Şimalda isti turizm mövsümü

 

Azərbaycanda rəsmi olaraq iyun ayının 15-dən turizm mövsümünə start verilib. Artıq paytaxtın istilərinə dözməyən əhali hər həftənin sonu regionlara üz tutaraq dincəlməyə, yayın dadını çıxarmağa çalışırlar. Bəs regionlarda dincəlmək üçün hansı imkanlar var, bölgələrdə hansı gəzməli yerlər var? Bu suala cavab tapmaq üçün ötən həftəsonu respublikamızın şimal bölgəsində olmuş, istirahət mərkəzlərinin imkanları ilə maraqlanmışıq. Ötən yazımızda şimal bölgəsinin qapısı sayılan Xaçmazdakı turizm imkanları barədə yazmışdıq, bu gün isə Qubaya baş çəkəcəyik.

 

 Paytaxtdan cəmi 168 kilometr - başqa sözlə, 2 saat yarımlıq məsafədə yerləşən Quba yay mövsümündə dincəlmək üçün ən münasib yer sayıla bilər. Qubaya ilk dəfə gələnləri yerli iqlim, bəlkə , bir qədər təəccübləndirəcək. Çünki ilin bu vaxtı gün ərzində havanın bir neçə dəfə kəskin dəyişməsi - gah buludlu, gah dumanlı olması, gah payız yelinin əsməsi, gah da yay günəşinin boy verməsi heç hər kəsə  tanış olan hal deyil.

Tarixi turizm ənənəsinə malik olan Qubada istirahət, gecələmək yeri axtarmağa ehtiyac yoxdur. Bu rayonda Balbulaq, Qızbənövşə, Qəçrəş, Təngəaltı yarğanı uzun illərdir ki, turistlərin ən çox istirahət etdiyi məkanlardan sayılır.

Rayona daxil olan kimi yolun kənarlarındakı reklam xarakterli yazı lövhələr insana istiqamət verir. Bu rayon sanki rəssam əli ilə çəkilmiş təbiət mənzərələri ilə zəngindir. Yəqin Qəçrəşi xüsusi təqdim etməyə ehtiyac yoxdur. Çoxları bu füsunkar təbiət guşəsini öz gözləri ilə görüblər. Ümumiyyətlə, Qəçrəş rayonun ən böyük kəndlərindən biri sayılır, turizm mövsümü başlayan kimi bu ərazilər turistlərlə dolub boşalır. Təxmini hesablamalara görə, bu kənd rayon büdcəsinə turizm mövsümü ərzində yarım milyon manata qədər qazanc gətirir. Bu, kənd əhalisinin məşğulluğuna ciddi təsir edir. Mövsüm başlayan kimi bütün kəndin əhalisi turizm obyektlərinə çəkilərək payız düşənə qədər bu sahədən gün-güzaranlarını təmin edirlər.

İndi isə gələk əsas məsələyə. Qəçrəşdə dincəlməyin bir neçə yolu var. Birincisi, istirahət zonalarında. Bəs belə yerlərdə bir günlük istirahət neçəyə başa gəlir? Bu sualı istirahət mərkəzlərindən birinin rəhbəri Məhəmməd Məmmədova verdik: “Mövsümün başlaması ilə əlaqədar yerli xarici qonaqlarımızın sayı artıb. Həftənin cümə, şənbə bazar günləri, ümumiyyətlə, boş yerimiz olmur. Göstərdiyimiz xidmətin səviyyəsindən asılı olaraq, qiymətlər  60-150 manat arasında dəyişir. Ara günlər bizim mərkəzdə ailəvi bir günlük dincəlmək 50 manata başa gəlir. Bu pula yalnız səhər yeməyi daxildir. Müştərilərə təklif etdiyimiz masaj, açıq hovuz, mototskletlə gəzinti kimi xidmətlər bu qiymətə daxil deyil”. Beləliklə, olduğumuz istirahət mərkəzindəki xidmətlər yalnız imkanlı adamların maraqlarına cavab verir. Odur ki, başqa variant var. Məsələn, ailə büdcəsinə görə dincəlmək istəyənlər Qəçrəş ətraf kənlərdə ev tutaraq gündüz saatlarında dincəlmək üçün buraya gəlirlər. Yemək-içmək kimi ehtiyacları da özləri qarşılmaqla təbiətin istədikləri guşəsində dincələ bilərlər. Bu addım istirahət xərclərinə xeyli qənaət etməyə imkan verir. Lakin bu zonada ucuz yerlər tapmaq olar. Belə istirahət yerlərindən birində olduq. Administrator Bayram Şahmuradov bunları dedi: “Bizim mərkəzdə qiymətlər 40 manatdan başlayır. İnandırım sizi, həftə sonu burada adam əlindən tərpənmək mümkün deyil. Yeməklərin qiyməti isə 15-25 manat arasında dəyişir”.

Söz düşmüşkən, fərdi istirahətini dəbdəbəli keçirmək istəyənlər Qəçrəş zonasında bahalı villalar tikidirirlər, son illər ərazidə belə fərdi tikililərin sayı durmadan artır ki, bu da bölgədə təbiətin nizamını pozmaqla gələnlər üçün istirahət imkanlarını məhdudlaşdırırlar. Lakin görünür bu da bazar iqtisadiyyatının qaçılmaz qanunudur. Hər kəs öz cibinə görə dincəlməlidir.

