Milli-mənəvi dəyərlərimizi
rəqəmsal formaya çevirməliyik”
Dünya
ölkələri artıq informasiya cəmiyyəti
quruculuğu prosesinə qədəm qoyub. İnkişaf səviyyələrindən
asılı olaraq, hər bir ölkə bu prosesdə müəyyən
nailiyyətlər əldə edib. Azərbaycanda da bu istiqamətdə
müəyyən işlər görülüb. Ancaq hələ
də informasiya cəmiyyəti anlayışı sadə vətəndaşlar
tərəfindən kifayət qədər başa
düşülmür. İnformasiya Texnologiyaları
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,
professor Rasim Əliquliyevlə söhbətimiz də bu
mövzuda oldu.
-
Rasim müəllim, son dövrlərdə “informasiya cəmiyyəti”
anlayışından tez-tez istifadə olunur. Ancaq bu
anlayış hələ də sadə insanlar
üçün aydın deyil. Bəlkə bu
anlayışın mahiyyətini bir qədər
açasınız?
-
İnformasiya cəmiyyətinin əsas fəlsəfəsi
yaşından, dilindən, dinindən, irqindən, sosial və
siyasi mənsubiyyətindən, həmçinin zaman və məkandan
asılı olmayaraq, bütün insanların informasiya tələbatını
ödəməkdən, onların arasında sosial kommunikasiya
mühiti yaratmaqdan, bilik və düşüncələrini,
istədikləri məlumatı ictimaiyyətə
çatdırmaqdan ibarətdir. Onun əsas məqsədi insan
fəaliyyətinin müxtəlif sferalarında informasiya
bolluğunun yaradılması və bu prosesin köməyi ilə
bir tərəfdən, bəşəriyyətin
qarşısında dayanan problemləri həll etmək, digər
tərəfdən, cəmiyyətin inkişafını təmin
etməkdir. İnformasiya cəmiyyətinin əsas göstəriciləri
informasiya və biliyin əsas iqtisadi resursa çevrilməsi,
informasiya sənayesinin ön plana çıxması, ümumi
daxili məhsulun həcmində bu sektorun payının 50 faizi
keçməsidir.
-
Hər halda, bütün bunların həyata keçirilməsində
informasiya və kommunikasiya texnologiyaları (İKT) əsas rol
oynayır.
-
Əlbəttə. İnformasiya cəmiyyəti
anlayışına texnoloji nöqteyi-nəzərdən
yanaşsaq, görərik ki, burada kompyuter və internet
informasiyanın toplanması, saxlanması, emalı,
ötürülməsi və digər mühüm
funksiyaları həyata keçirir. Yəni burada texnoloji amillər
danılmazdır. Ancaq informasiya cəmiyyətini yalnız
texnoloji məsələlərlə məhdudlaşdırmaq
olmaz. İnformasiya cəmiyyəti həyatın bütün
sahələrinə təsir edir, hətta onların mahiyyətini
dəyişdirir, müasirləşdirir.
-
Müasirlikdən söz düşmüşkən, “elektron
dövlət” anlayışı da informasiya cəmiyyətinin
gətirdiyi yeniliklərdəndir. Bu anlayışı necə
başa düşmək olar?
-
“Elektron dövlət” - dövlət
hakimiyyəti orqanlarının fəaliyyətinin İKT-nin
köməyi ilə virtual məkanda, yəni şəbəkə
mühitində həyata keçirilməsini nəzərdə
tutur. Bunun ən sadə izahı ondan ibarətdir ki,
bütün dövlət qurumlarının internet-səhifələri
var, bu səhifələr müntəzəm şəkildə
yeni informasiyalarla təchiz edilir, müvafiq qurumun fəaliyyətində
tam şəffaflıq təmin olunur.
-
Bununla vətəndaş nə qazanır?
