Yunus Əmrə - türkün haqq aşiqi (2)

 

İş-işdən artıq keçmişdi və Hacı Bektaşi Vəlinin onun istəyini qəbul etməyən Yunus Əmrəni yanına götürə bilməsi mümkün deyildi. Ona görə də Həzrət: -Biz Yunus Əmrəni Tapdıq Əmrəyə verdik. Artıq nəsibinin açarı Tapdıq Əmrənin əlindədir,-dedi. Bunu eşidən Yunus Əmrə dərhal Tapdıq Əmrənin dərgahına gələrək olub-keçənləri ona anlatdı. 1Yunus Əmrənin Tapdıq Əmrə ilə tanışlığı barədə Anadolu xalqı arasında çox maraqlı bir rəvayət dolaşır.

Rəvayətə görə, Yunus Əmrə əkinçiliklə məşğul olaraq, ailəsini və özünü saxlayırmış və olduqca kasıb imiş. Bu arada Anadoluda bir neçə il dalbadal quraqlıq olur. Nəticədə, Yunus Əmrə aclıqla üzləşir. Əkdikləri bitmədiyindən ailəsi və özü ağır bir vəziyyətə düşən Yunus Əmrənin evində günlərlə yeməyə çörək tapılmırdı. Belə bir vəziyyətdə Yunus Əmrə Anadoluda hamının dara düşəndə yardım üçün qapısına getdiyi Hacı Vəli Bektaşi həzrətlərindən yardım istəmək qərarına gəlir. O, Hacı Bektaşi Vəli həzrətlərinin yanına gedərkənBoş gedən, boş da qayıdarməsəlini xatırlayaraq, Həzrət üçün dağ yemişi də aparır. Həzrətin dərgahına yetişdiyində onun yanındakı dərvişlərə: “Mən bir kasıb adamam. Bu yemişi də Həzrət üçün hədiyyə olaraq gətirdim. Nə olar, bunu qəbul edin və əvəzində də mənə bir qədər buğda verin. Zira, qıtlıq bizi pis günə qoyub”, - dedi. Dərvişlər Yunus Əmrənin xahişini Hacı Bektaşi Vəliyə çatdırdılar. Onlardan Yunus Əmrənin yanına buğda üçün xahişə gəlməsini eşidəndə Hacı Bektaşinin dodaqlarında xoş bir təbəssüm göründü. Dərvişlər dərhal hiss etdilər ki, Həzrət Yunus Əmrəni yaxından tanıyır və onun elmi, mənəvi, dini,Yaddaşa yaz ruhi baxımdan hansı mərtəbədə dayandığına dərindən bələddir. Hacı Bektaşi Vəli həzrətləri Yunus Əmrənin bir neçə gün qonaq kimi saxlanılması və ona hörmət və izzət göstərilməsini əmr etdi. Yunus Əmrəyə xüsusi qulluq göstərməyə və addımbaşı onun qayğısına qalmağa başladılar. Yunus Əmrə isə özünə göstərilən bu qayğı və hörmətin nədən qaynaqlandığını heç cür anlaya bilmirdi. Bununla belə, özünə göstərilən bu hörmət və qayğıdan Yunus Əmrə çox mütəəssir olmuşdu. Lakin o  evdəkilərin ac olduğunu və ondan evə buğda gətirəcəyini səbirsizliklə gözlədiklərini  nəzərə alaraq, üçüncü gün evə getmək üçün dərvişlərdən icazə istədi. Dərvişlər onun xahişini Hacı Bektaşi Vəli həzrətlərinə çatdırdılar. Onda Hacı Bektaşi Vəli həzrətləri dərvişlərlə Yunus Əmrəyə belə bir xəbər göndərdi: “Yunus Əmrə buğda istəyirmi, yoxsa ərənlərin himmətini?” Yunus Əmrə isə cavabında: “Buğda”,-dedi. -Ailəsi ac idi və bu vəziyyətində onun gözlərinə buğdadan başqa bir şey görünmürdü.

