“Zaman-Azərbaycan” 3000-ci sayı ilə 19
yaşını bayram edir
Təkcə
baş redaktorlar deyil, ötən bu 19 ildə “Zaman” qəzetinə
istər türkiyəli, istər azərbaycanlı yüzlərlə
dostumuz, qardaşımız gəlib-gedib. İndi həmin səhifələri
çevirdikcə o imzaları görüb kövrəlməmək
olmur. Gəldilər, getdilər, hər kəs də iş
üstünə iş, daş üstünə daş qoyub,
bu binanın bir az da yüksəlməsinə xidmət elədi.
Aradabir gəlirlər, oturub o günləri xatırlayır,
sonra da dönüb gedirlər.
Qəzetimiz
Azərbaycana gələn ilk xarici müəssisədir. Onda hələ
Azərbaycan müstəqilliyini elan etməmişdi, hələ
dünya xəritəsində sovet ittifaqı adlı
böyük bir imperiya vardı. Amma uzaqgörən adamlar
dünya xəritəsində baş verəcək o dəyişikliyi
irəlicədən sezə bilmişdilər. Elə bunun nəticəsi
idi ki, hələ 1990-cı ilin 20 Yanvar hadisələrindən
sonra “Zaman” qəzetinin nümayəndələri tez-tez
İstanbuldan Bakıya gəlir və burada öz qəzetlərini
çıxarmaq istəyirdilər.
Zaman
o zaman idi ki, Türkiyədə Azərbaycan deyəndə
adamların dodağı çatlayırdı, Azərbaycanda
da bir türkiyəli görən kimi qucaqlaşıb
ağlaşırdılar. İndi çoxlarımıza qəribə
gələ bilər, çünki ötən bu müddət
ərzində çox şey adiləşib, öz təravətini
itirib. Amma onda, həqiqətən də, bir kökdən gələn,
eyni xalqın qolları olan Türkiyə və Azərbaycan
bir-birinə bu qədər aşiq idi.
“Zaman”
qəzeti məhz o dövrdə gəldi və rəsmi qaydada
icazə aldı və 1991-ci ilin may ayının 24-də
“Zaman-Azərbaycan” qəzetinin ilk sayı işıq
üzü gördü.
Səngər sınağı
İstər
türkiyəli, istərsə də azərbaycanlı əməkdaşlarımız
hər zaman əsgərlərimizin yanında olub, Qarabağ
müharibəsinin şiddətli illərində Qazaxda,
Qarabağ rayonlarında əsgərlərimizlə eyni səngərdə
yer alıb, onlara ürək-dirək veriblər. Qəzetlərimizdə
müharibə ilə, qəhrəmanlarımızla
bağlı kifayət qədər materiallar yer alıb o illərdə.
Bundan başqa, “Zaman” qəzeti Türkiyədə kampaniyalar
keçirərək Azərbaycana təyyarələr, yük
maşınları ilə dolu ərzaq, tibbi ləvazimat, məişət
avadanlıqları daşıyıb. Bir müəssisə,
bir qəzet olaraq biz əlimizdən gələn heç bir
şeyi əsirgəməmişik. “Zaman” qəzeti təkcə
Türkiyənin deyil, bütün türk dünyasının
ən böyük media quruluşu olub. Məqsədimiz, məramımız
bizi bir-birimizə sevdirmək, bağlamaq, birləşdirmək
olub. Bilənlər yaxşı bilirlər, görənlər
xatırlayırlar ki, “Zaman-Azərbaycan” o çətin illərdə
bu yurdun ağrılarını daşımaq
üçün necə də fədakarlıq göstərib.
Bura yardım gətirməklə biz vəzifəmizi bitmiş
hesab eləməmişik, Azərbaycanın dərdini,
ağrılarını da dünyaya
daşımışıq. Avropada, Amerikada çıxan
“Zaman”larda Azərbaycanın haqq səsini var
gücümüzlə ucaltmışıq.
Həmin
illərdə Azərbaycanın ən dərdli,
ağrılı övladlarının, yurd-yuvasından didərgin
düşmüş qaçqınların,
köçkünlərin yanında olmuşuq. Neçə
Qurban bayramını onların yanında keçirmişik.
