“Özümdən
asılı deyil, coşuram, sonra da mənə baha başa gəlir”
Üz-üzə oturub söhbətə başlayana qədər
bu müsahibə üçün yazacağım giriş
artıq fikrimdə şəkillənmişdi. Çox səmimi, özü də fərqli
bir təqdimat yazmaq istəyirdim qonağımıza. Amma
söhbətin gedişində elə alındı ki, heç
gözləmədiyim halda qonaq özü-özünü təqdim
elədi:
Üz-üzə oturub söhbətə başlayana qədər
bu müsahibə üçün yazacağım giriş artıq
fikrimdə şəkillənmişdi.
Çox səmimi, özü də fərqli bir təqdimat
yazmaq istəyirdim qonağımıza. Amma söhbətin gedişində
elə alındı ki, heç gözləmədiyim halda
qonaq özü-özünü təqdim elədi:
1950-ci ildə Borçalıda dünyaya gəldim,
gözümü açanda başımın üstündə
saz dilləndi, ozanlar dilləndi.
Göz açıb anamın gözünü yaşlı,
dilini bayatılı gördüm, çünki onun
atasını 37-ci ildə sürgün eləmişdilər,
iki il sonra anası dünyadan
köçmüşdü, bir il sonra da qardaşı. Mən yetim bir ananın oğluyam və mənim
yetim anam dünyanın nə qədər bayatısı var,
kövrək havaları var, hamısını göz
yaşıynan hopdurdu mənim canıma. Mən
dərdin, qəmin içindən, çox zəngin folklor
yatağından doğuldum. Üç
böyük ozan - Saraclı, Əmrah və Kamandar mənim
başımın üstündə sazınan layla
çalıb. Mənim toyumda iki mağar
vardı, iki böyük ozan çalıb-oxuyurdu, bu tərəfdən
Aşıq Əmrah, o tərəfdən Aşıq Hüseyn
Saraclı. Mən belə bir zənginliklə
Azərbaycana gəldim. Kitabxanalarda
kitabları oxumamışdan əvvəl təbiəti oxudum,
dağları, dərələri, çəhlimləri, gədikləri,
yastanaları, yoxuşları oxuyub gəldim. Hara getdimsə, uğuruma yaxşı adamlar
çıxdı, üzümə qapılar
açıldı, kimin yanına getdim, məni bağrına
basdı. Təbii ki, çətinliklər
də gördüm, sıxıntılar da çəkdim, amma
sınmadım, əyilmədim, dönmədim, ürəyim də,
süfrəm də, qapım da millətə açıq
oldu. Ömrümü çox gözəl
yaşadım. Amma bu gözəl ömrün içində
çox böyük zülmlər də çəkdim, bəzən
peşman da oldum, “Nahaq endik o dağların başından” da
dedim.
Mən
palıddan, qayadan sərt idim, amma 60 yaşıma 50 kitabla gəldim,
rahat saatım, rahat vaxtım olmadı, illərim
sazın-sözün içində, yuxusuz gecələrdə
keçdi.
Bəli, Xalq şairi, Aşıqlar Birliyinin sədri,
sazınnan, sözünnən, üzünnən,
gözünnən, baxışınnan, duruşunnan, əyrisinnən,
düzünnən tanıyıb-sevdiyiniz Zəlimxan Yaqub. “Zaman-Azərbaycan”dan 7 nəfər biz
olduq, o oldu, biz soruşduq, o cavabladı.
-
Son dövrdə tez-tez xəstələndiyinizi eşitdik,
Allah şəfa versin! İndi necəsiniz?
-
Ürəyimdə də, böyrəyimdə də cərrahi
əməliyyatlar olub. Amma mənim ruhum çox
sağlam ruhdur, Mövlanadan, Yunusdan gələn ruhdur, ona
görə çox güclüdür. İndi
də gördüyünüz kimi qarşınızdayam, əhvalım
da yerində.
-
Gününüzü necə planlaşdırırsınız?
