“Lahıcı turizm məkanına çevirə bilsək...”

 

T əxminən iki min il yaşı olan bu yurda istər hər tərəfin çağladığı, yaşıl dona  büründüyü günlərdə gəl, istərsə də payızın xəzanında, yaxud ağ örpəyə büründüyü vaxtda - Lahıcdan xoş xatirələrlə ayrılacaqsan. Çünki qədim mədəniyyət mərkəzi olan bu qəsəbədə həmişə  gəzib-görməli, görüb-götürməli və yaxşı istirahət etməli ünvan az deyil. Təbiətin heyranedici guşələri ilə yanaşı, əsrləri arxada qoymuş tarixi-mədəni abidələr, daş döşənmiş küçələr, dəmirçi və misgər emalatxanalarından gələn çəkic səsləri buraya gələn qonaqlara unudulmaz anlar yaşadır. Sərhədi artıq Lahıca qovuşmuş Girdiman çayının haçansa bu yerdə gözəl bir şəhəri yuyub apararaq nağıla çevirməsi haqda ağsaqqalların söylədikləri rəvayəti ilk dəfə eşidənlərin qəlbində isə təəssüf hissi baş qaldırır.

 Özünəməxsus memarlıq üslubu və adət-ənənəsi olan “dağların daş nağılı” - Lahıcın məhəllələrini gəzib-dolaşdıqca onun qonaqpərvər insanlarının şücaətinə, doğma yurda sevgisinə heyran olursan. Əlavə edək ki, Nazirlər Kabinetinin 1980-ci ildə verdiyi qərara əsasən, Lahıc dövlət tarix-mədəniyyət qoruğu elan edilib. Bununla da uzun illər qayğıdan kənarda qalan Lahıca diqqət və maraq artıb.

Son illər respublikamıza gələn qonaq və turistlərin bir çoxu bu yurdu görməyə can atır. Bu gün Lahıcın tanıdılması, təbliği və sosial-iqtisadi inkişafının yüksəldilməsində dövlət qurumları ilə yanaşı, özəl “Lahıctur” Turizm İnformasiya Mərkəzi də əhəmiyyətli işlər görür. Onu da deyək ki, bu mərkəz “Lahıctur” sosial-iqtisadi inkişafa yardım ictimai birliyinin nəzdində fəaliyyət göstərir. Qurumun təsisçisi və rəhbəri Dadaş Əliyevdir. O, Lahıc qəsəbə orta məktəbinin müəllimidir. Dadaş müəllimlə  söhbətimiz də əsasən Lahıcın indiki vəziyyəti, qəsəbənin inkişafına kömək edə biləcək məsələlər və yerin turizm imkanları barədə oldu.

- Dadaş müəllim, siz təcrübəli müəllimsiniz. Ömrünüzün xeyli hissəsini sinif otaqlarında keçirmisiniz. Bəs belə bir qurumu təşkil etməkdə məqsəd nə olub?

- Lahıcın zəngin mədəniyyəti və təbii qaynaqları, əməksevər insanları var. Vaxtilə sənətkarlarımızın şöhrəti dünyaya yayılıb. Bu gün də respublikamızda, hətta bəzi xarici ölkələrdə insanlar buraya can atırlar. Lahıcın təbiəti də çox zəngindir - təmiz havası, saf suyu, zümrüddonlu meşələri var. Yayı sərin, qışı mülayim keçir. Günəşli günlərin sayı 300-dən artıqdır. Saydıqlarımız sübut edir ki, Lahıcın yaxşı turizm imkanları var. Bu isə həm qəsəbənin problemlərini aradan qaldırmağa, həm də sakinlərin gün-güzəranının yaxşılaşmasına kömək edə bilər. Deməli,  Lahıcın sosial-iqtisadi inkişafı üçün imkanlar mövcuddur, qalır onu reallaşdırmaq. Düşüncəmə görə, bu istiqamətdə əsas işlərdən biri Lahıcı təbliğ etmək, sərmayəçiləri buraya cəlb etmək, turist axınını gücləndirməkdir. Turizm İnformasiya Mərkəzini qurmaqda məqsədimiz bu işə kömək etmək olub.

 - Bu işə vaxt başlamısınız?

- 2005-ci ildə Dünya Bankından vəsait almış növbəti ildə tam fəaliyyətə başlamışıq.

- Turistlərə qonaqlara əsasən hansı istiqamətlərdə xidmət göstərirsiniz?

- Birinci növbədə, pulsuz informasiya xidməti göstəririk. Bundan əlavə, ərazidə turizm xidmətlərini təşkil edirik. Ən əsası yerli əhalinin turizmdən faydalanmasına şərait yaradırıq. Bu da Mərkəzin fəaliyyətinə kömək edir. Çünki turist qonaqları şəxsi evlərdə yerləşdirməkdən, onların gəzintisinin təşkilindən qarşılıqlı razılıq əsasında müəyyən qədər vəsait alırıq.  Onu da əlavə edim ki, fəaliyyətimiz sayəsində artıq Lahıcın adı dünyanın ən sayılan turist bələdçi kitablarında yer alıb orada qəsəbədəki xidmət mərkəzləri barədə məlumatlar verilib.