-
İnformasiya cəmiyyətində dövlət-vətəndaş
münasibətləri İKT-nin tətbiqi ilə qurulur. Yəni
vətəndaş öz evində internetə daxil olmaqla
dövlət hakimiyyəti orqanlarının bütün fəaliyyətini
izləyə bilir, o özünə lazım olan
informasiyanı alır və baş verən proseslərdən
xəbər tutur. Bu yolla vətəndaşın ictimai proseslərdə
fərdi iştirakı təmin olunur. Digər tərəfdən,
vətəndaş vaxt itkisinin qarşısını alır.
Məsələn, hansısa idarədən ərizə almaq
üçün o idarəyə getməyə ehtiyac
qalmır, vətəndaş evindəki internetə
qoşulmuş kompyuter vasitəsilə bu ərizəni əldə
edir. Təbii ki, bütün bunların Azərbaycanda tam tətbiq
olunması üçün müəyyən vaxta ehtiyac var.
-
Azərbaycanda bu sahədə görülən işləri
necə qiymətləndirmək olar?
-
Ümumiyyətlə, dünyada informasiya cəmiyyətinin
qurulması çox mürəkkəb və dinamik bir
prosesdir. İnformasiya cəmiyyətinin müxtəlif
xüsusiyyətlərinin inkişaf tempini əks etdirən
özünəməxsus makroindikatorlar, statistik göstəricilər
sistemi var. Azərbaycanda da bu sistem üzrə müəyyən
işlər görülməkdədir. Xüsusilə, qeyd
olunmalıdır ki, ölkəmizdə informasiya cəmiyyətinin
qurulması prosesi dövlət siyasətinin əsas prioritet
istiqamətlərindəndir. Ona görə də Azərbaycanda
bu sahə elmi şəkildə araşdırılır və
dövlət səviyyəsində proqramlar həyata
keçirilir və müvafiq qanunlar qəbul olunur. Ancaq təbii
ki, bu məsələdə bütün yük dövlətin
üzərinə düşmür. Vətəndaşlar da
özlərini informasiya cəmiyyətinin tələblərinə
uyğunlaşdırmalıdırlar.
-
İnformasiya cəmiyyəti özü ilə birlikdə
“informasiya müharibəsi”ni də gətirir. Azərbaycan bu
müharibəyə nə qədər hazırdır?
-
İnformasiya müharibəsi bəşər tarixinin 7-ci nəsil
müharibəsi adlanır. Digər müharibələrdən
fərqli olaraq, informasiya müharibəsinin sərhədi
bilinmir və əsasən virtual xarakter daşıyır. Bu
müharibədə iştirakçı tərəflərin
sayı daha çoxdur və onun vurduğu zərərlər
də daha dərindir. Həm də informasiya müharibəsində
təhlükə hər tərəfdən gələ bilər.
Elmi-texniki inkişafa uyğun olaraq, müharibənin
metodları və silahları da dəyişir. Biz də bu
vasitələrdən düzgün istifadə etməli, vacib
bildiyimiz informasiyaları xarici dillərə tərcümə
edib, ötürməyə çalışmalı və bu
yolla Azərbaycan həqiqətlərini virtual məkanda dünyaya
çatdırmalıyıq. Bu müharibədə
informasiyanın ötürülməsinin müntəzəmliyi
təmin olunmalıdır. Çünki qarşı tərəf
də dayanmır, onlar da öz informasiyalarını
dünyaya ötürməkdə davam edirlər.
-
Biz informasiya cəmiyyətinin təhlükələrinə
qarşı dayanıqlı olmaq üçün nə etməliyik?
-
Əvvəla, informasiya cəmiyyəti təfəkkürünə
malik olmalıyıq. Bütün milli-mənəvi dəyərlərimizi,
musiqimizi, elmimizi - hər şeyimizi rəqəmsal formaya
çevirməliyik. Onları müxtəlif dillərə tərcümə
etdirməliyik ki, dünyanın hər yerində insanlar
ölkəmiz, millətimiz, tarixi həqiqətlərimiz,
milli-mənəvi dəyərlərimiz haqqında daha dəqiq
məlumatlandırılsınlar. Əgər belə olarsa,
biz, bir tərəfdən, özümüzü informasiya cəmiyyətinə
hazırlamış olarıq, digər tərəfdən,
informasiya müharibəsinə qarşı daha
dayanıqlı olarıq.
