Seyid Cəfər Pişəvəri -azadlıq və müstəqillik fədaisi (1)

 

“İttihad”da işləyərkən Seyid Cəfər Nəriman Nərimanov,Bəhram Ağazadə və digər tanınmış inqilabçılarla şəxsən tanış olur.  Bu şəxsi tanışlıq isə Pişəvərinin siyasi cəhətdən formalaşmasında xüsusi rol oynayır. Pişəvərinin siyasi cəhətdən xeyli yetkinləşməsi“Ədalət” firqəsi rəhbərliyinin də diqqətini cəlb edir. Bunun nəticəsində İran Ədalət Firqəsi rəhbərliyi onu özünün mətbu orqanı olan “Hürriyyət” qəzetinin redaktoru təyin edir.

O, tarixdə özündən sonra şanlı  şərəfli bir iz buraxmış, adını Cənubi Azərbaycanın milli azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazdırmışdır.  XX əsr Cənubi Azərbaycan tarixində azadlıq uğrunda mübarizəyə qalxan xalq hərəkatına və qısa müddətə də olsa, Azərbaycanın dövlət müstəqilliyini elan edəndən sonra ona rəhbərlik etmişdi. Onun azadlıq mübarizəsi 1906-1910-cu illərdə Səttərxan, 1920-21-ci illərdə isə Şeyx Məhəmməd Xiyabaninın azadlıq uğrunda apardıqları tarixi mücadilənin davamı idi. Bu, Cənubi Azərbaycanda yarım əsr ərzində soydaşlarımızın 3 dəfə öz azadlıqları uğrunda apardığı tarixi bir qəhrəmanlıq mübarizəsi idi. Bu mücadilə İranın fars şovinistləri tərəfindən qan içində boğulsa da, Azərbaycan xalqının tarixində şərəfli bir iz buraxıb. Təsadüfi deyil ki, məhz Təbrizdə başlanan milli azadlıq hərəkatının qəhrəmanları Arazın hər iki tayında milyonların qəlbində hələ də yaşamaqdadır. Belə qəhrəmanlardan biri ötən əsrin 40-cı illərində cənubdakı soydaşlarımızın azadlıq mücadiləsinə rəhbərlik edərək, müstəqil Azərbaycan Cümhuriyyətini quran Seyid Cəfər Pişəvərid

Həyatı

Pişəvəri 1892-ci ildə Cənubi Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində anadan olub. Onun  valideynləri olduqca yoxsul idilər və gündəlik yeməklərini zorla qazanırdılar. Buna baxmayaraq, onlar  öz oğullarının ibtidai təhsil almasına imkan yaratmışdılar. Kənd məktəbində fars dilində təhsil almağa məcbur olan Seyid Cəfər ilk günlərdən istedadlı bir şagird kimi müəllimlərinin diqqətini cəlb etmişdi. Daim aclıq və səfalət içində yaşamaları nəticəsində Pişəvərinin ailəsi 1905-ci ildə doğma kəndlərini tərk edərək, minlərlə digər cənublu soydaşımız kimi Şimali Azərbaycana köç etməyə məcbur olmuşdu. Amma Pişəvəri ailəsinin Bakıya köçməsinin başqa səbəbləri də vardı. Tədqiqatçı alim Əkrəm Rəhimlinin Pişəvəriyə həsr edilən “Mübarizə burulğanlarında keçən ömür” adlı kitabında yazdığına görə, S. C. Pişəvərinin ulu babası Kərbəlayi Mir Yəhya ağa dini təhsil almış, halal, kasıb-kusuba əl tutan hörmətli adam olub.  S. C. Pişəvərinin atası Mir Cavad Kərbəlayi Mir Yəhya ağanın ikinci arvadından olduğundan o, qardaşları ilə ögey idi. Kərbəlayi Mir Yəhya ağa ortabab kəndli idi, onun bağı, əkin sahəsi, mülkü və bir qədər mal-heyvanı vardı. Rəhimli yazır ki, Mir Yəhya dünyasını dəyişdikdən sonra ögey qardaşları Mir Cavad ağanın vərəsəlik payına da insafsızcasına sahib çıxırlar. Bu isə ailənin maddi cəhətdən ağır duruma düşməsinə səbəb olur. Nəticədə Mir Cavad qardaşlarından incik düşərək, dolanmaq üçün ailəliklə Azərbaycanın quzeyinə - Bakıya köçməyə məcbur olur.

