Alim Qasımov: “Gözəl ifa muğamı yadlara da sevdirir”
Alim Qasımov Azərbaycan muğamında yeni bir iz açdı. Elə bir
iz ki, onun
sayəsində muğamımızın
səsi Yaponiyadan, Fransadan, Amerikadan gəldi, yüzlərlə
xarici Azərbaycanın
bu musiqi sənətinə qulaq asmaq həvəsinə düşdü. Muğam aləmində
özünəməxsus ifa
tərzi ilə seçilən Alim bəy oxuyarkən başqa bir aləmdə olduğunu deyir. Ona görə muğamı
dinləyənlər dinindən,
dilindən, milliyyətindən
asılı olmayaraq, onunla xoşbəxt anlara çata bilir. Allahın izni ilə insanlara o anları yaşadan Xalq artisti Alim Qasımovla
bu günlərdə görüşüb söhbət
etdik. Sənətkar muğamın sirləri,
özünün sənət
yolu barədə maraqlı faktlar danışdı.
- Muğam deyəndə, bu sənəti ölkəmizdə
və xaricdə zirvələrə qaldıran,
ona böyük sevgi qazandıran ustad sənətkar kimi siz yada
düşürsünüz. Fikrimizcə, bu, sizin muğama böyük sevgi ilə yanaşmağınızın
nəticəsidir. Bilmək
istərdik, bu sevgi sizdə nə vaxtdan yaranıb?
- Muğamı nə evdə, nə də məktəbdə öyrənmişəm. Mən bunu
toy məclislərində, dostlar
arasında, şənliklərdə
oxuya-oxuya mənimsəmişəm.
Elə olurdu ki, bir
muğamı dəfələrlə
oxuyurdum. Beləliklə, məndə bu sənətə qarşı
sevgi yaranmağa başladı. Sanki oxuya-oxuya özümə qulaq asır, zövq alırdım.
Hətta
muğam ifa edəndə gözümdən
yaş da gəlirdi, ağlaya-ağlaya
oxuyurdum. Sanki başqa bir aləmdə olurdum. Məndə bu sənətə qarşı belə sevgi yarandı. Sonra xaricdə konsertlər verməyə başlayanda
gördüm ki, bu hisslər muğamı dinləyən
əcnəbilərə də
tanışdır. Ona görə
də onlar mənim ifamda muğamı dinləyəndə
ondan zövq ala bilirdilər. Etiraf edim
ki, konsertlər zamanı onları muğamın sehrinə salmaq çətindir.
Ancaq sənətçi
muğamı onların
dərk edə biləcəkləri səviyyədə
ifa edəndə istəyinə nail olur.
- Alim bəy, başqa bir aləmə düşmək və sonra yenə bu dünyaya qayıtmaq... Bu hissləri
sözlə ifadə etmək çətindir.
Ancaq o ali
hissləri mümkün
qədər bizimlə
bölüşmənizi istərdik.
- Bilirsiniz, canlı aləmdən ayrılmasan,
eşqlə yaşamasan,
dinləyicilərə həmin
hissləri çatdıra
bilməzsən. Ancaq onu
da deyim ki, həmişə eşqlə yaşasan, kənardan baxan sənə “dəli” deyəcək. Ona görə
çalışırıq ki, ancaq səhnədə
muğam ifa edəndə o hala düşək. Konsertdən
bir neçə saat keçəndən sonra isə yenə qoşulursan cəmiyyətə və olursan həmişəki adam.
- Siz muğamı xalça üzərində bardaş
quraraq, şam işığında oxuyursunuz.
Bu barədə də söz açmağınızı xahiş
edirik.
- Muğam oxuyanda müəyyən elementlər
(gur işıq, görkəm, insanların
üzləri və sairə) mənə maneə törədir. Ona görə də çox vaxt gözlərimi yumuram və çalışıram
ki, belə şeyləri görməyim.
Necə deyərlər, özümü
onlardan təcrid etməklə qaranlığa
qərq olur və eşqi yaşayıram. Qaranlıqda, şam işığında
muğam oxumağım
da bundan irəli gəlir.
- Alim bəy, muğamda yeni bir iz
açdınız. Bəs bu
izin gələcəyini
necə görürsünüz?
- Hər bir ustad
istəyər ki, sənətinə yenilik gətirsin. Ancaq bir Allah şahiddir
ki, mənim gətirdiyim yenilik özümdən əsla asılı olmayıb.
O ki qaldı bu yolun gələcəyinə,
yəqin ki, haçansa yad olunacaq, nə vaxtlarsa qulaq asacaqlar. Müəyyən fikir söyləyənlər
də olacaq.
- Qızınız
Fərqanə xanım
da bu sənətlə
məşğuldur. Onun muğama gəlməsində
sizin nə kimi rolunuz olub?
- Mən muğamı təzə-təzə öyrənəndə
Fərqanə hələ
bələkdə idi.
Körpə olmasına baxmayaraq,
məni dinləyirdi.
4-5 yaşı olanda isə ondan “Məndə məcnundan füzun aşiqlik istedadı var, aşiqi sadiq mənəm məcnunun ancaq adı var” beytini
oxumasını istədim,
o da çox maraqla ifa etdi.
