“İnsanı mənən kamilləşdirən,
“Mən”ini “Mən” edən onu əhatə
edən ədəbi mühitdir
ƏZIZ MUSTAFA
Səlim
Babullaoğlu ədəbiyyata ötən əsrin 90-cı illərinin
ortalarında gəldi və dərhal da ədəbi ictimaiyyətin
diqqətini cəlb etdi. Çünki onunşeirlərində
həyat eşqi, keçmişimizlə gələcəyimiz
arasında bir körpü, ədəbi varislik
özünü güclü şəkildə əks etdirir.
Bu baxımdan şairinşeirlərini yerin dərinliklərindən
çağlayan bir bulağa bənzətmək olar. Onun “Tənha”
adlı ilk şeirlər toplusu 1996-cı ildə işıq
üzü görüb. 2006-cı ildə Türkiyədə
“İyunda oxunan nəğmələr” (“Haziranda okunan
nağmeler”) adlı şeirlər kitabı, 2007-ci ildə isə
Polşada, polyak dilinə çevrilmiş şeirlər
kitabı nəşr olunub. “Nar budağı”, “Kitab-2003”,
“Kitab-2004” milli ədəbiyyat mükafatlarına, o cümlədən
İLESAM-ın (Ankara) təsis etdiyi M.Füzuli adına Beynəlxalq
Poeziya Mükafatına, Qırğızıstan “Qızıl
qələm” mükafatına və digər ödüllərə
layiq görülüb. O həm də “Dünya ədəbiyyatı”
dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar
Birliyi İdarə Heyətinin və Beynəlxalq Ədəbiyyat
Fondunun üzvüdür. Səlim Babullaoğlu bir vaxtlar qəzetimizdə
işləyib və harada çalışmasından
asılı olmayaraq həmişə bizim üçün
doğma və əziz olub. Bəs ömrünün ən
müdrik çağlarından birinə qədəm qoyan
şair Səlim Babullaoğlu müasir ədəbi mühitimiz,
ədəbiyyatımız, onun gələcəyi barədə
nə düşünür? Bizi maraqlandıran bu və digər
suallara cavab almaq üçün şairə müraciət
etdik .
- Səlim bəy, siz ötən əsrin
90-cı illərinin sonlarında ədəbiyyata gəlmisiniz
və ilk gündən də yazdığınız şeirlərlə
diqqəti cəlb etmisiniz. Bu baxımdan maraqlıdır: sizin ədəbiyyata
gəlişiniz necə oldu?
- Ədəbiyyata
marağım şüurlu şəkildə atamın təsiri
altında yaranıb. Şeir yazırdı atam. Arabir də Sədi
Şirazının “Gülüstan”ından parçalar
öyrədirdi mənə, əzbərlədirdi. Amma daha əvvəllər
anamın atası Yunus Əmrədən, Seyid Nigaridən nələrisə
öyrədirdi, bunu isə qaranlıq şəkildə
xatırlayıram. Amma bir parça yadımdadı, gərək
ki beləydi: “Qova-qova gəlim bu düzəvəya, Fəqanım
qalxıbdı ərşü-əlaya, Üzüm haqq dərgahına,
əlim duaya, Xudaya, silaya yetirin məni...” Yəni bütün
bunlar, görünür, şeirin gündəlik, adi nitqdən
fərqləndiyini hiss etdirmişdi mənə. Çoxlu kitab
oxuyurdum orta məktəbdə, “Dədə Qorqud”, “Koroğlu”
dastanlarını, məhəbbət dastanlarını, nə
bilim daha nələri, demək olar, əzbər bilirdim. O vaxt
nəşr olunan 50 cildlik “Uşaq dünya ədəbiyyatı
kitabxanası”na, “Dünya ədəbiyyatı kitabxanası”na
abunəydim, atamın dövrü üçün
böyük, maraqlı kitabxanası vardı, dayanmadan
oxuyurdum. Sonra bir gün başa düşdüm ki, şeir
yazmaq istəyirəm. 80-95-ci illərdə yazdıqlarım
daha çox məşq idi. Ciddi şeirləri, ifadə
caizdirsə, 96-97-ci illərdə yazdım. İlk rəy Afaq
Məsuddan gəldi, təqdir rəyi. Mən ona buna görə
çox minnətdaram. Daha sonra, elə “Zaman” qəzetinin
redaktorlarından olan Əli müəllim və başqaları
da təqdir elədilər. Beləcə yazdım...
-
Şeirlərinizin birində deyirsiniz:
Yazmaq
da, yazmamaq tək,
Dostum
elə taledi,
Tale
deyilsə, demək
ya
yoxdu, ya zayedi.
