Şəhidlər” təkcə
mənim kitabım deyil”
20 il əvvəl rus
ordusu tərəfindən başımıza gətirilən vəhşilikləri
özündə cəmləşdirən “Şəhidlər”
kitabının müəllifi... Nə qədər çətin
olsa da, o ağır, hüznlü günlərimizdə o,
şəhid ailələrini bir-bir ziyarət etdi, onları (təkcə
onları yox) yandırıb yaxan dəhşətləri,
özünün dediyi kimi, isti-isti qələmə aldı. 150
min tirajla nəşr olunan həmin kitab bir həftədə
satıldı, hər nüsxəsi əlbəəl gəzdi.
Yazıçı-publisist Rafiq Səməndərlə
söhbətimizə də elə 20 Yanvardan, “Şəhidlər”dən
başladıq.
- Rafiq müəllim,
hər il yanvar ayı gələndə ürəyinizdən
hansı hisslər keçir, nələr
düşünürsünüz?
- Yanvarda dünyaya gəlsəm
də, bu ay mənim üçün ağır aydır. Ona
görə ki, mən yanvarın heç kimin görə bilmədiyi
qara üzünü görmüşəm. Belə ki, anam yanvarda
dünyasını dəyişib. Qarlı-şaxtalı
gündə onu rayon mərkəzindən kəndimizə -
Qubadan Rustova hansı çətinliklərlə
apardığımızı xatırlayanda indi də
bütün vücudum titrəyir. Güclü qar
yağdığından anamı kəndə xizəklə
aparmalı olduq. Onda çox sarsıldım. “Qara qar” adlı əsərimi
də həmin motivlər əsasında qələmə
almışam. Bu hadisədən 26 il sonra 20 Yanvar faciəsinin
şahidi oldum. Bu hadisənin də yanvarda baş verməsi necə deyərlər, mənim
gözümdən tamam saldı. Odur ki, hər il yanvar gələndə
daxili sarsıntı keçirir, bu ayın tez gəlib
keçməsini istəyirəm.
- Amma, nə qədər
çətin olsa da, 20 Yanvarın dəhşətləri ilə
yaşananları isti-isti qələmə alan və “Şəhidlər”
adlı sanballı bir kitab ortaya qoyan ilk dəfə siz oldunuz? Əsəri
yazarkən unutduğunuz, yaxud yaza bilmədiyiniz nüanslar
olubmu?
- Unutduğum yox,
yadımda olan, lakin yaza bilmədiyim məqamlar çox olub. O
da kitabın çap olunmamaq təhlükəsindən irəli
gəlib. Odur ki, bəzi şeylərdən keçməli
olmuşam. Məsələn, mənə deyirdilər ki,
insanlara güllələrin qurşaqdan aşağı dəydiyini
yaz. Çünki bu cinayəti törədənlər öz əməllərini
ört-basdır etmək üçün aləmə car
çəkirdilər ki, biz, sadəcə, xəbərdarlıq
atəşi açmışıq. Belə atəşlər
də aşağıdan açılır, yəni
öldürmək üçün atılmır. Halbuki,
güllələrin, demək olar ki, hamısı şəhid
olmuş insanların qurşaqdan yuxarı əzalarına
sancılmışdı. Mən də yazırdım ki,
ayağından dəyən güllə başından
çıxıb.
- O zaman şəhərdə
komendant saatı hökm sürürdü. Şəhər rus
əsgərləri ilə dolu idi... Yanvarın 20-dən sonra
30 nəfərdən çox insan da şəhid oldu. Rafiq Səməndər
də şəhid ola bilərdimi?
- Az qala olmuşdum. Səhər
tezdən, təxminən, saat 6-7 radələrində
Hövsana bir şəhid ailəsi ilə görüşə
gedərkən postların birində üzlərindən zəhirmar
yağan 3 sərxoş rus əsgəri məni saxladı. İdarə
etdiyim maşının pəncərəsinin şüşəsini
aralayıb jurnalist, eləcə də komendan saatı ilə
bağlı mənə verilmiş xüsusi vəsiqəmi
onlara təqdim etdim. Sərxoş əsgərlərdən biri
həmin sənədləri hirslə əlimdən vurub yerə
saldı. Dedim, daha bunların əlindən salamat
çıxa bilmərəm. İstədim maşını
sürüb aradan çıxam. Mən bu düşüncələrdə
ikən onlardan biri maşının baqajını
açmağı tələb etdi. Orada bir neçə
şüşə pivə butulkasını görən kimi
elə bil dünyanı onlara bağışladılar...