Qurbanlar kəsib ev-ev, çadır-çadır
paylamışıq, imkansız ailələrin
övladları üçün sünnət mərasimləri
keçirmişik.
İstər
fərd, istərsə də kollektiv üçün
gördüyü xoş işləri tez-tez xatırlamaq və
dilə gətirmək o qədər də xoş deyil, amma
ömrün elə məqamları olur ki, istər-istəməz
dönüb geriyə baxırsan və o anda gördüklərini
söyləməyə bilmirsən. Bəli, bütün bunlar
bizim üçün bir ümid, bir təsəllidir.
Dostlar, dostluqlar
“Zaman-Azərbaycan”
qəzeti fəaliyyətə başladığı gündən
bəri hər zaman dost qazanmağa çalışıb.
İstər burada, istərsə də digər dost və
qardaş ölkələrdə çox sevdiyimiz insanlar var. Təbii
ki, bu dostlar arasında Azərbaycanın ümummilli lideri Heydər
Əliyevin öz yeri var. O, qəzetimizin himayəçisi və
yaxın oxucusu olub. Az qala hər il və bəzən də
ildə bir neçə dəfə qəzetimizin rəhbərliyini
qəbul edir, hal-əhval tutur, dəyərli tövsiyələrini
verirdi.
Türk
dünyasının böyük şairi Bəxtiyar Vahabzadə
tez-tez redaksiyamızda qonaq olurdu. Biz də bayramda, yubileydə
bir bəhanə tapıb qapısını
döyürdük. Çingiz Aytmatov Azərbaycana gələndə
mütləq bizim redaksiyamıza da baş çəkirdi.
Tanınmış şairlərimiz - Məmməd Araz,
Şahmar Əkbərzadə qapımızı ərklə
açırdılar.
Allah
hamısına rəhmət eləsin. İndi onlar həyatda
yoxdurlar. Xatırlayanda üzülməyə bilmirsən, amma
təsəllin də var ki, həatın qanunu budur. Və bu
gün də ətrafımızda dostlarımız var, Anar
müəllim kimi sevdiyimiz insan var, Musa Yaqub var, Fikrət Qoca
var, həmkar dostlarımız var, alim, fəhlə
dostlarımız var. Bizim qapımız dost
qapısıdır. Çox şükür ki, bu 19 ildə
ürəyimizi sevindirə biləcək qədər dostlar
qazanmışıq.
Nəşrlərimiz
“Zaman-Azərbaycan”ın
ilk övladı “Tumurcuq”dur. 1996-cı ilin mart ayında
işıq üzü görüb. Özü də latın əlifbası
ilə. O dövrdə məktəblərdə latın əlifbası
ilə oxu materialı tapmaq çox müşkül məsələ
idi. “Tumurcuq” məhz elə bir vaxtda məktəbli
dostlarının köməyinə yetişdi. İnanın
ki, 1 ayda yüzlərlə məktub alırdıq. İndi də
bığlı-saqqallı kişilər o günləri təbəssümlə
xatırlayır və deyirlər ki, o illərdə “Tumurcuq”un
hər sayını intizarla gözləyirdik. Biz də
“Tumurcuq”da tapdanmış, çeynənmiş mövzulardan
yazmırdıq. Yeni dünyanın yeni düşüncəsini,
yeni dünyagörüşünü gənc
oxucularımızla paylaşırdıq. Ona görə də
dostlarımız da çox idi, oxucularımız da.
Bir
müddət avtomobil həvəskarları üçün
“Avtotaym” jurnalını buraxdıq, sonra idman həvəskarları
üçün “Çempion” qəzeti nəşrə
başladı, “Çempion”un ardınca sosial sifariş kimi
“Ailəm” jurnalı buraxmaq məsələsi gündəmə
gəldi. Bilirsiniz ki, “Ailəm” dərgisində milli-mənəvi
dəyərlər, min ilin sınağından keçmiş
və ailə institutumuzun təməlini təşkil edən
qızıl qanunlar dayanır. Nə qədər inkişaf eləsən
də, ağıllı, elmli olsan da, o dəyərlərdən
çıxmağa nə sənin, nə mənim
haqqımız var. Xalqın ələyib, arıyıb, ələkdən,
xəlbirdən keçirib qanun halına gətirdiyi ailə-məişət
məsələsi, ədəb-ərkan dəyərləri
“Ailəm” dərgisinin baş mövzusudur. Oxucularımızdan
çox məmnunuq və inşallah, biz xidmət etdiyimiz bu
sahədə xeyirli işlər görə bildiyimizə də
ümid edirik.