Nə zaman yatır, nə zaman qalxır, nə
zaman yazırsınız?
-
Mən heç vaxt həyatımı
planlaşdırmıram, onu Allah planlaşdırır, məndə
saat 9-6 kimi bir iş cədvəli də yoxdur, mənim sərbəstliyim
də cəmiyyətin içində fəal olmağımla
bağlıdır.
- Aşıqlar Birliyində nə var, nə yox?
-
Bir qədər əvvəl Aşıq Alının yubileyini
çox yüksək səviyyədə qeyd elədik. Bilirsiniz ki, Aşıq Alı Aşıq Ələsgərin
ustadıdır. Ələsgəri yad edib,
Alını unutmaq haqsızlıq olar. Aşıq
Alı, həqiqətən, ustaddır, böyük söz
ustasıdır.
-
Bir vaxtlar siz dövlət himnimizin mətninin yenilənməsi
təşəbbüsü ilə çıxış elədiniz.
İndi hansı fikirdəsiniz?
-
Yenə o fikirdəyəm. Mən türk, Azərbaycan
poeziyasını yaddaşında gəzdirən adamam. Dövlət himninin sözü ləngərli
olmalı, insanı silkələməlidir, oyatmalıdır.
Mən bu qənaətdəyəm ki, bizim
himnimizin sözləri çətindir, qəlizdir, vətəndaşlarımızın
əksəriyyəti o mətni tam anlaya bilmir, ona görə də
dəyişdirilməli, yenilənməlidir. Himn elə olmalıdır ki, uşaqdan böyüyə
hamını ayağa qaldırsın.
- Ədəbiyyatımızda sanki bir nəsil
qarşıdurması var, gənclər ağsaqqallara
qarşı üsyan edirlər.
-
Mən buna nəsil qarşıdurması deyə bilmərəm,
elə şey yoxdur, sadəcə olaraq, bir qrup adam
qarşıdırma yaratmaq istəyir. Gəncliyin
içində ədəbiyyatımıza gələn
sağlam qüvvələr var. Gənc şair və
yazıçıları oxuyuram. Hətta
bu yaxınlarda Cavid Zeynallının məni sevindirən bir
romanı haqqında çıxış eləmişəm.
Mən ona görə Zəlimxan Yaqub ola
bilmişəm ki, böyüklərdən qayğı
görmüşəm, indi də gəncliyə əlimdən
gələn yardımı əsirgəmirəm.
-
Siz ailədə necəsiniz, hökmlü, zabitəli kişi,
yoxsa?..
-
Məni burda necə görürsənsə, küçədə,
bazarda, kitabxanada, qəbiristanlıqda, harda necə
görürsənsə, evdə də eləyəm. Mövlananın dediyi “olduğun kimi görün,
göründüyün kimi ol” prinsipi mənim həyat pasportumdur.
Mən bu saat burda nəyəmsə, şair
olanda da, ozan olanda da, deputat olanda da həminkiyəm.
-
Yemək məsələsində necə, evə hər
gün bir sifariş verirsiniz, yaxsa Allah verəndən nə
olsa...
-
Allah verəndən yeyirəm, mənim üçün maddi
nemət yüzüncü dərəcəlidir. Mən
Mövlana, Əhməd Yəsəvi, Ələsgər tərbiyəsi
görmüş adamam. Mənimçün
qarnında nə aparmaq önəmli deyil, başında nə
aparmaq önəmlidir.
-
Ailədə neçə övlad olmusunuz, neçə
övladınız, neçə nəvəniz var?
-
Üç qardaş, iki bacı olmuşuq. İki
oğlum, iki qızım, altı nəvəm var.
- Nəvələrdən Zəlimxanı varmı?
- Ən kiçik nəvəmin adı Zəlimxandır,
2 yaşı var. Mənim haqqımda çəkilən filmdə
onu da göstərirlər, yerdə oturub, sazı da
qabağına qoyub dınqıldadır.
