Balkanlardan Anadoluya türk köçləri: Kritdə yunan zülmləri və türk
köçləri
Qısa müddətdə 60 min nəfərə yaxın
türk Kritdən Anadoluya köçürüldü. Onlardan
12-15 min nəfərini ingilislər köhnə, artıq
ömrünü başa vuran gəmilərə
doldurmuşdular. Həmin gəmilər uzun yola tab gətirə
bilməyərək yolda
batdı. Nəticədə, türklər ingilislər və
yunanların bu qeyri-insani cinayətinin qurbanı oldular. 15 min nəfərə
yaxın türk, qadın, uşaq, qoca dənizdə bataraq məhv
oldu. Beləliklə, Qərbin Osmanlıya və İslam
dünyası üzərinə yunanların əli ilə
düzənlədiyi xaçlı yürüşü nəticəsində
Krit türklərdən təmizləndi və bu, bəşər
tarixində qara ləkə kimi qaldı.
XIX əsrin əvvəllərindən
Balkanlardan Anadoluya başlayan türk köçü
Osmanlıya məxsus olan Aralıq dənizindəki adalarda da
özünəməxsus şəkildə əks-səda verməkdə
idi. Bu baxımdan Aralıq dənizinin
ən strateji məkanlarından hesab edilən Kritdə Qərb
dövlətləri və Rusiya Osmanlı əleyhinə
adadakı yunanları üsyanlara təhrik edirdilər. Onu da
deyək ki, Krit adası hələ eramızdan əvvəlki
yüzilliklərdə yunanlar tərəfindən işğal
edilmiş və uzun müddət Bizansın idarəçiliyi
altında olmuşdu. 823-cü ildə ərəblər Kriti ələ
keçirərək adanı özlərinə birləşdirdilər.
Ancaq ərəblərin zəifləməsindən istifadə
edən Bizans 961-ci ildə Kriti yenidən işğal etdi. Amma sonralar
adanın əhəmiyyətini dərk edən xaçlı cəngavərləri
onu Bizansın əlindən aldılar. Krit əvvəlcə
genuyalıların əlinə keçdi. 1204-cü ildə
Konstantinopolu işğal edən xaçlılar bu dəfə
Krit adasını 15 kiloqram qızıla Venesiyaya satdılar.
Bu adalar uzun müddət Aralıq dənizində
xaçlıların Şərqə yürüşləri
üçün tramplin rolunu oynadı. Xaçlılar bu
adadan tez-tez Osmanlı gəmilərinə hücum edir və
onları talayırdılar. Bunun qabağını almaq
üçün Osmanlı da ara-sıra adaya qarşı əks-hücumlar
təşkil edirdi. 1341-ci ildə Osmanlı əsgərləri
ilk dəfə olaraq Kritə çıxdılar. Oradakı
quldur yuvalarını dağıdan Osmanlı əsgərləri
sonra müəyyən səbəblər üzündən
Kriti tərk etdilər. Osmanlı əsgərləri ikinci dəfə
Kritə 1427-ci ildə hücuma keçdilər və
oradakı quldur dəstələrini yenə darmadağın
etdilər. Kritə hücumlar 1538-ci ildə Barbaros Xeyrəddin
Paşanın dövründə də davam etmişdi. Amma hər
dəfə də Osmanlı əsgərləri Kriti tərk
etdikdən bir müddət sonra adada quldurlar yenidən baş
qaldırır və türk gəmiləri üzərinə
hücumlar edirdilər. Bu da sonda Osmanlının səbrini
tükəndirdi və adanın ələ keçirilməsi
qərara alındı. Ona görə də 1645-ci ilin may
ayının 11-də Osmanlı əsgərləri adaya
hücuma başladılar. Amma ada hər tərəfdən
yaxşı müdafiə olunurdu. Ona görə də bu
adanın alınması Osmanlı ordusuna 24 ilə başa gəldi.
