Maksim Qorki -həyatın
dibindən zirvəsinə (4)
Daha
sonra o yenə də Qorkini öldürmək üçün
Yaqodadan analoji tapşırıq aldıqlarını söyləyir.
Qorkini öldürmək üçün öncədən onun nəvələrinin qripə
tutulmasını təşkil edən Levin
və dəstəsi bu yolla
Krımda istirahət edən Qorkinin təcili
şəkildə evə gəlməsinə nail
olurlar. Qripə, adətən, tez yoluxan Qorki
evə çataraq nəvələri ilə
təmasda olan kimi xəstələnir.
Bununla əlaqədar Levin
istintaqa verdiyi ifadəsində
deyir: “Qorki qriplə xəstələnən
kimi biz professor Pletnyovla birlikdə
öncədən hazırladığımız xüsusi ssenari əsasında
onu “müalicə” etməyə
başladıq. Qorkinin sətəlcəmdən
öldüyünə şübhə oyatmamaq
üçün biz bu dəfə ona ürəyinin
fəaliyyətini artıran dərman verdik
və tədricən dozanı artırdıq. Qorkinin
ürəyi bir müddət buna müqavimət göstərdi, ancaq sonra yüksək dozaya dözməyərək dayandı”.
Ata-oğul Qorkilərin öldürülməsində şəxsən iştirak edən yazıçının keçmiş katibi Kryuçkov isə istintaqa verdiyi ifadəsində belə deyib: “Mən Qorkini və onun oğlunun xaincəsinə öldürülməsində iştirak etdim. Bu barədə tapşırığı mənə Yaqoda vermişdi. O mənə Qorkinin hansısa çevriliş hazırladığını və bunun qabağını almaqda kömək göstərməyi təklif etmişdi. Mən həm də bu işi öz şəxsi məqsədim naminə etdim. Belə ki, Qorkinin oğlu öləndən sonra onun çoxlu pulları mənim əlimə keçəcəkdi. Bundan əlavə, oğlu öləndən sonra onun inandığı yeganə adam mən olacaqdım”. Daha sonra Kryuçkov Qorkini necə aldadaraq tələyə saldıqlarını və qriplə xəstələnməsindən istifadə edərək, ona diqalen adlı dərman verdiklərini və nəticədə yazıçının dünyasını dəyişməsinə nail olduqlarını söyləyib.
Ata-oğul
Qorkilərin öldürülməsində birbaşa
iştirak edən Henrix Yaqoda, Lev Levin və Pyotr Kryuçkov
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən
ölüm çəzasına məhkum edildilər. Həkim
Dmitri Pletnyova isə 25 il iş verildi.
Bununla belə, Qorkinin ölümü ilə bağlı məsələdə hələ də qaranlıq məqamlar kifayət qədərdir. Məsələn, məntiqi baxımdan Qorkinin öldürülməsi Stalinə sərf etmirdi. Belə ki, Kirovun öldürülməsindən sonra Qorki ilə Stalin arasında soyuqluq yaransa da, onlar bunu büruzə verməyərək, əvvəlki qaydada münasibətlərini davam etdirirdilər. Digər tərəfdən də, 1936-cı ildə SSRİ-nin yeni konstitusiyası qəbul edilməli idi və Stalinin bu işdə Qorkinin yardımına, humanitar sahədə yeni islahatların keçirilməsi və sosializmin daha geniş şəkildə beynəlxalq səviyyədə təbliği məsələsində onun nüfuzundan istifadə edilməsinə ciddi ehtiyacı vardı. Yeri gəlmişkən, onu da deyək ki, Yaqoda məhkəməyə verdiyi ifadəsində Qorkini Kremldə aparıcı fiqurladan biri olan A. Yenukidzenin tapşırığı ilə aradan götürdüyünü bildirib. Onun sözlərinə görə, trotskiçi rejim guya ölkədə Stalinə qarşı çevriliş hazırlayırmış. Onların bütün səylərinə baxmayaraq, Qorkini Stalinin əleyhinə qaldırmaq mümkün olmayıb. Onlar çevriliş zamanı Qorkinin öz nüfuzundan istifadə edərək, xalqı Stalinin müdafiəsinə qaldıracağından ehtiyat ediblər. Ona görə də trotskiçilər Yenukidze vasitəsilə Qorkinin aradan qaldırılmasını daha məqsədəuyğun hesab ediblər. Amma Yaqodanın dediklərini təsdiq edəcək hər hansı bir ikinci mənbə yoxdur. Bir sözlə, ata və oğul Qorkilərin Stalinin, yoxsa trotskiçilərin tapşırığı əsasında aradan qaldırılmasını nə təsdiq, nə də təkzib edən ( Yaqoda istisna olmaqla) dəqiq məlumat yoxdur. Bütün hallarda ortada acı bir həqiqət var. Ata-oğul Qorkilər Kremldə hakimiyyət uğrunda mübarizə aparan qrupların qurbanına çevriliblər.
