Haqq qapısının zəngi

 

İşimiz düşəndə min bir dil tökürük, bəzənqadan alımda deyirik, “qurban olumda, əzilirik, tapdanırıq, kiçilirik bir görürük ki, qula qul olmuşuq. İnsan insandan bir şeyi istəyər, xahiş edər, canı üçün, malı üçün yalvarmaq əskiklikdir, ucuzluqdur. Günlərlə yalvarıb kiçik bir şey qazanırıq, amma düşünmürük ki, əsl yalvarılmalı ünvan insan deyil, insana hər cür naz-neməti, sərvəti verən Allahdır. İnsana yalvarmaq qədər acizlik, kiçiklik, zəiflikdirsə, Allaha yalvarmaq o qədər böyüklükdür, özünə dəyər verməkdir. İnsana yalvardıqca şəxsiyyət dəyərdən düşər, Allaha yalvardıqca insan dəyər qazanar.

İşimiz düşəndə min bir dil tökürük, bəzən “qadan alım” da deyirik, “qurban olum” da, əzilirik, tapdanırıq, kiçilirik və bir də görürük ki, qula qul olmuşuq. İnsan insandan bir şeyi istəyər, xahiş edər, canı üçün, malı üçün yalvarmaq əskiklikdir, ucuzluqdur. Günlərlə yalvarıb kiçik bir şey qazanırıq, amma düşünmürük ki, əsl yalvarılmalı ünvan insan deyil, insana hər cür naz-neməti, sərvəti verən Allahdır. İnsana yalvarmaq nə qədər acizlik, kiçiklik, zəiflikdirsə, Allaha yalvarmaq o qədər böyüklükdür, özünə dəyər verməkdir. İnsana yalvardıqca şəxsiyyət dəyərdən düşər, Allaha yalvardıqca insan dəyər qazanar.

Dua Allaha yalvarmağın, Ona dərdini söyləməyin və xeyirli bir çıxış yolu istəməyin adıdır. Dua qul ilə Allah arasında körpüdür, dua qulun Allah-Təalaya dönməsi və Onun mərhəmət qapısını döyməsidir. Dua öz acizliyini etiraf, Allahının böyüklüyünə təslim olmaqdır. Dua ünvanını tanımaqdır, həqiqi gücü görə bilməkdir. Allaha yalvarmaq ucalıqdır, insana yalvarmaq əskiklikdir. Allaha yalvarmaq bütün sərvətlərin, naz-nemətlərin Ona məxsus olduğunu ruhu ilə, könlü ilə təsdiq etməkdir. Allaha yalvarmaq bütün xeyirlərin, bütün çarələrin, bütün qurtuluşların Ondan gəldiyinə inanmaqdır. Dua qul üçün açılmış ən kəsə, ən qısa və Haqq dərgahına yetişən yoldur. Allah-Təala: “Duanız olmasaydı, sizə nə deyə dəyər verərdim?” buyurur. Yəni hər kəsin dəyəri onun duasının dəyəri nisbətindədir. Zülmdən gərilmiş insanın öz dərdini Allah-Təalaya izhar edib çarə diləməsi ilə bir kef məclisində “Allah səni xoşbəxt eləsin” deməyin dərəcəsi eyni olmadığı kimi qarşılığı da eyni olmayacaq. Allah-Təala məzlumun, yetimin, yolda qalanın, haqsızlıq qarşısında gərilmiş və Allahdan başqa kimsədən çarə diləməyənin duasını tez qəbul edər. Dua ibadətin özüdür, namaz da duadır, oruc da duadır, möminin bütün həyatı duadır. Dua Allaha təslimiyyət, Ondan xeyir, bərəkət diləməkdir. “Yalnız Səndən mədət umaram, yalnız Sənə tapınaram” həqiqətidir dua. “Məni Özündən başqa kimsələrə möhtac eləmə” diləyidir dua.

Duanın da bir ədəbi var. Allah-Təala Öz qullarına çığır-bağırtısız, reklamsız-filansız, səssizcə dua eləməyi buyurur, yəni duanın gücü onun ifadə formasında deyil, dua edənin səmimiyyətindədir. Həzrəti-İbrahim mancanaqla oda atılırdı, mələklər havada ona yaxınlaşdılar və “bir istəyin varmı?” soruşdular. Ruhunu büsbütün Allaha bağlamış Həzrəti İbrahim: “Allah mənə yetər, mənim halımı O bildisə, başqa kimsəyə bir şey söyləmərəm, Ondan başqa kimsədən nicat diləmərəm” məalında qarşılıq verdi, yəni Ondan nə gəlsə, xoşdur, narı da xoş, nuru da xoş və bu duanın qarşısında Allah-Təala dağ boyda alovu Həzrəti-İbrahim üçün gülüstana çevirir. Hər şeyini itirmiş Həzrəti Əyyub (ə.s.) xəstəlikdən dili titrəyəndə və huşunu itirmək dərəcəsinə gələndə: “Allahım, zərər indi mənə toxundu” deyib halını Uca Rəbbə ərz edir, yəni mən özüm üçün heç bir şey istəmirəm, mənə dilimi ver Səni zikr edim, mənə şüurumu ver, Səni təfəkkür edim, başqa heç nə gərəyim deyil.

