Şəhidlik
zirvəsinə sancılan HİLAL
1918-ci ildə
Vətənləri və şərəfləri uğrunda
şəhid olmuş oğullarımıza ithaf olunur...
Könüllülər ermənilərlə atışa-atışa qərargahlarından
uzaqlaşdıqları zaman küçədən keçən bir
qadın düşmən gülləsinə tuş gəlir. Aldığı ağır yaradan
səndələyərək yıxılan zənən yerindəcə keçinir. Qadın yıxılarkən çarşabının ətəyi qalxır və elə bu vəziyyətdə də küçənin ortasında qalır. Şahidi
olduğu bu mənzərəyə dözməyən Məşədi Hilal
atının başını savaş meydanına çevirir. Kərbəlayı Ələkbərin: “Məşədi, qüvvə toplayıb qanımızı alarıq, qayıt”,- sözlərinə məhəl qoymayan Hilalın cavabı
qısa olur: “Bu qədər qan
yetər! Namusumuz ayaqlar
altındadır. Bunların cavabını vermək vaxtıdır”,- deyir və atını mahmızlayaraq güllə yağışına fikir
vermədən ermənilərlə əhatə olunmuş qərargahlarına qayıdır.
1918-ci ilin
yaz-yay ayları. Azərbaycanı bürüyən erməni vəhşiliyi,
aclıq təhlükəsi və quraqlıq fonunda Qobu kəndi
daha sakit görünürdü. Abşeronun
strateji cəhətdən bu mühüm bölgəsi, sanki,
ermənilər tərəfindən unudulmuşdu. Bakı və Bakıətrafı kəndlərdən
Qobuya güclü qaçqın axınının səbəbi
də məhz bu yaşayış məskənində hökm
sürən nisbi sakitlik idi. Həmin
dövrdə ərzaq qıtlığının hökm
sürdüyünə baxmayaraq, Qobu camaatı qonşu kəndlərdən
gələn insanları qonaqpərvərliklə qarşılayır,
azuqə ilə təmin edirdi. Ermənilər
kəndə girməsələr də, ara-sıra kənd ətrafında
güllə səsləri eşidilirdi. Əsas
qüvvələrini Şamaxı və Quba istiqamətinə
yönəldən ermənilər Qobu ətrafından
keçərkən iki əliyalın çobanı qətlə
yetirmişdilər. Əslində elə bu hadisə gələcəkdə
baş verə biləcək hücumlara siqnal idi...
Dövrün
ziyalıları, əlisilahlıları erməni təhlükəsinin
nə dərəcədə yaxın olduğunu və bunun nə
ilə nəticələnə biləcəyini çox
gözəl başa düşürdülər. Artıq tədbir görmək
vaxtı yetişmişdi. Şəxsi, nəsillərarası
münaqişələri bir kənara qoymaq, düşmənə
qarşı birləşmək lazım idi. İlk birlik çağırışları
Bakı və Bakıətrafı kəndlərdə
sayılıb seçilən, söz sahibi olan kürdəxanılı
Məşədi Adil (anası qobulu idi) və qobulu Məşədi
Hilal tərəfindən səsləndi. Sözlərinin
və qılınclarının kəsəri ilə
tanınan bu şəxslərin nüfuzu bütün Bakı
silahlılarını ayağa qaldırmağa yetdi. Və
ermənilərə qarşı dəstələr şəklində
mübarizə başlandı...
1882-ci ildə
Qobuda Hacı Mollalılar nəsil ağacından yeni budaq boy
atır. Hacı
İsmayılın ailəsində daha bir oğlan
uşağı dünyaya göz açmışdı.
Gələcəkdə Məşədi Hilal
kimi tanınacaq bu körpə ailənin dörd oğlundan
biri idi. Onun babası Hacı Molla
dövrünün ziyalı və xeyriyyəçi
adamlarından hesab olunurdu. Təhsilə və
dini dəyərlərə önəm verən Hacı Molla
XIX əsrin ikinci yarısında Qobuda öz hesabına eyni
vaxtda 1500 nəfərin namaz qıla biləcəyi məscid
tikdirmişdi. Təəssüflər olsun
ki, bir çox tikililər kimi, bu məscid də 1937-ci ildə
sovetlər tərəfindən dağıdıldı.
