Köhnəlməyən
Köhnə kişilər
Bir-birinə bənzəyirdilər.
Bir ata-ananın uşaqları kimiydilər. Hərəkətləri,
danışıqları, əməlləri, sevgiləri də
oxşardı. Bir nəslin övladları idilər - köhnə
kişilər nəslinin.
Bir-birinə bənzəyirdilər. Bir
ata-ananın uşaqları kimiydilər. Hərəkətləri, danışıqları,
əməlləri, sevgiləri də
oxşardı. Bir nəslin övladları idilər - köhnə kişilər nəslinin. Ən böyük titulları
da elə
bu idi.
Ondan böyük ad yox
idi. “Filankəs köhnə kişidir” demək hər şeyi həll edirdi. Köhnə kişi olmaq
köhnəlmiş kişi olmaq
deyildi, amma
hər kəs də köhnə kişi ola
bilmirdi: köhnələni, nimdaşlaşanı, sürtülüb bozaranı da
vardı. Rəngi gedənlər, dəyərini itirənlər el içində manşırdı, barmaqnan göstərilərdi. Köhnə kişi adının arxasında sədlər, sərhədlər, standartlar, meyarlar,
pozulmaz qanunlar dayanırdı. Bu ölçülər, bu dəyərlər el-oba tərəfindən qəbul olunmuşdu. Çünki illərin sınağından
çıxmışdı.
Köhnə kişi rütbəsi yalnız zamanın gətirdiyi mahiyyəti ifadə
eləmirdi, daha çox köhnə, qədim dəyərlərlə yaşamağın göstəricisi idi. Ona görə də köhnə kişilər illər keçdikcə, yaşa dolduqca köhnəlmir, qədimləşirdilər. Samballaşır,
əntiqləşirdilər.
Köhnə kişilər hər şeydən öncə həqiqətçi idilər. Nə qədər çətin,
acı da olsa, həqiqətin tərəfində durmağı
özlərinə borc bilirdilər, şərəf sayırdılar. Haqq keşikçisiydilər.
Sözü bütöv idilər, kəlmələrində iynənin ildızı qədər yalan
olmazdı.
Əməkçi idilər. Allahın verdiklərini
tam təyinatı ilə, yerinə-yurduna uyğun şəkildə işlədirdilər. Suları yatağında
idi. Neçə yaz gəlsə də, daşmırdılar, məcradan çıxmırdılar. Əkirdilər, biçirdilər, çay daşı
yüklənmiş kəl arabası
kimi el-obanın, qohum-əqrəbanın, ailənin yükünü çəkib aparmaqdan usanmırdılar. Yük çox ağır olanda
dizlərini yerə atırdılar, amma yıxılmırdılar.
Uşaq kimi
idilər, hər şeyi olduğu kimi
görmək istəyirdilər. Dünyaya gözləri ilə
deyil, könülləri ilə
baxırdılar. Qəlblərini üzlərinə tutub baxırdılar deyə hər şeyi qəlb adlı ədalət və
sevgi süzgəcindən keçirirdilər.
Hər şeyə ədalətlə yanaşır, sevgi ilə qərar verirdilər. Belə edirdilər
deyə daha dərinləri görə bilirdilər.
Bir kəndin, elin-obanın siması, üzü idilər.
Bir elin adı gələndə ilk yada düşən bu
torpağın köhnə kişiləri olurdu. O el-obaya da elə
o köhnə kişilərə görə qiymət verirdilər,
o camaatı köhnə kişilərə görə
tanıyırdılar, sayırdılar,
ağırlayırdılar.
Xətir-hörməti, etibarı,
yaxşılığı, kəsdikləri çörəyi
itirməzdilər.
Səbirli, təmkinli, tədbirli oturub-durardılar. Həyatın
bütün çətinlikləri ilə üz-üzə gəlməyi,
taleyin hər cür məhrumiyyətlərinə sinə gərməyi
bacarırdılar. Allahdan başqa kimsədən qorxuları
yoxuydu. Çünki imanları kamil idi.
