“Tərəddüdlərimə
son qoymaq üçün özümdə cəsarət
tapacağam”
Fəridə Hacıyeva...
Sözün düzü, onu M. F. Axundov adına Milli
Kitabxananın dövri mətbuat
bölməsində dəfələrlə
görmüşdüm... Onu adi kitabxana işçisi olduğunu zənn etmişdim. Lakin
bu günlərdə “Hu, Mövlanə, hu” kitabının məhz Fəridə xanımın qələminin
məhsulu olduğunu biləndən sonra onunla - bu sadə, mehriban insanla görüşmək,
ondan müsahibə almaq fikrinə düşdüm. Onunla görüşəndə bir daha
hiss etdim ki, Mövlananı təbliğ edən, ona əsərlər
həsr edən insan məhz belə
səmimi, belə mehriban ola bilər. Fəridə
xanımının fikrincə,
səmimi olmayan insan sevilə, seçilə bilməz. Bu mənada
o, Mövlana demişkən,
göründüyü kimi olan, həm də olduğu kimi
görünən insanlardandır.
Qeyd edək ki, 20 ildir M. F. Axundov adına Milli
Kitabxananın dövri mətbuat
bölməsinə rəhbərlik edən Fəridə
xanım Aşıqlar Birliyi, Aşıq Pəri Məclisi və Yazıçılar Birliyinin
üzvü, 7 kitab müəllifi, “Qızıl qələm”
mükafatı laureatıdır,
bir sıra diplom və fəxri fərmanlarla da təltif
edilib, Prezident təqaüdçüsüdür.
- Fəridə xanım, sizin
Mövlanaya həsr etdiyiniz “Hu, Mövlanə, hu”
kitabınızda bu dahi şəxsiyyətin kəlamları ilə
uzlaşan 81 şeiriniz də toplanıb. Adını
unutduğum tanınmışlardan biri deyib ki, kitab hər
şeydən əvvəl, müəllifin monoloqudur. Bu
kitabı sizin monoloqunuz adlandırmaq olarmı?
-
Bilirsinizmi, Mövlana Cəlaləddin Rumi dünya ədəbiyyatı
xəzinəsinə böyük töhfələr bəxş
etmiş şəxslərdən biridir. Dünyada sədaqət,
saflıq anlayışlarını təlqin edən bu el
müdrikinin kəlamları bütün dövrlər
üçün səciyyəvi xarakter daşıyır.
Ruminin böyüklüyü ondadır ki, o, hər kəsə
olduğu kimi görünməyi məsləhət
görür. Çünki hər şey olduğu kimi
görünəndə daha gözəl, daha saf olur və
öz qiymətini də düzgün alır. Bir də onun
böyüklüyü ondadır ki, o, kimliyindən
asılı olmayaraq hər kəsi haqqa dəvət edir. Deyir
ki, “istər kafir ol, istər atəşə tapın, istər
bütə, istər yüz kərə pozmuş ol tövbəni.
Ümidsizlik qapısı deyil bu qapı. Necəsən öylə
gəl”. Elə bu kimi məziyyətlərinə görə,
mövlanəçilik mənim ruhuma hopub. Mən də
Mövlananın həyat fəlsəfəsini öyrənərək
onun ideyalarını özüməməxsus lirika ilə
izhar etməyə çalışmışam və
çalışmaqdayam. Amma mən o kitabı monoloq yox,
Mövlanəm ilə bir dialoq adlandırardım. Yəni o
böyük insandan yazanda, danışanda belə onunla pıçıldaşdığımı
zənn edirəm.
- Mövlana irsinə nə vaxtdan
könül vermisiniz?
- 20
ildir ki, əgər belə demək mümkünsə,
Mövlana yolçusuyam. Lakin mənim Mövlanaya olan sevgim
Türkiyənin Egey və Səlcuq universitetlərində təhsil
almış və bu müdrik insanın hər əsərinin
fəlsəfi çalarlarına dərindən bələd
olan oğlumun sayəsində daha da mükəmməlləşib.