Həzrəti Yusif zindanda ikən yanındakılardan birinə dedi ki, sən azadlığa çıxanda padşaha məndən bəhs edərsən. Deməyinə dedi, amma heç bir an keçmədən alnını yerə qoyub, Allahdan əfv dilədi. Çünki o özünü suçlu hesab edirdi, Allah başqasından yardım diləmək fikrinə düşmüşdü.

Peyğəmbərlərin həyatı möhtəşəm dualar tablosudur.

Bir nəfər kor Rəsulullahın (s.ə.s.) yanına gəlir və

- Ey Allahın Rəsulu, dua elə gözlərim açılsın, - deyir.

Allah Rəsulu isə:

- Sənin bu halına şükür edərək yaşamağın sənin üçün daha xeyirlidir, - cavabını verir.

           Adam israr etdikdən sonra Rəsulullah dua elədi və onun gözləri açıldı.

Amma Rəsulullahın söylədiyinin daha doğru olduğuna kimsə şübhə eləməz. Çünki onun həyatı bu cür təslimiyyət mənzərələri ilə dolu idi.

Həzrəti Fatimədən başqa, bütün övladlarını öz əli ilə dəfn elədi. Amma bir dəfə də “Allahım, bu körpəmi mənə bağışla” deyə dua eləmədi. O, təslimiyyətin misilsiz örnəyidir. Həyatının hər anı, hər addımı duadır. Alnını səcdəyə qoyub təslimiyyətini bütün ruhu ilə ifadə edəndən sonra mömin yeməyində də, içməyində də, yatıb-durmağında da dua bərəkəti axtarmalıdır. Bir işi başlayarkən “Bismillah!” demək də duadır, yəni Allahı çağırırsan və Ondan xeyir-bərəkət diləyirsən. Rast gələndə “Salamun-əleyküm” demək də duadır, yəni Allah səni hər cür xətadan-bəladan qorusun, əmin-amanlıq içində tutsun. Duaların ən gözəli “Allah səndən razı olsun” deməkdir. Çünki Allahın rizasına qovuşmaq üçün nə bir dərd qalar, nə bir sıxıntı. Allah sənə dost olsun, Allah səni sevsin, dünyanın düşmən olmasından nə çıxar ki? Hər işində Allahın rizasını düşünərsənsə, Allah-Təala da düşmənlərini sənə dost edər.

Dua bir yalvarış, bir yaxarış, möminin günahlara qarşı silahıdır. Bəlaların qarşısını kəsən bir çəpərdir. Dua qullar üçün Allah-Təalanın (c.c.) dərgahına açılan bir qapıdır. Dua təslimdir, təvəkküldür”.

Duanız olmasaydı, nə əhəmiyyətiniz vardı, - buyuran Allaha möhtaclığımızın, acizliyimizin və hər şeyin “Ol!” əmrinə tabe olmasının sübutudur.

Dua həm qorxu, həm də ümidlə Ona yalvarmaqdır. “Çarəsiz qalıb yalvardığımızda duamızı qəbul edən və bizim sıxıntılarımızı xoş bir duyğuya çevirmə qüdrətinə malik Allahdan başqa kimimiz var?” - sualının cavabıdır. Bu cavabın həyəcanı ilə Rəbbimizə dönək, dərdimizi bizi bizdən daha yaxşı tanıyan Allaha ərz edək.

Dua ibadətin özü və əsası, ruhun qidası və rahatlığıdır. İnsanı cismən və qəlbən təmizliyə aparan aydın bir yoldur. Bizə şah damarımızdan daha yaxın olan Allahın səssiz fəryadlarımıza “Qullarım səndən məni soruşsalar, (de ki) Mən (onlara çox) yaxınam. Mənə dua etdiklərində dua edənin duasını qəbul edərəm”, - cavabıdır. Biz də vədinə mütləq əməl edən Allaha dua edək. Dolu içimizi açmaq üçün “Qulum nə istəyir?” - məqamını gözləyək.