Müəllimlik dövrü

Onu da deyək ki, Seyid Cəfər Pişəvərinin atası Mir Cavad Məşrutə mücahidlərinə dəfələrlə mənzilində yer vermiş və özü də bu hərəkatın başlanğıcında ona qoşulmuşdur. Bunu S.C.Pişəvərinin bacısı Suğra xanımın xatirələrində də görmək olar.  “... Əslində atamın Seyid Cəfərə təsiri çox olmuşdur. Atam Səttarxan mücahidlərindən idi. Hələ o vaxt atamla dostları arasında fədailər, inqilabçılar barədə söhbət olurdu. 12-13 yaşlı Seyid Cəfər də həmişə onlara qulaq yoldaşı olardı. Söhbətə qarışıb bir söz soruşanda atam ona gülüb deyərdi: “Sən belə şeyləri bilmək üçün çox kiçiksən” (Əkrəm Rəhimli “Mübarizə burulğanlarında keçən ömür”).

Bakıda öz maddi vəziyyətlərini yaxşılaşdırmağa ümid edən Pişəvərilər ailəsi, əvvəlcə, Bülbülə qəsəbəsində məskunlaşdılar. Bunun da səbəbi qəsəbənin neft mədənlərinə yaxın ərazidə yerləşməsi və bunun da nəticəsində iş tapacaqlarına olan böyük ümid idi. Bülbülədə Pişəvərilər ailəsi öz maddi vəziyyətlərini nisbətən yaxşılaşdırmağa nail olmuşdular. Bu da Seyid Cəfərin Bülbülədə,  sonra da Sabunçuda təhsilini davam etdirməsinə imkan vermişdi. Seyid Cəfər təhsil almaqla yanaşı, həm də valideynlərinə bir tikə çörək qazanmaqda yardım edir və boş vaxtlarında ən ağır işlərdə belə çalışırdı. “Məktəbin ibtidai sinfini  əla və yaxşı qiymətlərlə başa vurduqdan sonra S.C. Pişəvəri Bakıdakı  “İttihad” məktəbinə, sonra isə “Darul-müəllimin” (Pedaqoji məktəb) mədrəsəsinə daxil olur və oranı da bitirdikdən sonra Hacı Xalxali adlı həmyerlisinin vasitəsilə əvvəllər özünün oxuduğu,  “İttihad” məktəbinə müəllim təyin olunur.

“İttihad” məktəbi ilə yanaşı, Bakı Bələdiyyəsinə məxsus olan 9  saylı məktəbdə də ərəb, fars və islamiyyət fənlərindən dərs deyir”.  (Əkrəm Rəhimli: “Mübarizə burulğanlarında keçən ömür”).

