“Lahıcı
turizm məkanına çevirə bilsək...”
T əxminən iki min il yaşı olan bu yurda istər
hər tərəfin çağladığı,
yaşıl dona
büründüyü günlərdə gəl, istərsə
də payızın xəzanında, yaxud ağ örpəyə
büründüyü vaxtda - Lahıcdan xoş xatirələrlə
ayrılacaqsan. Çünki
qədim mədəniyyət mərkəzi olan bu qəsəbədə
həmişə gəzib-görməli,
görüb-götürməli və yaxşı istirahət
etməli ünvan az deyil. Təbiətin heyranedici guşələri
ilə yanaşı, əsrləri arxada qoymuş tarixi-mədəni
abidələr, daş döşənmiş küçələr,
dəmirçi və misgər emalatxanalarından gələn
çəkic səsləri buraya gələn qonaqlara unudulmaz
anlar yaşadır. Sərhədi artıq Lahıca
qovuşmuş Girdiman çayının haçansa bu yerdə
gözəl bir şəhəri yuyub apararaq nağıla
çevirməsi haqda ağsaqqalların söylədikləri
rəvayəti ilk dəfə eşidənlərin qəlbində
isə təəssüf hissi baş qaldırır.
Özünəməxsus memarlıq
üslubu və adət-ənənəsi olan “dağların
daş nağılı” - Lahıcın məhəllələrini
gəzib-dolaşdıqca onun qonaqpərvər
insanlarının şücaətinə, doğma yurda sevgisinə
heyran olursan. Əlavə edək ki, Nazirlər Kabinetinin 1980-ci
ildə verdiyi qərara əsasən, Lahıc dövlət
tarix-mədəniyyət qoruğu elan edilib. Bununla da uzun illər
qayğıdan kənarda qalan Lahıca diqqət və maraq
artıb.
Son illər respublikamıza gələn qonaq və turistlərin
bir çoxu bu yurdu görməyə can atır. Bu gün
Lahıcın tanıdılması, təbliği və
sosial-iqtisadi inkişafının yüksəldilməsində
dövlət qurumları ilə yanaşı, özəl
“Lahıctur” Turizm İnformasiya Mərkəzi də əhəmiyyətli
işlər görür. Onu da deyək ki, bu mərkəz
“Lahıctur” sosial-iqtisadi inkişafa yardım ictimai birliyinin nəzdində
fəaliyyət göstərir. Qurumun təsisçisi və rəhbəri
Dadaş Əliyevdir. O, Lahıc qəsəbə orta məktəbinin
müəllimidir. Dadaş müəllimlə söhbətimiz də əsasən
Lahıcın indiki vəziyyəti, qəsəbənin
inkişafına kömək edə biləcək məsələlər
və yerin turizm imkanları barədə oldu.
- Dadaş müəllim, siz təcrübəli müəllimsiniz.
Ömrünüzün xeyli hissəsini sinif otaqlarında
keçirmisiniz. Bəs belə bir qurumu təşkil etməkdə
məqsəd nə olub?
- Lahıcın zəngin mədəniyyəti və təbii
qaynaqları, əməksevər insanları var. Vaxtilə sənətkarlarımızın
şöhrəti dünyaya yayılıb. Bu gün də
respublikamızda, hətta bəzi xarici ölkələrdə
insanlar buraya can atırlar. Lahıcın təbiəti də
çox zəngindir - təmiz havası, saf suyu,
zümrüddonlu meşələri var. Yayı sərin,
qışı mülayim keçir. Günəşli günlərin
sayı 300-dən artıqdır. Saydıqlarımız
sübut edir ki, Lahıcın yaxşı turizm imkanları
var. Bu isə həm qəsəbənin problemlərini aradan
qaldırmağa, həm də sakinlərin gün-güzəranının
yaxşılaşmasına kömək edə bilər. Deməli, Lahıcın sosial-iqtisadi
inkişafı üçün imkanlar mövcuddur, qalır
onu reallaşdırmaq. Düşüncəmə görə,
bu istiqamətdə əsas işlərdən biri
Lahıcı təbliğ etmək, sərmayəçiləri
buraya cəlb etmək, turist axınını gücləndirməkdir.
Turizm İnformasiya Mərkəzini qurmaqda məqsədimiz də
bu işə kömək etmək olub.
- Bu işə nə vaxt
başlamısınız?
- 2005-ci ildə Dünya Bankından vəsait
almış və növbəti ildə tam fəaliyyətə
başlamışıq.
- Turistlərə və qonaqlara əsasən hansı
istiqamətlərdə xidmət göstərirsiniz?
- Birinci növbədə, pulsuz informasiya xidməti
göstəririk. Bundan əlavə, ərazidə turizm xidmətlərini
təşkil edirik. Ən əsası yerli əhalinin turizmdən
faydalanmasına şərait yaradırıq. Bu da Mərkəzin
fəaliyyətinə kömək edir. Çünki turist və
qonaqları şəxsi evlərdə yerləşdirməkdən,
onların gəzintisinin təşkilindən
qarşılıqlı razılıq əsasında müəyyən
qədər vəsait alırıq.
Onu da əlavə edim ki, fəaliyyətimiz sayəsində
artıq Lahıcın adı dünyanın ən sayılan
turist bələdçi kitablarında yer alıb və orada qəsəbədəki
xidmət mərkəzləri barədə məlumatlar verilib.