-
Yəqin ki, onu bir az daha çox
sevirsiniz...
-
Baxıb ögey kimi, baxıb yad kimi,
Balanın qəlbinə dəyə bilərmi?
Dörd
fəsil şairə dörd övlad kimi,-
“Hansını çox sevim?” deyə bilərmi? - mümkün deyil, balanın
hamısı baladır, ayrı-seçkilik qoymaq olmaz.
-
Sizin evdə pul məsələsinə kim
baxır?
-
Tam səmimiyyətlə deyirəm, elə şeylərə
fikir verən adam deyiləm, özümə
lazım olanı özümdə saxlayıram, ailəyə
lazım olanı da ailəyə verirəm. Mənim
üçün pul ancaq kağızdır, pulun heç bir əhəmiyyəti
yoxdur. Mənim dünyam ayrı
dünyadır.
- Televiziya sizin də yaralı
yerinizdir. Evdə ayrıca televizorunuz varmı,
yoxsa ailə ilə bir yerdəmi televizora baxırsınız,
ya hansısa proqramlara, seriallara yasaq qoymusunuz?
-
Bizim evdə yasaq söhbəti yoxdur, sadəcə,
otaqlarımız çoxdur, kim harda istəyirsə,
gedir orda televizora baxır, seriallara da çox nadir hallarda
baxıram. “Samanyolu”nda “Güz gülləri”
var, bircə ona baxıram, daha doğrusu, ona
bağlanmışam, qopa bilmirəm.
-
Telekanallardakı şou-proqramlarla bağlı ciddi gileyiniz
var, narazılığınız var. Niyə
kanallarımızın birində proqram aparmırsınız?
-
Yəqin xatırlayırsınız, “Speys”də “Dastanlardan gəlmişik”
adlı veriliş aparırdım. Xarakterim belədir,
özümdən asılı deyil, coşuram, daşıb
gedirəm, saçımdan dırnağıma qədər bədənimdə
damarlar səs-səsə verir. Həftədə
bir dəfə o verilişi aparırdım, sonra o veriliş məni
yıxdı, ürəyim parçalandı. Həkimlər dedilər ki, bu qədər enerji ilə
danışmaq olmaz, mən də səhhətimə görə
o verilişdən aralandım. İndi də
televiziyalardan çoxlu təkliflər gəlir ki, bir
veriliş aparım. Ürəyimə
görə dözə bilmirəm, çünki çox həyəcanlı
danışıram, o da mənə baha başa gəlir.
-
Zəlimxan Yaqubun nəzərində köhnə kişi anlayışının atributları nələrdir?
-
Köhnə kişi ağır oturan,
batman gələn, sözünün yerini bilən, ailədə
bütöv, cəmiyyətdə bütöv, sədaqətli,
səxavətli, təmkinli, zəhmli, zabitəli və ən
yüksək səviyyədə mədəniyyət sahibi...
-
Kişilər olub ki, xanımı adı ilə
çağırmağa həya ediblər,
çağıranda “ay Mustafanın qızı”, ya “ay filankəsin
qızı” deyiblər.
-
Bilirsinizmi bu nədir, həyadır, hörmətdir, ismətdir,
ata-anaya da, elə xanıma da ehtiramdır. Mən
xalqımızın bu tərəfini təqdir eləyirəm,
çox gözəldir. Bizim evdə də
mənzərə təxminən elədir.
- Tarixdə elə şairlər var
ki, nə zamansa bütün yazdıqlarından imtina ediblər,
ya da bircə misra, bircə beyt, bircə bənd yazıblar və
deyiblər ki, mən buyam. Zəlimxan Yaqub
bütün yazdıqlarını bircə misra ilə necə
ifadə edər?
-
Bircə misra ilə deyə bilərəm ki, Özüm
üçün yaşamadım, çox şükür.
-
Bir dəfə canlı yayımda ağladınız, çox
səmimi görünürdünüz o anda.
