilat Komitəsinə təşəkkür etdi. Qaliblərə medalları Misir Mərdanov və V.V.Lunin təqdim etdilər. Olimpiadanın nəticələrinə görə Rusiyanın, Qazaxıstanın, Ukraynanın, Belarusun və digər ölkələrin məktəbliləri ilə bərabər Azərbaycanda fəaliyyət göstərən bir sıra tədris müəssisələrinin şagirdləri də mükafata layiq görüldülər. Yekun nəticələrə görə, Lənkəran Özəl Türk Liseyinin şagirdi Aqil Əzimzadə qızıl, Quba Özəl Türk Liseyinin şagirdi Rəşad Yusifov gümüş və Dədə Qorqud Özəl Türk Liseyinin şagirdi Vüqar Mirzəxanov bürünc medalla mükafatlandırıldılar.

 

 

Zaman.- 2010.- 4-5 may.- S. 2.