Röya Tağıyeva: “Məni xalçaya bağlayan genetik yaddaş olub”

 

Prezident İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında”sərəncamından sonra ölkəmizdəki muzeylərin fəaliyyətinin müasir prinsiplər əsasında yenidən qurulmasına başlanılıb. Həmin sənədə əsasən, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin müasir tələblərə cavab verməsi üçün yeni binada fəaliyyət göstərməsi də məqsədəuyğun hesab edilib. Yeni binanın gələn ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulub. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru Röya xanım Tağıyeva söhbətimizə elə yeni bina barədə məlumat verməklə  başladı.

- Dənizkənarı Milli Parkın ərazisində tikilən binanın gələn ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulub. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan bina memarlıq üslubuna və qeyri-adi formasına görə tamamilə fərqli olacaq. Xarici görünüşündən açılmış xalçanı xatırladacaq dördmərtəbəli binada xalçaşünaslar üçün hər cür şərait yaradılacaq. Hətta burada turistlərin qanunamüvafiq qaydada üzü köçürülmüş qədim xalçaları almaq imkanları da olacaq. Muzeydə onun işçiləri ilə yanaşı, xalçaçı rəssamlar da fəaliyyət göstərəcəklər. Onu da deyim ki, yeni muzeydə xalçaların düzülüşündən tutmuş, hər bir eksponat yeni konsepsiyada təqdim olunacaq. Biz burada dünya muzeylərinin eksponatlarını da nümayiş etdirməyi düşünürük. Muzeyimizin saytının günün tələblərinə uyğunlaşdırılması da gündəmdədir. İnşaat işləri başa çatdıqdan sonra binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, bir sözlə, muzey kompleksi yaradılacaq.

- Röya xanım, təbii ki, Muğam Mərkəzindən sonra Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin də istifadəyə verilməsi mədəniyyət aləmimizdə yeni bir hadisə olacaq. Bəlkə, söhbətimizi xalça muzeyinə tarixi ekskursiya ilə davam etdirək?

- Bəri başdan deyim ki, 1967-ci ildə təşkil olunan muzeyimiz bir neçə il binasız fəaliyyət göstərib. İndiki kimi yadımdadır: müxtəlif yerlərdə, o cümlədən Lətif Kərimovun Milli Elmlər Akademiyasındakı otağına toplaşıb, muzeyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edərdik. Bir müddət metronun “Nizami” stansiyasının arxasında yerləşən məsciddə məskunlaşdıq. Sonradan muzeyimiz İçərişəhərdə yerləşən, XIX əsrdə tikilmiş Cümə məscidində fəaliyyət göstərdi. 1991-ci ildə isə keçmiş Lenin Muzeyinin binasına, indiki Muzey Mərkəzinə köçürüldü. Məlumat üçün onu da deyim ki, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə 1994-cü ildə xalça sənətinin görkəmli tədqiqatçısı Lətif Kərimovun adı verilib. Dünyada analoqu olmayan belə bir muzeyin ölkəmizdə təşkili Lətif Kərimovun adı ilə bağlıdır. Yəni ölkəmizdə muzey təşkil etmək onun ideyası olub. Belə bir muzeyin təşkili isə heç də asan olmayıb. Çünki qeyd etdiyim kimi, dünyada belə bir muzey yox idi ki, onun təcrübəsindən yararlanaq.

- Lətif Kərimovu necə xatırlayırsınız?

- Lətif Kərimovun özünəməxsusluqları çox idi. Hər şeydən əvvəl o, istedadlı bir rəssam idi, xalça toxumağı da bacarırdı. O, Azərbaycanın bütün bölgələrində toxunan xalçaları araşdırıb, onları kataloqlaşdırıb. Onun ən böyük xidməti isə bu sahəyə diqqət yönəltməklə Azərbaycan xalça sənətini məktəb səviyyəsinə qaldırması oldu.

 

“Biz həmin muzeylərə “sağ ol” deməliyik ki...”

 

- Muzeyin ilk eksponatı hansı xalca olub? Muzey ilk ekspozisiyasını nə vaxt nümayiş etdirib.

- Qarabağ xalçası... XIX əsrə aid həmin xalça o zamanın intellekt adamlarından sayılan Talıb Bayram oğlu Əliyevdən alınıb. İndi ümumilikdə muzeyin fondunda 10 mindən artıq xalq sənəti nümunələri mühafizə olunur ki, onların da 6 mini xalıdır. Bu mənada bu gün muzeyimiz Azərbaycan milli mədəniyyətinin əsl xəzinəsidir. Muzeyimizin ilk ekspozisiyası isə 1972-ci ildə nümayiş etdirilib.

- Muzeyin eksponatları dünyanı dolaşa bilibmi?

- Muzeydə nümayiş etdirilən Azərbaycan xalça sənətinin nadir inciləri, demək olar ki, dünyanı gəzib. Yəni muzeyin kolleksiyası əsasında “Müasir Azərbaycan xalça sənəti”,  “Azərbaycan xalq tətbiqi sənəti”, “Azərbaycan xalça sənəti”, “Müasir Azərbaycan dekorativ-tətbiqi sənəti” və s. mövzularda sərgilər təşkil edilib və bu sərgilər Avropa, Asiya və Afrikanın ayrı-ayrı şəhərlərində nümayiş olunub.

- Səhv etmirəmsə, muzeydə ən qədim nümunə XVII əsrə aiddir. Halbuki xalçaçılığımızın tarixinin eramızdan əvvəlki illərə getdiyini söyləyirlər.

 Elə isə xalça muzeyindəki bu boşluğu doldurmaq üçün hansı addımlar atılır. Yəni başqa ölkələrin muzeylərindəki, yaxud şəxsi kolleksiyalardakı Azərbaycan xalçalarını satın alaraq Vətənə qaytarmaq mümkün olacaqmı?

