Fəthin
memarı -Göynüklü Ağ Şəmsəddin (1)
O özündən
sonra türk-islam dünyasında şanlı bir iz buraxaraq
ortaq tariximizdə Fəthin memarı kimi şərəfli adla
xatırlanır. O, İstanbulun fəthinin mənəvi
atası kimi Fateh I Mehmeti bu müqəddəs vəzifəni həyata
keçirməyə həvəsləndirdi və bununla da
şəhərin ələ keçirilməsini
reallaşdırmaq üçün ona ruhi qüvvə verdi.
Necə deyərlər, o, Osmanlının şöhrətinin
yeni zirvələrə ucalmasına yardım edən dahi şəxsiyyət
və ya xalq arasında da deyildiyi kimi, övliyalar
övliyası idi. O böyük alim, ustad, həkim və vəli,
dərvişlər dərvişi, mürşidlər
mürşid idi. Bu dahi şəxsiyyət türk-islam
dünyasının ən nəhəng simalarından biri olan
Göynüklü Ağ Şəmsəddindir.
Əsl adı
Məhəmməd ibn Həmzə, ləqəbi Ağ Şeyxdir.
O əslən azərbaycanlı olan
övliya Şihabəddin Sührəverdinin nəslindəndir. Bəzi məlumatlara görə, Ağ Şəmsəddinin soyu Həzrəti Əbu Bəkr-Siddiqə qədər gedib
çıxır. Ağ Şəmsəddinin həyatını tədqiq edənlər onun
təxminən 1390-cı ildə Şamda
anadan olduğunu bildirirlər. Amma
onun Türkiyənin Göynük bölgəsində doğulduğu və
sonradan ailəsi ilə
Şama köç etməsi barədə də müxtəlif ehtimallar mövcuddur. Çox
ağ olduğu
üçün uşaqlıqdan bu
adla çağırılıb. O, kiçik yaşlarında Qurani-Kərimi əzbərləmiş və möhkəm yaddaşı,
iti düşüncəsi və qeyri-adi zəkası ilə ətrafındakıları heyrətə salmışdı. Yeddi
yaşı olanda
atası ilə Anadoluya köç
edərək, Amasiyanın Kavak
nahiyəsində yerləşdi. Yeni yerə
köç etmələrindən az sonra
atası Haqqın rəhmətinə qovuşdu. Ağ Şəmsəddin atasını dəfn edəndən sonra çoxlarını heyrətə salan bir hadisə
baş verdi.
O dövrdə müxtəlif səbəblər üzündən Anadoluda canavarlar at oynadırdı. Onlar
sürü ilə dolaşır qarşılarına keçən
canlını parçalayırdılar. İş o yerə
gəlib çatmışdı
ki, canavarlar hətta qəbiristanlıqda basdırılan ölülərə belə, rahatlıq vermirdilər.
Ağ Şəmsəddinin atası dəfn ediləndən sonrakı gün onun
qəbri üstünə gələnlər vahiməli bir mənzərə ilə qarşılaşdılar. Gecə vaxtı bir qurd
Ağ Şəmsəddinin atası
Şeyx Həmzənin qəbrini dağıdaraq
onun cəsədini parçalamaq istəmişdi. Ancaq Şeyx qəbirdən əlini çıxarıb qurdu boğaraq öldürmüşdü.
Şeyx Həmzənin əli elə
canavarın
boğazında da
qalmışdı.
Bunu görən camaat canavarın
boğazından onun əlini ayırdılar. Sonra
da əli qurda dəydiyi üçün onu məzardan
çıxararaq yenidən yudular və kəfənləyərək
ikinci dəfə el adəti ilə dəfn etdilər.
Bundan sonra el arasında Ağ Şəmsəddinə Qurdboğan oğlu deməyə
başladılar. Ağ Şəmsəddin
atasının vəfatından sonra da təhsilini davam etdirərək
biliyini artırdı və qısa müddətdə xalq
arasında islami elmləri dərindən bilən bir şəxs
kimi tanındı. Bu arada onu
Osmançıq mədrəsəsinə müəllim
göndərdilər. O burada günün müəyyən
saatlarında dərs verir, sonra isə otağa qapılaraq Allaha ibadətlə
məşğul olurdu. Onun bu halını
görən el ağsaqqalları haqq aşiqinə o
dövrün ən böyük vəlilərindən biri hesab
edilən Hacı Bayram həzrətlərinin yanına getməyi
məsləhət gördülər. Ağ
Şəmsəddin onların məsləhətlərini nəzərə
alaraq müəllimlikdən əl çəkdi və Ankaraya
Hacı Bayram həzrətlərinin yanına gəldi. Ağ Şəmsəddin Ankarada ilk rast gəldiyi bir
adamdan Hacı Bayram Vəlini soruşdu. Həmin adam isə
qarşıdakı küçədə yanında iki tələbəsi
ilə gəzən bır zatı göstərərək: “Gördüyün o
adam Hacı Bayramdır. Dükanları bir-bir gəzərək
sahiblərindən para toplayır”, -dedi. Ağ Şəmsəddinə bu
heç də yaxşı təsir göstərmədi və
o: “Dükanları gəzərək sahiblərindən pul
yığan adamın yanına nahaq yerə gəlmişəm”,
-deyə düşündü. Sonra da Hələbdə digər
tanınmış vəlilərdən biri hesab edilən
Şeyx Zeynəddin Hafi həzrətlərinin tələbəsi
olmaq qərarına gəldi və bu məqsədlə yola
çıxdı. Hələbə çatanda yorulmuşdu və
bir ev taparaq orada gecələdi. Ancaq qorxulu bir yuxu gördü və əlləri
üzündə dəhşət içində oyandı.
