“Kitabla canlı təmasın yerini heç nə verməz” 

 

 1923-cü ildə 5 min nüsxə kitabla kiçik bir məkanda fəaliyyətə başlayan Milli Kitabxanamızın fondunda bu gün 5 milyona yaxın ədəbiyyat var. Müasir texnologiya ilə təchiz olunmuş kitabxananın saytına daxil olmaqla nəinki oradakı kitablarla tanış olmaq, həmçinin onları sifariş etmək də mümkündür. Bu günlərdə kitabxananın direktoru, fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Kərim Tahirovla görüşüb ona oxucularımızı düşündürən suallarla müraciət etdik.                             

 - Kərim müəllim, son illər ölkədə kitab oxuyanların sayının kəskin azalması barədə informasiyalar dolaşmaqdadır. Bu azalma Milli Kitabxanaya da sirayət edibmi?

- Kitabxanamızın statistik göstəriciləri sübut edir ki, bu gün bizim oxucuların azlığından şikayətlənməyə əsla haqqımız yoxdur. Belə ki, ənənəvi oxucularımızın sayı 45-50 min olduğu halda, virtual istifadəçilərimizin sayı 80 mini keçib. İnternet saytımızdan yararlananlar isə 100 mindən çoxdur. Hətta bəzən bizim kitabxanada növbələr də yaranır. Başqa cür də ola bilməz. Çünki bizim kitabxana oxucuya lazım olan hər informasiyanı çatdırmağa qadirdir. Belə kitabxananın oxucusunun olmaması isə mümkün deyil. Oxucu qıtlığı o kitabxanalarda olur ki, onların informasiya mənbəyi məhduddur. Bu gün hamı yeni informasiyanın dalınca qaçır. Kitabxanamız da günün tələblərinə cavab verməyə səylə çalışır. Yeri gəlmişkən, hər il kitabxanamıza 25 mindən artıq kitab daxil olur. 500 adda qəzet və jurnal alırıq.

Yay aylarında oxucuların sayının nəzərəçarpacaq dərəcədə azalması, zənnimcə, anlaşılandır. Onu da deyim ki, yay aylarında kitabxanamız birnövbəli işləyir.

- Milli Kitabxananın əsas oxucuları kimlərdir?

- Milli Kitabxanaya əsasən, tələbələr, tədqiqatçılar, alimlər, mütəxəssislər gəlirlər. Bu isə o deməkdir ki, ötəri həvəsi olan oxucular bizə müraciət etmirlər. Niyə? Çünki bura heç kim bədii ədəbiyyat oxumağa gəlmir. Bədii kitabları kütləvi kitabxanalardan alıb çay içə-içə evdə oxuyurlar. Bir sözlə, bizim kitabxanaya, əgər belə demək mümkünsə, məqsədli oxucular gəlirlər. Son illər yeni bir zümrə də formalaşıb ki, onlar da bir qayda olaraq gündəlik mətbuatı izləyənlərdir. Onların sırasında gənclər də var, təqaüdçülər də... Unutmayaq ki, gündən-günə artan informasiya bolluğunda hər adamın müxtəlif adda qəzet, jurnal almaq imkanı yoxdur.

- Qəzet və jurnallardan söz düşmüşkən... Bəzi oxucuların dediklərinə görə, bu sahədə müəyyən boşluqlar mövcuddur.

- Səhv etmirəmsə, burada söhbət ötən əsrin 90-cı illərinin qəzet və jurnallarından gedir. Bildiyiniz kimi, həmin illər təlatümlü dövr olub. Bu səbəbdən də bəzi qəzetlər kitabxanaya çatdırılmayıb. Hazırda bu boşluğu doldurmaq üçün biz  həmin qəzetləri axtarıb, tapırıq. Bu sahədə xeyli iş görülüb.

- Kitabxanada virtual xidmət də həyata keçirilir. Sizcə virtual aləm yeni nəsillə kitab arasında müəyyən əngəl yaradırmı?

- Mənim fikrimcə, kitabla canlı təması heç bir şey əvəz edə bilməz. Elektron kitabxana, elektron kataloqlar, virtual oxu zallarının təşkili, sözsüz ki, operativliyi təmin etmək üçün bu gün qloballaşan dünyada zaman və məkan problemini aradan qaldırmaq üçündür. Bizim kitabxananın elektron kataloqu, elektron kitabxanası da var. Ancaq bütün bunlar kitabla canlı təması heç vaxt əvəz edə bilməz. Bizim də əsas vəzifəmiz ondan ibarətdir ki, canlı təmas üçün bir şərait yaradaq.

