Fəthin memarı- Göynüklü Ağ Şəmsəddin (4)

 

Ağ Şəmsəddin gülümsədi və bir anda sanki sifətindəki nur daha da çoxalaraq Sultanın qəlbinə bir sərinlik gətirdi: -Ey islam dünyasının ən xoşbəxt sərkədəsi, sən bu qalanı fəth etməklə cənnəti qazandın və kainatın son peyğəmbərinin müjdələdiyi ən xoşbəxt komandanlardan oldun. Bu müqəddəs işi həyata keçirmək xoşbəxtliyi sənə nəsib oldu.

Ağ Şəmsəddin gülümsədi və bir anda sanki sifətindəki nur daha da çoxalaraq Sultanın qəlbinə bir sərinlik gətirdi: -Ey islam dünyasının ən xoşbəxt sərkədəsi, sən bu qalanı fəth etməklə cənnəti qazandın və kainatın son peyğəmbərinin müjdələdiyi ən xoşbəxt komandanlardan oldun. Bu müqəddəs işi həyata keçirmək xoşbəxtliyi sənə nəsib oldu. Bilirsən, Peyğəmbər əfəndimizin,  Uca Allahın sevimlilərinin başı üzərində sağlıqlarında da, o dünyaya köç edəndə də gömüldüyü məzar üstündə nur dolaşır. Mən bu gün İstanbulun ətrafını gəzərkən məhz bu nurun olduğu yeri aradım. Allahın nuru da məhz həmin təpənin üstündə idi. Dərhal anladım ki, orada məhz Əyyub Ənsari həzrətləri dəfn edilib. Burada İstanbul ətrafında çox səhabələr dəfn edilib. Amma onların arasında Əbu Əyyub Ənsaridən müqəddəsi, Allaha daha çox yaxın olanı yox idi. Ona görə də məzarı üzərində Allahın nuru vardı”,- dedi. Fateh onun bu sözlərindən çox məmnun oldu və Əbu Əyyub Ənsarinin qəbri sahmana salındı. Qəbrin üzərində Sultanın əmri ilə bir türbə inşa edildi. Türbənin ətrafında isə Ağ Şəmsəddin və tələbələri üçün xüsusi otaqlar, həmçinin məscid də tikildi. Bu müqəddəs məkan 100 illər boyu müsəlmanların ən çox ziyarət etdikləri yerlərdən biri oldu.

Əbu Əyyub Ənsarinin qəbrinin aşkar edilməsi ilə bağlı xalq arasında maraqlı bir rəvayət dolaşır. Deyilənə görə, Göynüklü Ağ Şəmsəddin Əbu Əyyub Ənsarinin məzarını Fateh Sultan Mehmetə göstərəndən sonra qəbrin ətrafına bir-birindən aralı iki çinar budağı sancır. O, bunu qəbri qazacaq insanların səhv etməmələri üçün edir. Ancaq Sultan ustadını sınağa çəkmək qərarına gəlir. O əmr edir ki, çinar budaqlarını xocasının basdırdığı yerdən 20 metr aralı çəksinlər və ortasına da özünün möhürünü qoysunlar. Bundan xəbərsiz Ağ Şəmsəddin yenidən təpənin yanına gələndə çinar budaqlarının başqa yerdə olduğunu görür və bundan heyrətlənir. Ancaq özünü itirmir və yanında gələnlərə Fatehə göstərdiyi yeri qazmasına göstəriş verir. Möhürü isə çıxararaq Sultana vermələrini rica edir. Amma yenə də Fateh ustadını sınamaq istəyir. Ona görə də, xocasına deyir ki, bu qəbrin həqiqətən də Əbu Əyyub Ənsari həzrətlərinə aid olduğunu sübut edəcək başqa bir dəlil göstərsin. Bunu eşidən Ağ Şəmsəddin əmr edir ki, göstərdiyi yerdən 1 metr aralını yenə qazsınlar. O Fatehə: “İndi qazılan yerdən “Bu qəbir  Halid ibn Zeydindir” sözləri yazılan başdaşı çıxacaq”-deyir. Elə də olur və bundan sonra Fateh bir daha əmin olur ki, xocası Əbu Əyyub Ənsari həzrətlərinin qəbrinin yerini dəqiq müəyyən edib.

 Digər bir rəvayətdə isə deyilir ki, İstanbulun fəthindən sonra Fateh xocasının yanına gələrək :“Mən artıq öz üzərimə düşən müqəddəs vəzifəni layiqincə yerinə yetirdim. Artıq rahatam və padşahlıq etmək istəmirəm. Ona görə məni də öz dərvişlərinin sırasına qəbul et”,-deyir.

