Beynəlxalq hüquqda soyqırımı məsələsi və ermənilərin əsassız iddiaları

 

İnsanlıq əleyhinə baş vermiş cinayətlərdən biri də soyqırımı cinayətidir. Hazırda bu cinayətlərin qarşısının alınması və cinayətkarların cəzalandırılması üçün beynəlxalq münasibətlər sistemində kifayət qədər hüquqi normalar və mexanizmlər mövcuddur

İnsanlıq əleyhinə baş vermiş cinayətlərdən biri də soyqırımı cinayətidir. Hazırda bu cinayətlərin qarşısının alınması və cinayətkarların cəzalandırılması üçün beynəlxalq münasibətlər sistemində kifayət qədər hüquqi normalar və mexanizmlər mövcuddur. Soyqırımı cinayətlərinin qarşısının alınması prosesi insan hüquqlarının təkmilləşdirilməsi nəticəsində ortaya çıxıb. Yəni soyqırımı cinayətlərinin qarşısının alınması insan hüquqlarının qorunmasının tərkib hissəsidir. İnsan hüquqlarının norma və mexanizmləri XX əsrin ortalarından inkişaf etməyə başlasa da, Qərbdə bu anlayışı əhatə edən müəyyən normalar XVII əsrdən formalaşmağa başlayıb. Xüsusilə, Vestifalya sülh müqaviləsindən başlayaraq, dövlətlər arasında iki və çoxtərəfli müqavilələrdə bu və ya digər etnik və ya dini qrupların hüquqlarının qorunmasına dair rəsmi razılaşmalar olub. Amma bu normalar universal xarakter daşımayıb.

I Dünya müharibəsindən sonra xalqların öz müqəddəratının müəyyənləşdirilməsi hüququnun aktuallaşması nəticəsində soyqırımı məsələsinin hüquqi normativ bazasının hazırlanması istiqamətində də müəyyən addımlar atıldı. Dünya tarixində ilk dəfə olaraq, daimi beynəlxalq məhkəmə yaradıldı. Ümumiyyətlə, I Dünya müharibəsi ərəfəsində bir çox xalqlara qarşı soyqırımı cinayəti törədilib. Təəssüflər olsun ki, azərbaycanlılar da ermənilər tərəfindən törədilən bu cinayətin qurbanı olublar. Amma I Dünya müharibəsindən sonra qlobal səviyyədə soyqırımı cinayətləri ilə əlaqədar konkret addımlar atılmadı.

 

Soyqırımı ilk dəfə nə vaxt gündəmə gəlib?

 

Soyqırımı anlayışını ilk dəfə olaraq termin kimi hüquq ədəbiyyatına yəhudi əsilli polşalı hüquqşünas Rafael Lemkin gətirib. O, ilk dəfə olaraq, dini, etnik qruplara qarşı kütləvi şəkildə törədilən cinayətigenosid” (genocide) adlandırıbmumiyyətlə, “genoyunan dilində xalq, “cideisə latın dilində öldürmək deməkdir).

II Dünya müharibəsindən sonra soyqırımı cinayətlərinin qarşısının alınması və cinayətlərin cəzalandırılmasına dair əməli addımlar atıldı. İlk olaraq, Nürunberqdə müharibə cinayətkarlarının işlərinə baxılması üçünad hoc” (birdəfəlik) müharibə tribunalı təşkil olundu, bu tribunalda təqsirləndirilən şəxslər Holokost adını alan soyqırımı cinayətlərinin törədilməsində ittiham edildi və onlara müvafiq cəzalar verildi. Nürunberq hərbi tribunalının keçirilməsi və müvafiq qərarların alınması beynəlxalq səviyyədə soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması istiqamətində çox vacib presedent oldu. Bundan başqa, BMT çərçivəsində də Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Beynəlxalq Konvensiya qəbul edildi. Bu konvensiyanın 2-ci maddəsində soyqırımına belə tərif verilir: düşünülmüş plan əsasında dini, etnik, milli və irqi qrupların tamamilə və ya bir hissəsinin öldürülməsi, fiziki və əqli cəhətdən onlara zərər verilməsi soyqırımı cinayətidir.

