Ölkəmizdə kənd turizmi: imkanlar, çatışmazlıqlar

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci il ölkəmizdə “Turizm ili” elan edilib. Eyni zamanda “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” da qəbul olunub.         

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci il ölkəmizdə “Turizm ili” elan edilib. Eyni zamanda “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” da qəbul olunub. Bunların nəticəsi olaraq, turizmin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Əksər mütəxəssislər belə hesab edirlər ki, turizm növləri arasında ən böyük imkanlar kənd turizmindədir və bu istiqamətdə daha çox tədbirlər həyata keçirilməlidir.

 

Şəhərli üçün kənd evi 5 ulduzlu oteldən daha maraqlıdır

 

Kənd turizmi - böyük şəhərlərdə yaşayan insanların kənd yerlərinə etdikləri müvəqqəti səfərlərdir. Böyük şəhərlərdəki yorucu və gərgin mühitdən uzaqlaşmaq istəyənlər əksər hallarda kəndlərdə məskunlaşmaq, bir müddət burada yaşamaq istəyirlər. Kənd turizminə üstünlük verənlərin səfəri, adətən daha uzunmüddətli olur. Bir çox hallarda belə səfərlər bütöv bir mövsümü əhatə edir. Bu da kənd turizminin əsas üstünlüklərindən hesab olunur. Turizmin bu növünə əsasən ailələr üstünlük verirlər. Etiraf etmək lazımdır ki, şəhərlərdə yaşayış şəraiti sürətlə dəyişməkdədir. Artıq şəhər evləri ilə otellər bir-birinə çox bənzəyirlər. Ona görə də şəhərdə yaşayan insanlar səfərə çıxdıqları zaman fərqli mühitdə yaşamaq istəyirlər. Bu baxımdan kənd turizmi şəhər əhalisi üçün əvəzedilməzdir. Şəhərdə yaşayan insanlar 5 ulduzlu otellərdə qalmaqdansa, sadə kənd evlərində, təbiətin qoynunda qalmağa daha çox üstünlük verirlər; hər şeyin təbii şəkildə olmasını arzulayılar. Qeyd etdiyimiz kimi, ölkəmizdə kənd turizminin inkişafı üçün böyük imkanlar var. Hazırda ölkəmizdə 4300-ə yaxın kənd tipli yaşayış məntəqəsi mövcuddur. Bunların əksəriyyəti gözəl təbiətə, eyni zamanda tarixi abidələrə, fərqli adət-ənənələrə və zəngin mətbəxə sahibdirlər.

 

Əsas problem kənddə hamam məsələsidir

 

Ölkəmizdə kənd turizminin inkişafı ilə bağlı əsas üstünlüklərdən biri odur ki, bölgələrdə turizmin bu növü ilə bağlı ənənələr mövcuddur. Məlumdur ki, kəndlərdə yaşayan insanlar öz evlərini kirayə verməkdə maraqlıdırlar. Lakin digər xidmətlərin olmaması və yaxud da aşağı səviyyədə təqdim olunması daha çox insanın, xüsusilə də xarici turistlərin  kəndlərə üz tutmasına mane olur. Hazırda kəndlərə əsasən yerli turistlər səfər edirlər. Bu turistlərin bir çoxu isə qiymətlər münasib olduğu üçün kənd evlərini seçirlər. Kənd turizminin inkişafına mane olan əsas çatışmazlıq kəndlərdə sanitariya qovşaqlarının lazımi şəraitdə olmaması ilə bağlıdır. Xüsusilə də, sanitar-gigiyenik normalara cavab verən hamamların olmaması turistlərin kənd evlərində qalmasına mane olur. Bir çox kəndlərdə evlərin su, işıq və digər kommunal təchizatları istənilən səviyyədə deyil. Kəndlərə turistləri cəlb etmək üçün evlərdə sanitariya qovşaqlarının və mətbəxin lazımi səviyyədə olmasına diqqət etmək lazımdır. Bundan başqa, yolların rahat olması da əsas şərtlərdəndir.

Ən ciddi problemlərdən biri isə yerli əhalinin turistlərə olan münasibətidir. Bəzi hallarda ev sahibləri həddindən artıq qonaqpərvərlik göstərirlər ki, nəticədə turistlər özlərini sərbəst hiss etmirlər. Bu sahədə yerli əhaliyə daha çox  maarifləndirici məlumatlar verilməlidir. Eyni zamanda kənd turizminin inkişafı üçün əhaliyə kiçikhəcmli kreditlərin ayrılması olduqca əhəmiyyətlidir.

 

 

Zaman.- 2011.- 28-29 aprel.- S. 5.