Yurddan-yurda

 

Tərəkəmələr türkdilli tayfalardır. Əvvəllər Sırdəryanın sağ sahilində yaşayıblar. Oğuz türkləri XI əsrdən başlayaraq, İran, Zaqafqaziya, Kiçik Asiya və Mesopotamiyaya yayılıblar. Köçəri həyat sürən oğuzların bir hissəsinə tərəkəmə (“ər” türkmən sözünün cəmidir) deyiblər. Azərbaycanda Kür-Araz ovalığında, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində yaşayan və icma halında yaylağa gedən tərəkəmələr həm də əkinçiliklə məşğul olurdular. Tərəkəmələrin qalan hissəsi aranda biçini qurtarıb, payız əkininə hazırlıq görürdülər. Onlar əsasən heyvandarlıq məhsulları (yağ, pendir, yun və s.) istehsal edir, bunları taxıl və sənətkarlıq məhsulları ilə dəyişirdilər. Xalçaçılıq, toxuculuq və s. də inkişaf etmişdi. “Tərəkəmə” xalq rəqsinin tərəkəmələrlə bağlılığı güman edilir.

Bu tayfalar özünəməxsus köç adət-ənənələrini, köç mədəniyyətini qoruyub saxlayıblar. Yayda otun bol, havanın sərin olduğu yerlərə - yaylaqlara, payızda isə arana köçürlər. Yazın axırlarında köç hazırlığı görülür. Ərzaq, qab-qacaq, pal-paltar, mitil tədarük edilir, məfrəşlərə, xurcunlara, heybələrə qablaşdırılır. Komalar üçün çubuqlar hazırlanır. Bunun üçün göyrüş, çəkil ağaclarının düz qanadlarını kəsib, koma şəklində yaş ikən əyərək quruyana qədər saxlayırlar. Sonra çadırlar seçilir, yırtıq-deşiyi yamanır, yəhər-yüyən təmir edilir, atlar nallanır. Atların nallanması da vacib məsələdir. Çünki köç karvanı əsasən dağ yollarından keçir deyə nalsız atların dırnaqlarını daş, çınqıl yeyir, ayağı yaralanır, yaylağa qədər gedib çıxa bilmir, yarı yolda qalır. Odur ki, əvvəlcədən atları nalbəndin yanına aparıb nalladırlar.

Elə ki, köç vədəsi yetişir, dəvələr, atlar, qatırlar yüklənir, camaat yaylağa üz tutur. Beləcə, köç başlanır. Bir tərəfdə qoyun-quzu, mal-qara sürüləri, digər tərəfdə isə at belində yaşlılar, qadınlar və uşaqlar asta-asta, ləngər vura-vura yoluna davam edirlər. Dağa çıxana kimi bir neçə yerdə gecələyirlər. Yolboyu çobanların səs-küyü, qoyun-quzu mələrtisi, it hürüşməsi kəsilmək bilmir. Nəhayət ki, elat yaylağa yetişir. Münasib yer zəndləyib, yataq (arxac) üçün yer seçir, atların, dəvələrin yükünü açırlar. Çubuqların bir ucunu yerə sancır, o biri uclarını bir-birinə çatırlar. Sonra da çubuqların üstünə çadır çəkirlər. Beləcə, tərəkəmələrin dağ evləri - komalar, alaçıqlar yan-yana düzülür. Komanın içinə keçə döşəyir, yorğan-döşəkdən yük yığırlar. Qoyun-quzu üçün də daşı-daş üstə qoyub qalaq qurur, ağzıbir düzəldirlər. Qoyunu və quzunu gecələr bu qalaqlarda saxlayırlar.

Tərəkəmə üçün otun, otlağın, biçənəyin, xamın, xəsilin öz mənası var. İtin hürməyi, atın kişnəməyi, qurdun ulamağı, quzu mələrtisi tərəkəmə üçün nəsə deyir. Bir körpə quzunun, necə deyərlər, “burnunun qanaması” belə tərəkəmənin gözündən yayınmaz. İtin də, atın da, köşəyin də öz dəyəri var. Tərəkəmə dövlət becərəndir. Tərəkəmə min də olsa, yüz də olsa, on da olsa, qoyun-quzunun hər birini üzüynən tanıyar, quzunun mələrtisindən hansı qoyunun balası olduğunu dərhal anlar, ilin gəlişindən əkizin, yalxının sayını əvvəlcədən təyin edər. Bir yetim quzunu aldırmayınca rahatlıq tapmaz.