-
Türkiyədə 60 illiyim münasibətilə tədbirlər
keçirirdilər. Afyona
çağırmışdılar. Çox
ilhamlı bir görüş alındı. Sonra dedilər ki, nə arzun var, yerinə yetirək.
Dedim ki, şəhidlərlə bağlı bir gözəl
yerə aparın məni. Albay Rəşadın
qəbrini ziyarət eləməyə apardılar. Albay Rəşad Qurtuluş savaşının qəhrəmanlarındandır.
Atatürk ona əmr edir ki, bir saata
qarşıdakı təpə alınmasa, ölkənin vəziyyəti
çox çətin olacaq. 1 saat 15 dəqiqədən
sonra Rəşad Albay o təpələri alır. Deyirlər ki, Atatürk səni telefona
çağırır, tapançanı təpəsinə
sıxır ki, paşanın sözünü 15 dəqiqə
gecikdirmişəm. Atilladan, Metedən, Oğuz Xandan, Bilgə
Xaqandan, Alparslandan, Qanuni Süleymandan gələn ruhdur, gəldi
Albay Rəşadda özünü göstərdi.
-
Bir vaxt siyasətə də girdiniz, siyasətdən də
yazdınız. Ömrünüzün bir hissəsini
siyasətə verdiyinizə peşman deyilsiniz ki?
-
Peşman deyiləm, çünki siyasətin içində sənəti
qorudum, sənətin içində siyasəti.
-
Bu gün ədəbiyyatımızda yerlibazlıq varmı?
- Var. Özü də çox iyrənc səviyyədə,
xoşagəlməz səviyyədə, əttökən səviyyədə. Təəssüflər olsun!
- Bir vaxtlar hər kəsin
tanıdığı üç dost vardı: Bəxtiyar
Vahabzadə, Xudu Məmmədov, Nurəddin
Rzayev. Onların səmimiyyəti
haqda söhbətlər dolaşırdı. Zəlimxan Yaqubun elə dostları varmı?
-
Adlarını çəkdiyin ziyalıların hər
üçü ilə çox oturub-durmuşam. Haqqa qovuşanlara Allah rəhmət eləsin. Hər birinə çox hörmətim var. Amma
qeyri-təvazökar səslənsə də deyim ki, mənim
meydanım daha genişdir.
-
Hər sirrinizi bölüşdüyünüz, dərdinizi
söylədiyiniz, yaxın dostunuz, munisiniz varmı?
-
O da var. İstəsəniz, adını da çəkə
bilərəm.
-
Siz söhbətə hardan başlasanız, yenə gəlib təsəvvüfə
çıxırsınız.
-
Mən gözümü açandan Yunusun ilahilərini
eşitmişəm, onların içindən
çıxmış adamam. Lap körpəliyimdən
təsəvvüf ədəbiyyatı mənim
varlığıma hopub. Saz Zəlimxanın
ruhuna necə hopubsa, sazı necə çalırsa, təsəvvüf
ədəbiyyatı da canıma elə çöküb,
qanımdadır, nəfəsimdədir, ruhumdadır.
-
Məsələni bir az da dəqiqləşdirək.
Şəriət - Allahın əmri, Peyğəmbərimizin
buyruğu əsasında formalaşmış həyat
modelidir. Namaz qılmaq, oruc tutmaq, zəkat
vermək Allahın əmridir, yəni boynumuzun borcudur. Bəs sizin ibadətlə aranız necədir?
-
Yunus dədə deyir ki, Mənə namaz qılmaz deyən, Mən
qılıram namazımı, Qılar isəm, qılmaz isəm,
O Haqq bilir niyazımı.
Bəli, biz o şəriətin şərtlərinə əməl
etməliyik. Mən
Allah qarşısında içəridən əyilirəm,
bütün varlığımla əyilirəm və elə
bilirəm ki, bu da ibadətdir.
-
Mən cavabımı aldım. Yaxşı bəs
Zəlimxan Yaqubun günahları çoxdurmu?
