Yerdənkənar
planetlərdəki həyat: Kosmik qardaşlarımız bizə
bənzəyirlərmi?
Müəyyən
problemlərə baxmayaraq,
astronomlar tərəfindən kosmik məkanda Yer planetinə
bənzər obyektlərin axtarılması inadla davam etdirilməkdədir.
Müəyyən
problemlərə baxmayaraq, astronomlar
tərəfindən kosmik məkanda Yer planetinə bənzər
obyektlərin axtarılması inadla davam etdirilməkdədir.
Bu baxımdan ötən ilin sonlarında ABŞ və
Yaponiyadan olan astronomların verdikləri açıqlamalar
diqqəti cəlb edir. Məlum olub ki, bu günə kimi kosmik
məkanda - kainatda 500-dən artıq Yer planetinə oxşayan
obyektlər var. Alimlər tərəfindən
ekzoplanet adı verilən bu obyektlərdən bəziləri həcminə
görə Yerə daha yaxın, bəziləri isə ondan
kiçikdirlər. Qeyd edək ki, Yerə bənzər daha iri
planetlərin axtarışına yalnız bu yaxınlarda
başlanılıb. Astronomlar bunun səbəbini, adətən,
digər qalaktikaların olduqca uzaq məsafədə yerləşməsi
ilə izah edirlər. Bu baxımdan son illərdə yerəbənzər
çox sayda ekzoplanetlərin kəşf edilməsi
onların, bəlkə də, bizə daha yaxın məsafədə
yerləşməsi ilə izah edilə bilər. Bununla belə,
ekzoplanetlərin kəşf edilməsi heç də
asanlıqla baş verməyib. İlk ekzoplanet 15 il bundan əvvəl
elm və texnikanın sürətli inkişafından sonra
aşkar edildi. Sonrakı illərdə isə bu proses daha
sürətlə getməyə başladı. Bu da astronomlar tərəfindən
təbii qarşılanmaqdadır. Məsələn, ABŞ-ın Berkli şəhərindəki
Kaliforniya Universitetinin tanınmış tədqiqatçısı
Endru Hovard: “Elm və texnika
inkişaf etdikcə kainatda ekzoplanetlərin daha çox
sayda aşkar edilməsi baş verəcək. Əgər
yaxın gələcəkdə hər ikinci və ya səkkizinci
ulduzun yerəbənzər olması müəyyən edilsə,
mən ona təəccüblənməyəcəyəm”,-
deyib.
Yeri
gəlmişkən, ekzoplanetlə bağlı məsələyə
aydınlıq gətirmək üçün qeyd etməliyik
ki, onlar, adətən, Günəş sistemindən kənardakı
ulduzlar ətrafında dövr edirlər. Onlar kiçik həcmə
malikdirlər, digər ulduzlarla müqayisədə bir o qədər
də işıqlı deyillər. Bu səbəbdən də
uzun müddət onları aşkar etmək mümkün
olmayıb. Ətrafında dövr etdikləri ulduzlar isə
Günəş sistemindən ən azı 4,22 işıq ili
məsafədə yerləşir. Astronomlar bu səbəbdən
də ekzoplanetləri aşkar etmək məqsədi ilə
xüsusi metodlardan yararlanırlar. Onu da deyək ki, əksər
ekzoplanetlər müəyyən qədər Yupiterə bənzər
nəhəng qaz kütlələrini xatırladırlar.
Təbii
ki, astronomları həyatın mövcud olması şərtlərinə
uyğun gələn ulduzlar sistemi daha çox cəlb edir. Məsələn,
belə hesab edilir ki, Günəş sistemindən 0,95-1,37
astronomik vahid uzaqlıqda olan ulduzlarda yerəbənzər həyatın
olması mümkündür. Astronomların əksəriyyətinin
fikrincə, digər planetlərdə həyatın olması
üçün, ilk növbədə, onun səthi bərk
olmalıdır. İkincisi, həyatın mövcudluğu
hökmən müvafiq temperatur və suyun olmasından
asılıdır. Həyatın olması üçün
planetin səthində orta temperatur 0-la +100 dərəcə arasında
dəyişməlidir. Misal üçün deyək ki, Yerdə
normal istilik +15-dən +60 dərəcəyə kimi hesab edilir.
Mənfi temperatur üçünsə son hədd - 90 dərəcədir.
Bu çərçivədə də +60 dərəcədən
yuxarı, -90 dərəcədən aşağı
temperaturda həyatın mümkün ola bilməsinə
şübhə ilə yanaşılır.
Astrofiziklərin
və bioloqların ehtimalına
görə, yalnız yuxarıda söylənilən şərtlər
daxilində Günəş sistemindən kənardakı
ulduzlarda həyatın olması mümkündür. Son
axtarışlar və çoxsaylı ekzoplanetlərin
aşkar edilməsi isə “Yeni Yer”in tapıldığı
barədə ehtimalların daha da güclənməsinə gətirib
çıxarıb.