Dağ döşünə yayılmış sürülər tərəkəmə həyatının əmin-amanlığından, bərəkətindən və gümrahlığından xəbər verir. Ümumiyyətlə, dağ mövsümü tərəkəmə üçün əsl ruzi mövsümüdür. Çünki bu vaxt gül-çiçək qarışıq ot dizə vurur, heyvanlar yaxşıca kökəlir, südə, ətə-qana gəlir. Tərəkəmə də inəkdən, qoyundan çiçək ətirli yağ-pendir tutur. Onlar yağı da, pendiri də motala yığırlar. Motalı bir neçə illik erkək dərisindən düzəldirlər. Yeri gəlmişkən deyək ki, üçillik erkəyə öyəc deyirlər. Öyəc dərisi iri olur, 40-50 kilo pendir tutur. Deyirlər ki, belə dəri pendiri uzun müddət təravətli saxlayır. Doğrudan da, motalda saxlanan pendir, yağ  bir müddətdən sonra dəyir, dadlanır, mataha dönür.

Yaylaqda təndir olmur deyə çörəyi sacda bişirirlər. Ocağın altında, adətən, təzək və çırpı  yandırırlar. Sacı külləyirlər ki, yuxanı yandırmasın. Yuxa nazik yayılmış mayasız çörək növüdür. Ona yayma da deyirlər. Kündəni nazik yayıb isti sacın üstünə atır, o üz-bu üzünə çevirərək qısa vaxta bişirirlər. Motal pendirini bir büküm isti yuxa ilə dürməkləyib yeyən adamın könlündən daha heç nə keçməz. Üstündən doyunca buzlu bulaq suyu içməyənə deyərlər ki, naqolaydı, yəqin bir əmması, azarı var...

Tərəkəmələrin bir yaylaq qayğısı var ki, o da yun qırxımıdır. Bu işi səriştəsi olanlar görərlər, yoxsa əlinə ilk dəfə qırxlıq (yun qayçısı) alanlar onu bacarmazlar. Bu, hər çobanın xörəyi deyil. Yunu lap dibdən qırxmaq lazımdır ki, itkiyə getməsin. Naşı da qırxlığı düzgün işlədə bilmir deyə ya tez-tez qoyunun dərisini kəsir, heyvana ağrı verir, ya da yunu dərinin üstündə saxlayır, uzun qırxır. Yun qırxımında, demək olar ki, hamı iştirak edir. Qadınlar yunu çeşidləyir. Qıvraq çobanlar qoyunları bir-bir tutub ayaqlarını bağlayır və qırxıncının yanına gətirirlər. Uşaqlara da tapşırırlar ki, qırxılmış yunu toplayıb xarallara yığsınlar. Yayın ikinci yarısında, yəni yaylaqda qırxılan yuna güzəm, yaz yununa isə yapağı deyirlər. Yaz yunu uzun və yumşaq, güzəm isə qısa və cod olur.

Dağ mövsümü alverçilərlə də yadda qalırdı. Onlar yatağa at, qatır belinə yüklənmiş səbətlərdə gilas, alma-armud, maşınlarda isə qarpız-yemiş gətirərdilər. Çox vaxt onlara satağançı da deyirdilər. Tərəkəmələr öz ehtiyaclarını götür-qoy edəndən sonra yunun bir hissəsini ya satar, ya da mer-meyvəyə dəyişərdilər. Sovet vaxtı “avtolavka” deyilən səyyar dükanlar da yaylağa gələr, tərəkəmələrin çay-qənd, pal-paltar və gündəlik ehtiyaclarını görərdi.

Elə ki mal-heyvan özünü tutdu, onda da aran-qış tədarükü görülürdü; erkəklər kəsilir, öz yağında qızardılıb küpələrə doldurulurdu. Buna da qovurma deyirlər. Bu, daha çox qış azuqəsidir. Arana dönəndən sonra onu hər dəfə təzələyib dadlı xörəklər bişirirlər...