Bütün şairlərin
yaradıcılıq yolunun həyatın ən ağır
sınaqlarından keçdiyini, onun daim gözləmədiyi
problemlərlə üzləşdiyini nəzərə alanda
belə bir tale sizə nə verdi və bu taledən nə qədər
razısınız?
- Bu şeiri mən şair Salama ithaf eləmişəm. Onun bir müsahibəsini oxuyandan sonra yazmışam, bəzi fikirlərini təsdiq edərək, bəziləri
ilə razılaşmayaraq.
Yazan adam
daha çox yazmamağın ağrısını
çəkir - peşəkar
ağrı kimi bu onu digərlərindən
fərqləndirir. Qalan başqa
ağrıları başqaları
da çəkir.
Qazanmaq və itirmək? Çətindi bu suala cavab vermək, Əziz müəllim.
Həyatımdan, taleyimdən narazılığım
yoxdur. Bəlkə də ən
böyük qazancım
və eyni zamanda ən böyük itkim də sözü vərdiş olunmuş mexanika ilə duymaq, hiss eləmək qabiliyyətimin tədricən
korşalmasıdır. Məsələn, bu yaxınlarda
bir nəfər soruşdu ki, siz şeytana inanırsız? Əslində, o soruşmaq istəyirdi ki, mən ona
deyil, onun varlığına inanıram,
ya yox. Baxın, sözləri, cümlələri
belə istifadə məni əsəbiləşdirir.
Cavabımda dedim ki, mən Allaha
inanıram, qalan şeylərin isə varlığına inanıram.
Bu cür misallar
çoxdur, hər yerdədir. Bu hərdən dərdə çevrilir, hərdən
də şeirə.
Qazanc və itki - qohumdu bu mənada.
- Yenə də şeirlərinizdən birinə
müraciət etmək
istəyirəm. Şerilərinizin
birində:
“Kaş ki bir gün
yaza biləydim öz həqiqi tarixçəmi. Məndə məni
yox, Səni nişan verə
biləydim, Səni...”
Maraqlıdır, öz
həqiqi tarixçənizi
yazmağa, özündə
“Səni” nişan
verməyə mane olan
nədir?
- Yəqin ki, mənin özü. Bir də daxili
senzura: birdən doğru göstərə
bilməmək qorxusu və məsuliyyəti. Hərçənd yaxşı
anlayıram ki, ədəbiyyat hər addımda Onu nişan verməkdir,
bu, bacarıqdır.
- İlk və uğursuz məhəbbət bütün
tanınmış və
ya az
tanınan şairlərin
həyatından bir qırmızı xətt kimi keçir. Bəs Səlim Babullaoğlunun həyatında,
yaradıcılığında ilk məhəbbət nə kimi izlər buraxıb?
- Mən avtobioqrafiyamı danışmağı sevmirəm.
İlk məhəbbət olub.
Əlbəttə ki, əksər
ilklər kimi uğursuzluğa düçar
olub. Belə də olmalıydı.
- Niyə?
- Çünki həqiqi sevgini əks təqdirdə tapa bilməzdin. Böyük təpələri aşmadan uca dağı tapmaq olmur.
- Şeirlərinizin
birində “Günah tək gizlətdiyim bir duyğum, bir halım var” deyirsiniz. Gizlətdiyiniz bu
duyğu Səlim Babullaoğlunun iç dünyası ilə, yoxsa daha çox
ictimai problemlərlə
bağlıdır?
-Hər ikisi ilə. Biri digərini şərtləndirir,
dəyişir, bəzən
doğurur da.
- Siz Orxan Vəlinin bütün şeirlərini
tərcümə etmisiniz. Orxan Vəliyə olan
belə bir böyük sevgi haradan qaynaqlanır?
- Orxan Vəli şeiri türk dilini minimallaşdırdı,
onu danışıq və adi düşüncə
həddinə gətirdi. Türk şairlərindən
birinin deyimi ilə türk şeirinin kasketini çıxardı. Nazim Hikmətlə
yanaşı, onun digər bir qütbünə çevrildi.
Şeirə, musiqiyə xas
çoxyozumluluq gətirdi.
Mən bu haqda “Türkün
üç böyük
şeiri” adlı məqaləmdə yazmışam.
- Müasir
Azərbaycan və Türkiyə şeiri arasında oxşarlıq və fərqliliyə münasibətinizi bilmək
istərdik?
- Türkiyə şeiri artıq xeyli vaxtdır ki, dominant olaraq sərbəstdədir.