Qlıze ulduzunda Yerin əkizi
2010-cu
ilin payızında Havay adalarındakı rəsədxanada
işləyən Kaliforniya Universiteti və Vaşinqtondakı
Karneqi Elmlər İnstitutunun astronomları tərəfindən
Qlize adı verilən ulduzlar sistemində Yerin sanki əkizi
olan ekzoplanet aşkar edildi. Bu ekzoplanetə “581 g” adı
verildi. Bu günə kimi aşkar edilən ekzoplanetlərdən
heç biri onun qədər həyatın varlığı
üçün geniş imkanlara malik deyil. “581 g” günəşdən
elə bir məsafədə yerləşir ki, onda nə
güclü isti, nə də güclü soyuq
olmamalıdır. Çox güman ki, onda həyat
üçün zəruri olan su da var. Kəşfin müəlliflərindən
biri hesab edilən astronomiya və astrofizika üzrə professor
Stiven Bort: “Ekzoplanetdə potensial baxımdan həyatın
olması mümkündür və mən bunu istisna etmirəm”,-
deyir.
Amma
o, “581 g”-də bizə oxşayan canlıların
olub-olmaması məsələsini nə təsdiq edir, nə
də təkzib. Astronomların fikrincə, adıçəkilən
ekzoplanetdə canlı həyatın
Yerdəkindən fərqli, müxtəlif formada ola bilməsi
mümkündür.
Bəs
Yerin əkizi hesab edilən planet hansı oxşar və fərqli
xüsusiyyətlərə malikdir? Yerin əkizinin çəkisi
planetimizdən azı 3-4 dəfə ağırdır. Bundan əlavə,
Yerdən fərqli olaraq, onun əkizi öz oxu ətrafında
37 yer günü ərzində dövr edir. Ekzoplanetin səthində
orta temperatur -12, -31 dərəcə
təşkil edir. Amma onun səthinin qravitasiyası təxminən
Yerinkinə uyğun gəlir. Bu da onun səthində insanın yerdəki kimi hərəkət
etməsinə imkan verir. Əlbəttə, belə bir şəraiti
kurort kimi qəbul etmək mümkün deyil. Ancaq bu, onda normal
həyatın olması üçün yetərlidir. Yerin əkizi bizdən o qədər uzaqdır
ki, indiki kosmik sürətlə oraya uçub getmək və
geriyə qayıtmaq üçün bəşər
övladına azı 100-120 il lazım gələcək.
Bütün
bunlara baxmayaraq, dünyanın tanınmış
astronomlarının böyük əksəriyyəti “581 g”
ekzoplanetində canlı həyatın olması fikrində
yekdillik nümayiş etdirirlər. Amma adıçəkilən
ekzoplanetdə həyatın olması orada bizim təsəvvür
etdiyimiz ağıllı məxluqların mövcud ola bilməsinin
təsdiqi anlamına gəlmir. Məsələnin bu tərəfinə
diqqəti cəlb edən Karneqi İnstiututunun əməkdaşı
Pol Batler: “Bizim üçün Yerin əkizlərində həyatın
olması heç də orada ağıllı məxluqların
mövcudluğunu təsdiq etməmiz kimi başa
düşülməməlidir. Əsas məsələ budur
ki, orada aşkar ediləcək birhüceyrəli bakteriya və
ya kif bakteriyaları Yerdəki həyatın necə
yaranması barədəki təsəvvürlərimizi dəyişə
bilər”,- deyib.
Yeri gəlmişkən, onu da
xatırladaq ki, Qlize 581 ulduzlar sistemində hələ 2007-ci
ildə də Yerin əkizi olan iki ekzoplanet aşkar
edilmişdi. Onlar müvafiq olaraq, “c” və “d”
adlandırılmışdı. Lakin onlardan biri Yerdən 5,
digər isə 7 dəfə ağır idi. Üstəlik
onlar canlı həyatın mövcud olması
üçün uyğun sayılan zonanın kənarında
yerləşmişdilər. Yer baxımından məsələyə
yanaşanda “G” və “D” Mars və Veneranın mövqeyində
hesab edilirlər. “G” ekzoplaneti də Yer kimi adıçəkilən
planetlərin ortasında yerləşir və bu da ondan
canlı həyatın mövcud olması barədəki
ehtimalları daha da artırır. Bu baxımdan Qlize 581 ulduzlar
sistemi bizim Günəş sistemimizi xatırladır. Ancaq, hələlik,
astronomlar onda cəmi 6 planet aşkar ediblər.
Digər
tərəfdən də, maraqlıdır: Qlize 581 ulduzlar
sistemində həyat olduğu təqdirdə, oradakı bizəbənzər
ağıllı varlıqlar necə təsir
bağışlaya bilərdilər? Astronomların
ehtimallarına görə, onlar
çox güman ki, bizdən xeyli hündürboylu, simaca
gözəl və çəkicə 5-6 dəfə
ağır, əsl idmançı bədənli, şiş əzələli ola bilərdilər.
Çünki “G” qravitasiya baxımından planetimizdən
üc dəfə ağırdır.
Bununla
əlaqədar Cenevrə Rəsədxanasının Avropa Tədqiqatlar
Mərkəzinin rəhbəri Stefan Udri deyir ki, planetimizlə
müqayisədə “G” Qırmızı Cırtdan adı
verilən planetdən daha az günəş şualanması
alsa da, sonuncunun diametri Günəşinkindən 10 dəfə
böyükdür: “Yəni onun - Qırmızı
Cırtdanın əhatə etdiyi ulduzlar sistemində həyat
mənbəyinin yaranması Günəşlə müqayisədə
10 dəfə çoxdur. Ona görə də biz artıq
qlizelilərlə əlaqə yaratmağa
çalışırıq”.
Əziz Mustafa
Zaman.-2011.-7-8 aprel.-S.11.