Ciddi, zəhmli ailə başçıları idilər.
Özlərinə məxsus süfrə mədəniyyətləri
vardı. Süfrəni, süfrədəkini müqəddəs
sayırdılar və heç kimə də imkan verməzdilər
ki, o müqəddəsliyə xor baxsın. Zəhmləri ağır
idi - adamı basırdı. Süfrə başında
arvad-uşaq onun gəlişini gözləyər, yalnız o
“Bismillah” deyəndən sonra süfrəyə əl
uzadardılar. Şit-şit danışmaz, gülməz, nadir
hallarda gülümsəyərdilər ki, bu da toy-bayrama
çevrilərdi. “Uşaqların anası” ilə
sözsüz-kəlməsiz anlaşmaları vardı: bir
baxışla ana bilərdi ki, iş nə yerdədir. Köhnə
kişilər olan evdə hamının öz yeri vardı və
hər kəs öz yerində oturardı, yəni hər kəsin
öz həddi vardı. İşdir kimsə bu həddi
aşardısa, bir zəhmli baxış və ya bir kəlmə
bəs edərdi.
Sözləri ilə əməlləri tən gələrdi.
Onlar üçün söz ürəyin, varlığın
bir parçası idi. Söz ağızdan
çıxdısa tutulmalıydı. Söz onların
sanbalı idi, şəxsiyyət vəsiqəsi, kimliyi idi, nəslindən-kökündən,
yeddi arxa dönənindən xəbər verirdi. Sözə
yenicə doğulmuş körpə kimi baxırdılar - həssaslıqla,
qayğı ilə, onu heç atmaq olardımı?! Söz bu
kişilərin elə özü idi, daha doğrusu, onlar
sözlərindəki qədər idilər.
İnamlıydılar. Ona görə də bir “sən
öl”nən - bir söznən inanıb gedərdilər.
Çünki inanmamaq “sən öl” deyən kişinin itkisi qədər
ağır idi. “Sən öl” deyən kişi də onu hələm-hələm,
hər şeydən ötrü işlətməzdi, bu,
ölüm-dirim məsələsi idi, həm də yalandan bu
sözü işlətmək qarşıdakının
ölümünü arzu etmək qədər
bağışlanmaz sayılardı.
Öyüdü, nəsihəti, dərsi sözdən
çox əməlinən verərdilər. Götürən
götürərdi, götürməyənə laf
qıymazdılar.
Barışçı idilər, qan
bağlayırdılar. Bir sözləri iki olmazdı,
çünki ədalətlə yoğurulurdu. Hansı
qapıya getsəydilər, boş qayıtmazdılar. Ədavət
saxlamağı, kin bəsləməyi kişiyə
yaraşdırmazdılar. Düşmənçiliyi belə
kişi kimi edərdilər - mərd-mərdanə.
Başsızın, kəsiyin, yetimin dadına məqamında
yetişərdilər. Həm də bunu elə edərdilər
ki, kimsənin xəbəri olmazdı.
Sözün bütün anlamında harama gözlərinin
ucu ilə də baxmazdılar.
Baxanlara da özünəməxsus şəkildə elə dərs
verərdilər ki, illərlə unudulmaz,
alınlarının ortasında damga kimi qalar, onların
kimliyini nişan verərdi. Öz qayda-qanunları vardı
köhnə kişilərin. Və bu qanunlar, demək olar ki,
bütün ömür boyu pozulmazdı.
Yaxşı yeməyi xoşlayardılar. Bir qoçu bir
oturuma şişə çəkərdilər. Dağ
olmuş yağa çörək doğrayıb
qaşıqdan keçirərdilər. Elə bilərdin ki,
doğramac yeyirlər. Sonra da bığlarını eşib,
buğlana-buğlana demini dəmə qoyardılar.
İşləməkləri də yeməkləri kimi
idi. Hərəsinin də altı nömrə dəryazı olardı.