“Mən
sözümü “Şəhidlər”lə demişəm”
- Rafiq müəllim,
şəhid ailələri ilə görüşərkən
onların dediklərini dəftərçənizə qeyd
etdiyinizi dəfələrlə söyləmisiniz. Nə vaxtsa
20 Yanvarla bağlı muzey təşkil olunarsa, həmin dəftərçənizi
muzeyə verməyi düşünürsünüzmü?
- Niyə vermirəm
ki? O günlərdə bir gündə 10-15 şəhid ailəsi
ilə görüşürdüm. Görüşlər
zamanı onların hər birinin dediklərini dəftərçəmə
özümün başa düşəcəyi, daha
doğrusu, heroqlif şəklində yazırdım. O dəftərçədə
şəhidlərin son cümlələri də var. Televiziya əməkdaşı
olduğum üçün məndə vizual yaddaş
güclüdür. O işarələrə baxanda həmin
cümlələri deyən adam gözümün
qabağında canlanırdı və mən onunla yenidən
söhbətləşirmiş kimi dediklərini
başlayırdım yazmağa. İndi onları heç oxuya
bilmərəm.
- Yeri gəlmişkən,
sizin kitabınızda verilmiş şəhidlərin şəkilləri
Şəhidlər Xiyabanında şəhidlərin məzarları
üzərindəki şəkillərlə eynidir...
- Elədir... Həmin
şəkilləri evlərdən bir-bir mən
toplamışam. Belə şəkilləri mətbuata
çıxarmaq üçün onlara retuş vurulmalı
idi. O zaman “Azərnəşr”də çalışan Koqan
adlı çox qabiliyyətli rituşçu bu işdə mənə
yardımçı oldu. Zənnimcə, muzey üçün
həmin şəkillər daha yaxşı eksponat olardı. Təəssüf
ki, həmin şəkillər artıq məndə yoxdur. Belə
ki, tanışlarımdan biri C. Cabbarlı adına kinostudiyada
şəhidlərlə bağlı sənədli film çəkərkən
onları istədi və mən də verdim. Sonradan onun rəhmətə
getməsi xəbərini aldım. Lakin ona verdiyim həmin
şəkilləri sonradan tapa bilmədim. Onların bu şəkildə
yoxa çıxması, sözün düzü, mənə
çox pis təsir etdi.
- Sizin “Şəhidlər”dən
sonra şəhidlərlə bağlı neçə-neçə
kitab yazıldı. Amma onlardan heç biri sizin kitabı
kölgədə qoya bilmədi.
- Bilirsən, sonradan
çox şeyi başladılar bədiiləşdirməyə...
Mənim yazdıqlarım isə olduğu kimi idi. İsti-isti.
Gedirdim şəhidlərin valideynlərinin,
yaxınlarının yanına. Biri deyirdi ki, oğlum işdən
çıxıb axşam evə qayıdarkən heç bir
səbəb olmadan yolda vurulub, biri deyirdi küçəyə
çıxanda öldürülüb. Bax, əsl cinayət
bu idi. Yəni heç bir səbəb olmadan onları
öldürüblər. Sonradan isə yazıçılar,
jurnalistlər başladılar hadisələri fetişləşdirməyə...
Amma Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması və
Sabir Əhmədovun “Meydan” romanı dəyərli əsərlərdir.
Lakin dünya miqyasına çıxa biləcək iri həcmli
əsərlər yazılmadı. Bir də belə hadisələri
yazmaq üçün zamana ehtiyac var. 20 il tarix
üçün 20 saniyədir. İnanıram ki, belə əsərlər
yazılacaq. Mənim yazdığım kitab yazılacaq həmin
əsərlər üçün ilk mənbə rolunu oynayacaq.
- Siz “Şəhidlər”dən
başqa, bu mövzuda yeni bir əsər yazdınızmı?
- Heç nə
yazmamışam. Mən bu
ağrı ilə bağlı sözümü “Şəhidlər”də
demişəm.
- Yeri gəlmişkən,
“Şəhidlər” başqa dillərə tərcümə
olunubmu?