Əsərləri
Maksim Qorki humanist və dindar adam
olsa da, xarakter etibarilə ziddiyyətli idi. O, başdan-ayağa proletar ruhlu və dindar olsa da, var-dövləti,
gözəl yaşamağı, gəzməyi, əylənməyi,
pulu, qadınları çox
sevirdi. Leninin göstərişi
ilə Qorkiyə Moskvada məşhur bir kapitalistin müsadirə
edilmiş mülkünü
bağışlamışdılar. O, bu
mülkdə özünü kapitalistdən
daha çox, kapitalist və ya daha dəqiq desək, neokapitalist
kimi aparırdı. Proletar
yazıçısı öləndə özündən sonra milyonlarla rubl var-dövlət qoymuşdu.
Nə qədər qəribə olsa da, humanistliyi ilə
seçilən Qorki düşmənə
münasibətdə amansızlıq nümayiş
etdirirdi. O yazırdı: “Düşmən
təslim olmayanda onu məhv
edərlər”. Əslində o bununla da o
dövrdə sinfi düşmən məsələsini
gündəmə gətirərək, yüz
minlərlə insanı gedər-gəlməzə göndərən
bolşeviklərə haqq
qazandırmışdı. Halbuki o özü bolşeviklər
tərəfindən sinfi düşmən
damğası vurulmuş çoxsaylı
ziyalıları güllələnməkdən xilas etmişdi.
Onu
da deyək ki, yazmağa başladığı ilk günlərdən
Maksim Qorki dərhal ədəbi ictimaiyyətin diqqətini cəlb
etdi. Onun işıq üzü
görən hər əsəri maraqla
qarşılanaraq əldən-ələ gəzirdi. Ona görə
də yazdığı əsərlər qısa müddətə
nəinki Rusiyada, həm də bütün dünyada ona böyük
şöhrət gətirdi. İş
orasındadır ki, Qorki
ədəbiyyata həyatın bütün
acılarını, əzablarını duya-duya,
onu yaşaya-yaşaya
gəlmişdi. Müəllifin qələmə
aldığı bütün əsərlərində
insanları mübarizəyə çağırış ruhu var. Qorkinin
ilk yaradıcılıq dövrünə
aid edilən “Oçerklər və hekayələr”ində
azad əxlaq nümayəndələri - ancaq özlərinin alçaldılmasına
qarşı mübarizə aparan insanlar təsvir edilib.
1906-cı ildə yazdığı “Ana” romanında Rusiyada özünü göstərən inqilabi hərəkat olduqca təsirli şəkildə təsvir edilib və o, bu romanı ilə məşhur tənqidçilərdən birinin də dediyi kimi, Lenindən daha çox, insanları inqilabi hərəkata hazırlamaqda kömək edib. Bu əsər uzun illər boyu nəinki Rusiya, həm də dünyada ən çox oxunan əsərlərdən biri hesab edilib.
1902-ci
ildə yazdığı “Həyatın dibində” əsərində
isə o, bu gün də Rusiya üçün aktual olan
insanların azadlığı və onun dünyaya
öldürmək, kimləri isə alçaltmaq üçün
deyil, xeyirxah işlər üçün gəldiyini göstərirdi.