1669-cu il, sentyabr ayının 27-də Krit adası, nəhayət
ki, Osmanlı tərəfindən fəth edildi. Adanın
alınması zamanı Osmanlı 50 min nəfər əsgər
itirdi. Ada venesiyalıların işğalı altında olan
zaman bura katoliklərin əsas dini mərkəzlərindən
birinə çevrilmiş, pravoslav kilsəsinin fəaliyyəti
isə qadağan edilmişdi. Amma Osmanlının zəifləməsi
və Qərb dövlətlərinin ona qarşı birləşməsi
adadakı yunanları cəsarətləndirməyə
başladı. Adada Qərb casuslarının iştirakı ilə
yunanlar 1791-ci ildə Bizans imperatorluğunun bərpasını
nəzərdə tutan xəritə üzərində işləməyə
başladılar. 1796-cı ildə “Meqalı-İdea”adlı xəritə
nəşr edildi. “Meqali-İdea”da yuxarıda qeyd etdiyimiz kimi,
Yunanıstanın müstəqilliyinin əldə edilməsi,
Qərbi və Şərqi Trakiyanın, Salonikin, Şimali
Epirin, Egey dənizindəki adaların, Kritin, Rodosun, Qərbi
Anadolunun, Kiprin, İmroz və Bozcadanın ilhaqı,
İstanbulun işğalı və Böyük Bizans
İmperiyasının bərpa edilməsi nəzərdə
tutulurdu. Öncədən onu da deyək ki, “Meqali-İdea” da nəzərdə
tutulanların əksəriyyətini yunanlar
reallaşdırıblar. Belə ki, Yunanıstan 1829-cu ildə
Moranı, 1864-cü ildə Yeddi adanı, 1881-ci ildə
Teselayı, 1913-cü ildə Kriti, Balkan savaşından
(1912-ci il) sonra Egey adalarını, Makedoniyanın bir hissəsini,
Epiri (Yanya),
I Dünya müharibəsinin sonunda Dədəağacı, Trakiyanı
(sonralar Lozanna anlaşmasına əsasən,
Şərqi Trakiya Türkiyəyə qaytarıldı),
II Dünya savaşından
sonra isə On İki adanı işğal etdi. Hazırda “Meqali-İdea”nın
əsas hədəfi Şimali Kipri tamamilə ələ keçirmək və onu Yunanıstana birləşdirməkdir. Bununla
əlaqədar Avropa Birliyi Türkiyənin adıçəkilən
quruma üzvlüyü
məsələsindən təzyiq
vasitəsi kimi istifadə edir. Kiprin tamamilə Yunanıstana birləşməsi
planının arxasında
isə yenə də 19-cu əsrdən etibarən Osmanlıya qarşı xaçlı
savaşlarını başladan
və hazırda onu yeni müstəvidə
davam etdirən Fransa, İngiltərə,
Rusiya və Almaniya dayanır.
Burada bir önəmli
fakta da diqqəti cəlb etmək istəyirik. Belə ki,1760-ci ildə Kritdə 60 min nəfər
xristian, 200 min nəfər
də müsəlman
(onların arasında
türklər çoxluq
təşkil edirdilər)
yaşayırdı.
Kritdə Osmanlı əleyhinə ilk üsyan
hələ 1770-ci ildə
başlamışdı. Bosfor
boğazını və
İstanbulu ələ
keçirmək barədə
I Pyotrun vəsiyyətinə
əməl edən Rusiya Krit yunanlarını
üsyan qaldırmağa
təhrik etdi. Amma Osmanlı qısa müddətdə
bu üsyanı yatırdı. 1821-ci ildə
Morada başlayan üsyan Kritdəki yunanları da ayağa qaldırdı. Onlar adadakı türklər üzərinə
hücum edərək,
onların çoxunu öldürdülər. Amma 1825-ci ildə adaya qoşun çıxaran İbrahim Paşa bu üsyanı yatırdı. Bunu görən Rusiya, İngiltərə və Fransa 1827-ci ildə Navarindəki türk donanmasına qəfil hücum edərək, 57 gəmini batırdı.
8000 türk əsgəri
isə bu xain hücum zamanı şəhid oldu. Bunun ardınca
1828-ci ildə Rusiya Osmanlı üzərinə
hücum etdi. Bu müharibədə Osmanlı
məğlub oldu.
1830-cu ildə Londonda imzalanan anlaşmaya görə, Osmanlı Qərb dövlətlərinin
təzyiqləri altında
Yunanıstanın müstəqilliyini
tanımağa məcbur
oldu. Amma Krit adası yenə də Osmanlıda qalmaqda davam edirdi. Ona
görə də adada yenidən üsyan başladı. Amma üsyan 1831-ci ildə Misir valisi Mehmet
Əli Paşa tərəfindən yatırıldı.
1839-cu il, avqust ayının 10-da
Yunanıstan Kritin
özünə ilhaqı
(enosis) barədə İngiltərə,
Fransa və Rusiya qarşısında məsələ qaldırdı.
Ancaq İngiltərə
buna mane oldu. Çünki bununla əlaqədar bölgədə
yeni müharibə çıxsa, Yunanıstan
Osmanlı qarşısında
tab gətirə bilməyəcəkdi.
Buna baxmayaraq, 1840-cı ildə
Londonda imzalanan yeni anlaşmaya əsasən, Osmanlı Qərb dövlətlərinin
təzyiqləri altında
əsgərlərinin böyük
hissəsini Kritdən
çıxarmağa məcbur
oldu. Bundan istifadə edən yunanlar adadakı türkləri zorla öz yurd-yuvalarını
tərk etməyə məcbur etdilər. Nəticədə, 10-15 min türk
Kriti tərk edərək, Anadoluya köç etdi. Beləliklə, Kritdən
Anadoluya ilk türk köçləri başladı. Krım savaşı (1853-1856-cı illər)
zamanı da Yunanıstan Rusiya tərəfində Osmanlıya
müharibə elan etmək istədi, ancaq ingilislər buna imkan vermədilər.
Əvəzində ingilislər
1864-cü ildə 1815-ci il
Vyana Konqresinə əsasən Osmanlıdan zorla aldıqları Yeddi adanı Yunanıstana verdilər. Amma Yunanıstan israrla Kriti də istəyirdi.
