Gözə torpaq atmaq onu öldürmək deməkdir”

 

Paşa Qəlbinuru kimi həkim, kimi şair, kimi də ictimai xadim kimi tanıyır. Mən isə onu həm zülmət çökmüş gözlərə nur verən cərrah, həm sözə yeni həyat, qəlb bəxş edən ədəbiyyatçı, həm də dünya azərbaycanlılarının, sözün həqiqi mənasında, birliyinə nail olmağa çalışan bir ictimai xadim kimi tanıyıram. Paşa Qəlbinurla hər dəfə söhbət edəndə də onun bu sahələrin hər birinə dərindən bələd olduğunun şahidi olmuşam. Bəlkə, elə buna görə Paşa Qəlbinur bu sahələrdən söz düşəndə onları bir-birindən ayırmır. Necə deyərlər, eyni gözlə baxır, onlardan eyni maraqla söz açır, hətta onların birliyinin  vacibliyini də vurğulayır. Beləliklə, həmsöhbətimiz Azərbaycan Tibb Universitetinin Göz xəstəlikləri kafedrasının müdiri, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, şair Paşa Qəlbinurdur.

- Paşa müəllim üçün gözlədiyi suala cavab vermək maraqlıdır, yoxsa gözləmədiyi?

- Sözün düzü, hər ikisinə... Mənim fikrimcə, insanlarla daim ünsiyyətdə olan şəxs üçün sualın gözlənilən, yaxud gözlənilməz olmasının o qədər də fərqi yoxdur.

- Elə isə... Bu il Milli Məclisə seçkilər keçiriləcək. Paşa müəllim də öz namizədliyini irəli sürmək fikrindədirmi? Səhv etmirəmsə, siz bir dəfə buna cəhd etmişdiniz...

- Xeyr... Bu da mənim çoxşaxəli fəaliyyətimlə əlaqədar işlərimin çoxluğundan irəli gəlir.

- 1982-ci ildə elmi işinizlə bağlı əsəriniz Dövlət mükafatına təqdim olunmuşdu. Lakin onu almaq sizə nəsib olmadı... Ancaq bir il sonra sovetin daha böyük mükafatını aldınız. Bu prosesdə müəyyən qüvvələrin, daha doğrusu, bədxahların “işbirliyi” öz sözünü demişdir...

- Mən bütün canlılara Allahın yaratdığı məxluq kimi baxıram. Bu mənada insan Ulu Tanrının şah əsəridir. Deyərdim ki, heç bir müasir texnika insanın bir barmağının fəaliyyət sahəsini əhatə edə bilməz. Hətta bir hüceyrəni quraşdırıb ortaya çıxarmaq mümkün deyil. O ki qaldı sualınıza... Bütün bunlarla yanaşı, insanların xeyirxahı da var, bədxahı da... Mən insanların xeyirxahlarını da görmüşəm, bədxahlarını da... Amma unutmayın ki, sonrakı fəaliyyətimlə istər tibb, istərsə də poeziya aləmində öz sözümü deyə bilmişəm. Təkcə bir faktı qeyd edim ki, müalicəyə çətin tabe olan virus xəstəliklərinə qarşı dünya miqyasında istifadə edilən “Aktipol”um (onu bacım Sevinc xanımla birgə ərsəyə gətirmişik) bu gün dünya təbabət aləmində seçilən dərmanlardandır.

- Rəhmətlik Bəxtiyar Vahabzadə deyirdi ki, şair Bəxtiyar alim Bəxtiyarı qatlayıb dizinin altına qoyar... Bəs, görəsən, həkim Paşa Qəlbinur güclüdür, yoxsa şair Paşa Qəlbinur, yaxud ictimai xadim Paşa Qəlbinur?

- Mənim aləmimdə həkim Paşa Qəlbinur da, şair Paşa Qəlbinur da, ictimai xadim Paşa Qəlbinur da eyni gücə, eyni qabiliyyətə malikdir. Bu mənada onlardan heç biri o birini qatlayıb dizinin altına qoya bilməz.

 

Göz 300 illik ömrə hesablanıb...

 

- Paşa müəllim, gözə baxmaqla insanın taleyini oxumaq, yaxud onun xasiyyətini müəyyənləşdirmək mümkündürmü?

- Bilirsinizmi, gözün hər bir nöqtəsi insanın hər bir əzasını özündə ehtiva edir. Yəni gözdə insanın böyrəyinin, ayaqlarının, əllərinin... fəaliyyətini özündə əks etdirən nöqtələr var. Qədim filosoflardan biri əbəs yerə deməyib ki, insan elə gözdən ibarətdir. Mən göz üzərində əməliyyat apararkən göz sahibinin əzalarının vaxtilə hansı xəstəliklərlə üzləşdiyini də söyləyə bilirəm. O anlarda gözlər, sanki, mənimlə danışır, əgər belə demək mümkünsə, öz əzadaşlarının keçdiyi yol barədə məlumat verir. Lakin müəyyən məsafədən baxanda göz sahibi haqqında fikirlərim adi insanın fikirlərindən o qədər də fərqlənmir. Yəni müəyyən səhvlərə yol verə bilərəm. Bu da hər şeydən əvvəl, insanın öz hisslərini gizlətmək cəhdləri ilə bağlıdır.

