“Qarabağ probleminin bu şəkildə qalması qəbuledilməzdir”

                                     

           Mario Ciorcio Stefano Baldi, İtaliyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri

 

- Səfirliyin tarixi barədə bir az məlumat verə bilərsiniz?

- Azərbaycandakı səfirliyimiz İtaliyanın xarici işlər nazirinin müavininin iştirakı ilə 1997-ci ildə açılıb. Mən indiyə kimi burada çalışan dördüncü səfirəm. İl yarımdır ki, burada fəaliyyət göstərirəm. Azərbaycanın İtaliyadakı səfirliyi isə 2000-ci ildən fəaliyyətdədir. Çox xoş bir təsadüfdür ki, Azərbaycanın Romadakı ilk səfiri hazırki xarici işlər naziriniz Elmar Məmmədyarov olub.

- İki ölkə arasındakı əlaqələrin hazırki vəziyyəti necədir?

- Adətən, bütün səfirlər deyirlər ki, əlaqələr çox gözəldir, iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir. Mən, həqiqətən, səmimi şəkildə deyirəm ki, iki ölkə arasında əlaqələr çox yaxşıdır. Birincisi, Azərbaycan İtaliyanın ən böyük ticarət dövriyyəsi olan ölkələrdəndir. Bu, bir faktdır. İkincisi, bizim ölkələr arasında qarşılıqlı olaraq təbii bir rəğbət hissi var və italyanlarla azərbaycanlılar arasında da qarşılıqlı, necə deyərlər, anlaşma var. Baxmayaraq ki, fərqli tarixlərimiz var, ölkələrimiz arasında uzaq məsafə var, dövlətlərimiz fərqli inkişaf yolundan keçiblər, amma biz qarşılaşanda gördük ki, xalqlarımız bir-birindən çox da fərqlənmir. Üçüncüsü də, iş adamları münasibətlərin qurulmasında daha vacib rol oynayır. Bütün bu üç sahəyə baxanda görürük ki, həqiqətən də, ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir.

- Azərbaycanda yaşayan İtaliya vətəndaşları barədə nə deyə bilərsiniz?

- Şəxsən mənim üçün və bizim səfirlik əməkdaşları üçün Azərbaycanda yaşamaq çox xoş bir təcrübədir. Əlbəttə, biz xaricdəyik. Ona görə də bəzən öz doğma ölkəmiz üçün darıxırıq. Lakin bunu əminliklə deyə bilərəm ki, mənim tanıdığım Azərbaycanda yaşayan bütün italiyalılar - mənim ailəm, səfirlik işçiləri, buradakı iş adamları həyatlarından çox məmnundurlar. Onlar sizin həyat tərzinizə hörmətlə yanaşırlar. Çünki italiya və Azərbaycan həyat tərzlərində oxşarlıq və yaxınlıq var. Məsələn, ailənizə olan münasibətiniz. İtaliyada da ailəyə çox böyük önəm verilir. Biz işimizlə birlikdə özəl həyatımıza da sizin kimi dəyər veririk. İtaliyanlar da sizin kimi çox qonaqpərvərdirlər. Həmçinin bəzən ifadələrimiz emosiyalı və mübaliğəli olur. Bu da eynidir. Hətta evdə yaşayış tərzimiz belə eynidir. Böyük ailələr, həyət evləri, bina evləri hamısı bizə çox oxşardır. Ona görə də Azərbaycana ilk dəfə gələn italiyan burada dərhal ona ölkəsini xatırladacaq hər hansı bir şey görəcək. Eyni zamanda İtaliyanı, xüsusilə də İtaliyanın cənubunu ziyarət edən hər bir azərbaycanlı da digər Avropa ölkələrindən fərqli olaraq, oradan eyni təəssüratlarla geri qayıdır. Əgər bir azərbaycanlı Parisə, Berlinə, Londona getsə, oralarda Romada tənəffüs edəcəyi havanı tapa bilməyəcək. Bu, bir kitabda yazılmayıb, qanun deyil, bu, bir gerçəkdir.

- Azərbaycanla İtaliya arasında tələbə mübadiləsi kimi proqramlar varmı?

