“Abşerona
güclü enerji toplanıb”
Dünən
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun
Elmi Şurasının toplantısı keçirildi. Tədbirdə
“Yaponiya zəlzələsi. Azərbaycanın geodinamik problemləri”
mövzusunda məruzələr dinlənildi. İclasda
çıxış edən Geologiya İnstitutunun Geodinamika və
seysmologiya şöbəsinin rəhbəri, professor Fəxrəddin
Qədirov dedi ki, mart ayının əvvəlindən Salyandan
Hacıqabula qədər olan ərazilərdə torpaq
qırılmaları baş verib. Nəticədə ərazinin
Xəzər dənizinə baxan hissəsi 5-10 santimetr
aşağı düşüb.
Fəxrəddin
Qədirov qeyd etdi ki, bəzi yerlərdə kiçik
palçıq vulkanları da peyda olub. Onun sözlərinə
görə, bunlar Hacıqabulda 3.5, 3.6, 3.2 maqnitudalı zəlzələlərin
olmasına gətirib çıxarıb. Direktor müavini
torpaqda yarılma hadisəsinin Abşerona tərəf hərəkət
edə biləcəyini də söyləyib. Professorun sözlərinə
görə, araşdırmalar göstərir ki, Bakı,
Şıxlar, Xıdırlı, Salyan nöqtələri bir
istiqamətə hərəkət edir, digər hissələr
isə başqa istiqamətə. Onun sözlərinə
görə, qırılmaların nəticəsi olaraq
Abşeronda torpaq dartınmaları da baş verir. Fəxrəddin
müəllim hesab edir ki, bu proseslərin nəticəsi olaraq,
Bakıda, Abşeron yarımadasında Yaponiyadakı kimi
güclü zəlzələnin baş verməsi gözlənilmir:
“Zəlzələ ola bilər, amma Yaponiyadakı kimi dəhşətli
yox”.
“Xəzər
dənizinin Azərbaycana aid hissəsində güclü sunami
təhlükəsi yoxdur”. Bu sözləri isə Coğrafiya
İnstitutunun direktor müavini Ramiz Məmmədov dedi. R. Məmmədov
hesab edir ki, Xəzərdə zəlzələ baş versə,
sunaminin vurduğu qədər ziyan olmasa da, ölkəmizin
infrastrukturuna müəyyən zərər dəyə bilər.
“Abşeron yarımadasında dartınma
baş verir”
F.
Qədirovun sözlərinə görə, bu proseslərin nəticəsi
olaraq, getdikcə Abşeron yarımadasına güclü
enerji toplanır: “Bundan əlavə, bu proseslərin təsiri
olaraq Abşeron yarımadasında dartınma baş verir”.
Professorun
sözlərinə görə, araşdırmalar göstərir
ki, Bakı, Şıxlar, Xıdırlı, Salyan nöqtələri
bir istiqamətə hərəkət edir, digər hissələr
isə başqa istiqamətə. O, bu faktları iki həftə
əvvəl alınmış məlumatlara əsasən diqqətə
çatdırdığını deyib: “Dartınmalar ən
çox torpaq qırılmalarının baş verdiyi ərazilərdə
qeydə alınır”.
Geodinamika
və seysmologiya şöbəsinin rəhbəri onu da bildirdi
ki, Şıxlar nöqtəsinin sürəti, Bakı nöqtəsinin
sürəti ilə müqayisədə çox böyükdür:
“Bu sürət fərqi isə dartınma riskini bir qədər
də artırır”.
“Zəlzələ
ola bilər, amma Yaponiyadakı kimi yox”
Fəxrəddin müəllim hesab
edir ki, bu proseslərin nəticəsi olaraq, Bakıda,
Abşeron yarımadasında Yaponiyadakı kimi güclü zəlzələnin
baş verməsi gözlənilmir: “Qeyd etdiyim proseslə,
mexanizmlə Yaponiyada baş vermiş zəlzələnin
mexanizmi tamamilə fərqlidir. Ona görə də Yaponiyada
çox güclü zəlzələ baş verdi. Burada da ola
bilər, amma Yaponiyadakı kimi dəhşətli zəlzələ
gözlənilmir”.
Onun
sözlərinə görə, seysmik vəziyyəti öyrənmək
üçün müəyyən işlərin görülməsinə
ehtiyac var: “Baş verə biləcək hadisələri dəqiq
söyləmək üçün, ilk növbədə,
Abşeron yarımadasında (ada və platformalarda) 10-20
kilometr aralıqda yerləşdirilmiş GPS (Qlobal Yer Təyinetmə)
stansiyalarından ibarət geodinamik poliqon yaradılmalı və
deformasiya proseslərinin monitorinqi aparılmalıdır.
İkincisi, Abşeron geodinamik poliqonunda gərginlik
zonalarının dəqiqləşdirilməsi, qırılma
yerlərinin və onların zəlzələlərin baş
verməsindəki rolunu müəyyən etmək məqsədi
ilə geoloji və geofiziki tədqiqatlar
aparılmalıdır. Üçüncüsü isə,
seysmik təhlükə və risk ssenariləri
hazırlanmalıdır”.
