Makedoniyalı İsgəndər (2)

 

Eramızdan əvvəl, 334-cü ildə İsgəndər makedoniyalılardan, frakiyalılardan, illiriyalılardan təşkil edilən 30-40 min nəfərlik ordu ilə Abidos şəhərinə gəldi. Burada, o bir vaxtlar Axilleyə aid olduğu ehtimal edilən qalxanı özü ilə götürdü. Eyni zamanda İsgəndər əsasən yunanlardan təşkil edilən, İran çarı ilə mübarizə üçün yığılan və yaxşı hazırlığa malik olan ordunu özü üçün böyük təhlükə hesab edirdi. Ona görə də o, Makedoniya ilə əlaqənin kəsilməsindən və yunanların silahlarını özünə qarşı çevirəcəyindən ehtiyat edərək, İran çarını Hellespontdakı Qranik çayı ətrafında qarşılamaq qərarına gəldi.

Yunan sərkərdələri də döyüşün məhz Qranik çayı ətrafında keçirilməsində israrlı idilər. Döyüş olduqca qızğın keçdi və savaşın taleyini atlılar (süvarilər) həll etdilər. Bu döyüşdə İsgəndər qələbə çaldı və iranlılar məğlub oldular. Qələbə İsgəndərin Kiçik Asiyaya yolunu açdı. İsgəndər bu dəfə Lidiya üzərinə yürüş etdi. Lidiyanın paytaxtı Sardı şəhəri döyüşsüz İsgəndərə təslim oldu. Bunun ardınca digər şəhərlər, o cümlədən Eoliya və İonniya da Sardı şəhərindən nümunə götürərək, döyüşə girmədən İsgəndərin hakimiyyətini qəbul etdiklərini bildirdilər. Yalnız Milet şəhəri bir müddət İsgəndərə müqavimət göstərdi, ancaq sonda o da ağ bayraq qaldırmağa məcbur oldu. İsgəndərə ən güclü müqaviməti Qalikarnas şəhəri göstərdi. Onun döyüşçüləri çox çətinliklə Qalikarnası ələ keçirə bildilər. Amma hətta bundan sonra da şəhər bir müddət İsgəndərə müqavimət göstərməkdə davam etdi.

 

Kiçik Asiya ələ keçirilir

 

Eramızdan əvvəl, 333-cü ildə İsgəndər bütün Kiçik Asiyanı işğal etdi. Həmin ilin noyabr ayında İsgəndər İss çayı yaxınlığında İran ordusuna daha bir ağır zərbə vurdu. Bu qələbədən sonra Kiçik Asiyanın Aralıq dənizi sahillərindəki bütün şəhərlər İsgəndərin nəzarəti altına keçdi. İsgəndər yürüşlərini davam etdirərək e.ə. 332-331-ci illərdə Misiri döyüşsüz ələ keçirdi. 331-ci ilin yazında Qavqamel ətrafında baş verən döyüşdə III Daranın qoşunları darmadağın edildi və bu döyüş Əhəmənilər imperiyasının süqutu ilə nəticələndi. Dara döyüş meydanından zorla qaçıb canını qurtara bildi. İsgəndərin qoşunları isə yürüşü davam etdirərək, Babil və Suz şəhərlərini ələ keçirdilər. Əhəmənilərin paytaxtı Persopol isə döyüşsüz təslim oldu. Bu arada Baktriya canişini Bess III Daranı öldürərək özünü Əhəməni çarı elan etdi. O, buna görə İsgəndərdən yardım alacağını gözləyirdi. Lakin İsgəndər Bessi də öldürərək, Əhəməni imperiyasının varlığına birdəfəlik son qoydu. Yürüşləri davam etdirən İsgəndər Qafqazı, Orta Asiyanı və Hindistanı da ələ keçirdi. Eramızdan əvvəl, 326-cı ildə İsgəndərin Şərqə 10 il davam edən yürüşləri başa çatdı. Artıq İsgəndər Balkanlardan Qafqaza, Orta Asiyaya və Hindistana qədər uzanan böyük bir ərazini ələ keçirmiş və qüdrətli bir imperiya qurmuşdu.

