Yunus Əmrə - türkün haqq aşiqi (1)

 

Doğumu da, ölümü də, dünyaya gəlişi də, gedişi də heç vaxt açılmayacaq bir sirdir. Bu sirri insan oğlu deyil, bircə Uca Yaradan bilir. Bəzi mənbələrə görə, 1238, bəzilərinə görə isə 1240-cı ildə Əskişəhərin Mihaliççik ilçəsinin (rayon) Sarıköy kəndində və ya Karamanlıda anadan olub. Bəzi mənbələrdə isə bu haqq aşiqinin Türkiyənin müxtəlif yerlərində anadan olduğu söylənilir.

Doğumu da, ölümü də, dünyaya gəlişi də, gedişi də heç vaxt açılmayacaq bir sirdir. Bu sirri insan oğlu deyil, bircə Uca Yaradan bilir. Bəzi mənbələrə görə, 1238, bəzilərinə görə isə 1240-cı ildə Əskişəhərin Mihaliççik ilçəsinin (rayon) Sarıköy kəndində və ya Karamanlıda anadan olub. Bəzi mənbələrdə isə bu haqq aşiqinin Türkiyənin müxtəlif yerlərində anadan olduğu söylənilir. Ona görə də onun anadan olduğu yer və doğum tarixi barədə qəti fikir söyləmək mümkün deyil. Yenə də 82 yaşında ikən haqqın dərgahına qovuşduğu söylənilir. Onun bir şeirində1273-cü ildə Konyada, o dövrdə Anadolunun ən məşhur simalarından olan Mövlana Cəlaləddin  Rumi ilə görüşdüyündən bəhs edilir. Bu da haqq aşiqinin ən azı 1240-cı ildə və ya o tarixdən bir neçə il öncə anadan olduğunu ehtimal etməyə imkan verir.  Həyatı haqqında da olduqca az məlumat var və bu da onun barəsində məhəbbət dolu onlarla şirin və qəlblərdə bu insana qarşı ilahi sevgi ocağı yandıran rəvayətlərin yaranmasına səbəb olub. Onun haqqında bilinən dəqiq bir məlumatRisalətn- Nushiyyə” adlı əsərini 1308-ci ildə yazmasıdır. Təxminən 1321-ci ildə vəfat etməsi ehtimal olunur. Amma harada və hansı şəraitdə Haqq dünyasına qovuşduğu məlum deyil. Məzarının harada olması barədə mübahisələr var. İş orasındadır ki, istər Türkiyədə, istərsə də ondan kənarda, o cümlədən Azərbaycanın Qax rayonunun Onçallı kəndində onun məzarı var. Türkiyədə Sarıköy kəndindən əlavə, Karamandakı Yunus Əmrə məscidinin həyətində, Bursa, Aksaray ilə Qırşəhər arasında, Ünyədə, Kula və Salihli arasındakı Əmrə Sultan kəndində, Ərzurumun Duzcu kəndində, İspartanın Gönən rayonunda (ilçə), Afyonun Sandıqlı rayonunda, Sivas yaxınlığındakı bir yol kənarında, həmçinin Tokatın Niksar rayonunda onun məzarları var. 20-21-ci əsr türk dünyasının məşhur şairlərindən olan mərhum Bəxtiyar Vahabzadənin də bu böyük insana həsr etdiyi şeirində yazdığı kimi, bir yerdə doğuldu, min yerdə qəbri var. Söhbət 12-ci 13-cü əsr Türkslam dünyasının  ən böyük şairlərindən biri, haqq və ədalət aşiqi Yunus Əmrədən gedir. Yunus Əmrənin bu qədər məzarının olması onun xalq tərəfindən sevilməsinin və ona olan sonsuz ehtiramının nəticəsidir. Bununla belə, xalq arasında gəzən rəvayətlərdə onun Sarıköydə haqqın rəhmətinə qovuşduğu və buna əsasən də onun məzarının da orada olduğu sonralar tədqiqatçılar tərəfindən qəbul edilib. Günümüzdə Yunus Əmrənin Əskişəhr-Ankara yolunun üzərindəki Sarıköy stansiyasının yaxınlığındakı məzarı bu haqq aşiqinin əbədiyyət məskəni kimi qəbul edilib. Onun məzarı üstündə isə türbə tikilib. Bu türbə-məzar Yunus Əmrə aşiqlərinin ən çox ziyarət etdikləri yerdir. O dövrdə Anadoluda saraylarda ədəbi dil kimi fars dilinin işlənməsinə və dövrün tanınmış türk yazarlarının öz şeirlərini farsca yazmasına baxmayaraq, Yunus Əmrə öz şeirlərini türk dilində yazıb. O bununla da türk dilinin şeir dili kimi geniş imkanlara malik olmasını bu dilə xor baxanlara sübut edib. Yunus Əmrənin şirin türk dilində yazmasının bir səbəbi də onun bu şeirləri sadə xalq üçün yazması ilə əlaqədar idi. O, ana dilini öz canı, qanı, ruhu ilə sevirdi və şeirlərini də Anadolunun hər yerində yenicə dil açıb danışan və uşaqdan tutmuş, son mənzilə hazırlaşan qocalara qədər başa düşüləcək sadə xalq dilində yazıb. Üstündən 800 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, bu gün də Anadoluda, Azərbaycanda və türk dünyasının hər yerində Yunus Əmrənin o dövrdə yazdığı şeirləri oxuyaraq başa düşürlər. Yunus Əmrənin bir böyüklüyü də məhz bundadır. O, ölməz şeirləri ilə 800 ildən artıqdır ki, özü ilə günümüz arasında bir əbədiyyət körpüsü qurub.