Səhər namazını qılar-qılmaz bu
dəfə geriyə qayıdaraq təkrar Ankaraya üz tutdu.
Halbuki Hələbdən birsaatlıq məsafədəydi.
Onu geri dönməyə məcbur edən
gördüyü yuxu idi. Yuxuda boynuna
taxılan bir zəncir görmüşdü. Zəncirin ucu Hacı Bayram həzrətlərinin əlində
idi. O, yuxuda Hələbə getmək istəyirdi. Lakin Hacı Bayram Vəli həzrətləri isə
boynundakı zəncirdən tutaraq onu irəli getməyə
qoymur, geriyə- özünə tərəf çəkirdi.
Ankaraya gələndə Hacı Bayram həzrətlərini
tələbələri ilə tarlada işləyən
gördü. O da tələbələrə qoşularaq
işləməyə başladı. Amma
Hacı Bayram həzrətləri onun heç üzünə
də baxmırdı. Yemək vaxtı gələndə
Həzrət tələbələri ilə oturub yemək
yedi. Artığını da töküb itə verdi. Amma bu dəfə də bu
müqəddəs şəxs sanki Ağ Şəmsəddini
görmürdü. Bunu görən Ağ Şəmsəddin:
“Ey nəfsim, sən yalnız köpəklə bir qabda yemək
yeməyə layiqsən”, -deyərək itlərlə bir
qabdan yeməyə başladı. Bunu görən Hacı
Bayram həzrətləri artıq dözə bilmədi:- Gəl süfrəmizdə otur, bu hərəkətinlə
qəlbimi titrətdin. Zəncirlə zorla
yanımıza gətirilən qonağı belə
qarşılayarlar”, -deyərək onu yeməyə dəvət
etdi. Sonra da Ağ Şəmsəddinə
xüsusi iltifat göstərdi. Hacı
Bayram Vəli tələbələrindən ən çox
Ağ Şəmsəddini imtahana çəkərdi. Bir
dəfə həzrət onu 7 gün ac saxladı və sonda
ona bir qaşıq sirkə verdi. Ancaq o bundan
razı idi və imtahana dözərək nəfsini tərbiyə
edirdi. Bunu görən Həzrət təəccüb
içində: -Axıra kimi belə etsən bir nura dönəcəksən.
Sonra vəfat edəndə səni qəbirdə
də tapmayacaqlar, -demişdi. Ağ Şəmsəddin
elmini tamamlayaraq Həzrətin razılığı ilə
yenidən vətənə döndü. Bunu görən
tələbələri Hacı Bayram Vəlidən incidilər : “Biz 40 ildir yanındayıq, amma
bizə belə iltifat göstərmədin, ancaq ona isə
kamil bir insan kimi xeyir-dua verdin”, -dedilər.
Həzrət
də: “ Siz onun kimi ali mərtəbəyə
ucala bilmədiniz. O qısa müddətdə çox şey
öyrəndi. Nə gördüsə
götürdü, nə göstərdimsə də, qəvvas
kimi dəryanın dərinliklərinə daldı, elm dəryasından
dürr, inci çıxardı. O, elmi, hikməti dərindən
öyrəndi, hamınızdan elmli və zəkalı çıxdı. Ağzımı açmamış oncədən nədən
bəhs edəcəyimi bildi. Ona görə
də ona xeyir-dua verdim. O hələ çox mərtəbələrə
ucalacaqdır”.
Xocasından
ayrılan Ağ Şəmsəddin, əvvəlcə, Bəybazarı
adlı yerdə məskən saldı. Orada bir məscid və dəyirman
inşa etdirdi. Sonra İsklipdəki Evlek
adlı yerə köçüb, burada yaşamağa
başladı. Ancaq az sonra yenə də
yerini dəyişdirərək, Göynüyə gəldi və
burada məskunlaşdı. Göynüklülər
ona hörmət əlaməti olaraq bir mülk
bağışladılar. Mülkü
görəndə Ağ Şəmsəddin güldü.
Bunun səbəbini ondan soruşanda o belə cavab verdi: “Otuz il bundan əvvəl yolum
Göynüyə düşmüşdü. Bu
mülkü görüncə ona meylimi saldım, qəlbim
buraya bağlandı. İndi otuz ildən
sonra arzuma çatdım”.
Bu arada əbədiyyət dünyasına
köç edən Hacı Bayram Vəli həzrətləri
son nəfəsində: “Mənim namazımı Ağ Şəmsəddin
qılsın, cənazəmi yusun və kəfənləsin,
bunu ona xəbər verin”, -deyə vəsiyyət etdi.
Əziz Mustafa
Zaman.- 2010.- 2-3 sentyabr.- S. 13.