7 aprel
Ümumdünya Sağlamlıq Günüdür Həkimlər:
“Soydaşlarımız öz səhhətlərinə biganədirlər”
Hər
il aprel ayının 7-si dünyada Ümumdünya
Sağlamlıq Günü kimi qeyd olunur. Məlumat
üçün bildirək ki, 1948-ci ildə I Ümumdünya
Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının
yaradılmasını qeyd etmək üçün
Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi
təşəbbüsü ilə çıxış edib
Hər
il aprel ayının 7-si dünyada Ümumdünya Sağlamlıq
Günü kimi qeyd olunur. Məlumat üçün bildirək ki,
1948-ci ildə I Ümumdünya Səhiyyə
Assambleyası Ümumdünya Səhiyyə
Təşkilatının yaradılmasını
qeyd etmək üçün
Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü
ilə çıxış edib.
1950-ci ildən etibarən
Ümumdünya Sağlamlıq Günü
qeyd edilməkdədir.
Bu əlamətdar gün münasibətilə
hər il Ümumdünya Səhiyyə
Təşkilatı dünya
üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə
gətirir. Biz də
bu gün münasibətilə
müxtəlif sahənin həkimləri ilə
həmsöhbət olub,
bizi maraqlandıran suallara
cavab aldıq. Məsələn, bizə
maraqlı idi ki, insanlarımız ən
çox hansı xəstəliklərdən əziyyət
çəkirlər? Vətəndaşlarımızın
öz sağlamlıqlarına münasibəti həkimlərimizi qane edirmi?
Tanınmış
göz həkimi,
Amerika Oftalmologiya Akademiyasının
üzvü Çingiz Cərullazadə
dedi ki, Azərbaycanda göz xəstəlikləri ilə
bağlı ümumi vəziyyət digər
ölkələrlə
müqayisədə
o qədər də
acınacaqlı deyil.
Onun sözlərinə
görə, ən
çox müşahidə olunan göz xəstəliklərindən katarakta,
yəni mirvari suyu, qlaukoma,
gözün diabeti,
yaxından görməməni,
çəpgözlüyü
xüsusi qeyd etmək olar.
Çingiz
Cərullazadə deyir ki, elə xəstəlik var ki, iqlimlə,
elələri də var ki, sivilizasiya ilə əlaqədar
çoxalır: “İsti ölkələrdə göz xəstəlikləri
şimalla müqayisədə daha geniş yayılıb.
Dünyada havanın temperaturu yüksəlir. Bu isə yeni-yeni
mikrobların yaranmasına səbəb olur. Bir də var, həyat
tərzi ilə əlaqədar artan xəstəliklər.
Ümumilikdə isə 40 yaşdan sonra nəinki göz,
ümumiyyətlə, bütün hüceyrələr
qocalmağa başlayır. Həmin yaşda insan tam
formalaşmış olur, lakin sonra inkişaf dayanır”. Bəzi
insanlarımızın müayinə üçün xaricə
üz tutmalarına gəlincə, həmsöhbətimiz: “Mən
10 il Rusiyada yaşamışam və orada Elmi-Tədqiqat
Göz İnstitutunda işləmişəm. Həmin instituta
Gürcüstandan, Ermənistandan, Azərbaycandan xəstələr
gələndə mənə həvalə edirdilər.
Çünki rusiyalı həkimlər qafqazlıların
xüsusiyyətlərini bilmirlər. Hər coğrafi
zonanın öz xəstəlikləri var. Hətta Azərbaycanın
özündə belə, göz xəstəlikləri hər
bölgəyə görə dəyişir. Məsələn,
gözün kataraktası xəstəliyi Lənkəranda bir
cür, Qazaxda başqa cür keçir. Həkim xəstənin
orqanizminin xüsusiyyətlərinə bələd
olmalıdır. Bu baxımdan başqa ölkədən olan həkim
bizləri yaxşı tanıya bilməz. Dərmanlar da belədir.
Almaniyada çox effektiv təsir göstərən dərmanlar
Azərbaycanda tamam başqa cür təsir göstərir. Bəzən
isə, ümumiyyətlə, təsir göstərmir. Bu o demək
deyil ki, dərman keyfiyyətsizdir, sadəcə, iqlimlə əlaqədar
öz təsirini itirir”. Ç.Cərullazadə dedi ki,
valideynlər övladlarına, özlərinə erkən
vaxtlardan fikir verməlidirlər: “İnsanın hər şeyi
gözə bağlıdır. Gözsüz dünyadakı hər
şey bir növ əhəmiyyətini itirmiş olur”.