Hacı Bektaşi Vəli bu dəfə ona: “Arzu edərsə, ona gətirdiyi yemişin içindəki dənələr qədər şeir oxuyarıq”- deyə xəbər göndərdi. Amma bu dəfə də Yunus Əmrə buğda istədiyini söylədi. Yunus Əmrə də: Mən şeiri neynirəm. Mənə buğda lazımdır,-deyə Bektaşi həzrətlərinə cavab göndərdi. Bu dəfə də Hacı Bektaşi Vəli ondan əl çəkmədi: - İstəyirsə, ona yemişdəki çəyirdəklərin sayı qədər himmət edək,-deyə yenidən Yunusa xəbər göndərdi. Bu dəfə də aclıq qorxusundan sarsılan Yunus Əmrə buğdadan başqa bir şey istəmədiyini bildirdi.

Bunu görən Hacı Bektaşi Vəli Yunus Əmrəyə istədiyi qədər buğda verilməsini və yola salınmasını əmr etdi. Buğdanı alaraq sevinclə yola düzələn haqq aşiqi yol gedə-gedə özü ilə Bektaşi arasında baş verənləri saf-çürük etməyə başladı. Yolu yarı edəndə böyük bir səhv etdiyini anladı və dərhal geriyə - Bektaşinin dərgahına qayıtdı. O qapıdan içəri girər-girməz,  təlaş və həyəcan içində dərvişlərə:

-Ərənlər, buğdanı geri qaytarıram və Pir həzrətlərinə xidmət etmək istəyirəm. Bunu ona bildirin.

Ancaq iş-işdən artıq keçmişdi və Hacı Bektaşi Vəlinin onun istəyini qəbul etməyən Yunus Əmrəni yanına götürə bilməsi mümkün deyildi.

Ona görə də Həzrət: -Biz Yunus Əmrəni Tapdıq Əmrəyə verdik. Artıq nəsibinin açarı Tapdıq Əmrənin əlindədir,-dedi. Bunu eşidən Yunus Əmrə dərhal Tapdıq Əmrənin dərgahına gələrək olub-keçənləri ona anlatdı. Onu sakit və təmkinli halda dinləyən Tapdıq Əmrə də: “Yunus, xidmət et, himmət edim,-dedi. Sonra da ona dərgahın odunla təmin edilməsi vəzifəsini tapşırdı.  Bundan sonra Yunus Əmrə cani- dildən Tapdıq Əmrənin dərgahında qulluq etməyə başladı. Onun belə ürəkdən Tapdıq Əmrənin dərgahında çalışması qısa müddətdə Anadolunun hər yerinə yayıldı və adı dillərdə dastan oldu. O, meşədən gətirdiyi bir odunun belə əyri olmasına və ustadının qapısından əyri odunun girməsinə razı olmurdu. Bir gün bunun səbəbi ilə maraqlanan Tapdıq Əmrə: - Yunus, mənim səndən neçə illərdir soruşmaq istədiyim, ancaq soruşmadığım bir məsələ maraqlandırır. Bu meşələrdə odunların hamısı düzdürmü, onların heç əyrisi yoxdurmu?

 

 Yunus da ona ədəb-ərkanla

 

- Meşədə odunların hamısı dübbədüzdür, əyrisi yoxdur, sultanım, -deyə cavab verdi. Tapdıq Əmrə israrla sualını təkrar edəndə Yunus Əmrə ona:- Sultanım, mən bilirəm ki, sizin qapınızdan içəriyə heç bir əyrilik girməz, hətta o odun olsa belə,-dedi. Yunus Əmrənin bu cür ürəkdən mürşidinə xidmət etməsi onun mənəvi saflığından, Uca Yaradana olan sonsuz sevgisindən irəli gəlirdi. Amma, təbii ki, Yunus da mələk deyildi, insan idi və o da illərlə xidmətinin əvəzində heç nəyə nail ola bilməməsindən sıxılırdı. Bundan üzülən Yunus: “Bu işin sonu haraya gedəcək”, -deyə  fikir etməyə başlamışdı. İş o yerə gəlib çatdı ki, Yunus Əmrə bu dərddən nə edəcəyini bilməz bir vəziyyətə düşdü. Artıq ona elə gəlirdi ki, o, bu qapıda boş-boşuna vaxt itirib. Ona görə də günlərin birində o, bu qapıdan ayrılaraq getməyə qərar verdi. Yolda özü kimi kamil bir mürşid arayan iki nəfər dərvişlə rastlaşdı və onlarla birlikdə dolaşmağa başladı. Ardı var...

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.- 27 may.-S. 12.