Müəllim
şagirdlərinin mənəvi dünyasının memarı
olmalıdır
Müasir müəllim qarşısındakı
şagirdin gələcəyini görməyi də
bacarmalıdır. Məqsədinə
nail olmadıqda ruhdan düşməməlidir. Darvin,
Eynşteyn, Edison və başqa tanınmışlar heç
də orta məktəbdə parlaq şagirdlər
olmayıblar. Bəzi qabiliyyətlər biz müəllimlərin
istədiyi zaman inkişaf etməyə də bilir. Bu bizə
onların gələcəklərini şübhə altına
almağa haqq vermir.
Müasirlik tarixən qazanılmış təcrübədən
tamamilə üz döndərmək deyil, özünü yeni
dövrdə doğrultmayan təcrübəni təkmilləşdirmək,
yeni yollar axtarıb tapmaqdır. Əsas məram isə dəyişməzdir
- nəsillərin əldə etdikləri təcrübəni
günümüzün şagirdlərinə elə
çatdırmaq lazımdir ki, öyrənənlər ondan həm
yaxın, həm də uzaq məqsədləri
üçün istifadə edə bilsinlər.
Qədimdən bəri cəmiyyət, demək olar ki,
özünün gücü çatmayacaq vəzifələri
məktəb və müəllim qarşısında
qoymuş, hər neqativ hal üçün, ilk növbədə,
onlar qınanmışlar. Lakin nə məktəb, nə də
müəllim heç kəsi cavabdeh tuta bilməmişdir. Sanki,
cəmiyyətin dərdini çəkmək missiyasını
yalnız onlar yerinə yetirməlidirlər. Cəmiyyət, həmçinin
onun ayrılmaz bir hissəsi olan ailə həmişə arxa
planda qalmışlar. Bunun özü belə, müəllim
işinin nə qədər məsuliyyətli
olduğunu göstərir. Ona
görə də müasir dövrdə müəllim olmaq hər
insanın hünəri deyil. Düzdür, ömrü boyunca
müəllim adını öz adının quru əlavəsi
kimi daşıyıb yaşayanlar da az deyil. Bununla belə, əsl
müəllim həmişə seçilmiş, nəsillərin
yaddaşına böyük hərflərlə
yazılmışdır.
Müəllim mütaliə etmədiyi
gün ölür
Bəs əsl müəllim kimdir? Pedaqoji ədəbiyyatda illərlə
öz əksini tapmış, müəllimin şəxsi və
professional xüsusiyyətlərini əhatə edən meyarlar
bu gün də inkişaf etməkdə, təkmilləşməkdədir.
Lakin müəllimin klassik vəzifələrinin
əksəriyyəti hələ də öz
aktuallığını saxlamaqdadır. Onlardan
bir neçəsinə nəzər salaq.
Müasir şagirdin məlumat əldə etmək
imkanları az qala müəlliminkindən
çoxdur. Şagirdlərindən geri qalmamaq
üçün müəllim üzərində işləməyi
özünün bir nömrəli işi hesab etməlidir.
Əbəs yerə deyilməmişdir ki, müəllim
oxumadığı, mütaliə etmədiyi gün
ölür. Özünütəhsil
müəllim üçün lampanın nefti kimidir. Neft tükənəndə nə qədər cəhd
etsən də, lampa sönəcək. Ən məşhur
idmançı belə, məşqlərinə ara versə, qazandığı nailiyyətlərlə
kifayətlənsə, çox keçmədən formadan
düşəcək, özündən qat-qat zəif rəqibə
məğlub olacaq. O, həmişə özünü formada
saxlamağı bacarmalıdır. Müəllim
də elədir. Gündəlik
çalışmayan müəllim dərsdə
özünü heç vaxt sərbəst apara bilməz.
Müəllim sənətinə verilən bu tələbin
çox qədim tarixi var. Məsələn, qədim Roma
pedaqoji irsində müəllimin savadlı olması
mühüm əhəmiyyət kəsb etmişdir. Müəllimə əməkhaqqı dərs dediyi
vaxt üçün ödənilir. Özünü
təkmilləşdirməyin haqqını isə dərs
dediyi şagirdlərin məmnun baxışları, ürəklərində
yaşatdıqları hörmət və məhəbbətdir.