- Lahıca turist axınını artırmaq üçün respublikamızdakı hansı turizm şirkətləri ilə əlaqələr qurmusunuz?

- İndiyədək 10-dan çox şirkətlə qarşılıqlı əlaqələrimiz formalaşıb.Bakıtur”, “Bakutravel”, “Orienttravel”, “AtropatenaSimurqşirkətləri ilə səmərəli işləyirik. Ancaq həmin qurumlar əsasən daxili turizmlə məşğul olurlar.

Turizm İnformasiya Mərkəzinə ingilis, fransız rus dillərini bilən bələdçilər cəlb etmişik. Onlar müxtəlif sahələrdə çalışırlar. Biz tərcüməçi-bələdçilərdən yalnız xarici turistlər gələrkən istifadə edirik.

Mərkəz nəqliyyat xidməti göstərir. Bu işdə şəxsi avtomobil sahibləri ilə əlaqəli işləyirik. Xüsusilə, yaz-yay aylarında Baba dağına ziyarətə getmək istəyənlər Lahıcda toplaşır, buradan dağlara rahat qalxmaq üçün avtomobil axtarırlar. Çox zaman bu işdə biz onlara yardımçı oluruq. Bundan əlavə, qonaqlarımızın qonşu şəhər rayonlara səfərə getmələrinə kömək edirik.

- Dadaş müəllim, xarici turistlərdən ancaq Lahıcı görmək istəyi ilə ölkəmizə səfər edənlər olurmu?

- Hərdənbir olur. Elə bu yaxınlarda bizə İngiltərə vətəndaşı Bakıdan zəng vurmuşdu. Bildirdi ki, ailəsilə Lahıca gəlmək istəyir. Biz avtomobil sifariş verməklə qonaqları Lahıca gətirdik onları soydaşlarımızdan birinin mənzilində yerləşdirdik. Qonaqlarımızın istəyi ilə onlara Azərbaycan milli mətbəxi şirniyyatı ilə xidmət təşkil etdik. Lahıcı çox heyranlıqla gəzib-dolaşdılar buradan böyük razılıq hissi ilə ayrıldılar.

- Qonaqların arzu istəkləri, gileyləri ilə maraqlanırsınız?

- Əlbəttə. Bu, çox vacibdir. Biz qonaqlarımızdan anket-sorğumuzu doldurmağı xahiş edirik. Həmin məsələ ilə bağlı suallar orada yer alıb.

- Nədən çox şikayət edirlər?

- Əsasən yoldan. Başqa xırda məsələlər var ki, onları dilə gətirmək istəmirəm. Turist qonaq üçün rahat yol çox vacib məsələdir. Əminliklə deyə bilərəm ki, Lahıcın yolu yenidən qurulsa, bura gələnlərin sayı iki-üç dəfə artar.

-Lahıc, müəyyən mənada, öz adət-ənənəsi olan yaşayış məskənidir. Bəs buraya gələnlərlə bağlı yerli əhalinin gileyi nədir?

- Vacib məsələyə toxundunuz. Yerli əhali qonaqların əsasən geyimindən narazılıq edirlər. Xaricilər bir yana qalsın, paytaxtdan gələn bəzi soydaşlarımız elə açıq-saçıq geyinirlər ki, adam baxanda özü utanır. Doğrudur, necə geyinmək hər kəsin öz işidir. Ancaq ətrafdakıları da unutmamaq lazımdır. Bir ki, adət-ənənələrimizə hörmət hamının borcudur. Bəlkə , xarici turistlərlə bu mövzuda qısa söhbət aparılsa, onlar da buraya şortik-mayka ilə gəlməzlər.

- Dadaş müəllim, Lahıc Turizm İnformasiya Mərkəzi hələ gəncdir. Ümid edirik ki, yaxın illərdə mərkəzin fəaliyyəti imkanları genişlənəcək. Yəqin ki, o zaman qurumun maddi durumu da yaxşılaşacaq. O zaman hansı işləri görmək istərdiniz?

- Mərkəzin fəaliyyətinə nikbin baxdığınıza görə, sağ olun. Şübhəsiz bu, Lahıcda turizmin necə inkişaf edəcəyi ilə bağlı olacaq. Maddi vəziyyətimiz istəyimizcə olsa, Mərkəz üçün turistlərə hərtərəfli xidmət məqsədilə avtomobillər alardıq. Mehmanxana tipli binalar inşa etdirərdik. Qəsəbənin mərkəzi küçələri üçün iki fayton alardıq. Xidmət sahələrində çalışanlar üçün heç olmazsa, ildə bir dəfə seminar kurslar təşkil edərdik. Arzularımız çoxdur...

Əgər Lahıcı müasir turizm mərkəzinə çevirə bilsək, yerli əhalinin dolanışığı da yaxşılaşar, işsizlik aradan qalxar, sənətkarlıq daha da inkişaf edər. Bir sözlə, qədim Lahıc yenidən çiçəklənər.

 

 

Səməd Məlıkzadə

 

Zaman.- 2010.- 12-13 oktyabr.- S. 13.