Məşədi
Hilalın atası Hacı İsmayıl da kəndin hörmətli
kişilərindən idi. Övladlarının təlim-tərbiyəsinə
xüsusi diqqət ayıran Hacı İsmayılın
böyük oğlu Mirzə Abdulla İstanbulda və Tehranda ali təhsil almışdı. Təhsilini
bitirdikdən sonra doğma kəndinə qayıdan Abdulla
1919-cu il sentyabrın 8-də Azərbaycan
Halq Cümhuriyyəti Maarif Nazirliyinin icazəsi ilə Qobuda
ilk dövlət məktəbi açır. Məktəb
binası kimi isə öz malikanəsini istismara verir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Mirzə
Abdulla müəllimlik fəaliyyətini bir müddət yeni
tipli məktəbdə davam etdirir. 1937-ci
ildə isə bir çox dəyərli
ziyalılarımız kimi, Mirzə Abdulla da sürgün
olunur.
XIX əsrin
sonu, XX əsrin əvvəllərində Azərbaycanda
hökm sürən qeyri-sabit mühit, ictimai-siyasi atmosfer və
qıtlıq özbaşınalıqlara yol açır. Silahlı qaçaq-quldurlar
kəndlərin ətrafında mövqe seçir, imkan
düşən kimi evlərə basqın edirdilər. Məşədi Hilal hələ kiçik
yaşlarında məhz belə basqınlardan biri zamanı
atasını itirir. Hacı İsmayıl
kəndi soymaq məqsədi ilə evlərə basqın edən
qaçaqlar tərəfindən güllələnir. Beləcə, balaca Hilalın tərbiyəsi ilə
Dəmqulular nəslindən olan anası, sadə kənd
qızı Səadət xanım Muxtarqızı və
yaxın qohumları məşğul olur. İlk təhsilini
mədrəsədə alan Məşədi
Hilal burada ərəb və fars dillərini öyrənir. Daha sonra Hilal rus dilinə də mükəmməl
şəkildə yiyələnir.
Gənc
yaşlarında Püstə Pircan qızı ilə ailə həyatı
quran Hilalın bu izdivacdan Çərkəz, Fatma, Bikə
adlı 3 qızı və İsmayıl adlı oğlu
dünyaya gəlir.
Hilal
kiçik yaşlarından liderlik xüsusiyyətləri ilə
digər yaşıdlarından fərqlənirdi. Gənclər arasında
mübahisəli məqamlarda daim önə çıxar,
ağsaqqal ədası ilə yaranmış problemi həll edərdi.
At minməkdə, tüfəng atmaqda heç kim
onunla yarışa girməyə cəsarət etməzdi. Ali təhsili olmasa da, natiqliq, idarəçilik
qabiliyyəti, ziyalı davranışları, zəhmi ilə
kütləyə təsir göstərə bilirdi. Hilalın belə xüsusiyyətləri zaman
keçdikcə onu kəndin ən hörmətli şəxslərindən
birinə çevirir. Artıq Qobuda çətin
vəziyyətə düşənlər kömək
üçün Hilala müraciət edirdilər.
Həmişə
kasıb təbəqəyə əl tutan Hilal öz səxavəti
ilə də ad çıxarmışdı. Elə Şubanı
düzündəki torpaqlarını imkansızlara
paylaması da onun nə qədər səxavətli və
insanların dərdinə yanan biri olduğundan xəbər
verirdi. Məşədi Hilalın mərdliyindən, sözünün
ağası olmasından bəhs edən müxtəlif
rəvayətlər var...
Məşədi
Hilal ziyalı şəxslərlə ünsiyyətdə
olduğu üçün Bakıda da tanınırdı. Daim kübar məclislərdə
iştirak edən Hilalın Şubanı düzündə
neft quyularına sahiblik etməsi ona zəngin təbəqə
ilə əlaqələr yaratmağa imkan verirdi.