4 il öncə Mövlananın 800 illiyi ilə bağlı
Türkiyənin Konya şəhərində keçirilən
“Mövlana və mövləvilik” adlı simpoziumda
iştirakım isə onu dərk etməyimdə daha bir əlavə
vəsilə olub. Ölkəmizdəki Türkiyə səfirliyinin
dəvəti ilə qatıldığım həmin tədbirdə
mən dünyanın müxtəlif ölkələrindən
gəlmiş alimlərin Mövlanaya necə yüksək dəyər
verdiklərinin bir daha şahidi oldum. Oradan qayıdandan sonra
Mövlana ilə bağlı mütəmadi şeirlər
yazmağa başladım. Həmin şeirlərim ölkəmizin
müxtəlif mətbuat orqanlarında da dərc olunub. Sonra
belə qərara gəldim ki, onları bir kitab halında
toplayım. Nəticədə, “Hu, Mövlanə, hu” adlı
kitabım ərsəyə gəldi. Onu da deyim ki, Mövlana ilə
bağlı şeirlər yazmaqda davam edirəm. Bütün
yaradıcılığım boyu da ona geniş yer verəcəyəm.
Nədən ki, onu düşünmədən yaza bilmirəm.
Sizə
bir maraqlı fakt da açıqlayım. Əldə etdiyim məlumata
görə son illərdə dünyada ən çox oxunan
klassik mütəfəkkir Mövlana Cəlaləddin Rumidir.
Xüsusilə də, Amerikada Mövlananın dini-fəlsəfi
fikirləri daha çox rəğbət qazanıb.
Mövlanaya ilbəil artan sevgini əslində onun Konyadakı
məqbərəsinə gələn ziyarətçilərin
sayından daha dəqiq, daha aydın öyrənmək olar. Məndə
olan məlumata görə, təkcə bu ilin ilk beş
ayında Mövlana dərgahına gələn ziyarətçilərin
sayı 700 minə yaxın olub. Bu göstərici ötən
illə müqayisədə təxminən 20 min çoxdur.
Özü də bir həqiqət diqqəti çəkir ki,
Mövlana dərgahına gələn xarici vətəndaşların
sayı ilbəil artır. Bu ilin ilk beş ayında gələn
ziyarətçilərin təxminən 200 mini məhz xaricilərdir,
xüsusilə də, avropalılar və amerikalılar.
- Fəridə xanım, bu şeirləriniz
Türkiyədə yayılıbmı?
- Nəşr
olunub. Amma yazdığım şəkildə. Yəni mən
onların Osmanlı türkcəsinə
uyğunlaşdırılmasına razı olmamışam. Nədən
ki, asanlıqla anlaşılır.
- Bəlkə, “Hu” kəlməsinə
də bir aydınlıq gətirəsiniz...
- “Hu” ərəb
sözü olub O mənasındadır. Və Quranda 26 dəfə
Allaha işarətlə işlədilib. İslam
dünyasında geniş yayılmış, hətta məzar
daşlarına yazılan “huvəl-Baqi”, yəni “əbədi
olan ancaq Odur” həqiqətini elan edərək Allahı
nişan verməkdədir.. Bəzi təriqətlərdə
ayin olaraq icra edilən “Ya Hu” nidası da bəndənin
Allahı çağırmasıdır. Sufi dərvişlər
zikr əsnasında Allahı “Ya Hayy” şəklində zikr
edirlər. Dilimizdə bu ifadə “Ya Allah, ey Allah” şəklində
söylənilir.
- Neylə bağlı şeirləriniz
də üstünlük təşkil edir.
- Nə
gizlədim, bu alətə də sevgim elə Mövlana
yaradıcılığından qaynaqlanıb. Elə ona aid
şeirlərimi də ney sədaları altında yazıram.
Mövlananın, demək olar ki, bütün əsərlərində
ney var, əsərlərindən sanki həmin neyin səsi
eşidilir.
“Bihudə günlərimə heyfsləndim”
- Mövlanaya
bağlılığınız həyatınızda nələri
dəyişdi?
- Sadəcə,
Mövlanasız bihudə günlərimə heyfsləndim...