-
Aldanmışam sərvətinə dünyanın,
Ömrüm, günüm yalan mənim, puç mənim.
Nahaq
yerə yaxasından yapışdım,
Taqsır mənim, günah mənim, suç mənim.
Heç günah eləməmək mələklərə
məxsusdur. Mən
mələk deyiləm, insanam, özü də həmişə
günahdan qorxmuşam, çalışmışam ki,
günahlarım azından olsun, çoxundan olmasın.
-
Ananızla tez-tez danışırsınızmı?
-
Anam mənim yanımdadır, mən ona olan sevgimi,
bağlılığımı sözlə ifadə etməyə
çətinlik çəkirəm. Şəhriyar
deyir ki, mən onun sayəsində boya-başa
çatmışam, onun sayəsində aləm
yaratmışam. Altmış
yaşımda əlli kitabım çıxıb, mən də
Şəhriyar kimi anamı bütün kitablarımın
müəllifi hesab edirəm.
- Elə düşünürəm
ki, bu millətin bir qızı, bir gəlini Zəlimxan Yaqub
haqqında artıq-əskik söz deyə bilməz, yəni o
təmiz adamdır. Siz necə bilirsiniz?
-
Heç vaxt. Ələsgər deyir ki,
yaxşı hörmətinən, təmiz adınan, Mən
dolandım bu Qafqazın elini. Pirə ata dedim, cavana
qardaş, Ana-bacı bildim qızı-gəlini.
Mən də həmin düşüncə ilə
yaşamışam.
-
Hamımız ölüb Haqqın divanına gedəcəyik,
hər kəs də öz əməllərinin hesabını
verəcək. 60 yaşlı Zəlimxanın hansı təsəlliləri var? Ordakı sorğu-sualda “mən də bunları eləmişəm”-
deyib hansı əməllərini sayacaq?
-
Nəcib Fazil Qısakürək deyir:
Qapı,
qapı, bu yolun son qapısı ölümsə,
Hər qapıda ağlayıb o qapıda gülümsə.
Mənim təsəllim odur ki, dillər əzbəri
olan, yaddaşlara köçən əsərlər, kitablar
qoyub gedəcəm, səsimi, sazımı qoyub gedəcəm,
öləndə rahat öləcəm, asanca can verəcəm,
quş kimi uçub, mələk kimi gedəcəm. Prezidentlə də, nazirlə də,
süpürgəçiylə də, dərvişlə də
eyni səmimiyyətlə, eyni tonda danışmışam.
Heç kəsin yanında gözüm kölgəli
deyil.
-
Bu gün bizdə hələ də regional bölgü,
regional düşüncə, regional əyləncə, qabiliyyətlər
var. Bir nəfər deyir ki, milləti bütöv hala gətirmək,
həqiqi mənada birləşdirmək üçün gərək
qarabağlıdan muğamını alasan, bakılıdan
meyxanasını, qazaxlıdan sazını... Yəni
hamısını bir müstəviyə daşıyasan.
Siz nə deyirsiniz?
-
Mən bu fikrə cəfəngiyat deyirəm. Bu
gün Zəlimxanı tanıdan sazdan gələn, qopuzdan gələn,
oğuz ellərindən gələn nəfəsidir. Sən onu mənim əlimdən alırsansa, demək
bütün dünyanı alırsan. Nəyimə
lazımdır o dünya ki, orda qopuz yox, saz yox, Dədə
Qorqud yox, Qazi Bürhanəddin yox, Cahan Şah Həqiqi yox...
-
Türk xalqlarının hamısının sazı var, amma bu
sazlar bir qədər fərqlidir, əslində ən yaxın
olanların sazları da çox oxşardır. Bəlkə Türk Saz Şöləni kimi bir ənənə
başladasınız. Hər türk də öz
sazı ilə gəlsin, qazax da, özbək də, tatar da,
Anadolu türkü də, bizimki də... Mən əminəm
ki, bu təşəbbüs hər cür diplomatik, rəsmi əlaqədən
daha çox fayda verər.