“Salyandan Hacıqabula qədər olan hissədə
torpaqda qırılma baş verib”
Fəxrəddin
Qədirov Salyan rayonu ərazisindən Hacıqabula qədər
olan hissədə torpaqda qırılma baş verdiyini də
söylədi: “Biz 2006-cı ildən bəri məlumat veririk
ki, bu cür proseslər gedir. Bu yaxınlarda həmin prosesin
bariz nümunəsi özünü göstərdi. Belə ki,
mart ayının əvvəlində həmin ərazilərin
dənizə baxan şərq hissəsi 5-10 sm aşağı
düşüb. Bəzi yerlərdə kiçik
palçıq vulkanları peyda olub. Ən əhəmiyyətlisi
isə odur ki, bunlar Hacıqabulda 3.5, 3.6, 3.2 gücündə
zəlzələlərin olmasına gətirib
çıxarıb. Bu, hələ son deyil, proses davam edir. Biz
həmin ərazidə ölçü işlərinin
sayını artırsaq, prosesin hansı istiqamətdə
inkişaf etdiyini dəqiqləşdirə biləcəyik.
Bütün nəzəri tədqiqatlar göstərir ki, bu
yarılma Abşerona tərəf hərəkət edə bilər”.
“Bu prosesi dəqiq
bilmək lazımdır”
Onun
sözlərinə görə, horizontal proseslərin istiqamətləri
Salyan rayonundan başlayaraq dəyişir: “Salyan,
Xıdırlı, Bakı nöqtələrində şərqə,
digərlərində isə şimala və qərbə tərəf
hərəkət dominantdır. Elə bil ki, Salyandan
Şamaxıya kimi qərb hissə saat əqrəbinin əksi
istiqamətində, digər tərəf isə saat əqrəbi
istiqamətində dönməyə çalışır.
Burada çox böyük sürət fərqi var. Bu sürət
fərqi Xıdırlı, Şıxlar, Bakı və
Gürgan arasındadır. Xıdırlıdan Gürgana qədər
surətlər şərq komponenti üzrə 6 mm-dən 0-a qədər
dəyişir. Bu, çox təhlükəlidir. Elə bil ki,
bir şeyi bir tərəfdən dartıb, digər tərəfdən
saxlayırsan. Bu zaman qırılma baş verir. Bu, plitəiçi
qırılmadır. Ola bilsin ki, qədimdən qalandır,
indi aktivləşib. Bu, bir az qorxu yaradır. Çünki
Abşeronda da qədimdənqalma zəlzələ ocaqları
və qırılmalar var. Onlar da aktivləşə bilər.
Məsələn, 1842-ci ildə Zabratda baş verən zəlzələ
zamanı həmin ərazidən bir qırılma keçib. O
da aktivləşə bilər. Bu prosesi dəqiq bilmək
lazımdır”.
“Abşerondakı güclü enerji
amerikalı geoloqların diqqətini çəkib”
F.Qədirovun
sözlərinə görə, proses diqqətdə
saxlanılır. Bununla əlaqədar müxtəlif dövlət
qurumlarına müraciətlər edilib. Alim Abşeron
yarımadasının cənubunda və şərqində
sürətlə enerjinin toplanması faktının
amerikalı həmkarlarının da diqqətini cəlb etdiyini
söylədi: “Abşeron yarımadasında güclü enerji
toplanması barədə bu yaxınlarda Amerikanın Geofizika Təşkilatının
jurnalında geniş məqalə dərc olunacaq və
bütün dünyaya yayımlanacaq”.
“Xəzərdə
güclü sunami gözlənilmir”
“Xəzər
dənizində sunami təhlükəsi gözlənilmir”. Bu
barədə isə sözügedən tədbirdə
Coğrafiya İnstitutunun direktor müavini Ramiz Məmmədov
məlumat verdi. Onun sözlərinə görə, sunaminin
baş verməsi üçün ilk növbədə,
geniş ərazi və bol su lazımdır. R. Məmmədov
dedi ki, Xəzər dənizində indiyədək 3 dəfə
qabarma hadisəsi baş verib. Qabarmalardan birincisi hələ X əsrdə,
təqribən 950-ci illərdə Xəzər dənizinin
Dağıstan hissəsində olub. Sonra isə 2 dəfə də
belə hadisə qeydə alınıb. Lakin Ramiz müəllim
hesab edir ki, Xəzərdə zəlzələ baş versə,
sunaminin vurduğu qədər ziyan olmasa da, ölkəmizin
infrastrukturuna müəyyən zərər dəyə bilər.
“Şəbəkə
sıx olsa, yerdaxili prosesləri izləmək asan olar”
Respublika
Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban
Yetirmişli isə dedi ki, bu ilin sonuna kimi “Şahdəniz”,
“Ümid” və “Günəşli” yataqlarında dənizdibi
seysmik stansiyalar quraşdırılacaq. O bildirdi ki, Xəzərdə
quraşdırılacaq yeni seysmik stansiyalar bp-yə məxsus
“Şahdəniz” yatağında, Azərbaycana məxsus
“Ümid” və “Günəşli” yataqlarında təşkil
olunacaq. Onun sözlərinə görə, bunlar
keçmiş SSRİ ölkələrində
quraşdırılan ilk dənizdibi seysmometr olacaq.
Hazırda Azərbaycanda 30 seysmik
stansiyanın fəaliyyət göstərdiyini deyən Q.
Yetirmişli cari ilin sonuna kimi quruda daha 5 stansiyanın
quraşdırılacağını qeyd etdi: “Xəzərdə
10 dənizdibi stansiyanın quraşdırılması nəzərdə
tutulur. Cari il ərzində görüləcək işlər
sayəsində 10-u dəniz dibində, 35-i isə quruda olmaqla,
Azərbaycanın seysmik monitorinq sistemi yaradılacaq”. Qurban
Yetirmişlinin sözlərinə görə, şəbəkə
nə qədər sıx olsa, yerdaxili prosesləri izləmək
bir o qədər asan olar.
Nicat İntiqam
Zaman.-2011.- 2-4 aprel.- S. 8.