Yunus Əmrə- türkün haqq aşiqi (4)

 

Təsadüfi deyil ki, tədqiqatçılar tərəfindən Yunus Əmrənin adı orta əsrlər Türk-İslam dünyasında ən böyük haqq aşiqi kimi çəkilir. Hətta bəzən onun Allaha olan sonsuz sevgisinə görə Mövlanadan belə, yüksək mərtəbəyə yüksəldiyini söyləyirlər.  Necə deyərlər, Yunus Əmrənin hər misrasında Allah eşqi Yerin altından üstünə gur çeşmələr kimi püskürür, susuz qəlblərin susuzluğunu yatırtmaq, qəlblərə bir sərinlik gətirmək istəyir. Onun üçün bu dünya fanidir və bu fani dünyaya aldanmaq özünü məhv etməkdən başqa bir şey deyil.

O, bütün varlığı ilə uca eşqə sarılmışdı və onunla nəfəs verib, nəfəs alırdı. O, bu dünyada nə mala, nə mülkə, nə də var-dövlətə aşiq idi. Ona görə də Yunus Əmrə mal və mülkə əsir olanlara öyüd-nəsihət verir, onları düz yola qaytarmağa çalışırdı. Mal və mülk əsir olanlara Yunus Əmrə belə xitab edirdi:

- Mal sahibi, mülk sahibi, hanı bunun ilk sahibi?

Mal da yalan, mülk də yalan; var bir az da sən də oyan!

Bununla da haqq aşiqi insan öləndə ona var-dövlətindən heç nəyin qalmayacağını, özü ilə o dünyaya büründüyü bezi aparacağını xatırladırdı.

Yunus Əmrə ibrət dolu şeirlərində həyatın qısa olduğunu, insan həyatının səhər çıxıb, axşam batan günəşə bənzədiyini bildirirdi. Bununla əlaqədar bir şeirində Haqq aşiqi deyirdi:

 

Ana rəhmindən gəldik bazara;

Bir kəfən aldıq döndük  məzara!

 

Bu, Yunus Əmrənin dünyanın nə qədər müvəqqəti olduğuna ətrafındakıların diqqətini cəlb etməsinin ən gözəl nümunəsidir. Yunus Əmrə üçün haqq hər şeydən əziz idi, zira haqq yolunu tapmadan, ona sarılmadan insanın öz əbədi səadətini tapa bilməsi mümkün deyildi. Onun üçün bu dünya bir bazar idi və hərə bu bazarda özü bildiyi kimi alver edərək, məzara dönürdü. Bu dünya bazarında insan oğlu nə qədər vicdanının hökmü, Allahın eşqi ilə hərəkət edir və onun adını tutaraq bazarlıq edirdisə, o qədər də özünə əbədi bir həyatı təmin etmiş olurdu. Yunus Əmrə böyük Azərbaycan şairi Məhəmməd Füzulidən 200-230 il öncə haqqa olan sevgisini, haqq aşiqi olduğunu, obrazlı şəkildə desək, Məcnun Leylisini sevdiyi kimi sevdiyini ortaya qoymuşdu. Bu baxımdan Yunus Əmrənin Füzuli yaradıcılığına özünəməxsus şəkildə təsir etdiyi istisna edilmir. Təsadüfi deyil ki, tədqiqatçılar tərəfindən Yunus Əmrənin adı orta əsrlər Türk-İslam dünyasında ən böyük haqq aşiqi kimi çəkilir. Hətta bəzən onun Allaha olan sonsuz sevgisinə görə Mövlanadan belə, yüksək mərtəbəyə yüksəldiyini söyləyirlər.

 Necə deyərlər, Yunus Əmrənin hər misrasında Allah eşqi Yerin altından üstünə gur çeşmələr kimi püskürür, susuz qəlblərin susuzluğunu yatırtmaq, qəlblərə bir sərinlik gətirmək istəyir. Onun üçün bu dünya fanidir və bu fani dünyaya aldanmaq özünü məhv etməkdən başqa bir şey deyil. Təsadüfi deyil ki, bir şeirində Yunus Əmrə bu fani dünyanın mal-mülkünə aldanaraq bu dünyadan əbədi həyata köçənlər haqqında insanın ruhunu titrədən bu şözləri deyir:

 

Yalançı dünyaya qonub (aldanıb) köçənlər,

Nə söylərlər, nə bir xəbər verərlər!