İldə
bir dəfə yay tətilinə yaxın uşaqlara “Tətil
kitabı” hazırlayırıq. Bu kitablarda uşaqları
düşündürən və onların
dünyagörüşünün formalaşmasına ciddi təsir
edən əxlaqi-mənəvi yazılar yer alır.
Baş redaktorlar və ya hərə bir
pillə hördü
“Zaman-Azərbaycan”
qəzetinin ilk baş redaktoru Yılmaz Polad olub. Yəqin ki,
soydaşlarımız Yılmaz Poladı hələ 1991-ci ildə
Xankəndi hava limanında ermənilərlə əlbəyaxa
olarkən görüb tanıyıb. Yılmaz Poladla “Zaman-Azərbaycan”
yayım həyatına başladı.
Qəzetin
kollektivinin formalaşması, nəşriyyatda öz yerini
tutması, çevrəsini genişləndirməsi isə
ikinci baş redaktor Halim Dağların payına
düşdü. Gülər üzü, xoş
davranışı ilə hər kəsin rəğbətini
qazanan Halim bəy nəşriyyatda hər kəsin dostu, əzizi
idi, tanıyan, tanımayan hər kəs onunla doğma
qardaş kimi görüşürdü.
Halim
Dağlardan sonra Şefik Altınbaş “Zaman-Azərbaycan”a rəhbərlik
elədi və ondan qəzetimizə mətbəə yadigar qaldı.
Necə oldusa, İstanbuldan Qazaxıstandakı “Zaman”a göndərilən
mətbəə müəyyən texniki səbəblər
üzündən Bakıda ilişib qaldı və biz
durduğumuz yerdə bir mətbəə qazanmış olduq.
Bəxtimizdən baş redaktorumuz Şəfiq bəy mətbəə
işini də yaxşı bildiyi üçün məsələni
düzüb-qoşdu və nəticədə, qəzetimiz Azərbaycanda
ilk dəfə rəngli bir mətbəəyə sahib oldu.
Şəfiq bəydən sonra Osman Sönməz “Zaman-Azərbaycan”ın
baş redaktoru təyin olundu və insafən deyək ki, burada
çalışdığı müddətdə çox
işlər görə bildi. Qəzetimizin bütün mebellərini
təzələdi, avadanlıqlarımızı
yaxşılaşdırdı, internet xəttinə sahib oldu,
respublika miqyasında bir neçə tədbirlər
keçirdik. Hər şey bir tərəfə qalsın, Osman
bəyin bu qəzetdə ən böyük xidməti “Tumurcuq”
oldu. Xələfləri “Tumurcuq”un tarixinə baxıb zarafatla
Osman bəy haqqında deyirdilər ki, heç bir iş
görməmiş olsa belə, bu “Tumurcuq” ona bəs edər.
Sonra
Ersin Demirci gəldi. Onun zamanında qəzetimiz tarixi günlərlə
bağlı xüsusi nəşrlər buraxdı. 20 Yanvar
hadisəsinin 10 illiyi, “millenium” buraxılışları
xüsusilə böyük rəğbətlə
qarşılandı. 64 səhifəlik 20 Yanvar əlavəmiz
o gün də, elə indinin özündə də çox
mötəbər mənbə kimi xatırlanmaqda, istifadə
edilməkdədir.
“Zaman-Azərbaycan”ın
ən uzunmüddətli rəhbəri Enes Cansever oldu. 2000-ci
ilin payızında gələn Enes bəy 2010-cu ilin ilk
günlərində buradan ayrıldı. Bu müddətdə
Enes bəy çox “ilk”lərə imza atdı. ”Çempion”
idman qəzeti və “Ailəm” dərgisi Enes bəyin xidmətləridir.