- Bəri başdan deyim ki, bu gün dünyanın bütün muzeylərində Azərbaycan xalçasına rast gəlmək mümkündür. Burada qeyri-adilik axtarmaq lazım deyil. Sadəcə, bununla biz fəxr etməliyik. İkinci bir tərəfdən, bilirsinizmi, həmin muzeylərdə olan xalçaları indi kimsə bizə qaytarmaz. Çünki həmin xalçalar artıq o muzeylərin bir hissəsinə çevrilib. İkinci bir tərəfdən, biz həmin muzeylərə “sağ ol” deməliyik ki, xalçalarımız indiyədək onların eksponatları sırasındadır. Amma qalereyalarda, kolleksionerlərdə olanları almaq olar və biz hazırda belə bir konsepsiya üzərində işləyirik. Güman edirəm ki, bu öz səmərəsini verəcək.

 

Əfsuslar olsun ki...

 

- Röya xanım, belə bir muzey binasının inşası zərurət idimi?

- İstərdim ki, bu suala ölkə başçısının binanın təməlqoyma mərasimində dediyi sözlərlə cavab verim. O dedi: “Xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir hissəsidir. Azərbaycan xalçası öz gözəlliyi, keyfiyyəti ilə həmişə seçilmişdir. Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Əfsuslar olsun ki, Azərbaycanda Xalça Muzeyi uyğunlaşdırılmış binada yerləşirdi və əlbəttə ki, Bakıda gözəl xalça muzeyinin tikintisi böyük zərurət idi. Mən çox şadam ki, artıq bu işə başlanılıb. Ümid edirəm ki, qısa müddət ərzində Azərbaycan xalçasına xas olan, gözəlliyi ilə seçilən Xalça Muzeyi tezliklə tikilib başa çatacaq.”

- Nə əcəb belə bir muzeyin indiyədək uyğunlaşdırılmış binada fəaliyyət göstərməsi diqqəti cəlb etməyib?

- Niyə ki, bu muzey həmişə diqqət mərkəzində olub. Belə ki, 1975-ci ildə muzey üçün bina tikilməsi barədə dövlət səviyyəsində qərar qəbul edilib. Hətta binanın tikintisi üçün İçərişəhərdə - Şirvanşahlar sarayının yaxınlığında ərazi də ayrılmışdı. Özü də bina tanınmış memar Mikayıl Üseynovun layihəsi əsasında inşa olunmalı idi. Lakin sonradan nədənsə tikilmədi. 1983-cü ildə isə Sabunçu Vağzalının ərazisini bizə vermək istəyirdilər. Lakin, nədənsə, o da alınmadı.

- Deməli, belə çıxır ki, bu üçüncü cəhddir də... Həm də uzunillik həsrətin sonudur da...

- Bəli, yeri gəlmişkən, ölkəmizin rəhbəri İlham Əliyev muzeyimizdə olarkən, bütün bunlar barədə mən ona məlumat vermişdim. O, bu məlumatları dinləyəndən sonra: “İnşallah, üçüncü cəhd uğurlu olar”,- demişdi... Və doğrudan da, uğurlu oldu.

 

6 qızın biri Röya...

 

- Röya xanım, sizin fəaliyyətinizlə tanış olarkən bir məqam diqqətimi cəlb etdi... Siz filoloqsunuz, bu sahəyə gəlişinizin bir sirri olubmu?

- 1966-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin son kursunda oxuyurdum. O zaman qrupumuza bildirdilər ki, muzey təşkil olunacaq və bizə də bu sahə üzrə kadrlar lazım olacaq. Onu da deyim ki, o zaman bizdə tətbiqi sənət üzrə kadrlar hazırlayan ali təhsil ocağımız yox idi. Odur ki, belə kadrları, bir qayda olaraq, humanitar fakültələrdən toplayırdılar. Nə isə, altı qız, o cümlədən mən bu sahə üzrə işləyəcəyimizə qərar verdik. Lakin sonradan mənim həmkarlarımdan heç biri bu sahə üzrə işlərini davam etdirə bilmədi. Mən isə artıq 44 ildir ki, bu sahədəyəm... Kiçik elmi işçidən direktorluğa qədər, necə deyərlər, yol qət etmişəm.

- Yəqin sizi bu sahəyə bağlayan bir səbəb olub...

- Sözün düzü, özümü də bir zamanlar çox düşündürən bu suala sonradan cavab tapdım. Sən demə, məni muzeyə çəkən, xalçaya bağlayan genetik yaddaş imiş. Çünki nənəm yaxşı xalça toxuyan olub.  Sonradan mən onun bir xalçasını kitabıma da saldım.

- Hazırda nə üzərində işləyirsiniz?

- Bu günlərdə ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyevdən məktub almışam. O, Azərbaycan xalçalarına aid kitab hazırlamağımı xahiş edib və onu macar dilinə tərcümə etdirəcəyini bildirib. İndi belə bir kitab üzərində çalışıram. İnanıram ki, Vilayət müəllimin bu addımından digər səfirlərimiz də bəhrələnəcəklər. Çünki bu gün, xüsusilə, xalçalarımızın təbliğı, onlar barədə materialların mümkün qədər dünya dillərinə nəşr olunması vacibdir.

- Sizin üçün xalça nədir?

- Mənim üçün xalça, hər şeydən əvvəl, ölkəmizi dünyada tanıdan bir atributdur. Xalça mənim üçün  tariximiz, mədəniyyətimizdir. Xalça xalqımızın ruhudur. Bu sənət xalqımızın böyük ruhunun ifadəsi kimi yaşayır.

 

 

Qvamı Məhəbbətoğlu

 

Zaman.- 2010.- 25-26 sentyabr.- S. 8.