- O illərdə kitab
rus, ingilis dillərinə tərcümə olunmuşdu. Lakin
sonradan, nədənsə, bu məsələ unuduldu. O vaxtdan
20 il keçməsinə baxmayaraq, hələ də onlar kitab
halında ortada yoxdur.
“O,
təkcə mənim kitabım deyil ki...”
- Səhv etmiriksə,
həmin kitab latın qrafikalı əlifba ilə çap
olunmayıb. Bunun səbəbi nədir?
- Bilmirəm. Hər
halda, maddi imkanım olsaydı, onu latın qrafikalı əlifba
ilə də çap etdirərdim. Bir də “Şəhidlər”
tək mənim kitabım deyil ki... Amma bir şeylə təsəlli
tapıram ki, üzərimə düşən işi
görmüşəm. Bunun müqabilində nəsə
umduğum da olmayıb.
- Onda belə
çıxır ki, yeni nəsil sizin kitabınızdan xəbərsizdir...
Niyə bununla bağlı etirazınızı bildirməmisiniz?
- Yenə deyirəm, mən
öz vətəndaşlıq borcumu yerinə yetirmişəm
və bacardığımı ortaya qoymuşam.
- Həmin kitabdan
qalıbmı?
- Cəmi iki nüsxə...
Həmin kitabın ilk nüsxəsini özümə
bağışlamışam: “Rafiq Səməndərə
Rafiq Səməndərdən yadigar. İlk nüsxəni sənə
bağışlayıram. Və arzu edirəm, Rafiq Səməndər,
bir də belə kitablar yazmayasan”. Sonradan Allahşükür
Paşazadənin müsəlman ölkələrində
yayılmaq üçün çap etdirdiyi qalın
üzlü 500 nüsxəsindən birini özümdə
saxlamışam.
- Rafiq müəllim,
həmin kitabın ərsəyə gəlməsində kimlər
sizə daha çox dəstək olublar?
- Bu işdə rəhmətlik
xalq şairimiz Bəxtiyar Vahabzadə mənə daha çox
mənəvi dəstək verib. Belə ki, hər gün əldə
etdiyim materiallarla axşamlar onlara gedir və gördüklərim
barədə ona məlumat verirdim. Həmçinin, kitabı
yazdıqca hissə-hissə ona təqdim edirdim. Elə kitaba
ön sözü də o yazıb.
- Rafiq müəllim,
sizin fikrinizcə, 20 yanvar bizim hüzn
günümüzdür, yoxsa qürur günümüz?
- 20 Yanvar bizim milli qəhrəmanlıq
günümüzdür. 20 Yanvarda
sanki bütün xalq ayıldı. Millət birləşdi. Bir sözlə,
20 Yanvar bizi yaxşı mənada tamam dəyişdi. Özü də bircə gecənin içində... Ən böyük qazancımız
müstəqillik oldu.
Burada Ömər Faiq Nemanzadənin bir fikrini də xatırlatmaq istərdim.
O, yazırdı ki, azad yaşamaq istəyirsinizsə, cavanları
qurban vermək lazımdır. Azadlıq elə bir şey deyil ki, onu bazardan
alıb gətirəsən.
Dübarə qurban verməlisən.
O cavanlar üçün
isə ağlamaq lazım deyil.
- Şəhidlər
xiyabanına yolunuz düşəndə ən
çox hansı məzarın qarşısında dayanırsınız?
- Bacardığım
qədər Şəhidlər
xiyabanına girməməyə
çalışıram. Ora gedəndə
də xiyabanın aşağı hissəsindən
keçirəm. Bilirsinizmi niyə?
Bir fakt deyim: axı mən ağzından güllələnmiş və
dişlərini yerdən
yığdığım Səxavətin
məzar daşından
boylanan gözlərinə
necə baxım? Siz onlara şəkil, rəsm kimi baxırsınız. Mən onlara
baxanda o günlər yadıma düşür.
Axı mən onların meyitlərini görənlərdən,
onlar üçün
məzar qazılarkən
ilk bel vuranlardan biri olmuşam. Odur ki, 20 ildə bəlkə 2 və ya 3 dəfə getmişəm. Son illər isə, ümumiyyətlə, ora getməmişəm.
QVAMİ
MƏHƏBBƏTOĞLU
Zaman.-
2010.- 19-20 yanvar.-S. 10.