Üzərində türlü otlar bitənlər,

Nə söylərlər, nə bir xəbər verirlər!.

Kiminin başında bitər ağaclar,

Kiminin başında saralır otlar,

Kimi məsum, kimi gözəl igidlər

Nə söylərlər, nə bir xəbər verərlər!.

Torpağa qərq olmuş nazik tənləri,

Söyləmədən qalmış dadlı dilləri,

Kimisi dördündə, kimi beşində,

Kimisinin tacı yoxdur başında,

Kimi altı, kimi yeddi yaşında,

Nə söylərlər, nə bir xəbər verərlər!.

Kimisi bəzirgan, kimisi xoca,

Əcəl şərbətini içmək də güc a!

Kimi ağ saqqallı, kimi pir qoca

Nə söylərlər, nə bir xəbər verərlər!.

 

Yunus Əmrə bununla da insan oğluna ibrət dərsi vermək, onu qəflət yuxusundan ayıltmaq istəyir. O ölümün haqq olduğunu, bütün insanların əcəl şərbətini içəcəyini şeirlərində dönə-dönə xatırladır:

 

Haqdan enən şərbəti içdik əlhəmdülillah,

Şol qudrət dənizini keçdik əlhəmdülillah.

 

Yunus Əmrə Tapdıq Əmrənin qapısında haqq yolunu arayırdı və bu onun kamil bir şəxsiyyət kimi yetişməsində mühüm rol oynamışdı. Təsadüfi deyil ki, Yunus Əmrə bununla əlaqədar şeirlərinin birində deyir:

 

Tapdığın tapusunda qul olduq qapısında,

Yunus, miskin çiy idik bişdik əlhəmdülillâh!.

 

Yunusu yalnız Anadoluda deyil, həm də Orta Asiyada da  yaşadan məhz onun haqqa bütün varlığı ilə bağlı olması,  şeirlərində insandakı mənəvi ruhi saflığı hər şeydən üstün tutması idi.

Ona görə  də bu gün də haqq aşiqinin şeirləri özünün ölməzliyini, əbədiliyini qoruyub saxlamaqdadır.

Yunus Əmrənin şeirləri ilə bağlı Anadoluda xalq arasında maraqlı bir rəvayət dolaşmaqdadır. Rəvayətə görə, onun vəfatından təxminən yüz il sonra (bəzi rəvayətlərdə isə Yunus Əmrənin sağlığında) Molla Qasım adli özünü alimlər alimi hesab edən birisinin əlinə Yunus Əmrənin şeirləri keçir. O, bir çayın başında bu şeirləri oxuyur və onlardakı mənaları anlamadığı üçün: - Bunlar da şeirdirmi?-deyə çaya atırdı. Nəhayət, şeirlərin birində bu misraları oxudu:

 

Dərvis Yunus, bu sözü  əyri-bəyri söyləmə

Səni sınağa çəkər bir Molla Qasım gəlir.

 

Bu sözləri oxuyan Molla Qasım, o anda səhv etdiyini anlayır və böyük bir peşmanlıq içində:

– Ay Allah, Mən nə etdim! Qoca bir ümmandan xəbərim olmadı. Halbuki bir ruhi və mənəvi hikmət xəzinəsi tapmışdım. Mən bunu anlaya bilmədim. Amma o 100 il bundan əvvəl mənim halımdan xəbərdar imiş,-deyə ağlamağa başlayır. Sonra şeirlərin qalan hissəsini öpərək gözünün üstünə qoyur və onları mühafizə etməyə başlayır. Deyilənə görə, o vaxt Yunus Əmrənin mindən artıq şeiri məhv olub. Ardı var...

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.- 3-4 iyun.- S. 9.