Ahıska türkünün qara taleyi (5)

 

Rəsmi məlumatlara görə, Özbəkistanda baş verən toqquşmalar zamanı ahıskalılara məxsus 750 ev  və 274 maşın yandırılıb. Toqquşmalarda 106 nəfər həlak olub. Onlardan 43 nəfəri Ahıska türkü, 12 nəfəri xüsusi xidmət orqanları əməkdaşı, 35 nəfəri isə özbək idi. Amma əslində ahıskalılar arasında ölənlərin sayı daha çox idi.

May ayının 24-də yenə də mülki geyimdə olan xüsusi xidmət orqanlarının əməkdaşları Kuvasay qəsəbəsindəki Budyonnı küçəsində yerləşən barda pivə içən özbək və ahıskalı gənclər arasında dava salmağa nail oldular. Nəticədə özbəklər və onları müdafiə edən taciklərlə ahıskalılar arasında baş verən əlbəyaxa toqquşmada 25 nəfər yaralandı.

Dalaşan tərəfləri ayırmaq adı altında ortanı qızışdıran və mülki geyimdə olan iki nəfər xüsusi xidmət orqanının əməkdaşı da ağır yaralandı. Ertəsi gün toqquşmada yaralanan  və milliyyətcə tacik olan gənc xəstəxanada müəmmalı şəkildə dünyasını dəyişdi. Halbuki onun yarası bir o qədər də ağır deyildi. Yaralının yaxınlarının sonralar söylədiklərinə görə, bu yaradan onun ölməsi mümkün deyildi. Bundan sonra xüsusi xidmət orqanları ahıskalılarla özbəklər və taciklər arasında toqquşmaların genişlənəcəyini gözləyirdilər. Ancaq belə olmadı. Bu hadisələrin üstündən 9 gün ötəndən sonra xüsusi xidmət orqanlarının əməkdaşları 1989-cu ilin iyun ayının 3-də əhali arasında ahıskalıların guya özbəkləri kütləvi şəkildə qətlə yetirməsi barədə şayiə yaydılar. Bunun ardınca xüsusi xidmət orqanlarının milliyyətcə erməni əməkdaşlarının iştirakı və təşəbbüsü ilə Margilan, Fərqanə və onlara bitişik ərazilərdə Ahıska türklərinə qarşı talanlar başladı. Heç nədən xəbəri olmayan və gözü qızan kütlə dərhal təxribatçıların tələsinə düşərək bu talanlarda iştirak etməyə başladılar. Ahıska türklərinin bir hissəsi özlərini gözləyən ölümdən qorunmaq üçün Fərqanə Vilayət Partiya Komitəsinin binasına yığışdılar. Ancaq talançılar oranı da mühasirəyə aldılar. Amma gecə gizli şəkildə yüzlərlə ahıskalını binadan çıxarmaq mümkün oldu. Səhər talançılar Vilayət Partiya Komtəsini hücumla alaraq binanı taladılar. Bunun ardınca ahıskalı talanları bütün Özbəkistana yayıldı. Kokandda iyunun 7-də onlarla ahıskalının evi yandırıldı və ələ keçirilənlər öldürüldülər. Vəziyyətin nəzarət altından çıxdığını və bu hadisələrin ruslara da qarşı çevriləcəyindən ehtiyat edən Moskva dərhal münaqişə bölgəsinə əlavə olaraq, 5500 əsgər göndərdi və oradakı hərbi gücünü 15 min nəfərə çatdırdı. Bunun ardınca o dövrdə SSRİ Daxili Qoşunlar komandanı, general Şatalin  təcili şəkildə Özbəkistana göndərildi. Amma Daxili Qoşunlara düşünülmüş şəkildə talançılara qarşı hərbi gücdən istifadə etməyə icazə verilmirdi. Çünki onlar mümkün qədər talanların daha ağır hal almasını və daha çox ahıskalının öldürülməsini, evlərinin yandırılmasını istəyirdilər. Nəticədə onların gözləri qarşısında talanlar davam edirdi. Daxili Qoşunlar yalnız iş-işdən keçəndən sonra ahıskalıları köçürməyə başladı. Lakin Özbəkistanda xüsusi xidmət orqanları tərəfindən qızışdırılan Ahıska düşmənçiliyi davam edirdi. 1990-cı ildə Özbəkistanın Buka bölgəsində Ahıska türklərinə qarşı  fevral hadisəsi və Parkənd şəhərində mart hadisəsi baş verdi. Belə ki, 1990-cı ilin  mart ayında ən sakit rayonlardan biri hesab edilən Parkənddə xüsusi xidmət orqanları əməkdaşları yeni qırğınlar təşkil etdilər. Nəticədə Parkənddə 8 ahıskalı öldürüldü, onlara məxsus 43 ev isə talan edilərək yandırıldı. Rəsmi məlumatlara görə, Özbəkistanda baş verən toqquşmalar zamanı ahıskalılara məxsus 750 ev  və 274 maşın yandırılıb. Toqquşmalarda 106 nəfər həlak olub. Onlardan 43 nəfəri Ahıska türkü, 12 nəfəri xüsusi xidmət orqanları əməkdaşı, 35 nəfəri isə özbək idi. Amma əslində ahıskalılar arasında ölənlərin sayı daha çox idi. Ahıskalıların “Vətən” cəmiyyətinin verdiyi məlumata görə, toqquşmalarda 85 nəfər ahıskalı öldürülmüş, 10 mindən artıq adam isə yaralanmışdı. Bundan əlavə, ahıskalılara məxsus 8100  ev yandırılmışdı. Nəticədə Özbəkistanda məskunlaşan 170  min nəfər ahıskalı yaşadıqları yeri, Özbəkistanı tərk etməyə məcbur olaraq, SSRİ-nin hər yerinə səpələndilər.