Mövlana mənim daxili aləmimi daha da zənginləşdirdi.
- Fəridə xanım, səhv etmirəmsə,
sizin səhnə əsərləriniz də var... Mövlana ilə
bağlı bir səhnə əsəri yazmaq niyyətiniz
varmı?
-
Sözün düzü, bu barədə çox
götür-qoy etmişəm. Hələlik, onunla
bağlı səhnə əsəri yazmağa cəsarət
etməmişəm. Bilirsinizmi niyə? Sözün
düzü, qorxuram ki, ona layiq bir əsər ortaya qoya bilməyəm.
Amma mənə belə gəlir ki, günlərin bir
günü bu tərəddüdlərimə son qoymaq
üçün özümdə cəsarət tapacağam.
Elə zənn edirəm ki, o gün mənim ən xoşbəxt
günüm olacaq.
- Siz indiyədək 7 kitab müəllifisiniz...
Hansı kitab sizə daha doğma gəlir?
- Əslində
hamısı. Amma deyə bilərəm ki, Mövlanaya həsr
etdiyim yazılar, şeirlər məni oxucularla daha çox
doğmalaşdırıb. Mövlananın adı harada
çəkilirsə, könüllərdə sevgi cücərir.
Bu dahi insanın ruhunun enerjisi hər yana saf nəfəs kimi
yayılır.
- Siz Ramil Səfərova da ilk şeir
həsr edənlərdənsiniz....
- Sən
demə, analar tək öz övladlarını deyil, vətəninin
mərd, igid oğlunu öz övladı, ciyərparası
kimi sevib, onun dərdini, xiffətini illər boyu
qubarlamış ürəyində çəkə bilərmiş.
Bax mənim də payıma bu dərdi çəkmək
düşüb... Adətən, insanlar həbsxanaya
düşəndə mənən durğunlaşırlar.
Ramil isə... məhkəmə salonundakı
çıxışı ilə onu belə hərəkət
etməyə vadar edənlərə ittiham oxumağı bacardı.
Bütün bunların təsiri altında mən ona şeirlər
həsr etmişəm, onları neçə-neçə tədbirdə
də oxumuşam. Hətta ona “Açıq məktub” da
göndərmişəm. Bilirsinizmi, hər gün, hər an
onun məğrur, möhtəşəm varlığı
gözlərimin önündədir. Onu da deyim ki, o, dörd
divar arasında böyük macar xalqının
yazıçısı Maqda Sabonun “Qapı” adlı
romanını tərcümə etməklə bir daha
özünün kim olduğunu sübut etdi. Yeri gəlmişkən,
onun da tezliklə azadlıq qapısının
açılmasını arzulayıram.
- Siz də, səhv etmirəmsə, tərcümə
ilə də məşğul olmusunuz?
- Bəli,
rumın xalqının tanınmış şairi Mixay
Emineskudan etdiyim tərcümələri “Ulduzlardan pay istərəm”
kitabında toplayaraq Rumıniya səfirliyinin dəstəyi ilə
nəşr etdirmişəm.
“Deyəsən, əsil şairəsən”
- Bəs Fəridə xanım ilk
lirik duyğularını kütlə qarşısına nə
vaxt çıxarıb?
-
Sumqayıtda Səməd Vurğunun 60 illiyi ilə
bağlı keçirilən tədbirdə bu böyük
insana həsr etdiyim şeirimlə çıxış etdim.
O zaman şeirim elə təmtəraqla qarşılandı
ki... İnandırım sizi, o gecə sevincimdən səhərədək
yata bilmədim. Onda 13 yaşım var idi. Sonra şeirlərimi “Ulduz”
jurnalına təqdim etdim. Jurnalın redaktoru Yusif Səmədoğlunun
o zaman dediyi sözlər indi də xatirimdədir: “Koroğlu əsil
qəhrəman olan kimi, sən də, deyəsən, əsil
şairəsən”. Mənə poeziya aləmində ilk xeyir-duanı
da elə o verdi. Onu da deyim ki, Hüseyn Arif, Əzizə
xanım Cəfərzadə yaradıcılığıma
yön verənlərdən olublar. Hətta ilk kitabıma - “Məni
məndən alan dünya”ya ön sözü də Əzizə
xanım yazıb.