Bir dəfə qol bulayanda on arşın yeri
yatırardılar.Tələsməyi sevməsələr də
yeri gələndə qırğı kimi
şığıyar, ətəkləri yelkən kimi
açılardı. Başlarında çalma, ya da küncləri
düyünlənmiş cib dəsmalları olardı.
Yayın qızmarında bu çalma sərin saxlayardı.
Biçin vaxtı ağır yeməzdilər,
ağartıya üstünlük verərdilər. Dan
üzündən işin üstündə olar, gün bir
balaca dikələndə, istilər düşməmiş geri
qayıdardılar. Bir də axşamüstü - gün
dönəndən sonra, küləklər başlayanda yenidən
işə can verərdilər - ta şər qarışana
kimi. Yoruldum deməzdilər, çünki işin çəmini,
yatımını, yöndəmini bilirdilər. Dərzlər
yan-yana düzüldükcə üzləri gülərdi,
bığaltı qımışardılar. Arada ağac
kölgəsinə çəkilib saxsı cürdəkdəki
təzə nehrə ayranını başına çəkər,
ürəkdən “oxxay” deyərdilər.
Dərzləri xırmana daşıyıb, vəl
sürərdilər. Döyülmüş taxılı
sovurardılar ki, dəni samandan, köçəldən
ayırsınlar. Buğdadan tığ vurardılar. Ürəkləri
təpələnər, təpərlənər, sinələri
genəlib xırman yerinə dönərdi...
Mətin idilər, çətinlik qarşısında
özünü itirmir, təntimirdilər. Kədər, qəm
köhnə kişiləri əyə bilmirdi. Onları
kasıblıq qorxutmadığı kimi, rütbə, ad-san da
çəkmirdi. Az tapanda da çox görürdülər.
Xarakterləri belə bərkimişdi, belə
oturuşmuşdular, biçimləri beləydi, “köhnə
kişi” qəlibinə belə tökülmüşdülər,
şəxsiyyət idilər. Ölümdən başqa, hər
dərdə dərman tapa bilirdilər.
Ölümləri də özlərinə bənzəyirdi.
Yaşa dolduqca üz-gözündən nur yağan köhnə
kişilər yanıb-yanıb qurtaran şama bənzəyirdilər.
Sadəcə, yanıb qurtarırdılar...
Ruhları üzlərinə vururdu. Ruhları kimi
görünürdülər; təpədən-dırnağacan
nur içində olurdular. Köhnə kişilərin
ölümü bir nəfərin, bir kişinin
ölümü deyildi. Hiss olunurdu ki, bu dünyadan bir dünya
gedir.
Günəş qalxdıqca dağların kölgəsi
zirvəyə yığılan kimi çəkilib gedirdilər...
Sürü qırağında, çöldə
öldülər,
Bir səfər üstündə, yolda öldülər,
İbadət zamanı, qalda öldülər
Bu azman kişilər, köhlən kişilər,
Köhnə kişilər.
Ağrıya-acıya uf demədilər,
Minnət qoymadılar, söz yemədilər,
Ölümü ölüm tək gözləmədilər
İxtiyar kişilər, körpə kişilər,
Köhnə kişilər.
Ağır oturdular, batman gəldilər,
Dərdə sinə gərən qara nərdilər,
Elə cavanlıqdan dədələrdilər
Yurd-yuva üstünə kölgə kişilər,
Köhnə kişilər.
Yerində kişilik qoyub getdilər,
Çəkilib, dünyadan doyub getdilər,
İtirən biz olduq, hayıf, getdilər
Canlı əfsanəyə dönən kişilər,
Köhnə kişilər.
Kədər alıb, fərəh satan idilər,
Dara duran, haya yetən idilər,
Elə özü boyda Vətən idilər
Möhtərəm kişilər, möhkəm kişilər,
Köhnə kişilər.
Loğman
Zaman.- 2010.- 25-27 sentyabr.- S. 12.