Müəllimin
məhsuldarlığı özünü yetişdirmədən
mümkün deyil. Günümüzdə
informasiya yeniləşməsi elə sürətlə gedir
ki, ona seyrçi münasibəti bəsləmək müəllimə
heç yaraşmaz. Müəllim
çalışmalıdır ki, şagirdləri fənninə
aid ən yeni məlumatları ondan öyrənsin. Cordano Bruno hələ o vaxt təkidlə təkrar
edirdi ki, indiki zaman insanı heyrətə salan sürətlə
gəlib keçir, gələcək zaman da eyni sürətlə
yaxınlaşır.
Əsl müəllim sənətinin gələcək
taleyini də düşünməyi bacarmalıdır. Ömrün boyu bircə nəfər də
ardıcıl yetışdirmədən necə müəllim
olmaq olar? Barsız
ağac kimi yalnız boy-buxunu, kölgəsi ilə yaşayan
müəllimdən nə cəmiyyət, nə
yaşadığı mühit, nə dərs dediyi şagirdləri,
nə də həmkarları razı qalıb. Müəllim gileylənməklə, üzləşdiyi
problemlərin məngənəsində sıxılıb inləməklə
öz funksiyasını lazımi səviyyədə yerinə
yetirə bilməz. O, hər dərs üçün
köklənməyi bacardıqca dərsinin maraqlı, yüksək
səviyyədə keçməsini təmin etmiş olur.
“Təhsil gərək insanın yediyi qidaya
oxşasın...”
Müasir
müəllim qarşısındakı şagirdin gələcəyini
görməyi də bacarmalıdır. Məqsədinə
nail olmadıqda ruhdan düşməməlidir. Darvin,
Eynşteyn, Edison və başqa tanınmışlar heç
də orta məktəbdə parlaq şagirdlər
olmayıblar. Bəzi qabiliyyətlər biz
müəllimlərin istədiyi zaman inkişaf etməyə də
bilir. Bu bizə onların gələcəklərini
şübhə altına almağa haqq vermir.
Bugünkü şagirdin ehtiyac, maraq və
meyilləri daha böyükdür. Buna görə də öyrənmək vərdişini
şagirdin gündəlik həyatının mühüm bir
hissəsinə çevirə bilmək müəllimdən
böyük pedaqoji ustalıq tələb edir. Biliyin, sadəcə, verilməsi ilə kifayətlənmək
olmaz. Hind yazıçısı Rabindranat Taqorun bu
qızıl fikri bir fəaliyyət devizimiz olmalıdır: “Təhsil,
mümkün qədər, gərək insanın yediyi qidaya
oxşasın. Əgər yediyiniz qida lap birinci tikəni
ağzınıza alan dəqiqədən
sizə ləzzətli görünürsə, mədəniz
ağzınızdan da əvvəl oyanıb
açılır”. Başqa sözlə desək,
atı çaya aparmaq hələ işin yarısıdır,
ona su içirməyi də bacarmaq lazımdır.
Təlim elə bir əmək
növüdür ki...
Müəllim,
hər sahədə olduğu kimi, şagirdlərin təlim əməyinə
münasibətində də nümunə olmalıdır.
Gündəlik planı, əlavə ədəbiyyatdan,
internetdən istifadəsi dərs dediyi şagirdlərinin ruh mənbəyi
olmalıdır. Sinifdə hər şeyi həll
etmək mümkün deyil, mümkün olsa belə, təlim
elə bir əmək növüdür ki, şagird onda öz
payını görməli, əldə etdiyi biliyin müəllimin
rəhbərliyi altında öz qazancı olmasına
inanmalıdır. Əks təqdirdə,
müəllim, sadəcə, öyrətməyə, öyrətdiklərini
tələb etməyə çalışacaq, şagirdlər
də biganə seyrçilər kimi günü-günə
calayaraq funksiyalarını yerinə yetirməyə qadir
olmadıqlarına inanacaqlar. Klassik pedaqogikanın
görkəmli nümayəndələrindən olan, “İnsan
adım, alman isə təxəllüsümdür”, - deyən
Fridrix Vilhelm Adolf Disterverq XIX əsrdə yazırdı ki,
şagirdləri seyrçiliyə, passivliyə
alışdıran hər hansı metod pisdir, özfəaliyyət,
müstəqil çalışmaq vərdişi
aşılayan hər hansı metod isə
yaxşıdır. Böyük pedaqoq şagirdlərin əqli qabiliyyətlərini
fəallaşdırmağı müəllimin ən vacib vəzifəsi
hesab edərək, deyirdi ki, pis müəllim həqiqəti
elan edir, yaxşı müəllim isə onu tapmaq
yollarını öyrədir. Deməli,
biz müəllimlər şagirdlərə müəyyən
bilikləri öyrətməklə yanaşı, onları
öz üzərlərində işləməyə, biliyi
axtarıb tapmağa da alışdırmalı, onlarda daxili
motivasiya formalaşmasına çalışmalıyıq.