-
Mən bu istiqamətdə çox düşünürəm.
Bu il mənim planımda Yunus Əmrə
günü keçirmək var. Saz bizim birliyimizdir. Sizin dediyinizdən yüz dəfə artıq
düşünür, götür-qoy edirəm. Əlbəttə, çox gözəl olar, amma hər
şeyin başı gəlib maddi məsələyə
dayanır. Maddi problem olmasa,
hamısını eləyərəm, yəni
ayağımızı yorğanımıza görə uzatmağa
məcburuq.
-
Bir vaxtlar şairlər Azərbaycanda rahat yaşayan adamlar idi,
amma son dövrdə bu mənzərə heç də
yaxşı deyil. Bəlkə xeyriyyə fondu
kimi bir şey yaradasınız, imkansızlara, həqiqi
söz xidmətçilərinə yardım
üçün?
- Şairin rahat yaşayanı yoxdur, şair rahat
yaşamaz, rahat yaşayan şair deyil. Çox təəssüf edirəm ki,
indiki dövr ziyalılar arasında ünsiyyəti
qırıb. Amma mən özümə
bir çıxış yolu tapmışam. Ayda bir, iki ayda bir iyirmi-otuz nəfər gənc
şairi yığıram evə, gözəl könül
söhbətləri edirik. Şəmslə Mövlana bir
yerə gəlməsəydi, o böyük “Məsnəvi”
yaranardımı?- Yaranmazdı. Doğru deyirsiniz, bu gün şairlərlə
bağlı həyəcan təbili
çalınmalıdır. Gənc
şairlərə diqqət, ağsaqqallara qayğı
göstərilməlidir. Arada
söz-söhbət olmamalıdır, o söz-söhbətlərin
əksəriyyəti maddi problemlərlə
bağlıdır. Hər dəfə
televiziyaya çıxanda deyirəm ki, Zəlimxanı
çağırma, gənc şairləri çağır.
İmkanım olsaydı, gənc şairlərlə
bağlı ürəyimdən çox arzular keçir.
- Aşıq Hüseyn Saraclı yaddaşınızda
necə qalıb?
-
Saraclı mənim nəzərimdə enli kürəkli,
hündür boylu, buxara papaqlı, eşmə
bığlı, çopur sifətli, Dədə Qorqudun
canlı variantı, içi də əsl ozan ruhu. Məni Zəlimxan edən qüvvələrdən
biri də elə həmin Aşıq Hüseynin içi olub,
içi. 12 yaşı olanda onun
atasını kəndin içində, gözünün qabağında
güllələyiblər. Həmişə
deyirdi ki, mən aşıqlığı dəmdən yox, qəmdən
tapmışam.
- İnşallah, bir neçə ildən sonra Bakıdan
qatara əyləşəcəyik, Borçalının
içindən keçib İstanbula gedəcəyik. Nə düşünürsünüz bu
haqda?
-
Mən açığı sizə deyim ki, bu günə
çox şükür eləyirəm. Borçalıda
doğulmuşam, bir zamanlar biz orda “Türkiyə” deyə
bilmirdik, adamın dilini boynunun ardından
çıxarardılar, “o üz” deyirdik. Böyüklərimiz
belə deyirdilər: Qars ayaz, Bura gündür, Qars ayaz, Qələm
qurbanın olum, Qismətimi Qarsa yaz. Amma mən gedib o yerləri
gəzəndə belə yazdım: Qars ayazdı, Bura gün,
Qars ayazdı, Qələmə qurban olum, Qisməti Qarsa
yazdı.
-
Son dövrlərdə ərəb Şərqində çox
ciddi proseslər gedir. Sistemlər dağılır, 30-40 illik
səltənətlər devrilir, amma bütün bunların
fonunda sabit, qətiyyətli və dünya siyasətinə
yön verməyə çalışan bir Türkiyə var.
Siyasətçi olmasa da, bir türk kimi Zəlimxan Yaqub bu
haqda nə düşünür?