“Əhalinin sıxlığı,
antisanitar şərait virus xəstəliklərini
artırıb”
5
saylı Şəhər Kliniki Xəstəxanasının Mədə-bağırsaq
şöbəsinin həkimi Fərasət Məmmədova son
dövrlər insanların qaraciyər xəstəlikləri ilə
bağlı daha çox müraciət etdiklərini söylədi:
“Əgər əvvəllər mədə-bağırsaq
problemlərindən gileylənirdilərsə, indi müraciət
edənlərin çoxu qaraciyər xəstəliklərindən
əziyyət çəkir. Qaraciyərdə piylənmə əgər
əvvəllər 40-45 yaşlı insanlarda qeydə
alınardısa, indi 25 yaşlılarda, xüsusilə də
oğlanlarda çox rast gəlinir”.
F.Məmmədova,
xüsusilə, şəhərlərdə əhalinin
sıxlığı, antisanitar şəraitlə əlaqədar
infeksion və virus xəstəliklərinin çox olduğunu
söylədi. Onun sözlərinə görə,
sivilizasiyanın inkişafı, gənclərin sərbəst
yaşamalarından istifadə edib, bəzi səhvlərə
yol vermələri onların müxtəlif viruslara
yoluxmalarına səbəb olur”.
Soydaşlarımızın
öz sağlamlıqlarına münasibətlərinin onu qane
etmədiyini bildirən həmsöhbətimiz:
“İnsanlarımız maarifləndirilməlidir. Həmçinin
onların maddi vəziyyətləri imkan verməlidir ki,
vaxtında həkimə müraciət etsinlər. Təəssüf
ki, bizdə vəziyyət bir qədər fərqlidir, insanlar
az qala həkimə şərt qoyurlar ki, yalnız bir-iki
müayinədən keçəcəklər. Bəzən
olur ki, xəstə bir neçə müayinədən
keçməlidir, amma razılaşmır. Varlılar isə
müayinə üçün xaricə daha çox üz
tuturlar. Bu problemin həlli üçün inkişaf etmiş
ölkələrdəki kimi, bizdə də insanların
sığortası olmalıdır”.
“Gənc
xanımlara ailə qurarkən fikirləşməyi tövsiyə
edirəm”
1
saylı Dəmiryol Xəstəxanasının mama-ginekoloqu Cəmilə
İsmayılovanın “son vaxtlar qadınlar ən çox
hansı xəstəliklərdən gileylənirlər?”
sualımıza cavabı belə oldu: “Qadınlar arasında
sonsuzluq, həmçinin gənc xanımlarda endokrin və
hormonal balansın pozğunluğu xeyli artıb. Bunun isə
müxtəlif səbəbləri var. Qidaların keyfiyyətsizliyini,
cəmiyyətimizdə baş verənlərin orqanizmə təsirini,
infeksion xəstəlikləri bu səbəblər
sırasına aid etmək olar. Bundan əlavə,
ekologiyanın təsiri nəticəsində sinir sistemində
problemlər baş qaldırır ki, bu da
sadaladığımız səbəblərdən biridir”.
Həmsöhbətimiz
təsadüfi cinsi əlaqələrin də bu səbəblər
sırasında öndə gəldiyini qeyd etdi. Onun sözlərinə
görə, bunun nəticəsində istər kişilər,
istərsə də, qadınlar müxtəlif xəstəliklərə
yoluxurlar ki, bu da sonradan fəsadlara yol açır.
Cəmilə
İsmayılova gənc xanımlara ailə qurarkən fikirləşməyi,
öncədən həkim müayinəsindən keçməyi
tövsiyə etdi: “Qohum nikahlardan yayınmaq lazımdır. Gənc
qızlara 18 yaşdan aşağı ailə qurmamağı
tövsiyə edirəm. Çünki bu yaşadək orqanizmdə
hormonal balansın tənzimlənməsi prosesi tam başa
çatmır”.
“Uşaq şikəst, anomaliyalı
doğulur, valideynlər düşür əlhaya”
Soydaşlarımızın
öz sağlamlıqlarının qeydinə qalmaq səviyyəsinin
onu qane etmədiyini bildirən Cəmilə İsmayılova
dedi ki, bizdə xanımların da çoxu vaxtında həkimə
müraciət etmir: “Uşaqlığın mioması,
döş vəzinin xərçəngi,
yumurtalığın kistaları kimi geniş yayılan elə
qadın xəstəlikləri var ki, simptomsuz olur, yəni
hansısa əlamətlə özünü büruzə
vermir. Ona görə də qadınlar həkimə müraciət
edəndə məlum olur ki, artıq iş-işdən
keçib”.