İnsana dünyada öz əməyinin nəticəsindən
şirin nə var ki! Yalnız öyrənməyə alışan insan
fasiləsiz təhsilini təmin edib, dini əxlaqımızın
ən gözəl prinsiplərindən olan “Beşikdən məzaracan
öyrən!” düsturunu mənalı ömrünün ana xəttinə
çevirərək xoşbəxtliyini əldə edə bilər.
Daha bir hikməti də xatırlatmaq istərdim: “İnsan
üçün tonqal çatıb isindirmək olar,
tonqalın sönməsi ilə onun soyuması başlanacaq. İnsanın özünü odlamaq lazımdır
ki, o soyumasın.”
Müəllim şagirdlərinin mənəvi
dünyasının memarı olmalıdır
Müəllim ümid mənbəyi
olmalıdır. Güneylər yayın istisində qovrulub bir daha
göyərməyəcək kimi görünür. Lakin bir-iki yağışdan sonra onlar elə bir
yaşıl libas geyinir ki, heç bir zaman solmamış kimi
görünür. Müəllim qabiliyyətlərinin
inkişafına valideynlərinin belə inanmadığı
şagirdlərinin solmuş ümidini cücərdən
yağmura bənzəməlidir.
Şagirdlərə
daha çox etimad bəslədikcə onlar da qalın meşənin
günəşə boylanmaq üçün yarışaraq
boy atan ağaclarına bənzəyir. Müəllimin
işi, sadəcə, şagirdlərinin beyinlərini biliklə
doldurmaqla bitmir. O, şagirdlərinin mənəvi
dünyasının, ruh aləminin memarı olmalı, dilini,
dinini, vətənini, vətəndaşlarını, dövlətini
sevməyin nümunəsini elə yaşamalıdır, elə
təmsil etməlidir ki, həkk etdiyi mənəvi dəyərləri
zamanın ruzigarları aşındıra bilməsin. Burada yadıma düşən bir hekayəti
xatırlatmaq yerinə düşərdi.
Bir uşağın palçıqlı yolda
qaçdığını görən məşhur
imamlardan biri ona deyir:
- Övladım, diqqətli ol, ayağın
sürüşər, yıxılarsan.
Uşaq dayanır və belə cavab verir:
- Ey İmam, mənim ayağımın sürüşüb-sürüşməməsi
o qədər də əhəmiyyətli deyil. Çünki
mən yıxılsam, bundan zərər görən yalnız
mən olacağam və özüm də sonradan ayağa
qalxacağam. Ancaq sənin yıxılmağın yolunu tutan hər bir kəsin
yıxılmağı deməkdir. Onların
hamısını yenidən ayağa qaldırmaq o qədər
də asan olmayacaq.
Əndazəni
aşmaq olmaz
Yaxşı müəllim öz sənətinə
olan sevgisi, işinə məsuliyyəti, şövqü ilə
seçilir. Bu xüsusiyyətlər qısa müddət ərzində
onun dərs dediyi şagirdlərə də sirayət edir.
Müəllimin sinifdəki heç bir
davranışı şagirdlərinə təsirsiz qalmır.
Kitabını unutmuş şagirdə öz kitabını
vermək, ona diqqətlə və təmkinlə qulaq asmaq, təbəssümlə
baxmaq, maraq göstərmək, adları səmimiyyətlə
çəkmək, yeri gəlincə adlarının mənalarını
açmaq, saçının,
geyiminin yaraşdığını, tətildən sonra bir az
böyüdüklərini və s. demək uşaq
dünyasında çox əhəmiyyət
daşıyır, onları ruhlandırır, məktəbi və
müəllimi sevinc mənbəyinə çevirir. Tez-tez şagirdin sözünü kəsmək, saata
baxmaq, barmaq silkələmək, kimi isə gülüş hədəfinə
çevirmək, bəyənməməzlik göstərib
üz çevirmək və s.
davranışlar isə şagirdləri
məktəb və təlimdən soyudur.