- Lahıca turist axınını artırmaq
üçün respublikamızdakı hansı turizm şirkətləri
ilə əlaqələr qurmusunuz?
- İndiyədək 10-dan çox şirkətlə
qarşılıqlı əlaqələrimiz
formalaşıb. “Bakıtur”, “Bakutravel”, “Orienttravel”,
“Atropatena” və “Simurq” şirkətləri ilə səmərəli
işləyirik. Ancaq həmin qurumlar əsasən daxili turizmlə
məşğul olurlar.
Turizm İnformasiya Mərkəzinə ingilis, fransız və
rus dillərini bilən bələdçilər cəlb
etmişik. Onlar müxtəlif sahələrdə
çalışırlar. Biz tərcüməçi-bələdçilərdən
yalnız xarici turistlər gələrkən istifadə edirik.
Mərkəz nəqliyyat xidməti də göstərir.
Bu işdə şəxsi avtomobil sahibləri ilə əlaqəli
işləyirik. Xüsusilə, yaz-yay aylarında Baba
dağına ziyarətə getmək istəyənlər
Lahıcda toplaşır, buradan dağlara rahat qalxmaq üçün
avtomobil axtarırlar. Çox zaman bu işdə biz onlara
yardımçı oluruq. Bundan əlavə,
qonaqlarımızın qonşu şəhər və rayonlara
səfərə getmələrinə də kömək
edirik.
- Dadaş müəllim, xarici turistlərdən ancaq
Lahıcı görmək istəyi ilə ölkəmizə
səfər edənlər olurmu?
- Hərdənbir olur. Elə bu yaxınlarda bizə
İngiltərə vətəndaşı Bakıdan zəng
vurmuşdu. Bildirdi ki, ailəsilə Lahıca gəlmək istəyir.
Biz avtomobil sifariş verməklə qonaqları Lahıca gətirdik
və onları soydaşlarımızdan birinin mənzilində
yerləşdirdik. Qonaqlarımızın istəyi ilə
onlara Azərbaycan milli mətbəxi və şirniyyatı ilə
xidmət təşkil etdik. Lahıcı çox
heyranlıqla gəzib-dolaşdılar və buradan
böyük razılıq hissi ilə ayrıldılar.
- Qonaqların arzu və istəkləri, gileyləri ilə
də maraqlanırsınız?
- Əlbəttə. Bu, çox vacibdir. Biz
qonaqlarımızdan anket-sorğumuzu doldurmağı xahiş
edirik. Həmin məsələ ilə bağlı suallar orada
yer alıb.
- Nədən çox şikayət edirlər?
- Əsasən yoldan. Başqa xırda məsələlər
də var ki, onları dilə gətirmək istəmirəm.
Turist və qonaq üçün rahat yol çox vacib məsələdir.
Əminliklə deyə bilərəm ki, Lahıcın yolu
yenidən qurulsa, bura gələnlərin sayı
iki-üç dəfə artar.
-Lahıc, müəyyən mənada, öz adət-ənənəsi
olan yaşayış məskənidir. Bəs buraya gələnlərlə
bağlı yerli əhalinin gileyi nədir?
- Vacib məsələyə toxundunuz. Yerli əhali
qonaqların əsasən geyimindən narazılıq edirlər.
Xaricilər bir yana qalsın, paytaxtdan gələn bəzi
soydaşlarımız elə açıq-saçıq
geyinirlər ki, adam baxanda özü utanır. Doğrudur, necə
geyinmək hər kəsin öz işidir. Ancaq ətrafdakıları
da unutmamaq lazımdır. Bir də ki, adət-ənənələrimizə
hörmət hamının borcudur. Bəlkə də, xarici
turistlərlə bu mövzuda qısa söhbət aparılsa,
onlar da buraya şortik-mayka ilə gəlməzlər.
- Dadaş müəllim, Lahıc Turizm İnformasiya Mərkəzi
hələ gəncdir. Ümid edirik ki, yaxın illərdə
mərkəzin fəaliyyəti və imkanları genişlənəcək.
Yəqin ki, o zaman qurumun maddi durumu da yaxşılaşacaq. O
zaman hansı işləri görmək istərdiniz?
- Mərkəzin fəaliyyətinə nikbin
baxdığınıza görə, sağ olun. Şübhəsiz
bu, Lahıcda turizmin necə inkişaf edəcəyi ilə
bağlı olacaq. Maddi vəziyyətimiz istəyimizcə
olsa, Mərkəz üçün turistlərə hərtərəfli
xidmət məqsədilə avtomobillər alardıq. Mehmanxana
tipli binalar inşa etdirərdik. Qəsəbənin mərkəzi
küçələri üçün iki fayton alardıq.
Xidmət sahələrində çalışanlar
üçün heç olmazsa, ildə bir dəfə seminar
və kurslar təşkil edərdik. Arzularımız
çoxdur...
Əgər Lahıcı müasir turizm mərkəzinə
çevirə bilsək, yerli əhalinin
dolanışığı da yaxşılaşar, işsizlik
aradan qalxar, sənətkarlıq daha da inkişaf edər. Bir
sözlə, qədim Lahıc yenidən çiçəklənər.
Səməd Məlıkzadə
Zaman.- 2010.- 12-13 oktyabr.- S. 13.