 

“Müəyyən problemlərimiz var...”

 

- Milli Kitabxanada nə qədər kitab var və onların elektronlaşdırılması istiqamətində vəziyyət necədir?

- Təəssüf ki, 4 milyon 583 min kitab fondu olan kitabxanamızdakı kitabların az hissəsinin, əsasən klassiklərin kitablarının elektronlaşdırılmasına nail olmuşuq. Bu prosesdə müəyyən amillər işimizə əngəl olur. Çünki kitabın elektronlaşdırılmasında müəllif hüququ və digər amillər, faktorlar var. Belə ki, bu və ya digər mədəniyyət, incəsənət xadimlərinin əsərlərini müəlliflərin ölümlərindən 70 il sonra elektronlaşdıra bilərik. Bu məsələ ilə bağlı öz təkliflərimizi Müəllif Hüquqları Agentliyinə göndərmişdik. Onlar bundan imtina etdilər. Artıq təkliflərimizi Milli Məclisə təqdim etmişik. Onu da deyim ki, Azərbaycanın Milli Elektron Kitabxanasını yaradan təşkilat da bu məsələnin həllini qarşımızda qoyub.

- Bəs bu məsələdə dünya təcrübəsi necədir?

- Dünya praktikasında belə məsələlərdə milli kitabxanalar üçün müəyyən istisnalar mövcuddur.

- Daha hansı problemlərlə üzləşirsiniz?

- Mövcud qanunlara görə, ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl nəşriyyatlar, poliqrafiya müəssisələri, hətta fiziki və hüquqi şəxslər çap etdirdikləri hər bir poliqrafiya nümunəsindən 4 nüsxə Milli Kitabxanaya verməlidir. Amma özəl müəssisələr nədənsə, buna riayət etmirlər. Sanki onlar kitablarının təqdimatında maraqlı deyillər. Elə bu səbəbdən biz Milli Məclisin Mədəniyyət Məsələləri üzrə Daimi Komitəsi ilə birgə bu qanunun daha da sərtləşməsinə nail olmaq istəyirik. Biz bu məsələdə məcburiyyət və ciddi sanksiyaların tətbiqinin tərəfdarı kimi çıxış etmişik. Yeri gəlmişkən deyim ki, Fransada 1637-ci ildə məcburi nüsxə sistemi haqqında qanun var idi. Həmin qanun veriləndən bu günə kimi nə qədər kitab nəşr olunubsa, həmin kitabların hamısı milli kitabxanada mövcuddur.

- Kərim müəllim, bəs kitablara qənim kəsilmişlərə qarşı mübarizə hansı səviyyədədir?

- Belə hərəkətə yol verənlər anlamalıdırlar ki, sabah onların övladları da bu kitablardan istifadə edəcəklər. Yəni həmin kitablar nəsillərdən-nəsillərə ötürülür. Bütün bunlara rəğmən, kitab oxucuya təqdim ediləndə onun titul vərəqində hansı vəziyyətdə olması barədə qeydlər də öz əksini tapır. Bu isə bizim işçilərə kitabı geri alarkən əksiklikləri üzə çıxarmağa imkan verir. Digər tərəfdən, oxu zalında qoyulmuş monitorlar onları belə hərəkətlərdən çəkindirir. Bir də nə gizlədim. Mənə elə gəlir ki, müasir gənclərimizdə hələ də mütaliə mədəniyyəti formalaşmayıb. Yaxşı olardı ki, mütaliə mədəniyyəti bağçalarda, məktəblərdə uşaqlara aşılansın.

 

“Bu gün heç kim yerində saymır...”

 

- Kərim müəllim, kitabxanaya hansı yeniliklər tətbiq olunub?

