Dəmir biləkli xanım
Aidə Şirinova... Onu
oxucularımıza necə təqdim edəcəyimi bilmirəm:
Qarabağ veteranı, milli
ordumuzda ən yüksək vəzifəyə yüksəlmiş
xanım, həssas insan, əsl
vətənpərvər, yoxsa, sadəcə,polis mayoru,
Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin yetkinlik
yaşına çatmayanların işləri üzrə
inspektoru kimi. Aidə xanımla
söhbət zamanı bir çox maraqlı məqamlara
toxunduq. O, cəbhəyə könüllü yollanaraq, 7 il
orduda xidmət edib. Deyir ki, o
qanlı-qadalıgünləri bir an da olsun unuda bilmir.Çünki
o ağır döyüşlərdə sevimli dostlarını itirib. Polis sistemində
çalışmağın onun üçün o qədər
də çətin olmadığını bildirən həmsöhbətimiz respublikamızda bu sahədə
çalışan qadınların sayının
artırılmasının da vacibliyini qeyd etdi.
- Aidə xanım,
özünüzü oxucularımıza necə təqdim edərdiniz?
-
Şirinova Aidə Rəcəb qızı. Qarabağın
dilbər guşələrindən olan Bərdədə
dünyaya gəlmişəm. Uşaqlığım idmanla
bağlı olub. 1977-ci ildə Azərbaycan Dövlət Bədən
Tərbiyəsi İnstitutuna qəbul olmuşam. İnstitutun voleybol
komandasında oynayan yeganə azərbaycanlı qız idim. Bərdədəki
idman məktəbində metodist, 2 saylı orta məktəbdə
müəllim işləmişəm. Uşaqlar arasında
olmaq məni həmişə məmnun edib.
Xankəndidə
mitinqlər başlayanda uşaqlar həmin hadisələrlə
bağlı suallar verirdilər. Amma hamısını
cavablandıra bilmirdim. Məsələn, soruşurdular ki, niyə
ermənilər illərlə bizimlə birgə
yaşadılar, çörəyimizi yedilər, amma sonda xəyanət
etdilər? Gəl indi cavab ver. 1992-ci ildə Xocalı hadisəsi
baş verəndən sonra bir çox insanlar kimi, qərara gəldim
ki, müharibəyə gedim. Bu məqsədlə Bərdə
Ərazi Müdafiə Batalyonuna yazıldım. Əvvəlcə,
məni orada fiziki işlər üzrə xidmət rəisi təyin
etdilər. Az müddətdən sonra isə əsgərlərin
sosial müdafiəsi üzrə komandir müavini təyin
olundum. Komandir yaralanandan sonra xeyli müddət onu əvəz
eləmişəm. Araşdırmaçıların dediyinə
görə, Azərbaycanın hərb tarixində indiyədək
bu vəzifəyə yüksələn yeganə xanım mənəm.
- Müharibənin ən
qızğın vaxtlarında cəbhənin ən qaynar
bölgələrində xidmət etmisiniz. O illəri necə
xatırlayırsınız?
-
Müharibə dəhşətlərini bir an da olsun unutmamışam.
İlk döyüşümüz, 1992-ci ilin may ayında olub.
Tərtərin çıxacağında avtobaza var idi, onun
yanından ermənilərin yaşadığı Marağa,
Marquşavan kəndləri başlayırdı. Orada bizim səngərlərimiz
vardı. Elə ilk döyüşdəcə qələbə
qazandıq. Hər bir əsgər qələbə
çalanda qələbəyə daha çox ruhlanır, fərəh
hissi keçirir. Şükür ki, mənim ilk
döyüşüm 3 kəndin azad olunması ilə yadda
qaldı. “Torpaqtəpə” deyilən yerdən hücuma
keçdik, Aşağı və Yuxarı Çaylı, Həsənqaya
kəndlərini ermənilərdən azad etdik. Düzdür,
itkilərimiz də oldu, amma döyüşdə qələbə
çox nadir hallarda itkisiz olur. Ondan sonra elə fikirləşirdim
ki, mənə heç vaxt güllə dəyə bilməz.
İndi o günləri xatırlayanda qorxuram.