Soyqırımı cinayətlərinin qarşısının alınmasına dair çox tərəfli tədbirlər alınsa da, Holokost hadisəsi XX əsrdə baş vermiş yeganə hadisə olmadı. Xüsusilə, 90-cı illərin əvvəllərində Serebrenisa və Ruanda hadisələri insanlıq tarixinin qara ləkələrindən hesab oluna bilər. Beynəlxalq ictimaiyyət adıçəkilən bu hadisələrə də laqeyd qalmadı, soyqırımı cinayətlərinin cəzalandırılması üçün beynəlxalq tribunal təşkil olundu. Qeyd etmək yerinə düşər ki, bu tribunallar BMT çərçivəsində təşkil edilib və “ad hocməzmunlu olub.

Daimi Beynəlxalq Cinayət Məhkəməsinin təşkil olunması beynəlxalq ictimaiyyətin uzun müddət müzakirəsində olsa da, bu qurumu yalnız 2002-ci ildə təsis etmək mümkün olub. Bu məhkəmənin təsis sənədində əsas universal cinayətlər olaraq soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və işğal cinayətləri göstərilib. Bu cür məzmunda qurumun təsis olunması müsbət hal olsa da, onun imkanlarını şişirtməmək lazımdır. Bu məhkəmənin verəcəyi qərarlar məcburi xarakter daşısa da, bu, onun təsis edilməsi sənədini imzalamayan dövlətlərə qarşı tətbiq oluna bilməz. Qeyd edək ki, bu sənədi 7 dövlət imzalamayıb, sənədi imzalayan 48 dövlət isə hələ də onu ratifikasiya etməyib.

Göründüyü kimi, soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması istiqamətində beynəlxalq səviyyədə həm hüquqi normativ baza, həm də cəzalandırma mexanizmləri olsa da, bu istiqamətdə mütləq müvəffəqiyyətdən danışmaq olmaz. Bu proseslərin tam inkişafına mane olan faktorlar arasında dövlətlərin suveren hüququ və onların daxili işlərinə qarışma qorxusu dayanır. Heç kimə sirr deyil ki, soyqırımı bəhanəsini sui-istifadə edərək, bəzi dövlətlər digərlərinə siyasi baxımdan təzyiq göstərməyə çalışırlar. Bunu Türkiyənin simasında görə bilərik. Belə ki, Türkiyə olmayan bir hadisəyə görə sıxışdırılmaqdadır. Məsələni hüquqi cəhətdən analiz edərək, bu iddianın əsassız olduğunu anlamaq olar.

 

Saxta erməni soyqırımı və onun hüquqi əsasları

 

Qısaca qeyd edək ki, ermənilərin iddialarına görə, guya 1915-ci ildə Osmanlı dövləti öz təbəələri olan ermənilərə qarşı kütləvi qırğın törədib və bu qırğınların nəticəsində milyonlarla erməni qətlə yetirilib. Türk tərəfinin cavabına görə isə, müharibə qaydalarının tələblərinə uyğun olaraq, yaşadıqları dövlətə xəyanət edən xalq, sadəcə olaraq, deportasiya olunub, bu deportasiya nəticəsində də xəstəlikdən və aclıqdan müəyyən bir qrup erməni ölüb. Bu hadisə ermənilərin qəsdən məhv edilməsinə istiqamətlənməyib və ona görə də bu hadisəni soyqırımı adlandırmaq olmaz.

Hadisə baş verdikdən sonra ermənilər məsələni beynəlxalq səviyyədə ictimailəşdirə, xüsusilə I Dünya müharibəsində Osmanlının düşmənləri olan İngiltərə, Fransa və Rusiyanın diqqətini bu məsələyə yönəldə biliblər. Adıçəkilən dövlətlər 1915-ci ilin may ayının 25-də birgə bəyanat verərək, Osmanlı hökumətinin müharibədən sonra bu hadisəyə görə cavab verəcəyini bildiriblər. Müharibə bitdikdən sonra İngiltərə hökuməti məğlub olmuş Osmanlı hökumətindən dərhal uydurma soyqırımı günahkarlarının təhvil verilməsini tələb edib. Bu tələbin nəticəsi olaraq, 67 nəfər ingilislərə təhvil verilib və onlar da həbs olunaraq Maltaya göndəriliblər. Lakin İstanbuldakı İngilis Ali Komissiyası tədqiqat apardıqdan sonra Londona məruzə edərək bildirmişdi ki, həbs olunanları ittiham etmək üçün yetərli dəlil yoxdur. Məhz bu səbəbdən həbs olunanlar ingilis əsirləri ilə dəyişdirilərək sərbəst buraxılıblar.