İnqilaba aparan yol

Pişəvəri 1913-cü ildə Xırdalana gələrək, burada müəllimlik fəaliyyəti ilə məşğul olmağa başladı. O, Xırdalanda 4 il dərs dedi. Bu müddətdə gənc Pişəvərinin həyatında bir sıra dəyişikliklər baş verdi. O, siyasətlə yaxından maraqlanaraq, ölkədə baş verən siyasi hərəkatda iştirak etməyə başladı. Bakıda Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak hökumətinin dinc azərbaycanlılara qarşı həyata keçirdyi qanlı qırğınlar Seyid Cəfərdə ağır izlər buraxmışdı. Həmin dövrdə Pişəvəri eyni zamanda bir sıra mətbu orqanlarında, o cümlədən “Açıq söz” qəzetində siyasi yazılarla çıxış etdi. Müəllif “Açıq söz” qəzetinə yazdığı məqalələrində İran xalqının ağır vəziyyətindən bəhs edərək, onu ağır günə salanları tənqid edirdi. 1918-ci ildən başlayaraq, Pişəvəri həm də “Azərbaycan Cüzilayənfəki-İran” qəzetində müxtəlif mövzulara həsr olunmuş yazılarla çıxış etmişdir.  Mətbuatda Cənubi və Şimali Azərbaycanın ağır vəziyyətindən bəhs edən məqalələri Pişəvərinin xalq arasında siyasi nüfuzunu artırır və onun daha çox tanınmasına səbəb olur. Amma siyasi məqalələr yazmaqla xalqın gözünü açmaq, onu maarifləndirmək istəyən Pişəvəri hiss edirdi ki, bununla kifayətlənmək olmaz. Ona görə də o, siyasi ideyalarını daha geniş şəkildə təbliğ etmək üçün yeni siyasi meydan axtarmağa başladı. Bu məqsədlə də 1919-cu ildə o, Cənubi Azərbaycanun “Ədalət” firqəsinin Bakıdakı “İttihad” mədrəsəsində müəllim kimi işləməyə başlayır və adıçəkilən firqənin keçirdiyi bütün siyasi tədbirlərdə yaxından iştirak edir. “İttihad”da işləyərkən Seyid Cəfər Nəriman Nərimanov, Bəhram Ağazadə və digər tanınmış inqilabçılarla şəxsən tanış olur. Bu şəxsi tanışlıq Pişəvərinin siyasi cəhətdən formalaşmasında xüsusi rol oynayır. Pişəvərinin yetkinləşməsi “Ədalət” firqəsi rəhbərliyinin də diqqətini cəlb edir. Bunun nəticəsində İran Ədalət Firqəsi rəhbərliyi onu özünün mətbu orqanı olan “Hürriyyət” qəzetinin redaktoru təyin edir; paralel olaraq, Seyid Cəfərə böyük etimad göstərən firqə rəhbərliyi onu qurumun xarici bölməsinin katibi vəzifəsinə irəli çəkir. Həmin dövrdə Şimali Azərbaycanda gedən siyasi proseslər nəticəsində Cənubi Azərbaycanda da inqilabi vəziyyət yetişmiş və Məhəmməd Xiyabaninin rəhbərliyi altında azadlıq mübarizəsi başlanmışdı. Ona görə də, “Ədalət” firqəsi 1920-ci ilin may ayında Pişəvərini xüsusi tapşırıqla Cənubi Azərbaycana - Gilana göndərir. Pişəvəri burada Gilan əyalətində başlanan “Gəncəlilər” hərəkatının rəhbəri Kiçik xanla görüşür. Bundan az sonra, 1920-ci ilin iyun ayında Pişəvəri Kiçik xanın əmri ilə Gilan inqilabi hökumətinin xarici işlər naziri təyin edilir. Bunun ardınca Pişəvəri “Ədalət” firqəsinin Ənzəli şəhərində keçirilən I qurultayında Mərkəzi Komitənin üzvü və ideoloji işlər üzrə katibi seçilir. 1921-ci ildə isə Pişəvəriyə daha bir etimad göstərərək, onu Həmkarlar İttifaqının orqanı olan “Həqiqət” qəzetinin redaktoru təyin edirlər. O, artıq öz siyasi yolunu müəyyən etmiş və həyatını Cənubi Azərbaycanın azadlığı uğrunda mübarizəyə həsr etmişdi. Bu müstəvidə də Xiyabani hərəkatında yaxından iştirak edir. Lakin Xiyabani tərəfindən qurulan və tarixə Azadistan Cümhuriyyəti adı ilə daxil olan dövlət fars şovinizmi tərəfindən devrilir və onun  görkəmli üzvləri edam edilir. Azadistan hökumətinin devrilməsindən və azadlıq mücahidlərinə divan tutulmasından sonra də siyasi fəaliyyətini davam etdirən Pişəvəri Azərbaycanın müstəqilliyinə olan inamını itirməmişdi. O, cənubdakı soydaşlarımızı fars şovinizminə qarşı yeni mübarizələrə səsləyirdi.

 

ƏZIZ MUSTAFA

  Zaman.-2011.-10-12 dekabr.- S.12.