- İnsan dünyasını dəyişərkən onun gözləri qapanmır. Bunu insanın gözünün doymaması ilə izah edirlər.

- Deyimlərin fizioloji, anatomik mənaları var. Bilirsinizmi, göz 300 illik ömrə hesablanıb. O, insan bədənində ən gec ölən  orqanlardandır. Digər orqanlardan fərqli olaraq, bir sutkadan (hətta elə hissələri var ki, iki sutkadan) sonra gözün transplantasiyası da mümkündür. Yeri gəlmişkən, peyğəmbərlərin min il, 300 il ömür sürmələri barədə məlumatlar mənim fikrimi təsdiq edir. Bu kimi aspektlərdən çıxış etsək, zənnimcə, gözə torpaq atmaq, sadəcə, onu öldürməyə xidmət edir.

 

Bu mümkün olsaydı...

 

- Azərbaycanda nanotexnologiyaların göz müalicəsində tətbiqi nə vəziyyətdədir?

- Nanotexnologiya tibb aləmində inqilabi istiqamətdir. Bizdə də bu istiqamətdə müəyyən işlər görülüb. Onu da deyim ki, bunun böyük gələcəyi var. Ancaq bu sahə hələlik rüşeym halındadır, böyük uğurları sabahlardadır.

- Elmin son nailyyətləri hesabına süni gözdən istifadə bizim ölkədə nə qədər realdır?

- Bu gün dünyanın heç bir ölkəsində süni gözdən istifadə real deyil. Hazırda süni gözlə görmək yalnız söz-söhbətdir. Görməyən adama süni göz qoyanda o, sadəcə, ilə qaranın fərqini bilir. Bu isə görmək demək deyil ki... Bunu nəyinsə xatirinə şişirdirlər.

- Deyilənlərə görə, Norbekov sistemi ilə yaxını və uzağı görmək qabiliyyətini iki həftəyə yalnız təmrinlərlə bərpa etmək mümkündür. Bu doğrudurmu?

- Hamıda bu mümkün olsaydı, onda heç bir insanın gözündə eynək olmazdı ki... Yüz adamın 10-15-də bu mümkündür ki, o da az müddətə...

- Hansı təbii vasitələr göz xəstəliklərinin qarşısını almaqda effektlidir.

- Dünyada insan səhhəti üçün xeyirli şeylərin hamısı...

- Bioloji aktiv əlavələr insanı xəstəliklərdən qoruyurmu?

- Buoloji aktiv maddələr immun sistemini artırır. Və insanların xəstəliyə tutulmaq imkanlarını azaldır. Amma bu heç də o demək deyil ki, xoruz banlamırdı, səhər açılmırdı. Yeri gəlmişkən, dədə-babalarımız heç bir aktiv maddədən istifadə etməyiblər. Onlar təbii qida məhsullarından faydalanıblar. Bu mənada göyərti, ağartı elə aktiv maddələrdir də. Mən də hamıya elə bu cür aktiv maddələrdən istifadə etməyi tövsiyə edirəm.

 

Şeiri sıxıram...

 

- Paşa müəllim, fikriniz qafiyənin yanında çox qalır, yoxsa xəstənin?

- Mən heç vaxt qafiyənin dalınca qaçmamışam. Yəni ilham pərim məni qəfil güllə kimi müxtəlif məkanlarda - yolda, iclasda haqlayıb. Lakin nə qədər qəribə olsa da, o, əməliyyat otağında heç zaman məni narahat etmir. O otaqda mən oluram, bir də mücadilə apardığım xəstəlik. O anlarda bir şeirimdə yazdığım kimi:

 

“Əllərimin hakimiyyəti bərqərar olur,

Əməliyyat vaxtı.

Qaranlıqda işığın radar tutmayan

Sərhədinə uçur əllərim”.

 

- Səhv etmirəmsə, o şeir bu sözlərlə davam edir:

 

 “Ürəyim kimidir,

Mən yatanda da,

Oyaq olur əllərim...”

 

 Bu, doğrudanmı, belədir, yoxsa şair təxəyyülünüzün məhsuludur?

- Burada elə bir şişirtmə yoxdur, bədii dildə desək, mübaliğə yoxdur: yəni, həqiqətən də, mənim əllərim yatanda da ürəyim kimi həmişə oyaq olur.

- Bəs şeir yazanda necə? Həkimliyinizi də unudursunuz?

- Yox, şeir yazanda həkim Paşa da mənimlə olur, müəllim Paşa da, ictimai xadim Paşa da... Şeir, əgər belə demək mümkünsə, bu Paşa Qəlbinurların işbirliyi sayəsində işıq üzü görür.