-
İnformasiya cəmiyyəti quruculuğunda Azərbaycanın
qarşısında dayanan əsas vəzifələr
hansılardır?
-
Ölkəmizdə informasiya cəmiyyətinin qurulması
dövlət siyasətinin əsas prioritetlərindən biri
kimi qəbil edilib. İnformasiya cəmiyyətinin
qurulmasının əsas vəzifələri sırasına
müvafiq hüquqi əsasların yaradılması, insan
amilinin inkişafı, vətəndaşların məlumat
almaq, onu yaymaq və istifadə etmək hüquqları, şəffaf
dövlət və yerli özünüidarəetmənin,
elektron hökumətin, elektron ticarətin formalaşması,
ölkənin iqtisadi, sosial və intellektual potensialının
möhkəmləndirilməsi, informasiya və biliklərə
əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın
qurulması, informasiya və bilik bazarının
formalaşdırılması, tarixi, ədəbi-mədəni
irsin saxlanması, müasir İKT infrastrukturunun
yaradılması, vahid milli elektron informasiya məkanının
formalaşdırılması, informasiya təhlükəsizliyinin
təmini, qlobal informasiya fəzasına inteqrasiya, milli İKT
məhsullarının istehsalı, ölkədə rəqəmsal
fərqin aradan qaldırılması kimi vacib məsələlər
daxildir.
-
Bəs bu prosesdə vətəndaşların üzərinə
düşən vəzifə nədən ibarətdir?
-
Cəmiyyətin hər bir təbəqəsi, hər bir fərdi
informasiya cəmiyyətinə hazır olmalıdır. Məsələn,
əgər elektron dövlətdən söhbət gedirsə,
ilk növbədə, dövlət qulluğunda
çalışan insanlar bu işi bilməlidirlər. Əgər
söhbət pensiyaçılardan gedirsə, onlar bankomatlarla
işləməyi bacarmalıdırlar. Əgər söhbət
şagirdlərdən gedirsə, onlar orta məktəblərə
verilən kompyuterlərlə işləməyi
bacarmalıdırlar, müəllimlər elektron dərsliklərlə
tədrisin elementlərini dərk etməli və bu yolla dərs
keçməyi bacarmalıdırlar, tələbələr,
lazım gələndə, məsafədən təhsil ala
bilməlidirlər. Ən əsası isə, insanlar özləri
bütün bu yeniliklərə meyilli olmalıdırlar.
-
İnformasiya cəmiyyətində informasiya strateji əmtəəyə
çevrilir. Azərbaycanda informasiya iqtisadiyyatının
formalaşması üçün hansı işlər
görülür?
-
Sözsüz ki, informasiya cəmiyyətinin əsas vəzifələrindən
biri məhz bu məhsulları yüksək texnoloji (bilik)
tutumlu etmək, başqa sözlə, biliklər (informasiya)
iqtisadiyyatı formalaşdırmaqdır. Azərbaycanda da
informasiya iqtisadiyyatının formalaşdırılması
üçün artıq siyasi-ideoloji xətt müəyyən
edilib, müvafiq dövlət proqramları qəbul olunub,
normativ-hüquqi baza yaradılıb. Həyata keçirilən
bu tədbirlər artıq öz bəhrəsini verməkdədir.
Bunun nəticəsi kimi, ölkəmizdə ÜDM-in tərkibində
İKT sektorunun payı getdikcə artmaqdadır. Bu inkişaf
tempi informasiya cəmiyyətinin qiymətləndirilməsi
üçün beynəlxalq qurumlar tərəfindən tətbiq
edilən indikatorlar sistemi üzrə göstəricilərdə
də öz təsdiqini tapır. Artıq 2015-ci ildə
İKT sektorundan əldə edilən gəlirlərin neft gəlirlərini
üstələyəcəyi proqnozlaşdırılır.
Natiq Pənahlı
Zaman.- 2010.- 15-17 may.- S.13.