“Çox istərdim ki,
davamçılarım olsun”
Əməkdar artist
Suğra Bağırzadə bu günlərdə Yeni
Zelandiyanın Aukland şəhərində keçirilən
Ümumdünya Floristlər Şurasının 27-ci sammitində
iştirak edib. Onun təbii güllərdən
hazırladığı əl işləri bu tədbirdə
iki sertifikata layiq görülüb.
Suğra
Bağırzadə sənət aləmində hələ
ötən əsrin ortalarından - Moskvanın Böyük
Akademik Teatrında Qəmbər Hüseynlinin “Cücələrim”
mahnısı ilə çıxış edəndən
tanınır. Sonradan onun ifasında bu mahnı dünyanın
çox ölkələrində dolaşdı. Bu istedadlı
gənc qız “Azərbaycanfilm” kinostudiyasında dünya
kinosunun neçə-neçə qəhrəmanını
doğma dilimizdə səsləndirdi. İxtisasca mühəndis olan Suğra xanım sonradan 10-a yaxın filmə çəkildi. “Ulduz” filmindəki
Yetər obrazı onu daha da
məşhurlaşdırdı. Kino aləmində durğunluq
yarananda isə o, anasının çox sevdiyi güllərə bağlandı. Az sonra bu güllər
onun düşüncələrini,
dünyaya baxışını
ifadə etmək üçün bir vasitəyə çevrildi.
Güllərdən ibarət
mürəkkəb kompozisiyaların
ərsəyə gəlməsində
ona peşəsi - mühəndis və kimyaçı olması yardımçı oldu. Beləcə, o, ölkəmizdə
ilk florist-rəssam kimi
tanındı. Fransa, Malayziya, Sinqapur, Latviya, Rusiyada keçirilən müxtəlif
beynəlxalq sərgilərdə,
mötəbər tədbirlərdə
iştirak edərək,
ölkəmizi təmsil
etdi. 2003-cü ildən
isə Ümumdünya
Floristika Şurasının
Azərbaycanı təmsil
edən ilk və yeganə üzvüdür.
Bu günlərdə Əməkdar Artist və
florist Yeni Zelandiyanın
Aukland şəhərində
keçirilən Ümumdünya
Floristlər Şurasının
27-ci sammitindən qayıdıb.
Onunla zəngləşib
səfər təəssüratlarını
oxucularımızla bölüşməsini
xahiş etdik.
27-ci sammitin sentyabr ayının 27-dən
30-dək davam etdiyini vurğulayan Suğra xanım bu tədbirdə
dünyanın 27 ölkəsindən
tanınmış floristlər
və dizaynerlərin iştirak etdiyini bildirdi: “Sammitin şərtlərinə görə,
nümayiş etdiriləcək
əsərlər hər
iştirakçının öz diyarına aid olmalı idi. Mən bu tədbirə
ölkəmizdə yetişdirilən
güllərdən hazırladığım
“Çəmənlik”, “Xoşbəxtlik
səbəti” və “Qohumlar” adlandırdığım
əsərlərimlə qatılmışdım.
Bu əl işlərim
sammitdə iki sertifikata layiq görüldü - biri sammitdəki iştirakıma
görə, digəri
də qeyri-adi dizaynlı işlərimə
görə. Onu da deyim ki,
güllərlə işləmək
heç də asan deyil. Belə
ki, mən onların hər birinin üzərində iki il çalışmışam”.
Suğra xanım bu səfərdə ona Bakı Şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
yardımçı olduğunu
dilə gətirdi.
Ölkəmizin yeganə floristi olan Suğra
Bağırzadə sammit
çərçivəsində toplantılarda respublikamızın
florası, həmçinin
paytaxtımızda keçirilən
Gül bayramı haqqında məlumat verdiyini söylədi. Dediyinə
görə, belə bir bayramın keçirilməsi sammitdə
böyük marağa səbəb olub. “Yaxın illərdə
Ümumdünya Floristlər Şurasının belə bir
sammitin ölkəmizdə keçirilməyi
planlaşdırılırmı?” sualını
cavablandıran Suğra xanım bildirdi ki, hələ bu barədə
söz açmaq tezdir. Dediyinə görə, Ümumdünya
Floristlər Şurasının növbəti sammiti Londonda
keçiriləcək. O həmçinin ölkəmizdə
bu sahə üzrə ciddi çalışanların
olmadığını dilə gətirdi. Əlavə etdi ki,
əgər şərait yaradılsa, o, bu sənətin sirlərini
gənclərə sevə-sevə öyrədər: “Çox
istərdim ki, davamçılarım olsun. Hətta mən
sammitin təşkilatlarına müraciət edib, ölkəmizi
təmsil edəcək iştirakçıların
sayını artırmağı da xahiş etmişəm”.
Özü ilə Yeni Zelandiyadan müxtəlif güllər gətirdiyini
bildirən Suğra xanım bu səfər təəssüratlarını
məhz onlarla əbədiləşdirmək niyyətindədir.
QVAMİ MƏHƏBBƏTOĞLU
Zaman.- 2010.- 14-15
oktyabr.- S. 8.