 

İsgəndər qisas almağa başlayır

 

Amma bir-birinin ardınca qazandığı qələbələr və faktiki olaraq dünya ağasına çevrilməsi İsgəndərdə müəyyən dəyişikliklərə səbəb olmuşdu. O, ətrafındakılara şübhə ilə yanaşır və addımbaşı ən yaxın tərəfdarlarında belə, özünə qarşı xəyanət izləri axtarırdı. Belə bir vəziyyətdə onun yaxınları İsgəndərin əsassız qəzəbinə tuş gələrək öldürüləcəklərindən ehtiyat etməyə və çıxış yolları axtarmağa başladılar. Bu arada İsgəndərə məlum oldu ki, ən inanılmış sərkərdələrindən birinin, Parmenionun oğlu Filat ona qarşı sui-qəsd hazırlayır. İsgəndərin göstərişi ilə Filat və onun tərəfdarları ələ keçirilərək edam edildilər. Sonra İsgəndərin gizli göstərişi ilə Parmenionun köməkçisi Kleandr onu öldürdü. İsgəndərin özünün ən yaxın adamına belə bir cəza verməsi isə ətrafındakıların ona olan inamını daha da azaltdı. Amma iş bununla bitmədi. Orta Asiyanın ən böyük şəhərlərindən olan Marakandanı (indiki Səmərqənd) işğal edəndən sonra içib keflənən İsgəndər ən yaxın dostu və cəsur sərkərdə kimi tanınan Klitlə mübahisəyə girdi. Bu mübahisə İsgəndərin Kliti öldürməsi ilə nəticələndi. İsgəndər ən yaxın dostunu öldürməsindən peşman oldu. Lakin o, Kliti öldürməsinə guya onun özünə qarşı sui-qəsd hazırlaması ilə haqq qazandırmağa çalışdı.

 

Farslarla İşbirliyi

 

Artıq bütün dünyanı ələ keçirdiyinə əmin olan İsgəndər İran şahlarına xas olan təntənəli bir mərasim keçirmək fikrinə düşdü. Əslində bu mərasim farslarda imperatorun özünü Allah elan etməsi anlamına gəlirdi. Bu isə İsgəndərin ətrafındakılar, o cümlədən İsgəndəri addımbaşı tərifləyən Kallisfen tərəfindən belə etirazlarla qarşılandı. Kallisfen mərasimdə İsgəndərə Allah kimi sitayiş etməkdən imtina etdi. Kallisfen bunu özünün və ellinli ləyaqətinin alçaldılması kimi qəbul etdiyini və yolverilməzliyini açıq şəkildə bildirdi. Kallisfenin bu hərəkəti makedoniyalılar tərəfindən şən gülüşlərlə qarşılandı. İsgəndər isə Kallisfeni bağışlamaq niyyətində deyildi. Amma o bunu büruzə vermədi və Kallisfenlə əvvəlki kimi xoş davranmaqda davam etdi. Az sonra İsgəndər Kallisfeni saray çevrilişi hazırlamaqda günahlandıraraq edam etdirdi. Eyni zamanda xəyanətdən ehtiyatlanan İsgəndər eramızdan əvvəl, 326-324-cü illərdə işğal etdiyi ərazilərin  canişinlərinin böyük əksəriyyətini yeniləri ilə əvəz etdi. Onların 6-nı isə edam etdirdi. Bundan əlavə, İsgəndər şübhələndiyi  3 hərbi komandanı da ölümə göndərdi. Onların arasında Kleandrın qardaşı Kena da vardı. E.ə. 324-cü ildə İsgəndər Suza şəhərinə gəldi. Burada məlum oldu ki, xəzinədar Qarpal İsgəndərin qəzəbinə tuş gələcəyindən ehtiyat edərək, 6 min nəfər muzdlu ilə birgə xəzinənin bir hissəsini özü ilə götürərək, Yunanıstana qaçıb. Suzda İsgəndər makedoniyalılarla farsların bir millətə çevrilməsi anlamına gələn böyük  bir toy mərasimi keçirdi. O, 80 sərkərdəsini yerli əyanların qızları ilə evləndirdi. Özü isə yaxın adamı Qefestionla birgə III Daranın qızları Statirə və Dripetida ilə evləndi. Eyni zamanda İsgəndər farsların bir hissəsini ordusunda xidmətə götürdü. Onun bu hərəkətləri isə makedoniyalılar tərəfindən əsəbiliklə qarşılandı. 324-cü ildə İsgəndər Krater başda olmaqla veteran makedoniyalıları evlərinə göndərməyi qərara aldı. Onun bu qərarı makedoniyalılar tərəfindən açıq üsyana səbəb oldu. Amma İsgəndər farsların köməyi ilə bu üsyanı yatırdı. Bunun ardınca minlərlə makedoniyalı hərbçi vətənə qayıtmağa başladı. İsgəndər həmçinin bir vaxtlar ona tabe olmayaraq, qaçıb dağlarda gizlənənləri də bağışladığını bəyan etdi. Bununla əlaqədar 324-cü ildə İsgəndər verdiyi fərmanla onları bağışladığını bildirdi.

 

 

Zaman.- 2010.- 22 yanvar.- S.15.