Ona görə də öz keşişlərini adaya göndərən Yunanıstan
və Roma Papası, həmçinin Rusiya orada yeni qiyamlar
təşkil etdi. Bunun ardınca da Qərb mətbuatında
antiosmanlı isteriyası
başladı. Qiyamçılar
Kritin Yunanıstana ilhaqını (enosis) elan etdilər. 1866-cı il avqust ayının 16-da Kritdə qiyamçılar
türklər yaşayan
Selino qəzasına soxularaq oradakı bütün müsəlmanları qətlə
yetirdilər. Qərb dövlətləri üsyanı
yatırdan Osmanlıya
bir-birinin ardınca etiraz notaları verdilər. Osmanlı güzəştə getməyə
və adanı bərabər şəkildə
hər iki tərəfin yunanların
və müsəlmanların
idarə etməsi barədə razılıq
verməyə məcbur
oldu. Amma adadakı sayı 12 min nəfər olan yunan quldur dəstələri
Hacı Mixailin başçılığı altında Kritdəki türkləri öldürməkdə
davam edirdilər. Nəticədə, qətliamlardan
qaçan türklərin
50 min nəfəri Kandiyə
qalasına sığındı.
Təxminən 60 min nəfər
türk də Kritdən Anadoluya köç etdi. Öz növbəsində, Fransa
admiral Simonun komandanlığı
altında Kritə hərbi donanmasını göndərdi. Rusiya, Fransa və İngiltərənin təzyiqi
altında 1867-ci il, oktyabr ayının 6-da Osmanlı Kritə muxtariyyət verdi. Amma yunanlar Kritdən
Yunanıstana qaçan
köçkünləri bəhanə
edərək, bu muxtariyyəti qəbul etmədi. Sonra Yunanıstan bu məsələni Avropa dövlətləri səviyyəsinə qaldırdı.
Yunanıstan qaçqınları
3 gəmi ilə Kritə göndərdi. Bunu isə Osmanlı
qəbul etmədi. Nəticədə, 1868-ci ildə
iki ölkə arasında diplomatik əlaqələr kəsildi.
Amma Qərb dövlətlərinin təzyiqləri
altında Osmanlı
1869-cu ilin fevral ayında keçirilən
Paris Konfransına əsasən,
Yunanıstanla əlaqələri
yenidən bərpa etməyə məcbur oldu. 1877-78-ci illər müharibəsində məğlub
olan Osmanlı 1878-ci il, oktyabr ayının
23-də Halepa
anlaşmasını imzaladı.
Bu anlaşmaya əsasən,
yenidən qiyam qaldıran Krit yunanlarına muxtariyyət
verildi. Adanın valisi müsəlman, yardımçısı xristian
oldu. Krit baş məclisi 49 xristian və 31 müsəlmandan təşkil
edildi. Yunan və türk dili də rəsmi
dil oldu. Əfv elan edildi.
O dövrdə Sultan II Abdulhəmidin
ətrafındakılar ona
Kriti Yunanıstana verməsini və bununla da problemi
həll etməsini təklif edirdilər. Lakin Sultan bu təklifləri rədd etdi. 1896-cı ildə adada qiyamlar yenidən baş qaldırdı. Yunan prinsi Georgi həmin
il adaya qoşun çıxardı.
Osmanlıya isə Georgiyə qarşı çıxmağa nəinki
imkan verilmədi, əksinə, onu adadakı əsgərlərinin
sayını azaltmağa
məcbur etdilər.
1900-cü ildə prins
Georgi türklərin Kritdəki son qalası olan Hanyanı da ələ keçirdi.
1908-ci ildə adanın
ali məclisi Kritin Yunanıstana ilhaqını elan etdi. Bundan sonra
ali məclisdən müsəlman deputatlar qovuldu. 1913-cü ildə imzalanan London və Buxarest anlaşmaları ilə Kritin Yunanıstana ilhaqı rəsmiləşdirildi.
Bundan sonra adadan
türklərin deportasiyası
daha da gücləndi.
Qısa müddətdə 60 min nəfərə
yaxın türk Kritdən Anadoluya köçürüldü. Onlardan
12-15 min nəfərini ingilislər
köhnə, artıq
ömrünü başa
vuran gəmilərə
doldurmuşdular. Həmin
gəmilər uzun yola tab gətirə bilməyərək
yolda batdı. Nəticədə, türklər
ingilislər və yunanların bu qeyri-insani cinayətinin qurbanı oldular. 15 min nəfərə yaxın türk, qadın, uşaq, qoca dənizdə bataraq məhv oldu. Beləliklə, Qərbin Osmanlıya və İslam dünyası üzərinə yunanların
əli ilə düzənlədiyi xaçlı
yürüşü nəticəsində
Krit türklərdən
təmizləndi və
bu, bəşər tarixində qara ləkə kimi qaldı.
Əziz Mustafa
Zaman.- 2010.- 4-5 noyabr.- S. 12.