-
Mənə belə gəlir ki, o ölkələrdə
çox iyrənc oyunlar gedir. Şərqə
qarşı hücumdur, ortada neft alveri var, neftin üstündədir
hər şey. Amma Türkiyə ilə
zarafat eləyə bilməzlər. Türkiyə
o ölkələrin heç biri deyil, Türkiyədir. Türkiyə yer üzündə yaşayan
bütün türklərin görən gözüdür,
vuran əlidir. Yüz dənə Amerika
olsa da, Türkiyənin həndəvərinə dolana bilməz.
-
Bu qədər şeiri yaddaşınızda necə saxlaya
bilirsiniz?
-
Çox şeirləri bircə dəfə oxumaqla əzbər
bilirəm. Hafizəni qorumaq üçün
xalqın içində olmalısan. Bir də, gərək
adamın içərisi təmiz ola,
içəridə xılt varsa, təmiz deyilsə, yaddaş
olmur. Hər gün gərək yaddaşı
işlədəsən, yeniləyəsən. Çox şairlər var ki, onların
kitabını mənim yaddaşımdan alıb, çap eləyə
bilərsiniz.
-
Bir şeirinizdə Allaha yalvarış kimi deyirsiniz: Məni
bu dünyada saz yaşat, Allah. Necə başa
düşək bu istəyi?
-
Yəni ömrümün sonuna qədər urvatlı,
doğru-düzgün yaşamağı qismət elə, bu
gün xalqın gözünün qabağında hansı Zəlimxanamsa,
öləndə də məni torpağa o cür apar, əzalarımın
hərəsi bir tərəfə qaçmasın. Ömrünü Allahın buyurduğu kimi
yaşayanların ölümü toy-bayram olur. Diqqət yetirsəniz, görərsiniz ki,
Mövlananın, Yunusun ölümə baxışı tam fərqlidir,
onlar ölümdən qorxmurlar, sanki ən gözəl səfər
kimi baxırlar ölüm yolçuluğuna. Mən ömrün də, ölümün də eləsini
diləyirəm Allahdan.
-
Allahdan daha nə istəyirsiniz?
-
Allahdan dilədiyim odur ki, insanlar xoşbəxt olsunlar, ədalətli
olsunlar, bir-birini sevsinlər. İnsanlar
Allahın məmnunluğunu qazanmaq üçün bir-birini
sevərlərsə, Allah da onları sevər. Əsl sevgi dediyin də elə budur, yəni
Allahı məmnun etmək üçün sevmək.
-
Son dövrlərdə nə yazırsınız?
-
Bu günlər saçımdan dırnağıma qədər
Mövlana içərisindəyəm, işığın
içərisindəyəm. Mövlana ilə
Şəms xəlvətə çəkilən kimi, mən də
bir xəlvətə çəkildim və oradan bir əsərlə
çıxdım, adı da “Mövlana
işığında”. Bütün
duyğularımı, istəklərimi, düşüncələrimi
ifadə eləmişəm orda. İnşallah,
gözəl bir əsər meydana gəlib.
Orda
bir yer var: Nə ordu, nə silah, nə bir qəhrəman,
Sözün gücü qədər sərhədlər
aşmır. Dünyanın işləri çətin
olacaq, Dünya nə qədər ki, Mövlanalaşmır.
Bu gün dünyada, lap Amerikada belə
ən çox oxunan Mövlanadır. Mənim
Allahdan istədiyim odur ki, bütün dünya Mövlana yoluna
gəlsin, Yunus yoluna gəlsin, halallığa gəlsin,
durulsun, paklığa gəlsin.
-
Aradabir oxumağınız da var...
-
Özü də kefin istəyən. Bütün havaları
bir-birindən gözəl oxuyuram, xüsusən köhnə,
qədim havaları, çünki biz Borçalıda
doğulmuşuq, təzyiq görmüşük, dirsək
görmüşük, dil içində dil
yaşatmışıq, din içində din
yaşatmışıq, ona görə də mənim
oxuduğum havalar həmişə qəm üstündədir.