- Məlum olduğu kimi, kitabxanamız ölkəmizin ən böyük kitabxanasıdır. Bu kitabxana respublikamızın bütün kitabxanalarının metodiki təminatını həyata keçirir. Kitabxanamız ölkəmizin ədəbiyyatını, iqtisadiyyatını, mətbuatını milli arxiv fondunu yaradan bir təşkilatdır. Eyni zamanda Azərbaycan həqiqətlərini dünyaya təbliğ edir. Bu gün qloballaşan, hər gün dəyişən dünyada heç kim yerində saymır. Hazırda Azərbaycanın Milli Elektron Kitabxanası layihəsinin yaradılması üzərində iş gedir. Yəni istəyirik ki, bir lokal kitabxana şəbəkəsi yaradaq. Bu isə hər bir şəxsə dünyanın hər hansı nöqtəsindən milli kitabxanamızın xidmətlərindən virtual şəkildə istifadə etməyə imkan verəcək. Çünki qlobal məkanda Avropa Elektron Kitabxanası yaranırsa, Dünya Virtual Kitabxanası yaranırsa, Azərbaycan kitabxanalarının bütövlükdə lokal bir şəbəkəsi nə üçün olmasın? Bu iş xüsusi ixtisaslaşdırılmış şirkətlər vasitəsi ilə həyata keçiriləcək.

- Bu iş hansı mərhələdədir?

-Deyərdim ki, yaranma mərhələsindədir. Artıq 5-6 ildir ki, kitabxanamızın saytı, elektron kataloqu, elektron kitabxanası var. Azərbaycan kitabxanalarını özündə ehtiva edən vahid portalı var. Bütün bunları milli kitabxana öz gücünə həyata keçirib. Amma bu, belə olmamalıdır. Bir təkmil şəbəkə olmalıdır.

-Kitabxana hansı ölkələrin layihələrində çalışır?

-Hazırda İsgəndəriyyə, Konqres, Braziliya kitabxanalarının təşəbbüsü ilə qlobal layihə - Dünya Rəqəmsal Kitabxanası yaradılır. Bu ilin iyun ayında Vaşinqtonda onun təqdimat mərasimi keçirilib. Həmin tədbirdə ölkəmizi mən təmsil etmişəm. Artıq dünyanın 64 ölkəsi, o cümlədən Azərbaycan da bura qoşulub. Bu da kitabxanamızın beynəlxalq təşkilatlarda iştirakının bir formasıdır. Bu ilin sentyabrında isə Londonda keçirilən Avropa Milli Kitabxanaları Konfransı Təşkilatının XXIV illiyi toplantısında iştirak etdim. 2003-cü ildən bu təşkilatın üzvüyük və onun layihələrində iştirak edirik. Orada Avropa Elektron Kitabxanası var. Biz də o layihədə iştirak edirik. Artıq Milli Kitabxanamızın elektron məlumat bazası Avropa Elektron Kitabxanasında öz əksini tapıb. Bir sözlə, Avropa kitabxanalarını oxucularının bizim bazamıza, bizim oxucuların da Avropanın 44 ölkəsinin məlumat bazasına çıxışı təmin olunub.

- Asiya ölkələri ilə əlaqələriniz necədir?

- Bu ilin oktyabrında Ankarada İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin milli kitabxanalarının direktorlarının müşavirəsi keçirilib. Orada elektron məlumat bazasının yaradılması müzakirə obyekti olub. Biz onun modelini həmin toplantıda üzv ölkələrə təqdim etdik. Hamı tərəfindən bəyənildi və qəbul olundu. Bu da səbəbsiz deyil. Çünki bizim kitabxana texnologiyanın tətbiqində həmin ölkələr arasında liderdir. Bir sözlə, kitabxanamız heç bir layihədən kənarda qalmır. Yeri gəlmişkən, onu da deyim ki, bizim kitabxana Türkdilli Ölkələrin Milli Kitabxanaları Şurasının, Avrasiya Kitabxanalar Assambleyası kimi beynəlxalq təşkilatların da üzvüdür.

- Bəs kitabxananın əsaslı təmiri?

- Ölkə başçısının sərəncamı ilə kitabxanamızın iki il ərzində dünyanın ən modern kitabxanalarından biri səviyyəsinə qaldırılmalıdır. Bu məqsədlə gəlin ilin yanvarından kitabxanamızın əsaslı təmirinə başlanılması nəzərdə tutulub. Onu da deyim ki, Milli Azərbaycan Elektron Kitabxanasının yaradılmasına da start veriləcək. Artıq bu məsələ ilə bağlı müvafiq sənədlər hazırlanıb.

 

 

Qvami Məhəbbətoğlu 

 

 Zaman.- 30 oktyabr-1 noyabr.- S. 9.