Çox insanları, azərbaycanlı həmkarlarını
redaksiyamızda qonaq elədi və demək olar ki, hər kəsin
də qapısını açıb çayını
içdi. Qəzetimizin 15 illiyi münasibətilə
hazırlanan “Zaman-Azərbaycan - müstəqil Azərbaycanın
yaşıdı” kitabının ideya rəhbəri də Enes
bəy oldu. “Zaman-Azərbaycan” ilk xarici müəssisə
olduğu kimi, Enes bəy də Azərbaycan Prezidentindən fəxri
mükafat alan ilk xarici vətəndaş oldu. Onun simasında
qəzetimiz “Tərəqqi” medalına layiq görüldü.
Enes bəy rəhbərliyinin son ilində “Zaman-Azərbaycan”ı
kirayələrdən qurtarıb öz ofisinə yerləşdirə
bildi.
Qəzetmizin
formalaşmasında və inkişafında böyük xidmətləri
olmuş türkiyəli qardaşlarımız Nədim
Yalçını, Faruk Arslanı və Enis Öznükü
bu yerdə xatırlamasaq, insafsızlıq olar.
Süleyman bəylə yola davam
Hazırda
qəzetimizin baş direktoru Süleyman Ünaldır və ilk
köşə yazısını da elə bu sayda dəyərli
oxucularımıza təqdim edir, sizinlə salamlaşıb
üz-üzə gəlir.
Təkcə
baş redaktorlar deyil, ötən bu 19 ildə “Zaman” qəzetinə
istər türkiyəli, istər azərbaycanlı yüzlərlə
dostumuz, qardaşımız gəlib-gedib. İndi həmin səhifələri
çevirdikcə o imzaları görüb kövrəlməmək
olmur.
Gəldilər,
getdilər, hər kəs də iş üstünə iş,
daş üstünə daş qoyub, bu binanın bir az da
yüksəlməsinə xidmət elədi.
Aradabir
gəlirlər, oturub o günləri xatırlayır, sonra da
dönüb gedirlər.
Duayenlər
Çoxları
gəlib, çoxları gedib, amma qəzetimizdə elələri
də var ki, hamıdan əvvəl buradadır, bu gün də
yerini kimsəyə verməyi düşünmür. Qəzetimizin
redaktoru Ürfan bəy “Zaman-Azərbaycan” nəşr həyatına
başlamazdan əvvəl onun əməkdaşı olub. Qəzetdə
poçtalyonluq da edib, telefon işinə də baxıb,
kompyuterçi kimi də işləyib. Hər kəsi də
qarşılayıb, sonra da yola salıb. Türkiyəli Osman
Uçak da ondan geri qalmır. 18-19 yaşından bura gəlib
bizimlə birlikdə saç-saqqal ağardıb. Azərbaycan
dilinin qazax ləhcəsində danışır.
Yuxarılarda gözü olmasa da, öz işini yaxşı
bilir. Yaxşı bilir ki, uzun müddət yol getmək
üçün harada durmaq lazımdır.
“Zaman-Azərbaycan”da
bu cür “kötüklər” az deyil, onların çiynində
çox çırpılar doğranıb.
Neçə
xeyirli saylara, neçə illərə, aylara...
Bu
gün qəzetimiz hər bir mətbu orqanının həsəd
aparacağı geniş, yaraşıqlı, gözəl bir
ofisdə öz fəaliyyətini davam etdirir. Çox operativ,
bacarıqlı və səmimi kollektivimiz var. Təbii ki, bu
gün “Zaman-Azərbaycan” əvvəlki illərlə
müqayisədə daha bacarıqlı müxbir və dizayner
heyətinə sahibdir. Elə bilirik ki, oxucularımız da bu
söylədiklərimizi təsdiq edərlər.
“Zaman-Azərbaycan”
qəzeti 19 yaşını bayram edir, həm də
üç mininci sayı ilə.
“Zaman-Azərbaycan”ın
bayramı, sevinci təkcə redaksiya heyətinin deyil,
bütün dostların, oxucuların bayramıdır.
Hamımıza xeyirli-uğurlu olsun və daha böyük
yubileylərdə və daha yüksək sayları qeyd etmək
arzusu ilə...
Zaman.- 2010.- 22-24 may.- S. 12-13.