Qarabağ və Fərqanə hadisələri zamanı Şahnazarov, “akademik” Aqambekyan, Saxarov və onun milliyyətçə erməni olan xanımı Yelena Bonner qızışdırıcı rolda çıxış edirdilər. Bunun da nəticəsində Ahıska türkləri  Özbəkistandan çıxarıldılar.

İstər Qdlyan, istərsə də Aqambekyan, Saxarov, Balayan, Silva Kaputikyan və separatçı erməni dəstələri həm də o dövrdə dünya kilsə  xadimləri tərəfindən də idarə edilirdi.

Eyni zamanda  Ahıska talanlarında Daşnaksütyün partiyasının liderləri və dünya erməni diasporu da qızışdırıcı rolda çıxış etdilər. Məhz onların təsiri və “məsləhət”ləri nəticəsində Rusiya xüsusi xidmət orqanları Ahıska soyqırımını təşkil etdilər.

 

Xocalıda ahıskalilar da qan ağladı

 

Baş vermiş məlum Fərqanə hadisələrindən canlarını qurtaran Ahıska türkləri son ümid yeri kimi dili bir, dini bir olan Azərbaycan xalqına sığındılar. O dönəmdə Azərbaycanda da müharibə gedirdi. Özbəkistanda evləri-eşikləri yandırılmış Ahıska türkləri Azərbaycanın ayrı-ayrı bölgələrinə yerləşdilər və Azərbaycan uğrunda silaha sarıldılar. Ən ağır faciəni yaşayanlar isə Xocalıda məskunlaşan ahıskalılar oldular.

Xocalıda bir məhəllədə Ahıska türkləri yaşayırdılar. Onların hamısı Xocalı faciəsində fevralın 25-dən 26-na keçən gecə Vətən uğrunda şəhid oldu. Günü bu günə kimi ermənilər tərəfindən 18 nəfərə yaxın əsir, girov götürülmüş və itkin düşmüş ahıskalı var. Ahıska türklərindən Rəhimovlar ailəsi ailəlikcə əsir götürülüb və onlardan bu günə kimi xəbər yoxdur.

 Xocalıdan Xaçmaz rayonunun Üdülü kəndində məskunlaşan Gülalı müəllimin 2 oğlu və bacısı uşağı bu günə kimi əsirlikdədir. Gülalı müəllimin dediyinə görə, onun özü də əsir götürülüb. Ermənistanın indiki prezidenti Koçaryan erməni əsgərlərlə birlikdə onu amansızcasına o qədər döyüb ki, qoca huşunu itirib. Onu öldü bilib, buraxıb gediblər.

Özbəkistanı tərk etməyə məcbur olan  ahıskalıların bir hissəsi yaşamaq üçün Krasnodarı seçmişdilər. 1990-1998-ci illər arası 17 mindən artıq Ahıska türkü Krasnodar vilayətində yaşayırdı. Ancaq onlara burada ruslar və ermənilər həddindən artıq zülm edirdilər. Onlara mağazalardan yemək almağa, uşaqlarını məktəbə qoymağa, küçədə sərbəst gəzməyə imkan vermir, döyür, söyür, əzablar verirdilər. Həm Rusiya hökumətinin pərdə arxasından yerli şovinist ruhlu rusları, həm də orada yaşayan erməniləri dəstəkləməsi ahıskalıları həmin ərazini tərk etmək məcburiyyətində qoydu. Ahıskalıların Krasnodardakı ağır vəziyyətinə dözə bilməyən və buna acıyan Amerika dövləti ahıskalıları qəbul etməyə hazır olduğunu bildirdi. Bununla əlaqədar texniki məsələləri isə Beynəlxalq Miqrasiya Təşkilatı və “Baptist” cəmiyyəti həyata keçirdi.

Amerikaya ilk köçmə 2004-cü ildən başladı. Krasnodarda yaşayan 17 min ahıskalının 8 mini 2004-cü ildə Amerikanın ayrı-ayrı ştatlarına köçürüldü. 2005-ci ildə də köç prosesi davam etdi. Hal-hazırda Amerikada 12 min 800 nəfər ahıskalı yaşayır və əsasən kənd təsərrüfatı ilə məşğuldurlar. Bir sözlə, Ahıska türkləri hal-hazırda dünyanın 3 qitəsi, 17 dövləti, 300-dən artıq bölgəsində yaşayır. Lakin onların Vətənə, doğma Ahıskaya qayıtmaq uğrunda apardıqları mübarizə davam edir. Son.

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.- 9-11 oktyabr.- S. 10.