Bölgədə olarkən uzaq yaxın xarici ölkələrdən gəlmiş turistlərlə rastlaşdıq, onlardan təəssüratlarını soruşduq. Molli Entoni ABŞ-dandır: “Qubanın dağları mənə doğma Virciniyanın dağlarını xatırlatdı. Yalnız bircə fərq var ki, buradakı dağlar daha hündürdür. Mən buranın təbiətindən, sadəcə, zövq aldım”.

Brenda Lavli uzaq Kanadadan gəlib bir həftə ərzində Qubanın bütün yerlərini gəzib: “Mən Kanada vətəndaşıyam. Bir həftədir ki, qrupumuz Azərbaycanın görməli yerlərini gəzir. Mən dünyanın çox ölkələrini gəzmişəm. Tam səmimiyyətimlə deyirəm ki, bu vaxta qədər buradakı qonaqpərvərliyi heç yerdə görməmişəm. Bir şeyi əlavə edim ki, yeməklərinizi çox sevdim”.

Almaniyadan gəlmiş Renata Zenefild isə hisslərini lakonik ifadə etdi: “Almaniyaya qayıdan kimi bütün dostlarıma buraya qonaq gəlməyi tövsiyə edəcəm”.

Mədəniyyətlə maraqlananlar Qubadakı istirahətləri çərçivəsində hökmən açıq hava muzeyi olan Xınalıq kəndinə baş çəkməlidirlər. Qubadan 65 km məsafədə yerləşən Xınalığa çatdıqda, yolun təhlükəli dolanbaclarını, oksigen azlığından yaranan təngnəfəsliyi hündürlükdə təzyiqinizin qalxdığını unudacaqsınız. Rəvayətlərə görə, keçmişdə insanlar Allaha daha yaxın olmaq üçün ən hündür zirvədə məbədlər tikərmişlər. Xınalığı isə bu qəbildən olan təbii məbəd saymaq olar. Əfsanəyə görə, kəndin əhalisi Nuh peyğəmbərin dövründən indiyə qədər tarixdə qalmış yeganə xalqdır. Yerli camaatın inanclarına görə, Nuhun gəmisi Tufandağa yan alıb tarixin bundan sonrakı mərhələsində pay sahiblərindən biri  məhz Xınalıq kəndi olub. Ayrıca etnik qrup olan kənd sakinləri Azərbaycan dilində danışmaqla bərabər, bu günədək yerli dillərini qorumağı bacarıblar. Yer kürəsində yeganə Nuhdilli əhali olan Xınalıqda, ümumilikdə, 6 məscid var. Onlardan ən köhnəsi Əbu Müslüm məscididir. Bu tarixi abidənin digər özəlliyi odur ki, onun tikilişində üzərində mistik yazılar olan bir neçə qədim çay daşlarından istifadə olunub. Daşlardan birinin üzərində qəribə bir təsvir var. Bu təsvir belə izah olunur: solda ox şəklində təsvir edilən hissə Nuh peyğəmbərin əfsanəvi gəmisidir, sağdakı işarələr isə gəminin  toqquşduğu irəliləmək üçün başqa yerin olmadığından xəbər verir.

3000 nəfərə yaxın əhalisi olan Xınalıqda ümumilikdə 380-ə yaxın ev var. Burada bir evin həyəti digər evin tavanı rolunu oynayır. Hər daşında tarixin qoxusu duyulan Xınalıqda bura gələn qonaqlara bələdçiliyi heç xüsusi təlimatlandırılmış kəslər deyil, elə sadə yerli camaat eləyir.

Beləcə qədim küçələrlə gəzə-gəzəmuzey içərisində muzey”ə gəlib çatdıq. Xınalığın qədim dövrlərindən qalmış arxeoloji etnoqrafik materialları, o cümlədən kilim xalçalar, gil mis qablar, daş kitabələr bir çox digər əşyalar burada vaxtı ilə mövcud olmuş yüksək mədəniyyətdən xəbər verir. Muzeydə diqqət çəkən daha bir bölmə əlyazmaların olduğu hissədir. XV əsrdən XX əsrin əvvəllərinə qədər tarixləşən bu kitablar Sovet dövrünün qorxusundan damlarda, qəbirlərdə saxlanılmış müstəqillik dövründə ortaya çıxarılmış qiymətli əlyazma əsərlərdir. Kənd ağsaqqallarının dediyinə görə, əlyazmalar arasında Osmanlı dövründə bu yerlərə İstanbul, İzmir kimi şəhərlərdən çuvallarla gətirilmiş nümunələr var.

Qeyd etdiyimiz məqamlar bölgədə rastlaşdığımız ən maraqlı nüanslar idi. Turizm mövsümü davam edir, Qubaya buyuranlar daha maraqlı məqamlarla rastlaşacaqlar.

 

 

Məhəmməd Nəsibli

 

Zaman.- 2011.- 2-3 avqust.- S. 12.