- Biz azərbaycanlı tələbələri təşviq edirik ki, İtaliyaya gedib orada oxusunlar, dil öyrənsinlər. Xüsusilə də, italyan dilini öyrənmələrini istəyirik. Tələbələr italyan dilini burada öyrənməlidirlər. Biz hər il 30 və ya 40 tələbəyə təqaüd imkanı təşkil edirik ki, İtaliyada oxusunlar. Bildiyiniz kimi, İtaliya incəsənət ölkəsidir. Ona görə də musiqi, incəsənət, rəssamlıq, dizayn sahəsində təhsil almaq imkanları daha genişdir. Biz buradan göndərdiyimiz tələbələrin sayının kifayət qədər olduğunu düşünmürük. Azərbaycanda yüzlərlə tələbə var ki, İtaliyada təhsil almaq istəyər. Mənim təklifim odur ki, tələbələr İtaliyaya təhsil almaq üçün getsinlər, dil öyrənmək üçün yox. Dili burada öyrənmək lazımdır və bunun üçün burada imkan var. İtalyan dili bilənlər bizə təqaüd üçün müraciət edə bilərlər. Bu sahədə görüləsi çox var. Azərbaycan gənc bir dövlətdir. Təkcə 20 illik müstəqilliyinə görə deyil, həmçinin əhalinin əksəriyyətini də gənclər təşkil edir. İtaliya-Azərbaycan əlaqələrinin gələcəyi də bu gənc nəsildən asılı olacaq. Ona görə də ümid edirəm ki, bizim əməkdaşlıq sahələrimiz hələ çox genişlənəcək.

- Qafqaz regionunda Azərbaycanın qonşuları ilə münasibətləri barədə nə deyə bilərsiniz?

- Belə bir söz var: siz dostlarınızı seçə bilərsiniz, amma qonşularınızı seçə bilməzsiniz. Təəssüflər olsun ki, qonşuları cəhətdən Azərbaycan çox şanslı deyil. Bu bölgə dünyanın ən mürəkkəb yerlərindən biridir. Təkcə Azərbaycanın Ermənistanla münaqişəsi deyil, həmçinin İran problemi, Rusiyanın cənubu - Şimali Qafqazdakı məsələlər, hətta Gürcüstandakı münaqişələr bölgənin nə qədər qarışıq olduğunu göstərir. Bura tarix boyu qarışıqlıqlar meydanı olmuşdur. Regionun bu şəkildə olması Azərbaycanın önəmini daha da artırır. Çünki Azərbaycan həm siyasi, həm də iqtisadi olaraq stabillik zonasıdır. Biz ümid edirik ki, Azərbaycanın iqtisadi inkişafı, sabitliyi regionun bütün ölkələrinə örnək olar.

- İtaliya dövlətinin Qarabağ problemində mövqeyi necədir?

- İtaliyanın mövqeyi Avropa Birliyinin mövqeyi ilə üst-üstə düşür. Bildiyiniz kimi, Avropa Birliyinin bu məsələdə çox açıq mövqeyi var. Biz beynəlxalq hüququn tərəfindəyik. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Avropa Şurasının, İKT-nin, ATƏT-in və digər təşkilatların bəyannamələri, bəyanatları var.

- Amma icra edilmir...

- Bəli, artıq bütün bu qətnamələri nəzəri və hüquqi sferadan çıxarıb həyata keçirmək vaxtıdır. Mən qaçqın və məcburi köçkünlərin yaşadıqları yerləri gördüm. İnsanın öz doğma torpağından ayrı 20 ilə yaxın yaşaması çox dözülməzdir. İtaliyanın da II Dünya müharibəsindən sonra ölkədaxili əhalinin məcburi köç etməsi kimi acı təcrübəsi var. Mən çox ümid edirəm ki, ən qısa zamanda status-kvo dəyişəcək. Çünki problemin bu şəkildə qalması qəbul edilə bilməz.

- Şəhərimizlə bağlı təəssüratlarınız?