Hamilə
xanımlarla bağlı vəziyyətə gəlincə, Cəmilə
İsmayılova dedi ki, onlar qidalanmaya fikir verməli,
vaxtında müayinədən keçməli, həkim nəzarətində
olmalıdırlar: “Qadınlar arasında maarifləndirmə zəifdir.
Xüsusilə də kənd yerlərində, rayon yerlərində
hamilə xanımlar bir dəfə də olsun yoxlamadan
keçmirlər. Nəticədə uşaqlar şikəst,
anomaliyalı doğulur və valideynlər düşürlər
əlhaya. Halbuki bunu hamiləlik zamanı nəzərə
almaq lazım idi”.
“İnsanlar avtomobillərinə daha diqqətlə
yanaşırlar, nəinki səhhətlərinə”
Kardioloq
Abdulla Abdullayev isə son vaxtlar ürəyin işemiyası,
stenokardiya və infarkt hallarının xeyli
artdığını söylədi. Onun sözlərinə
görə, əgər əvvəllər revmatizm xəstəliyindən
40-45 yaşlı adamlar əziyyət çəkirdilərsə,
indi hətta 20-25 yaşlılar da bu xəstəliyə
düçar olurlar. Abdulla həkim dedi ki, xəstəliklərin
artmasının səbəbi ekologiya, informasiyanın
çoxluğu, stress, gərginlik və sairədir. A.Abdullayev
ürək xəstəliklərinin inkişaf etmiş ölkələrdə
də geniş yayıldığını bildirdi və bunun
səbəblərini belə əsaslandırdı:
“Çünki həmin ölkələrdə tütündən
istifadə, oturaq iş, tez hazırlanan, ayaqüstü
qidalardan istifadə geniş yayılıb”.
“Həddindən
çox qida qəbul edib, az enerji sərf etmək ürəyin
işemiyasına səbəb olur”,-deyə qeyd edən həmsöhbətimizin
sözlərinə görə, qidalanmaya düzgün riayət
edilməsi, əmək fəaliyyəti ilə məşğul
olmaq, vaxtlı-vaxtında həkim müayinəsindən
keçmək infarktın qarşısını ala bilər.
“Soydaşlarımızın
öz səhhətlərinə münasibəti sizi qane
edirmi?” sualımıza Abdulla həkim
yarızarafat-yarıgerçək belə cavab verdi: “Mən
deyərdim ki, bu gün Azərbaycanda bir çox insanlar öz
şəxsi avtomobillərinə daha diqqətlə
yanaşırlar, nəinki öz səhhətlərinə. Məsələn,
vaxtlı-vaxtında maşınlarını texniki
baxışdan keçirir xarab olanda və yaxud nasazlıq hiss
edəndə ustaya müraciət edib
düzəltdirirlər. Amma özlərinə gəldikdə
isə laqeydlik edirlər”.
“Həkimə ehtiyacları ola-ola
falçıya gedirlər”
Onun
sözlərinə görə, bunun digər səbəbi
insanların həkimlərə etibarının,
inamının azalması ola bilər.
Müsahibimizin
fikrincə, insanların savadsızlığı da bu məsələdə
önəmli rol oynayır: “Xüsusilə, rayon, kənd yerlərində
insanlar həkimə ehtiyacları ola-ola molla, falçı
yanına gedirlər. Bu isə sonradan daha ağır fəsadlara
səbəb olur. Axı bir falçı xəstə
insanı necə sağalda bilər? İnsanlar bunu
anlamalıdırlar. Digər bir problem isə dərmanların
keyfiyyətsizliyi ilə bağlıdır. Dərmanlar
bahalaşıb, keyfiyyəti aşağı düşüb.
SSR-i dövründə dərmanların üzərinə belə
bir mətn yerləşdirilirdi: “Bu dərmanın SSRİ ərazisində
istifadəyə yararlı olduğu təsdiq olunur”. Həmin
dövrdə gətirilən dərmanlar müəyyən
klinikalarda sınaqdan keçirilirdi və yalnız bundan sonra
istifadəsinə icazə verilirdi. İndi isə elə dərmanlar
var ki, onunla bağlı məlumatı heç bir yerdən əldə
etmək mümkün deyil”.
Nicat İntiqam
Zaman.-2011.-7-8 aprel.-S.8.