- Səhv etmirəmsə, bir zamanlar
sizin sözlərinizə musiqilər də bəstələnib.
Lakin son zamanlar...
- “Aşıq Pəri” şeirimə
Sevda İbrahimova, Aşıq Qurbaniyə həsr etdiyim “Gəlmişəm”
şeirimə Süleyman Ələsgərov mahnı bəstələyiblər.
Sonradan da bir neçə bəstəkar mənim
yaradıcılığıma müraciət ediblər. Amma mən
özümü heç də nəğməkar şair kimi
görmək istəmədim. Odur ki, bu sahədən
uzaqlaşdım.
- Səməd sevgisindən Mövlana
sevgisinə yol gəlmisiniz... Amma sizin şeirlərinizdə
bir kədər hakimdir... Həyatda isə nikbin bir xanım təəssüratı
oyadırsınız...
- Anam Cəbrayıldandır.
Anası şuşalı olub. Özü də Cavanşirlər
nəslindən... Atam isə Qubadlıdandır. Mən şəhərdə
anadan olsam da, özümü o torpağın nümayəndəsi
sayıram. Bəlkə də şeirlərimdəki kədər
həmin bölgələrin hələ də düşmən
tapdağı altında olmasından irəli gəlir. Mən
yalnız olanda kədərlə həmsöhbət oluram. Bəli,
kədər mənim içimdədir. Onu kimsəyə
yükləyə də bilmərəm. Ancaq insanlarla
münasibətdə tamamilə başqa adam oluram.
- Fəridə xanım, Mövlana
deyir ki, insan 3 yol keçir: xamlıq, bişmək və
yanmaq. Xoşbəxt o adamdır ki, yana bilsin. Mənə elə
gəlir ki, siz o xoşbəxtlərdənsiniz....
- Mənə
verdiyiniz bu dəyərə görə sizə təşəkkürlər
edirəm. Onu da bildirim ki, əgər belə demək
mümkünsə, mən, həqiqətən də,
Mövlana fikirləri ilə bişdim. İndi də onun
sevgisində yanıram. Hər kəsə də belə yanmaq
arzulayıram.
“Çalıquşu”nun Fəridəsinə
oxşamaq istəyirdim”
- Fəridə xanım, bir sual da
sizin kitabxana işinizlə bağlı vermək istəyirəm...Kitabxanaya
sizi bağlayan nədir?
- 40
ildir ki, Mədəniyyət Nazirliyinin əməkdaşıyam.
31 ildir burada çalışıram. Kitabxana mənim həyatımdır.
- Dövri mətbuatla
maraqlananların sayı çoxdurmu?
-
Bizim gündəlik nəşrlərdən istifadə edənlərin
əksəriyyəti təqaüdçülərdir. İnandırım
sizi, onlara o qədər öyrəşmişik ki, biri gəlməyəndə
narahat oluruq. Köhnə nəşrlərə bir qayda olaraq
bu və ya digər sahə üzrə araşdırma aparanlar
müraciət edirlər.
- Yəqin, mütaliəni sevirsiniz.
Kitablar sizə nə verib?
-
Mütaliə, demək olar ki, mənim gənclik
vaxtlarımdan hobbimə çevrilib. O vaxtdan bir gün də
olsun mütaliəsiz günüm olmayıb. Azərbaycan ədəbiyyatı
ilə yanaşı, xarici ədəbiyyatı da böyük
həvəslə oxuyuram. Həyatla bərabər kitablar da mənə
çox şeylər verib. Elə kitab olub ki, onun qəhrəmanına
bənzəmək istəmişəm. O vaxtlar...
“Çalıquşu”nun Fəridəsinə daha çox
oxşamaq istəyirdim.
QVAMI MƏHƏBBƏTOĞLU
Zaman.- 2001.- 9-10 avqust.- S.12.