Yunus Əmrənin həyatı barədə məlumatın azlığını onun doğulduğu və yaşadığı dövrün çox qarışıq olması ilə əlaqələndirirlər. Belə ki, Yunus Əmrənin anadan olduğu illərdə monqollar Anadolunu işğal etmişdilər. Bundan sonra Anadoluda xalq öz tarixinin ən ziddiyyətli və olduqca qarışıq bir dövrünü yaşamağa başlamışdı. Həyatının təxminən 60 ilini belə bir ziddiyyətli dövrdə yaşayan Yunus Əmrə 14-cü əsrin əvvəllərindən başlayaraq, Osmanlının yüksəlişinin və qosqoca bir imperiyanın tarixin səhnəsinə çıxmasının şahidi olmuş və belə demək mümkünsə, ömrünün şərəf və qürur dolu ən gözəl anlarını yaşamışdı. Yenə də 14-cü əsrə aid bəzi mənbələrə, yazdığı şeirlərə və günümüzdə belə, Anadolu insanları arasında dolaşan əfsanələrə əsasən, Yunus Əmrə Babalılı məşhur dərviş Tapdıqın şagirdi olub. Haqq aşiqi ömrünün böyük hissəsini ona xidmət etməkdə keçirib. Yenə də Yunus Əmrənin xalqa daha yaxın olmaq və onu dərindən duymaq, hiss etmək məqsədi ilə Anadolunu kəndbəkənd, şəhərbəşəhər dolaşması, eyni zamanda onun Azərbaycan və Şama ( Dəməşq, Suriya) getdiyi də söylənilməkdədir.

 

Yunus Əmrə və ustadı Dərviş Tapdıq Əmrə

 

Yunus Əmrənin şeirlərindən anlaşılır ki, o, yaxşı bir təhsil alıb. O, Qurani-Kərimi dərindən öyrənmiş, təfsir, hədis və fikih kimi islami elmləri kamil bilən zatlardan olub. Yunus doğma anasının onun beşiyi üstündə şirin layla çaldığı türk dili ilə yanaşı, ərəb və fars dillərinə də mükəmməl şəkildə bələd idi.

Bütün bunlarla bərabər, Yunus Əmrənin mənəvi cəhətdən Haqqın dərgahına gedən yolun yolçusu kimi formalaşmasında və onun kamil bir haqq aşiqi kimi yetişməsində ustadı Tapdıq Əmrənin böyük rolu olub. Yeri gəlmişkən, onu da deyək ki, Tapdıq Əmrə də 13-14-cü əsr Anadolusunun  hörmətli şəxsiyyətlərindən hesab edilir. Mənbələrə görə, həmin dövrdə Salihli qəzasında Tapdıq Əmrə adlı bir haqq dərvişi yaşayıb. Onun da adı Anadolunun hər yerində hörmətlə çəkilərmiş. Hazırda bu hörmətli zatın, uşaqlarının və nəvələrinin qəbri Salihli qəzasının Əmrə adlı kəndindədir. Məzarının üzərində türbə tikilib. Türbənin çölündə tək bir məzar da var. Bu məzarın Yunus Əmrəyə aid olduğu barədə xalq arasında rəvayətlər var. Deyilənə görə, Yunus Əmrəni öz vəsiyyətinə əsasən, ustadının türbəsinin yaxınlığında dəfn ediblər. Ardı var...

 

 

Əziz Mustafa   

 

Zaman.- 2010.- 22-24.- S.10.