Düşünürəm ki, axı filan yerdə bizi vura bilərdilər,
əsir götürərdilər. O zaman nədənsə
bunları düşünmürdük. Çox dəhşətli
anlar olurdu. Qarşındakı düşməndir,
öldürməlisən, amma hər halda biz insanıq, ölənləri
gördükcə çox təsirlənirdik, fikirləşirdik
ki, axı bu müharibə nədən ötrüdür? Ermənilər
bunu niyə başa düşmürlər. Biz müharibədə
çox ər oğlanları itirdik. Onlar bizə bu gün də,
sabah da lazım idi. Yeddi il Qarabağda xidmət eləmişəm.
Hərdən mənə elə gəlir ki, bu müddət bir
gecənin yuxusu qədərdir. Yatdım, o yuxunu gördüm
və sevimli dostlarımı itirdim.
- Yəqin
ki, itirdiyiniz döyüş dostlarınız haqqında
görüşlərdə, müxtəlif toplantılarda tez-tez söhbət
açırsınız ki, unudulmasınlar...
- Əlbəttə.
Həmişə belə düşünmüşəm ki,
yaxşı oğlanların çoxu müharibədə həlak
olduğuna görə bu gün cəmiyyətimizdə yamanlar
at oynadırlar. Mənə elə gəlir ki, heç vaxt qeyrətsizdən
qeyrətli oğul törəmir. Ona görə də bizlərin,
o həyatı yaşamış insanların, jurnalistlərin,
qəzetlərin, televiziyaların üzərinə çox
böyük bir missiya düşür: biz gənclərimizi vətənpərvərlik
ruhunda yetişdirməliyik. Onları, sözün əsl mənasında,
vətənə layiq övlad kimi böyütməliyik.
- Sağ qalan cəbhə
yoldaşlarınızla əlaqələriniz varmı?
-
Komandirim Elçin Əliyev döyüş vaxtı kontuziya
alıb. Tez-tez Əlillərin Bərpa Mərkəzində
görüşürük. Digər yoldaşlarla da imkan olan
kimi görüşüb söhbətləşirik. Bu, elə
bil bizi bir qədər sakitləşdirir.
- Aidə xanım, respublikamızda
polis sistemində qadınların sayının az
olmasının səbəbi nədir?
-
İnsan seçdiyi peşədə özünü
doğrultmalıdır. Hesab edirəm ki, son vaxtlar bu, sahəni
seçən qadınların sayında artım var. Vaxtilə
deyirdilər ki, bu qadın peşəsi deyil və s. Yəqin
buna görə qadınlarımız polis sistemində işləməyə
üstünlük verməyiblər. Amma mənə belə gəlir
ki, polis sistemində çalışan
qadınlarımızın sayı indikindən qat-qat çox
olmalıdır. Götürək metronu, hər gün bu nəqliyyat
vasitəsinin xidmətindən minlərlə qadın istifadə
edir. Onları yoxlamaq üçün mütləq qadın
polislər də olmalıdır...
Digər
tərəfdən, əvvəllər bizdə cinayət
törədən qadınların sayı yox dərəcəsində
idi. Amma indi cəmiyyətimizdə qadınlarla bağlı
cinayətlər bir az artdığı üçün
qadın polislərin də sayının artması
labüddür.
- Son dövrlər ölkəmizdə
kriminal hadisələrin sayının artmasını nə ilə
əlaqələndirərdiniz?
- Biz uzun
illər qapalı cəmiyyətdə yaşamışıq.
Bu cəmiyyətin özünün qanunları vardı. Amma
indi tam tərsinədir. Bütün dövlətlərə
giriş-çıxışımız var. Hər bir ölkənin
cinayətkar qrupları var, onlarla əlaqəyə girən
pula meyilli, iradəsiz insanlar var və bütün bunların
nəticəsində cinayət
halları tədricən artır. Vaxtilə kim
düşünə bilərdi ki, bizdə oğul atanı
öldürər. Bu cəmiyyətdə belə bir şey var
idimi? Biz nəinki bunu, hətta atanın üzünə
qayıtmağı belə təsəvvür etmirdik. Ancaq indi
ata-anasını öldürənlər, müxtəlif
növ qatı cinayət törədənlər var və s.
Bizdə məişət cinayətlərinin sayı daha
çoxdur. Yəqin bu da sinirlərimizin gərgin olması ilə
bağlıdır.
- Aidə xanım, kişilərlə
işləmək çətin deyil ki?