Müəllimin dili də davranış və
hərəkətləri qədər əhəmiyyətlidir. Həzrəti Əlinin dediyi kimi, kişi dilinin altında gizlənir. Müəllim istər təqdir etmə, istərsə
də xəbərdarlıq və qadağalarının
şagirdləri tərəfindən yaxşı başa
düşülməsinə və müsbət
qarşılanmasına çalışmalıdır.
Müəllimin nitqində ən çox işlənən
ifadələr bunlar olmalıdır: “Çox sağ
ol”, “Təbrik edirəm” “Sənə necə kömək edə
bilərəm?” “İnanıram ki, sən bu işi bacararsan”,
“Bugünkü cavabından çox məmnun oldum” və s. Dərsə
gəlməmiş şagirdə “Şadam ki, gəlmisən”
desək, çətin ki, o şagird bir daha dərsdən
qalar.
Müəllim də insandır. Daima inzibatçı rolunu
daşımaq mümkün olmadığı
üçün onun da yumor hissinə malik olması lazımdır.
Əsl müəllim yumor hissini öz təlim
metodunun bir hissəsinə çevirə bilir. Şagirdlərin
həyatına dair lətifələr, böyük
insanlardan ibrətamiz əhvalatlar şagirdlərin “buzunu
əritməkdə”, onların daha rahat, sərbəst şəraitdə
öyrənmələrinə, yorucu gərginliyin aradan
qalxmasına səbəb olur. Lakin burada əndazəni
aşmaq olmaz.
Müəllim əməyini tam mənası
ilə ödəmək mümkün deyil
Yetişməkdə olan nəslin gözlərini
yeni üfüqlərə açmaq, onları düzgün
istiqamətləndirmək, onlarda düçar olacağı
məhrumiyyətlərə sinə gərmək qabiliyyəti
aşılamaq böyük güc, enerji tələb edir. Məhrumiyyət dedikdə,
nəyi başa düşürük? Əslində
müəllim əməyini tam mənası ilə ödəmək
mümkün deyil. Əgər fəhlə haçansa
qazandığı bilik və bacarıqların nəticəsində
uzun müddət
keçinə bilirsə, yaxud sərf etdiyi məhdud
vaxtda hazırladığı məhsulun dəyəri olaraq
müəyyən əməkhaqqı ala bilirsə, müəllim
bu imkanlara malik deyil. Müəllimin ali məktəbdə
qazandığı ilə uzun müddət işləməsi
mümkün deyil. İkincisi, müəllimin iş
günü heç vaxt bitmir. Müəllim dərsdən sonra
zəif şagirdlərlə işləməli, tapşırıqları
yoxlayıb qiymətləndirməli, bu və ya digər
sosial fəaliyyətlə əlaqədar şagirdləri
hazırlamalı, valideynlərlə görüşməli,
növbəti günün dərslərinə
hazırlaşmalıdır.
Müəllim
şagirdinin gələcək həyat
yolunda inamla irəliləməsi üçün
özünü ən yaxın, ən etibarlı insan kimi
tanıda bilmirsə, öz fəaliyyətinə vicdan
güzgüsündən baxıb, özünü yeniləməyə
gecikməməlidir. Yeri gəlmişkən, Mövlanaya bir nəfər,
müəllimi Şəms Təbrizini gördüm deyir.
Mövlana çıxarıb köynəyini verir. Adam gülərək:
“Yalan deyirəm”, - deyəndə Mövlana: “Yalan dediyini bilirəm”,
- deyir. - Mən bu sözün yalanına köynəyimi
verdim. Doğru xəbər versə idin, canımı verərdim”.
Budur, müəllimə inamın
ən səmimi, ən müasir nümunəsi!
Müəllim şəxsiyyəti
hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir.
Onun nüfuzunun ləkələnməsi aynanın
parçalanmasından başqa bir şey deyil. Ən mahir usta
belə onun parçalarını bütün məharətini
işin içinə qoyaraq yapışdırsa da, çətin
ki əvvəlki tamlığını göstərə
bilsin. Ona görə də sərhəd əsgəri kimi
şəxsiyyətinin keşiyində durmaq müəllimin ən
mühüm vəzifəsi, qayğısı olmalıdır.
Bir müəllimin nüfuzunu itirməsi təkcə onun deyil,
bütövlükdə onun çalışdığı
kollektivi hörmətdən sala bilər. Müəllimin
müqəddəsliyi sına bilər, o adiləşər.
Zaman.- 2010.- 5-6 oktyabr.-
S. 12.