Rəsulullahın (s.ə.s.) “Ümid ümmətim üçün bir Rəhmətdir. Ümid olmasaydı, heç bir ana (uşağını) əmizdirmək və heç bir gülün tikanı olmazdı”, - kəlamlarını unudaraq, dualarım niyə qəbul olmur deyə ümidsizliyə qapılmayaq. Qəlblərdən keçənləri belə bilən Allah “Əl-Mucib” (dua edənin duasını qəbul edən) adı ilə mütləq dualarımızı qəbul edəcək. Hər şeyin bir vaxtı olduğunu xatırlayaq, duamızın zamanını gözləyək. Səbir edək, duanı tərk etməyək. Yaxud “Onsuz da Allah halımı bilir, duaya gərək yoxdur”, - deməyək. Uca Rəbbimiz istədiyimizi vermək istəməsəydi, istəməyi bizlərə verməzdi. Biz də əllərimizi Ona açıb Peyğəmbərimizin (s.ə.s.): “Ey Allahım, günahlarımı və avamlığımı, mənim bu dünyada israfçılığımı və özün məndən yaxşı bildiklərini bağışla. Ey Allahım, mənim həm yüngül, həm də ciddi əməllərimi, şüurlu xətalarımı bağışla”, - deyə etdiyi dualara qoşulaq.

Dualar həm dillə olur, həm əllə. Yəni bir şeyin başa gəlməsini istəyirsənsə, onun üçün Allaha dua etdiyin kimi, gərək lazım olan səbəbləri yerinə yetirəsən. İmtahanları uğurla verib universitetə girmək istəyən Allahdan uğur diləməklə yanaşı, həm dərslərinə möhkəm hazırlaşmalıdır ki, səbəbləri yerinə yetirmiş olsun. Bu mənada dərs oxumaq da duadır.

Duada tərəddüd olmaz, insan istəyində qətiyyətli olmalı hər dəfə : “Allahım, mənim üçün xeyirlisi nədirsə, onu nəsib eylədeməlidir. İnsan bəzən duası ilə özünə bəla istəyir. Sədi Şirazidən ibrətli bir hekayə danışaq:

Uzaq bir şəhərə qonaq getmişdim. Gecəni keçirmək üçün dostumun evinə getdim. Gördüm ki, şadyanalıqdır. Səbəbini soruşdum. Dedi ki, yoldaşı hamilədir, niyyət edib ki, əgər oğlu olsa, evindəki hər şeyi təsəddüq edəcək. Mən onun duasınaAmin!” deyib, səhərisi gün evindən ayrıldım. Aradan 15 il keçəndən sonra yenə yolum həmin şəhərə düşdü dostumun evinə üz tutdum. Evin yerində uçuq bir xarabalıq vardı. Qonşulardan onu soruşdum. Ah çəkib belə dedilər: “Onun bir oğlu vardı ki, yetənə yetirdi, yetməyənə bir daş atırdı. Vurub padşahın vergi məmurlarından birini öldürdü, özü qaçıb gizləndi. Atasını aparıb zindana salıblar, arvadın da ürəyi dərddən partlayıb öldü”.

Bu sözləri eşidəndə barmağımı dişlədim ürəyimdə dedim: “Bu bəlanı o özü Allahdan istəmişdi”. Yəni insan Allah-Təaladan övlad istəyəndə oğlan, qız deyə ayrı-seçkilik qoymasın, xeyirli övlad istəsin. Ümumiyyətlə, hər işdə belədir. Bir işi Allah-Təaladan istəyəndə: “Allahım, əgər mənim üçün xeyirlidirsə, onu mənə qismət elədeməlidir. Yoxsa, çoxumuz o rəvayətdəki ata kimi özümüzə dərman yerinə, zəhər istəmiş olarıq.

Duanın daha tez qəbul olunduğu məkan zaman kəsimləri var. Həcc ziyarətində, məsciddə, namazdan sonra, ağzıoruclu ikən edilən duanın qəbulolunması çoxdur. Peyğəmbərimiz bir hədisi-şərifində buyurur ki, yetimlərin, zülmə uğramışların anaların duası ilə Allah-Təala arasında heç bir pərdə yoxdur.

Dua Allah-Təalanın mərhəmət qapısının zəngini çalmaqdır; Allaha sığınmaqdır; Ondan mədət ummaqdır; Sən olan yerdə mən kimsəyə əl açmaram deməkdir; məni Özündən başqa kimsəyə möhtac eləmə təmənnasıdır.

Heç diqqət yetirmisinizmi, Həcc ziyarətinə gedənlər bir ağızdan: “Ləbbeyk Allahummə, Ləbbeyk” deyirlər. Bilirsinizmi, nə deməkdir? - Yəni əmrindəyəm, hüzurundayam, qarşındayam, Sənə sığınmışam, Sənin dərgahına gəlmişəm, Sənə pənah gətirmişəm, Allahım.

Dilinizdən duanızı əskik eləməyin. Hər addımda həm özünüzə, həm də sevdikləriniz üçün dua edin. Allah-Təalanın buyurduğu kimi hər kəsin dəyəri elə onun duaları qədərdir. Dəyəriniz yüksək olsun!

 

 

Zaman.- 2010.- 6-7 may.- S. 9.