 Göynüklü Ağ Şəmsəddin də ona cavabında: “Sultanım, sən bizim daddığımız ləzzəti dadacaq olsan, səltənətdən əl çəkməli olacaqsan. Dövlət işini buraxacaqsan. Onda İslam dinini yaymaq işi yarımçıq qalacaq. Amma müsəlmanların sülh və sabitlik içində yaşaya bilmələri üçün dövlətin qalması, səltənətin yaşaması lazımdır. Ona görə də tələbələrlə padşahın bir arada olması çox çətindir. Səni tələbəliyə qəbul etsəm, ölkədə sabitlik pozular, xalqımız zəlil və pərişan olar. Bunun da vəbalı çox böyükdür və son nəticədə Allah Təalanın qəzəbinə məruz qala bilərik”, -deyir.

 Bu sözlərdən çox təsirlənən Fateh xocasına 2 min qızıl verilməsini əmr etdi, lakin  Göynüklü Ağ Şəmsəddin dünya malında gözü olmadığını  söyləyərək bu qızılları qəbul etmədi.

 Ağ Şəmsəddin və Fateh haqqında digər bir rəvayət də var. Deyilənə görə, Sultan II Murad Hacı Bayram Vəlini çox sevərdi. İmkan düşən kimi bu müqəddəs zatı ziyarət edərək, onunla söhbətləşərdi. Bir dəfə o həzrətin- Hacı Bayram Vəlinin yanına 4 yaşlı oğlu şahzadə Mehmetlə gəldi. Söhbət əsnasında II Murad İstanbulun alınması gününü görüb-görməyəcəklərini ondan soruşdu. Hacı Bayram Vəli də ona : “O gözəl günü nə sən görəcəksən , nə də mən. Amma bu iki nəfər Göynüklü Ağ Şəmsəddin və şahzadə Mehmet o günlərin xoşbəxtliyini içlərində, ruhlarında yaşadacaq və bundan çox məsud olacaqlar”,-dedi.

 

Göynükdən son məzara

 

İstanbulun fəthindən sonra Ağ Şəmsəddin Fatehin sarayda yaşamaq barədə təklifini qəbul etməyərək könül rahatlığı içində Göynüyə qayıtdı. O burada tələbələri ilə özünü axirət dünyasına hazırlamağa başladı. Amma Sultanla da tez-tez məktublaşardı. Məktublarından birində o, Sultana yazırdı: “Bu dünyada bir cismani, bir də ruhi ləzzətə əsaslanan həyat var. Birinci ikinciyə baxanda dəyərsiz və keçicidir. Birinci, dünyəvi ləzzətə aldanma, ikinci həyat isə ruhidir və onun ləzzəti sonsuzluğa qədərdir. Sən ruhi ləzzəti əsas tut, eyni zamanda məmləkəti, insanları da bu həyata istiqamətləndir, elm adamlarına, haqq yolunu tutan vəlilərə hörmət və qayğı göstər, onları sev”.

Ağ Şəmsəddin Göynükdə 1459-cu ilə kimi yaşadı. Bu müddətdə padşahın göndərdiyi hədiyyələri xeyriyyə işlərinə xərclədi. Eyni zamanda oğullarının tərbiyəsi ilə də məşğul oldu. Bir gün o, evdə sonbeşiyi Həmdi Çələbi ilə birlikdə idi. Birdən ağlına nə gəldisə: “Bu kiçik oğlum yetim qalmaması, zəlil olmaması üçün bu dünyanın əziyyətini çəkirəm. Yoxsa, fikirləşmədən  bu fani dünyadan dərhal Haqqın dərgahına köçərdim”,-deyir. Bunu eşidən həyat yoldaşı ona ərklə: “Əfəndim, Haqq dünyasına köçmək istədiyini deyirsən, ancaq yaşamaq da arzulayırsan, o dünyaya köçmək istəmirsən”

Bu sözlər ömründə yalan danışmağı sevməyən və həmişə sözünün üstündə duran Ağ Şəmsəddinə çox təsir edir. O dərhal fikirləşmədən ayağa qalxaraq məscidə gedir və orada övladlarını toplayaraq vəsiyyət edir. Bundan sonra onlarla halallaşır və Yasin surəsinin oxunmasını xahiş edir. Bu surə oxunarkən də o, ruhunu təslim edir. Onu vəsiyyətinə əsasən Göynükdəki tarixi Süleyman Paşa məscidinin bağçasında dəfn edirlər. Sonralar məzarının üzərində türbə inşa edilir.  Göynüklü Ağ Şəmsəddin bir çox tələbələr yetişdirmişdir. Onların arasında 7 oğlu da var.