-
Başqalarını deyə bilmərəm, mənim
üçün çətin deyil. Çünki mən uşaqlıqdan
kişilərin içində böyümüşəm,
Qarabağda onlarla çiyin-çiyinə vuruşmuşam.
- Bəs cəmiyyətdə qadın
polislərə münasibət necədir?
- Maraq da
var, diqqət də. Yəqin ki, bu da bizdə polis sistemində
çalışan qadınların sayının az olması
ilə bağlıdır.
- Səhv
etmirəmsə, haqqınızda indiyədək bir neçə
kitab yazılıb...
- İki
belə kitab nəşr olunub. Özüm də şeirlər
yazıram, amma hələ ki çap etdirməmişəm.
Yazdığım şeirlərin çoxu vətənpərvərliklə
bağlıdır:
Məni vətən
yetişdirdi
Anam
doğdu bu dünyaya.
İçimdəki
vətən eşqi
Saldı
məni bu sevdaya.
Xəzər
olub ləpələndim,
Araz olub qəhərləndim,
Sevgi olub,
kədər olub
Vətən
boyu səpələndim.
Vətən
mənə doğul, dedi.
Anam mənə
oğul dedi.
Düşmənlərin
başı üstə
Şimşək
olub çaxıl dedi..
- Polis olmaq istəyən zərif
cinsin nümayəndələrinə nələri məsləhət
görərdiniz?
- Təbii
ki, polis olmaq istəyən xanımlarımız idmanla məşğul
olmalıdırlar, özlərini buna
hazırlamalıdırlar. Çünki hər an cinayətkarla
üzləşə bilərlər. Çoxlu kitablar, qanunlar
oxumalıdırlar.
- Ev işləri ilə aranız necədir?
-
Heç bir işi görməkdən qorxmuram. Yemək də
bişirirəm, ev də silib-süpürürəm və bu
işlərdən zövq alıram. Amma gül-çiçəklə,
ağaclarla, torpaqla məşğul olmağı, onlara qulluq
etməyi daha çox sevirəm. Ümumiyyətlə isə,
zəhməti sevən adamam. Hər bir insanın əlində
qabar olsa yaxşıdır. Uşaq vaxtı həyətimizdə
usta işləyib, bir gündə 300 kubik
daşını
daşımışam. Bu il o qədər isti küləklər
əsdi ki, ağaclarımın çoxunun yarpağı
soldu...
- Deyilənə görə,
qadınlar kişilərə nisbətən daha həssas
olurlar. Bu amil sizə çətinlik törətmir ki?
-
Kişilərlə eyni sahədə
çalışmağım xasiyyətimi, müəyyən
mənada, dəyişdirib. Mən polis yoldaşlarımla yeri
gələndə nərd oynayıram, axtarışa gedirəm
və s. Peşə insanı dəyişir. Amma hər nə
də olsa müəyyən anlarda həssaslığım
özünü büruzə verir. Bərdədə işləyirdim,
bir narkoman qadın gətirdilər. Çox çətinlik
çəkirdi, onların öz dili ilə desək
“lomkası” tutmuşdu. Çox pis vəziyyətlərə
düşmüşdü. Əslində isə o hədsiz dərəcədə
gözəl qadın idi. Müstəntiq Oqtay müəllim onu
hər danışığa gətirəndə məni
çağırırdı. Açığını deyim
ki, söhbət zamanı hər ikimiz o qadına valeh olurduq. O
qədər səlis və gözəl
danışırdı ki, dünyagörüşünə
valeh olmamaq mümkün deyildi. Mən ona sual verdim ki, “səni
bu pis yola düşməyə nə vadar edib”. Dedi ki, əhatəmdəki
insanlar. Dediyinə görə, 2 övladı var idi.
Övladlarını başqası saxlayırdı. Təbii
ki, mən onunla o vaxt polis kimi yox, bir Azərbaycan qadını
kimi danışırdım. Çünki o anda mən polis
yox, bir qadın idim...
Heç
bir insan dünyaya cinayətkar kimi gəlmir,
düşdüyü mühit onu cinayətkara çevirir...
- Aidə
xanım, suallarımızı
cavablandırdığınız üçün sizə dərin
təşəkkürümü bildirirəm.
- Mən
də dəvət etdiyinizə görə dərin təşəkkürümü
bildirirəm və işlərinizdə uğurlar arzulayıram.
NİCAT İNTİQAM
Zaman.- 2011.- 23-24 avqust.- S.11.