Avropanın və Asiyanın bir sıra şəhərlərinə
müxtəlif vaxtlarda səyahətlər edən Hilal Tiflis,
Tehran, Moskva, Sankt-Peterburq və Varşavanı gəzmiş,
buraların mədəniyyəti və təhsil sistemi ilə
yaxından maraqlanmışdı. Məhz belə
səyahətlərdən sonra onda Avropa təhsilinə
böyük maraq oyanır. Məşədi
Hilal oğlu İsmayılı Avropada oxutdurmaq istəsə də,
İsmayılın təhsilə həvəsinin olmaması
Hilalın arzusunu gözündə qoyur. Elə
buna görə də Məşədi Hilal arzusunu dostu,
Bakının tanınmış şəxslərindən olan
Kəlbəlayı Ələkbərin oğlu Qəzənfər
vasitəsilə reallaşdırır. O, gələcəkdə
xalq rəssamı Qəzənfər Xalıqov kimi tanınacaq
gənji öz hesabına Sankt-Peterburqa oxumağa göndərir.
Məhz onun dəstəyi ilə Qəzənfər
burada Rəssamlıq Akademiyasında təhsil alır. Təəssüf ki, Hilal himayəçisi olduğu
gənci məşhurluq mərtəbəsində görməyə
macal tapmır.
...1918-ci il hadisələrində
erməni zülmünə qarşı birləşən kəndlərin
başında Qobu dururdu. Qaçqınların
axınından sonra kənddə əhali xeyli
artmışdı. Buna görə də kənd
xüsusi sayıqlıqla qorunurdu. Lakin
Bakıda baş verən vəhşiliklər Hilalın öz
dəstəsi ilə təcili paytaxta istiqamət götürməsinə
səbəb olur. Deyilənlərə
görə, Məşədi Hilalı Bakıya yaxın dostu,
silahdaşı Kərbəlayı Ələkbər
çağırmışdı. Qoçu Ələkbər
kimi tanınan bu şəxsin müraciətində: “Məşədi,
kənddə vəziyyəti sahmana sal, təcili gəl.
Bakıda namus-qeyrət əldən gedir”,-
deyilirdi. Bu çağırışdan az
müddət sonra aralarında Qoçu Şahpələng,
Qoçu Ərrəhman, Qoçu Alman kimi
döyüşçülərin olduğu 12-15 nəfərlik
könüllü süvari dəstəsi Qobudan
çıxır. Bakıda gərgin
küçə döyüşlərində iştirak edən
Məşədi Hilal qüvvələrini Kərbəlayı
Ələkbərlə birləşdirir. Onlar
Kərbəlayı Ələkbərə məxsus
mülkü özlərinə qərargah seçirlər.
Sözügedən mülk keçmiş
adı ilə Həmşəri Palanı deyilən ərazidə
yerləşirdi. Burada mövqe tutan
döyüşçülər ara-sıra ermənilərlə
açıq toqquşmalara girir, əsasən də gözlənilməz
hücumlarla düşməni itkilərlə geri oturdurdular.
O zaman Bakıda ermənilərə qarşı savaşan bir
çox belə dəstələr var idi. Lakin
bu silahlı qruplaşmaların pərakəndə formada
mübarizə aparması düşmənə qarşı
ciddi uğurların əldə olunmasına imkan vermirdi.
Bir neçə
günlük müqavimətdən sonra erməni daşnak
qüvvələrinin sayca üstünlüyü səbəbindən
Məşədi Hilal və Kərbəlayı Ələkbərin
rəhbərliyi altında olan dəstə möhkəmləndiyi
yeri tərk etməli olur. Məhz bu əsnada baş verən hadisə
Məşədi Hilalı şəhidlik zirvəsinə aparan
yolun təməlini qoyur. Könüllülər
ermənilərlə atışa-atışa qərargahlarından
uzaqlaşdıqları zaman küçədən keçən
bir qadın düşmən gülləsinə tuş gəlir.