Bu, mənim diqqətimi
çəkdi. Gördüm
ki, maraqlı səsi var. Evdən çıxanda yoldaşıma
dedim ki, mən evə qayıdana kimi Füzulinin bu qəzəlini ona öyrət. Qayıdanda gördüm ki,
Fərqanə bir neçə beyt öyrənib, hətta gözəl oxuya bilir. Mən artıq başa
düşdüm ki, onun istedadı var. Beləliklə, məşq
edə-edə artıq
səhnəyə ata-bala,
qoşa çıxmağa
başladıq.
- İran,
İngiltərə, Fransa,
Yaponiya, Braziliya,
ABŞ və digər
ölkələrdə konsertlər
vermisiniz. Muğam bu
ölkələrdən hansında
daha çox maraqla qarşılanıb
və sevilib?
- Qeyd edim ki,
hər musiqinin öz tamaşaçısı,
öz həvəskarı
var. Bu sualı mənə
çox veriblər. Mən deyərdim ki, muğam hər yerdə sevilir. Çünki bütün ölkələrdə
muğamın incəliyini,
gözəlliyini dərk
edən, o eşqlə
yaşayan insanlar var. Məhz bu səbəbdən
onu dinləyənlər
arasında fərq qoymaq olmaz. Yeri gəlmişkən, qeyd edim ki, artıq
xaricdə konsertlərimizə
start veririk, bu ayın 14-də İstanbulda,
gələn ilin yanvarında isə Amerikanın bir neçə şəhərində
konsertlərimiz olacaq.
- Muğamın yaranma tarixi, adının mənşəyi
barədə konkret məlumatlar yoxdur. Bu barədə siz
nə deyə bilərsiniz?
- Mən öz aləmimdə muğamın
yaranma tarixini düzüb-qoşmuşam. Əgər muğamla
insanlar mənəvi rahatlıq tapırlarsa, deməli, bu, insanla birgə yaranıb. Düzdür, həmin vaxtlar
muğam olmasa da, əvəzində müəyyən avazlar, səslər var idi. Vaxt keçdikcə isə
bu, müxtəlif formalara, o cümlədən
muğama çevrilib.
- Bizim muğamların digər xalqlara məxsus muğamlardan hansı üstün cəhətləri
var?
- Bizim qulağımız Azərbaycan muğamına
öyrəşdiyinə görə
başqalarını dərk
etmir, onlar kimi qulaq asa
bilmirik. Ona görə heç
kimin muğamına üstündür və ya aşağıdır demək olmaz. Ancaq ifa tərzinə, səslərin düzümünə,
avazlara görə müəyyən fərqlər
var. Təbii ki, digər Şərq ölkələrində muğamın
müxtəlif növləri
inkişaf etdiyinə görə bu fərqlər olmalıdır.
- Gənclər xarici musiqilərə meyil edirlər. Sanki muğamı daha az dinləyirlər.
Sizcə,
bunun səbəbi nədir?
- Bu, bütün dünyada belədir. İnsanların geyimində, yaşam
tərzində müxtəliflik
olduğu kimi, musiqi zövqlərində
də fərqlər
var. Kim ki, muğamı
dinlədikcə mənəvi
rahatlıq tapır, deməli, o, bu musiqini dərk edə bilir. Buna bir az səbir lazımdır. Kimin səbri var, o da bu eşqə
çata bilir. Onu da deyim ki,
bu, çox qəliz sənətdir.
Nəzərinizə çatdırım ki, Füzulinin, Seyid Əzimin qəzəllərinə on faiz
qulaq asan varsa, bu, mənim
fikrimcə, artıq yaxşı göstəricidir.
Qeyd edim ki, hər yerdə
mənəvi musiqini dinləyənlər az olub.
- Bu gün ölkəmizdə muğama
olan münasibət sizi qane edirmi?
- Şükürlər olsun ki, qocaman
musiqiçilər dövlətimizin
diqqətindədir. Cavan musiqiçilərə
də köməklik göstərirlər. Bu isə sənətkara qarşı böyük bir dayaqdır. Əks halda, sənətçi sına bilər. Həmçinin qeyd edim ki, sovet dövründə
muğama köhnəlik
qalığı kimi baxırdılar. İndi isə
Allaha şükür
ki, bu sənət
sevilir və seçilir.
- Alim bəy, tələbələriniz
içərisində gələcəyin
sənətkarları yetişirmi?
- Bilirsiniz, birinin səsi, birinin eşqi, birinin də yaxşı yaddaşı var. Gərək
bu və digər keyfiyyətlər
bir nəfərdə cəm olsun. Bax belə birisi
gələcəyin peşəkarı
ola bilər.
Hələlik, belələri çox
deyil. Ancaq inanıram ki,
bu sahədə peşəkarlar yetişəcək.
Son olaraq, gənclərə
məsləhət görərdim
ki, dünya musiqisindən tutmuş, muğama qədər hansı musiqi onlara təsir edirsə, zövq verirsə, ondan mənəvi rahatlıq tapırlarsa, ona qulaq assınlar. Öyrənmək istəyənlərə də deyərdim ki, keçmişdə öz adlarını tarixə yazdırmış
xanəndələrə və
səhnədə öz
sözlərini deyən
sənətkarlara çox
qulaq assınlar, onlardan mümkün qədər öyrənsinlər.
RUSLAN ÇİNGİZOĞLU
Zaman.-2011.-13-14
dekabr.- S.13.