Bizim poeziyada aşağı-yuxarı
15-20 fərqlə sərbəstdə
olan nümunələr
yazılsa da, dominant hələ də hecadır. Bu ən birinci fərqdir. Bir dəfə sorğuların
birinə cavab verəndə demişdim ki, poeziya nəsrin
keyfiyyətlərini, nəsr
isə poeziyanın məziyyətlərini əldə
edəndə daha çox insaniləşir.
Təsadüfi deyil ki, gündəlik insan nitqi istər adi danışıq olsun, istər dua, istər çıxış olsun,
ayrılıqda nə
poeziyadır, nə də nəsr. Bunu unutmaq olmaz…
Bütövlükdə sualınıza
cavab vermək uzun vaxt tələb
edərdi, unutmaq olmaz ki, son 70 ili götürsək,
Türkiyə dünyaya
açıq olub, elə türk şeiri də. Bizdə belə olmayıb. Bu da özünəməxsus
pozitiv və neqativ fərqlər yaradıb.
- Siz həm də “Dünya ədəbiyyatı”
jurnalının baş
redaktorusunuz. Bununla bağlı ötən
müddət ərzində
nə işlər görə bildiniz və nələri görmək istərdiniz?
- Jurnal xeyli iş
görüb. Həm dünya
ədəbiyyatı nümunələrini
dilimizə tərcüməsi
sahəsində, həm
də milli ədəbiyyatımızın dünya dillərinə çevrilməsi və nəşri işində.
19 kitab nəşr
etmişik. “Dünya ədəbiyyatından
books” (DƏB) adlı təsis
etdiyimiz seriyadan.
“525 kitab” seriyasından
23 kitabın çapında
yaxından iştirak eləmişik ki, bunun da 6-sı dünya ədəbiyyatı
ilə bağlı olub. Türkiyədə,
Polşada, Rusiyada, Ukraynada, Gürcüstanda,
Özbəkistan və
Qırğızıstanda, ingilis, fransız və bir çox
başqa dillərdə
və ölkələrdə
milli ədəbi nümunələrimizin xüsusi
dərgi sayları və kitablar halında nəşrində
xeyli işlər görmüşük. Görmək istədiyimiz işlər çoxdur. Amma qısa desəm,
indiyədək gördüklərimizi
daha planlı görmək istərdik.
- Gənc və yaşlı nəslə mənsub olan yazıçılar arasında
bir anlaşılmazlıq
hiss olunur..
- Bu
anlaşılmazlıq deyil, məncə. Zənnimcə,
bu daimi bir problemdi, şərti adla “atalar və oğullar”
problemidi. Amma ciddi deyil. Ötəridir. Amorfdur. Yadıma nə düşdü. Brext
deyir ki, nə qədər gənc idim öyrətmək istədiyim
qocaları arzulayırdım, indi qocalmışam və
öyrənmək istədiyim gənci axtarıram.
Yaxşı bir misal var: gənclik bilsəydi, qocalıq edə
bilsəydi…
- Gənc yazarlardan nələri
gözləyirsiniz və onların gələcəyini necə
görürsünüz?
-
Yaxşı şair və nasirlərimiz yetişir. Onlar daha cəsarətlidirlər.
Daha çevikdirlər. Dünyaya açıqdırlar. Tərəddüdləri
azdır, bu da sənət üçün qətiyyət qədər
vacib amildi. Sənət hökmdən daha çox, sual tələb
edir. Amma bu da normaldı. Bir də bilirsiniz, ədəbi əsərlərin
sivil, müasir insanın tərbiyə edilməsində rolu
olduqca böyükdür. Bu baxımdan insanı mənən
kamilləşdirən, “Mən”ini “Mən” edən onu əhatə
edən ədəbi mühitdir.
- Əgər sirr deyilsə,
hazırda Səlim bəy nələr üzərində
işləyir?
- Bir
yazıçıdan soruşurlar ki, sizin planlarınız
varmı, cavabında “mənim əsəblərim var” deyir. Orijinal
yaradıcılıq qeyri-xətti prosesdir, bu mənada
planlarım yoxdur. Tərcüməçi kimi hə, bəzi
mətnlər var ki, onları çevirmək, bəzilərinə
isə yenidən qayıtmaq istərdim. Amma necə deyərlər,
insan təxmin edir, Allah isə edir.
-
Müsahibəyə görə çox sağ olun və
fürsətdən istifadə edərək sizə yeni
uğurlar arzulayırıq.
- Siz
də sağ olun. Mən bir müddət “Zaman”da işləmişəm
və indi də o günləri şirin-şirin
xatırlayıram və bu baxımdan həmişə mənə
doğmasınız. Mən də, öz növbəmdə,
“Zaman”ın bütün əməkdaşlarına uğurlar
arzulayıram.
Zaman.-2011.-6-7 dekabr.-S.8.