-
Toylarda oynayırsınızmı?
-
Mən möhkəm oynayanam. Heyvagülü, tərəkəmə
oynamağı xoşlayıram, köhnə kişilər necə
oynayır, elə oynayıram, ağır-ağır. Oynayanda da gərək elə oynayasan ki, adamın
özünə ləzzət eləyə,
sındıra-sındıra oynayanda elə bil daşlar, qayalar
sınır.
-
Hüseyn Ariflə dost olmusunuz. O dostluqdan danışın.
-
Allah ona rəhmət eləsin, məni çox istəyib, həmişə
qayğı göstərib. Müəllim-şagird,
böyük-kiçik kimi aramızda həmişə xətir-hörmət
olub. 30 il əvvəl mənə
yazıb ki, sənə inanıram bir övlad kimi. Bizim münasibətlərimizlə bağlı
çoxlu lətifələr də var.
-
Bu gün Hüseyn Arifin şairliyindən çox, insani tərəflərindən
danışılır. Bəs Zəlimxan Yaqub
şairlikdən başqa, hansı tərəfləri ilə
yadda qalacaq?
-
Güclü səmimiyyətiylə, böyük ürəyi
ilə, içərisində gəzdirdiyi işıqla,
qarşıdakı insanları özündən böyük
görməklə, ailə səmimiyyəti ilə, camaata
qaynayıb-qarışmağı ilə, hər yerdə xatirələri
olan bir insan kimi yaşayacaq.
-
Sizi parodiya edirlər, buna münasibətiniz necədir?
-
Çox yaxşıdır, lap xoşuma da gəlir. Amma mənim səsim elə səsdir ki,
dünyanın harasında olsa, o saat deyirlər ki, bu, Zəlimxanın
səsidir. Heç kəs mənim səsimi
çıxara bilməz.
-
Jurnalistlər bir az da ağacdələn
kimi olurlar.
- (Gülür). İnşallah, məndən qurd tapa bilməzsiniz.
Qurd qaranlıqda olur, çürük yerdə
olur. Məndə qaranlıq yoxdur,
çürük yoxdur, necə görürsünüz, eləcə
də varam.
Son zamanlar Qarabağ haqqında az yazılır.
-
Qarabağla bağlı hər gün, özü də
çox kəskin yazılmalıdır. Bu
mövzunu kənara qoymaq olmaz, Qarabağ bizim qanayan
yaramızdır. Bu məsələ hər
birimizin vətəndaşlıq borcudur.
-
Necə düşünürsünüz, sizi niyə çox
sevirlər, bəlkə döyəydilər, söyəydilər...
-
Bütün ömrüm boyu işıq kimi yaşadım,
heç kimin qəlbinə toxunmadım, hamıya xeyir
arzuladım, insanları sevdim, bu sevgi də
qarşılıqlı oldu. Camaat məni sevməsəydi,
mən Zəlimxan olmazdım.
-
Yəni bu yaşa qədər kimsə ilə
dalaşmamısınız? Heç qonşu ilə
söz atışmanız da olmayıb?
-
61 yaşım var, nə bir dəfə davaya
düşmüşəm, nə dava görmüşəm, nə
də kiminsə kiməsə söydüyünü
eşitmişəm. Elə bil, Allah-Təala məni
bir tərəfdə tutub, təmiz tərəfdə
saxlayıb ki, gələcəkdə söz adamı olum.
-
Yəni heç dilinizdən söyüş də
çıxmayıb?
-
Hərdən çox əsəbiləşəndə
“köpəyoğlu” deyirəm.
-
Çox sağ olun ki, dəvətimizi qəbul
edib gəldiniz və bizimlə söhbətdə səmimi
oldunuz.
-
Siz sağ olun, sevgilər də, dualar da
qarşılıqlıdır.
Zaman.- 2011.- 2-4 aprel.- S. 4-5.