- Bir sətirlik şeirlər, mini-roman yazan Paşa Qəlbinur ədəbiyyatımıza daha hansı yeniliklər gətirmək fikrindədir?

- Yığcam yazmaq yeni deyil ki... Elə götürək Ömər Xəyyamı. Özü də Ömər Xəyyam tək rübailərini deyil, riyaziyyata, astronomiyaya aid elmi işlərini də yığcam yazıb. Məndə olan məlumata görə, indi də dünyada ən çox oxunan Ömər Xəyyamdır. Fikrimcə, bu onun əsərlərinin lakonikliyi ilə bağlıdır. Görünür, mən də onun yolunu tutmuşam. Yəni bütöv bir şeiri sıxıb, bir misraya yerləşdirmişəm. Elmi işlərim, esselərimi də, “Qara su” (o, rus dilinə tərcümə olunub, ingilis dilinə də tərcümə olunmaqdadır) romanımı eləcə sıxmışam.  Halbuki romanımın virtual sərhədləri çox genişdir. Bu da, hər şeydən əvvəl, oxucuya olan sayğıdan irəli gəlib. Bu həm də indiki zəmanədə vaxta qənaət deməkdir. Daha hansı yeniliklərə imza atacağıma gəlincə isə, yalnız bunu deyə bilərəm: gələcək işlərim barədə əvvəlcədən nəsə söyləməyi xoşlamıram.

- Bəs bu qədər işin öhdəsindən neçə gəlirsiniz?

- Mən belə düşünürəm ki, an zamanın ən kiçik ölçüsü yox, dərinliyi olan zamandır. O dərinliyə endikcə daha geniş fəaliyyətə imkan verən dünya açılır. An zərrəlikdən çıxır. Onu zərrəlikdən çıxarmaq üçün çox böyük güc lazımdır. O güc insanın məqsədə çatmaq eşqidir. Elə mənim də belə geniş aspektdə fəaliyyətimə bu eşq təkan verir.

- Ailənizdə davamçılarınız varmı?

- Oğlumla qızım yolumu davam etdirirlər. 13 yaşında Tibb Universitetinə qəbul olunmuş oğlum 22 yaşında elmlər namizədi olub.  Avropanın bir sıra ölkələrində təhsilini davam etdirib. 3 il öncə İsraildə idi. İndi isə Kanadanın Toronto Universitetində doktorantura təhsili alır. Onunla yaşıd olan qızım da bu sahədə təhsilini davam etdirir. Hazırda orta məktəbdə oxuyan qızım isə göz həkimi olmaq niyyətindədir.

- Əgər gözlərinizdə problem yaransa, əməliyyatı kimə etibar edərdiniz?

- Tələbələrimə... Mən onlara inanıram.

 

“Bİz də yumurtadan cik vuran cücə”

 

- Paşa müəllim, bir şeirinizdə deyirsiniz:

 

     Göylərdən baxanda xəritələrdə

Xəzərdən su içən qartalsan, Vətən.

Namərdlər vurublar su içən yerdə

Biz də yumurtadan cik vuran cücə

Çırpışa-çırpışa qalmışıq Vətən...

 

Paşa müəllim, biz nə vaxta qədər belə vəziyyətdə qalacağıq?

- Nə qədər ki, biz dünya miqyasında bir deyilik, hələ çırpışa-çırpışa qalacağıq. O birliyə nail olmalıyıq...

- Buna nail olmağımız çoxmu çəkəcək?

- Dünyada mütləq birlik yoxdur. Nisbi birlik var. Ona nail olanadək.

- Siz xarici ölkələrdə səfərlərdə olursunuz. Avropa ölkələrinin torpaqlarımızın 20%-nin Ermənistanın işğalı altında olmasından, yaxud Güney Azərbaycan məsələsindən, yəni ikiyə bölünmüş Azərbaycan barədə məlumatları kifayət qədərdir?

- Avropalıların Güney Azərbaycan, bir sözlə, məmləkətimiz barədə məlumatları çox səthidir və ya yox dərəcəsindədir. Əksəriyyət Azərbaycanın taleyindən, Dağlıq Qarabağ haqqında bilgilərdən uzaqdır. Bəzilərində informasiya olsa da o da yanlışdır. Mən bunu müşahidələrimə əsasən deyirəm. Belə ki, ötən il İsveçrə parlamentində altı millət vəkili ilə görüşdük. Onlardan yalnız birinin ölkəmizlə bağlı məlumatı vardı. Bir sözlə, bu və ya digər ölkənin ziyalılarının, demək olar ki, beş faizi ölkəmizlə bağlı müəyyən məlumata malikdir. Bu beş faiz də son 20 ildə bu istiqamətdən görülmüş işlərin bəhrəsidir. Bu istiqamətdə çox çalışmaq lazımdır.

 

 

Qvamı Məhəbbətoğlu

 

Zaman.- 2010.- 18-19 may.- S. 10.