 

 Ağ Şəmsəddinin vəsiyyətlərindən

 

“Hər hansı işə “Bismillah”la başla. Təmiz ol, daim yaxşılıq et. Tənbəl olma, pislərə qoşulma, yaxşılığa yamanlıq etmə, sənə verilən nemətə az da olsa, çox da olsa şükür et, naşükür olma, naşükürlük insanı cəhənnəmə sürüklər. Heç kimə əsəbiləşmə, heç kimə pis söz demə. İstəyirsən ki, ömrün uzun olsun, onda insanların paxıllığını çəkmə. Paxıllıq insanı qurd kimi içindən yeyər və onu vaxtından əvvəl qocaldar. Çox yatma, bu səni işdən, halal zəhmətdən qoyar və kasıb edər. Daim Allahı zikr et, zira sənin qurtuluşun Allah və onun Qurani Kərimi ilədir. Vəli o insandır ki, insanlardan gələn zülmlərə, sıxıntılara səbirlə tab gətirər, onlardan şikayət etməz və ona pislik edənlərə kin saxlamaz. Bir adamla düşmən olmaq istəməz. Vəli torpaq kimidir, torpağa çox pis şeylər atılar, ancaq onda ancaq gözəl şeylər bitər”.

 

Hər İki dünya səbır edənlərindir

 

Ağ Şəmsəddin daha sonra insanın  səbir etməsini onun həyatındakı ən önəmli işi adlandırırdı. Göynüklü Ağ Şəmsəddin deyir: “Hər bir insanın Allaha nə qədər sıx bağlı olması onun üzərinə gələn bəlalara, dərdlərə nə qədər dözümlü olması ilə üzə çıxar. İnsan nə qədər Allahdan gələn bəlalara səbir etsə, o qədər də bu imtahandan üzüağ çıxar. Haqqın rəhmini, mərhəmətini, lütfünü qazanar. Səbir edən insan cənnəti sağ ikən qazanar. Çünki bütün peyğəmbərlər və övliyalar bu fani həyatda daim sınağa çəkiliblər və yalnız səbirlə Haqqın dərgahına qovuşublar, insanlara örnək olublar. Səbir insanın başındakı tacıdır. Səbirsiz insan bu tacı itirərək dumanda azan quşlara bənzər”.

 Ağ Şəmsəddin digər bir vəsiyyətində isə qulluqdan bəhs edib. O deyir: “ Qulluq 5 cürdür: Birincisi, tən(bədən) qulluğudur. Bu, Allah-Təalanın əmrlərinə uyaraq təni qadağan olunmuş şeylərdən qorumaq, onu saf saxlamqdır. İkincisi, insanın nəfsinə qulluq etməsidir.  Bu qulluq nəfsi tərbiyə etməkdən, onu artıqtamahlıqdan qorumaq, istəmədiyi şeyləri zorla ona qəbul etdirməkdir. Nəfsini tərbiyə edə bilsən, Haqqa gedən yolun açarını tapmış olacaqsan. Üçüncüsü, könülə qulluq etməkdir. Könül qulluğu bu dünyadakı şeylərdən üz çevirib, axirət dünyasını seçməkdir. Bunun üçün insan özünü bütün hallarda əsl Haqq yolçusu kimi aparmalıdır. Dördüncüsü, sır qulluğudur. Əgər hər şeyi bir kənara qoyub tamamən Allah yolunda çalışsan, onda onun rizasını qazanar və əbədi bir həyata özünü hazırlamış olarsan. Beşinci qulluq can qulluğudur. Can qulluğunun da əsasında Allaha yönəlmək dayanır”.

 Göynüklü Ağ Şəmsəddin mənəvi rahatlığa nail olmağın yollarını göstərib. O yazır: “Mənəvi rahatlığa nail olmaq üçün 4 şərt vardır.1. Az yemək. 2. Az yatmaq. 3. Xalqın arasında az olmaq, az danışıb, çox susmaq. 4. Allah Təalanı çox zikr etmək .

Üstündən əsrlər ötsə də Göynüklü Ağ Şəmsəddin bu gün də milyonlarla insanın qəlbində yaşamaqda davam edir. O, İslam dünyasına orta əsrlərdə doğan bir mənəviyyat, elm, haqq günəşi idi və bu gün də bizimlə birlikdə gələcəyə doğru addımlamaqda davam edir.  Son

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.- 16-17 sentyabr.- S. 9.