Aldığı ağır yaradan səndələyərək
yıxılan zənən yerindəcə keçinir. Qadın yıxılarkən
çarşabının ətəyi qalxır və elə
bu vəziyyətdə də küçənin ortasında
qalır. Şahidi olduğu bu mənzərəyə
dözməyən Məşədi Hilal atının
başını savaş meydanına çevirir. Kərbəlayı
Ələkbərin: “Məşədi, qüvvə toplayıb
qanımızı alarıq, qayıt”,-
sözlərinə məhəl qoymayan Hilalın cavabı
qısa olur: “Bu qədər qan yetər! Namusumuz
ayaqlar altındadır. Bunların cavabını vermək
vaxtıdır”,- deyir və atını
mahmızlayaraq güllə yağışına fikir vermədən
ermənilərlə əhatə olunmuş qərargahlarına
qayıdır. Özünə mövqe seçir və
düşmənlə qızğın döyüşə
başlayır...
Deyilənlərə
görə, Məşədi Hilal üç gün sərasər
ermənilərlə atışır. Hilalın igidliyindən xəbərdar
olan ermənilərin mülkə daxil olmağa cəsarətləri
çatmır. Üçüncü
günün sonunda tədricən güllə səsləri kəsilməyə
başlayır. Məşədi Hilal bel
nahiyəsindən aldığı ağır yaradan zəifləsə
də, mübarizəsini dayandırmır. Amma çox qan itirməsi Məşədi Hilala
savaşını davam etdirməyə imkan vermir. Atəş səsləri kəsilir. Buna baxmayaraq, ermənilər yenə Hilalın
cansız bədəninə yaxın getməyə cürət
etmirlər. Ətrafda atışma getdiyindən
Kərbəlayı Ələkbərin dəstəsi də
Hilalın cəsədini şəhid olduğu məkandan
çıxara bilmir. Bunun üçün
müxtəlif yollara əl atılır, amma nəticə
hasil olmur. Sonda Kərbəlayı Ələkbər
Hilalın nəşini ona çatdırana külli miqdarda
qızıl verəcəyini vəd edir. Çox
keçmir ki, Cənubi Azərbaycandan olan bir şəxs
Hilalın cəsədini güllə altından
çıxararaq, Ələkbərə təhvil verir. Kərbəlayı Ələkbər həmşəriyə
vəd etdiyindən də artıq qızıl verir və nəşi
götürərək Qobuya gəlir. Kənd
əhli ilk şəhidini fəxrlə qarşılayır.
Yaşanan qarışıqlığa baxmayaraq,
Məşədi Hilal camaatın da iştirakı ilə
öz həyətində dəfn olunur. Təxminən
bir il sonra Məşədi Hilalın cəsədinin
qalıqları əmisi oğlu Kərbəlayı Rəcəb
tərəfindən Xorasana aparılır və İmam Rza qəbiristanlığında
basdırılır.
Məşədi
Hilalın ölümündən qısa müddət sonra
Qobu kəndinin camaatı səhərini səksəkə
içində açdı. Yayılan xəbərə görə, kəndə
ordu yaxınlaşırdı. Kişilər
silaha sarıldılar, qadınlar, yaşlılar, körpələr
daldalanacaqlara sığındılar. Çox
keçmədi ki, ordu hissələri kəndin üstündəki
təpədə göründü. Hamı diqqətlə
nə baş verəcəyini gözləyirdi və... Bir anda
kəndi əlinə alan vahimə, yerini
sevincə, toy-bayrama verdi. Gələn Nuru
Paşanın başçılığı altında
türk ordusu idi. Nuru Paşa qərargah kimi özünə
strateji baxımdan mühüm yerdə yerləşən və
oğullarının mərdliyi ilə seçilən Qobu kəndini
seçmişdi...
Bəzən yazarlar və tarixçilər
1918-ci il hadisələrində əsas qəhrəman
kimi, sadəcə, Nuru Paşanın adını çəkirlər.
Amma tarixi faktlar sübut edir ki, türk ordusu
Bakıya girənə kimi bir çox qəhrəman
oğullarımız da böyük müsibətlərin
qarşısını almış və şərəfləri
uğrunda şəhid olmuşlar. Elə Məşədi
Hilal kimi…
ANAR HACI
Zaman.- 2010.- 26-27 oktyabr.- S. 10.