Şəkidə
samovar sərgisi keçirilib
Şəkidə Şəki samovarının 3700 illiyinə həsr olunmuş samovar sərgisi keçirilib. Şəki şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Zərinə Cavadovanın sözlərinə görə, bu, ölkəmizdə təşkil olunmuş ilk samovar sərgisidir. “Niyə məhz Şəkidə?” sualına isə o belə cavab verib: “2-3 il öncə Şəkinin “Daşyüz” adlanan ərazisində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış samovar tapılıb. Tarixçilər tapıntıya baxış keçirdikdən sonra onun tunc dövrünün sonu, dəmir dövrünün əvvəllərinə aidliyini və 3700 il yaşının olduğunu bildiriblər. Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Muxtar Muxtarov Şəkidə ilk belə sərginin keçirilməsi ilə yeni bir mədəniyyət nümunəsinə diqqətin çəkildiyini vurğulayıb. Şəki şəhər mədəniyyət və turizm şöbəsinin rəhbəri Aydın İbrahimxəlilov nümayiş etdirilən samovarlar barədə sərgi iştirakçılarına ətraflı məlumat verib.
Qeyd edək ki, sərgidə Şəki ilə yanaşı, ölkəmizin bir sıra rayonlarının (İsmayıllı, Zaqatala, Qax, Oğuz, Qəbələ və sairə) muzeylərində qorunan müxtəlif formalı samovarlar da nümayiş etdirilib. Sərgidə 1717-ci ildə İsmayıllı rayonunun Lahıc kənd sakini Usta Nəcəfqulu tərəfindən hazırlanmış samovar da maraqla qarşılanıb.
Zaman.- 2010.- 21-22 oktyabr.- S. 8.