Bundan başqa, I Dünya müharibəsində məğlub olan Osmanlı dövləti ilə müttəfiqlər arasında imzalanmış Sevr müqaviləsində də Osmanlının soyqırımını törətməsini qəbul etməsinə və günahkarların cəzalandırılmasına dair maddələr mövcud idi. Lakin milli azadlıq müharibəsində qalib gələn Türkiyə Cümhuriyyəti Sevr müqaviləsini rədd etdiyi üçün müttəfiqlərlə onun arasında nisbətən daha ədalətli yeni bir müqavilə - Lozanna müqaviləsi imzalandı və bu müqavilədə soyqırımı ilə əlaqədar heç bir maddə yer almadı.

Bundan sonra da ermənilər nə qədər çalışsalar da, hüquqi cəhətdən Türkiyənin soyqırımı törətdiyini nə isbat edə, nə də ona hansısa cəza verdirə bildilər. Çünki o dövrdə hüquqi cəhətdən beynəlxalq səviyyədə nə normalar, nə də cəzalandırma mexanizmləri mövcud idi. II Dünya müharibəsindən sonra soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması ilə əlaqədar formalaşan normaların uydurma erməni soyqırımına tətbiq edilməsi mümkün deyildi. Çünki bu normalar qəbul edildikdən sonra baş verəcək hadisələrə şamil ediləcəkdi. Bu onunla nəticələndi ki, ermənilər soyqırımı ilə əlaqədar Türkiyə dövlətinə qarşı heç bir məhkəmə iddiası qaldıra bilmədilər.

Vəziyyəti belə görən ermənilər öz mübarizələrində strateji dəyişiklik edərək, bu məsələni ayrı-ayrı dövlətlərin müzakirəsinə çıxarıb və onların parlamentləri tərəfindən bu iddianı qəbul etdirə biliblər. Artıq 22 dövlətin parlamenti rəsmən qəbul etdiyini açıqlayıb. Bu dövlətlərin parlamentlərinin bu uydurma iddianı tanımaları hüquqi cəhətdən Türkiyənin üzərinə hüquqi öhdəliklər gətirməsə də, onun beynəlxalq imicinin zədələnməsinə xidmət edir. Bundan başqa, ermənilər ümid edirlər ki, nə qədər çox dövlət bu iddianı qəbul etsə, onlar Türkiyəyə də onu qəbul etməyə məcbur edəcəklər.

Azərbaycanlıların soyqırımı və onun beynəlxalq ictimaiyyət tərəfindən tanıdılması

Ermənilər özlərini beynəlxalq ictimaiyyətə soyqırımı qurbanları kimi təqdim edirlər, amma onlar XX əsrin həm əvvəllərində, həm də sonlarında azərbaycanlılara qarşı soyqırımı törədərək, minlərlə insanı dini və etnik mənsubiyyətinə görə qətlə yetiriblər. İstər 1918-ci ilin mart hadisələri, istərsə də 1992-ci ilin fevral ayının 26-da törədilən Xocalı faciəsi zamanı ermənilərin dinc əhaliyə qarşı törətdiklərini heç tərəddüd etmədən soyqırımı adlandırmaq olar. Bu hadisələr mütləq öz hüquqi qiymətini almalıdır. Ona görə yox ki, bu, Azərbaycana siyasi baxımdan hansısa üstünlük qazandıracaq, ona görə ki, günahkarların müəyyənləşdirilməsi və cəzalandırılması bu hadisələrin təkrarlanmaması üçün təminat olacaq.

Hüquqi cəhətdən ermənilərin beynəlxalq cinayət məhkəməsinə verilməsi real görünmür. Çünki Azərbaycan bu qurumun təsis aktını imzalamayıb, Ermənistan isə imzalasa da, hələ də onu ratifikasiya etməyib. Belə olduqda ermənilərin uzun müddətdir istifadə etdikləri metoddan, yəni soyqırımı hadisəsinin müxtəlif dövlətlərin parlamentlərinin müzakirəsinə çıxararaq onun qəbul edilməsinə nail olmaq olar. Bu istiqamətdə ilk addım atılıb: artıq Macarıstan parlamenti bu məsələni gündəliyinə çıxarmağa hazırlaşır. Azərbaycan bu praktikadan istifadə edərək, bu məsələni, ilk növbədə, özünə yaxın dövlətlərin parlamentlərinin müzakirəsinə çıxarmağa nail olmalıdır.

 

 

CEYHUN MAHMUDLU                  

 

Zaman.- 2011.- 23-25 aprel.- S. 12.