- Bakı iki şəhərdən ibarətdir. Biri qədim Bakı - İçərişəhərdir. Burada insanlar 100 il əvvəlki kimi yaşayırlar: dar küçələr, bir-birilərinə yaxın, yay aylarında həyətdə bir yerdə oturmaq, hər şeyini bölüşmək. İkinci Bakı isə sürətlə inkişaf edən müasir Bakıdır. Səmimi söyləyirəm ki, mən buradakı inkişaf sürətinə heyranam. Mən il yarımdır ki, buradayam. Amma o qədər yeniliklər görürəm ki, saymaqla bitməz. Bakı sürətlə inkişaf edən çox nadir şəhərlərdən biridir. Əlbəttə, bu şəkildə sürətlə inkişafın özünün də bəzi problemləri olur. İnsanlar da belədir. Böyüdükcə problemlər artar. Amma mən əminəm ki, Azərbaycan, Bakı keçmişini unutmadan öz inkişaf yolunu tapacaq.

- İki ölkə arasında ticarət dövriyyəsi nə qədərdir?

- İtaliya Azərbaycanın ən böyük ticari partnyorlarından biridir. İki ölkə arasındakı illik ticari dövriyyə təxminən 4 milyard avrodur. Bu çox böyük rəqəmdir. Deyə bilərəm ki, Azərbaycan İtaliyanın ən böyük ticari tərəfdaşıdır. Burada ən əsas yeri neft məhsulları tutur. Azərbaycanın ixrac etdiyi neftin 40 faizi BTC xətti ilə İtaliyaya gedir. Azərbaycan Rusiya və Liviyadan sonra İtaliyanın üçüncü ən böyük neft ixrac etdiyi ölkədir. Əlbəttə Liviyada baş verən son hadisələrdən sonra bu sıralama dəyişmiş ola bilər. Ölkələrimiz arasında bir çox ortaqlıqları var. Bizim məqsədimiz bu ticarəti balanslaşdırmaqdır.

- Ölkələrimiz arasında turizmi inkişaf etdirmək üçün nə etmək olar?

- Çox gözəl bir sualdır. Birincisi, bu məsələdə ən böyük “düşmən” vizadır. Əlbəttə, mən demək istəmirəm ki, iki ölkə arasında viza rejimi ləğv olunacaq. Çünki bu, İtaliya-Azərbaycan məsələsi deyil, Avropa Birliyi məsələsidir. Mən inanıram ki, gələcəkdə bizim ölkələrimiz arasında vizasız sərbəst hərəkət olacaq. Biz bunu asanlaşdırmaq üçün hər şey edirik. Çünki sivil təşkilatlar səviyyəsində, tələbələr səviyyəsində, iş adamları səviyyəsində əlaqələrin sıxlığı ölkələr arasındakı münasibətləri zənginləşdirir. Turizmin inkişafı üçün infrastruktur da lazımdır. Bu cəhətdən də Azərbaycan çox sürətlə inkişaf edir və çox böyük potensialı da var. Hər il yeni otellər tikilir. Hökumət də bu sahədə çox görür. Məsələn, xalça muzeyi kimi yeni muzeylər tikir. Bu fəaliyyətlər də turizmin inkişafına dəstək verəcək. Mən Azərbaycanın, demək olar ki, hər yerində olmuşam. Azərbaycanda Bakıdan başqa da çox maraqlı və turizm üçün əlverişli yerlər var.

- Azərbaycan musiqisi, mədəniyyəti barədə nə düşünürsünüz?

- Azərbaycana gələn turistlər təkcə buranın təbii gözəllikləri üçün gəlmirlər. Eyni zamanda buraya dünyada təkrarı olmayan Azərbaycan muğamı ilə, Azərbaycan mədəniyyəti ilə maraqlanmaq üçün gəlirlər. Azərbaycanın Böyük İpək Yolunun bir parçası olması da çox cəlbedici bir amildir. Ona görə də, buraya əsasən sahillərdə günəş qəbul etmək üçün deyil, tarixi yerləri, mədəniyyəti, tarixi məscidləri görmək üçün gəlirlər. Onlar Qobustanı, Şəkini, İçərişəhəri ziyarət edirlər. Bu mənada hökumətin mədəniyyət sahəsinə maddi dəstək verməsi çox təqdirəlayiqdir.

 

 

Anar Qaraxançallı

 

Günel Abbasova

 

Zaman.- 2011.-19-20 aprel.-S.9.