 

Bu minvalnan yay mövsümü gəlib keçərdi.

 

Dağların başına ilk qar düşər-düşməz elat arana daşlanır. Yenə də yolboyu qələbəlik olur, səs-küy, qoyun-quzu mələrtisi dünyanı ağzına götürür. Yaylaqdakı yurd yerlərimiz boşalsa da, qəribsəsə də, köç əhlində bir şadyanalıq olur; əvvəla, ruzinin, bərəkətin bolluğudur. İkincisi də, axı aranda onların yolunu həsrətlə gözləyirlər.

Üç-dörd gündən sonra köç arana yetişir. Qonum-qonşu, qohum-əqrəba ilə görüşən tərəkəmələr bir neçə gün də kəndin həndəvərində dolanandan sonra indi də qış yataqlarına üz tuturlar. Kəndlərdə ev-eşik, bağ-bağat salsalar da, tərəkəmələr, ömrünün böyük hissəsini təbiət qoynunda - sürü qırağında, at belində keçirməyə üstünlük verirlər. Əkin-biçinlə məşğul olan tərəkəmələr isə payız-qış aylarında ev işlərinə güc verir, qoyun-quzudan əldə edilən yundan xalça, kilim, palaz, məfrəş, vərni, heybə və s. toxuyurlar. Xalçaçılıq tərəkəmələrin ən sevimli məşğuliyyətlərindən biridir. Qışda hər tərəfi qar örtür, çöldən əl-ayaq çəkilir. Tərəkəmə də bikar durmağı heç sevmir ki... İsti sobanın yanında min bir naxışlı, allı-güllü xalçalar toxuyur. Onlar bu işə əvvəldən hazırlıq görürlər. Yuyulmuş yunu zoğal çubuğu ilə çırpıb açır, yun darağından keçirir, əlçimləyib üst-üstə yığırlar. Sonra bu əlçimləri cəhrədə əyirib sap eləyirlər. Sapı kirtizləyəndən, yəni hamarlayandan  sonra yenidən cəhrədə ikiqat, üçqat bükdərirlər. Başqa sözlə, iki və ya üç sapı bir yerdə burub eşirlər. Yalnız bundan sonra nənələr bardaş qurub hazır ipi səkkiz rəqəmi şəklində dizlərinə sarıyırlar. Bu cür sarınmış ipə kələf deyirlər. Kələfləri boyamaq üçün boyaqçıya aparırdılar. Boyaqçı da onları iri küpdəki rəngin içinə salır, ip rəngi götürənə qədər saxlayırdı. Boyaqçılara çox vaxt küpçü də deyirdilər. Lap qədimlərdə rəngləri yalnız heyvanlardan - böcək və həşəratlardan alırdılar. Yəni tamamilə təbii idi. Lakin bu həşəratların toplanması böyük zəhmət istəyirdi. Məsələn, bir kiloqram al-qırmızı boyaq əldə etmək üçün on minlərlə purpur böcəyi toplamaq lazım gəlirdi. Odur ki, yavaş-yavaş nəbati (bitki) boyaqlardan istifadə etməyə başladılar.

Ən gözəl xalça quzu yunundan çıxırdı. Belə xalçalar uzun illər şuxluğunu itirmir, rəngi getdikcə daha parlaq görünürdü. Tərəkəmələr bu xalçaları, bir qayda olaraq, Novruza qədər toxuyub kəsərdilər. Bunun da öz səbəbi vardı. Novruzdan sonra əkin-biçin işlərinə hazırlıq görülür, hər işin öz vaxtı, vədəsi yetişir, hər yerdə həyat yenidən qaynamağa başlayır deyə bayrama qədər xalça hazır olmasa, işlər üst-üstə düşə bilər. Bir də ki, bayramqabağı kəsilən xalçanın sevinci ikiqat olur axı...

Çöl işlərini nizama salandan sonra tərəkəmələri qarşıdan gələn köç mərasimi gözləyir. Beləliklə, hər şey yenidən təkrarlanır...

 

 

Zaman.- 2010.- 22-24 may.- S.14.