“Matvey Kojemyakinin
həyatı” romanında isə sanki bugünkü Rusiyanın əyalət şəhərlərindəki
mənəvi düşkünlüyü,
passivliyi təsvir edib.
Təbii
ki, müəllifin azadlıq, mübarizə
çağırışları onun yazdığı
“Dankonun ürəyi” və “Şahin haqqında nəğmə”də
daha dolğun və tam şəkildə verilib. İlk gənclik
dövrlərində qələmə aldığı bu hekayələri həcm etibarilə balaca olsa da,
mahiyyət etibarı ilə insanlara onun ən irihəcmli əsərlərindən
daha çox təsir
bağışlayır. Fikrimizi əsaslandırmaq
üçün aşağıda “Dankonun ürəyi”ndən bir
neçə parçanı oxucularımıza
çatdırmağı özümə borc
bilirəm: “Qocaman meşə olduqca dərin, qaranlıq və içi bataqlıqlarla dolu
idi. Ağaclar bir-birilərinə elə sıx birləşmişdilər
ki, göy
üzündən baxanda meşənin dibi görünmürdü.
Günəş işığı ağac
budaqları və yarpaqları arasından keçə bilmirdi, keçib
bataqlıqlara çatdıqda isə ətrafa çox
pis qoxular
yayılırdı. Meşəyə qovulmuş
insanlar bu qoxuya dözə bilmir,
bir-birinin ardınca ölürdülər.
Qadınlar, uşaqlar qan
ağlayır, atalar həmişə dərdli-dərdli
düşünürdülər.
Xalqın
xilas olmaq üçün iki yolu var idi. Birinci
yol geridəydi, orada
zalım və güclü düşmən
dayanırdı. İkinci yol
isə qarşılarında duran, başdan-başa bataqlıq və kökü palçığa saplanmış
nəhəng ağaclarla dolu
meşəni keçib getməkdi. Gecə-gündüz qaranlığın, səssizliyin
yayıldığı, külək əsərkən dəhşətli
uğultuların əks olunduğu meşə,
geniş və işıqlı
çöllərdə yaşamağa vərdiş
etmiş xalqı təşvişə
salır, bezdirir və günlər
keçdikcə daha da
ümidsizləşdirirdi.
Bütün
bu çətinliklərə baxmayaraq, insanlar hələ də
güclü idilər. Onlara qalib gəlmiş, torpaqlarını əllərindən
almış düşmənə qarşı hər an ölüm-qalım mübarizəsinə
girə bilərdilər. Lakin
döyüşdə ölmək istəmirdilər...
Meşədə
göy gurultusu hər yeri lərzəyə gətirirdi, ildırım
çaxırdı, güclü leysan yağırdı. Danko insanlara bağırdı, sinəsini əlləriylə
yararaq, ürəyini qopardıb
çıxartdı və başı üzərinə
qaldırdı. Onun ürəyi günəşdən
daha parlaq idi. Meşəyə
gözqamaşdırıcı bir
işıq yayıldı. İnsanlar təəccübdən
daş kimi donub qaldılar. Danko irəli
çıxdı, insanlara irəliləmələrini
söylədi. Getdilər, getdilər…
Və
birdən meşə sona çatdı. Günəş
insanların üzlərində parladı, ciyərlərinə
təmiz hava doldu. Böyük bir
çöllüyə çatmışdılar. Axşamüstü, günəşin batan işıqları altında, Dankonun qoparılmış ürəyi sinəsindən
axan isti qan kimi qırmızı olmuşdu. İgid Danko, qarşısındakı geniş
çölə qürurla baxdı, azad torpağa baxdı və
gülümsədi. Sonra yerə
yıxılıb, canını tapşırdı (tərcümə
Novruz Bəylərzadənindir).
Eyni sözləri “Şahin haqqında nəğmə” barəsində də demək olar. Bu hekayə də insana olduqca güclü təsir bağışlayır.
Bir
sözlə, Qorki müsbəti mənfisi ilə dünya ədəbiyyatına
öz möhürünü vuran yazıçılardan biri
kimi qalmaqda davam edir. Son.
Zaman.-2011
.-8-9 dekabr.-S.13.