Seyid Cəfər Pişəvəri
-azadlıq və müstəqillik fədaisi (2)
1922-ci ildə fars
“Həqiqət” qəzetini bağladırlar.
Bundan sonra həbs edilmək təhlükəsi altında gizli fəaliyyətə
keçməyə məcbur
olan Pişəvəri
İsfahan şəhərinə
gedir. Arada o, Bakıya da
gələrək ailəsi
ilə görüşür.
O, eyni zamanda Cənubdakı inqilabi hərəkatla bağlı
Nəriman Nərimanovun
və Moskvanın mövqeyini bilmək istəyir. Pişəvəri sonra yenidən
İrana qayıdır.
İki il ağır
şəraitdə tez-tez
yaşayış yerini
dəyişdirməyə məcbur
olsa da, azadlıq mübarizəsini
davam etdirir. Növbəti dəfə Bakıya
qayıdan Pişəvəri
təhsilini davam etdirmək istəyir.
Özünün etiraf
etdiyi kimi, qəbul imtahanından (rus dilindən) yetərincə qiymət
ala bilmədiyi üçün
universitetin tələbəsi
ola bilmir.
Bakıda bir müddət
orta məktəblərdə
müəllimlik edir, dövrü mətbuatda müxtəlif imzalarla məqalə və felyetonlarını çap
etdirir. 1927-ci ilin payızında ailəsi ilə birlikdə, Xorasan yolu ilə Tehrana
gəlir. Bir müddət işsiz qaldıqdan sonra 600 tümənə Tehranın Refahi
xiyabanında yerləşən
bir amerikalının kitab mağazasını alır.
İki köməkçidən
əlavə, Əli Şərqi adlı əvvəldən yaxşı
tanıdığı şəxsi
özünə satıcı
götürür. İki il həmin
kitab mağazasını
işlədir, lakin gəliri olmadığı
üçün onu satmaq məcburiyyətində
qalır.
Pişəvərinin və digər azadlıq mücahidlərinin
vəziyyəti 1925-ci ildən
sonra daha da ağırlaşır. Belə
ki, hakimiyyətə gələn Rza şah Pəhləvi fars şovinizmini
İranın milli siyasətinə çevirərək,
Cənubdakı soydaşlarımıza
qarşı yeni təzyiq və qətliamlara başlayır.
Fars şovinistləri Pişəvərini həbs
etmək üçün
bəhanə axtarırdılar.
Bununla əlaqədar
“Mübarizə burulğanlarında
keçən ömür”
adlı kitabında tədqiqatçı alim Əkrəm Rəhimli yazır: “1929-cu ilin dekabr ayının son günlərində
polisin əlinə belə bir bəhanə düşdü.
Vaxtilə S.C. Pişəvərinin
kitab mağazasında
işləyən Əli Şərqi
dövlət əleyhinə
siyasi fəaliyyətdə
suçlanaraq həbsə
alınır. Onun sənədləri
arasında S.C. Pişəvəridən
və doktor Salamulla Caviddən borc aldığı pulun qəbzi (çeki) tapılır.
Bu, S.C. Pişəvəri ilə
Əli Şərqinin
əlaqəsinin olduğuna
“dəlil-sübut” kimi qəbul edilir. Nəticədə S.C. Pişəvəri də həbsə alınır”.
Pişəvəri günahsız olduğunu
faktlarla sübuta yetirməsinə baxmayaraq,
fars şovinistləri
onu həbsdən azad etmək niyyətində deyildilər.
Ona görə də saxta ittihamlar
əsasında Pişəvəriyə
11 il həbs
cəzası kəsilir.
Onu azadlıq mücahidlərinin
gedər-gəlməzi sayılan
Qəsri-Qacar həbsxanasına
salırlar. Bu həbsxanada məhbusları
ələ salır, onlara ən ağır cəzalar verirdilər. Ona görə də Qəsri -Qacardakı çox az
məhkum sağ-salamat
həbs müddətini
başa vura bilirdi. Lakinişgəncələr Pişəvərinin iradəsini qıra bilmir. O, həbsxanada
siyasi cəhətdən
daha da yetkinləşir.
II Dünya müharibəsi
ilə bağlı baş verən hadisələr İrana da öz təsirini
göstərir. Rza şah
Pəhləvinin İranı
alman faşizminin arxa cəbhəsinə çevirmək istəyinə
qarşı çıxan
SSRİ və bəzi
Qərb dövlətləri
qarşılıqlı razılıq
əsasında İrana
hərbi müdaxiləyə
baş vururlar. Nəticədə Pəhləvi rejimi
devrilir və həbsxanalarda olan siyasi məhbuslar, o cümlədən Pişəvəri
azadlığa çıxırlar.
Həbsdən azad olunandan
sonra Pişəvəri
Tehrana gəlir.
O burada İran Xalq Partiyasının yaradılmasında fəal
iştirak edir.
Siyasi fəaliyyətini
daha geniş şəkildə davam etdirən Pişəvəri
ölkədə yaranmış
vəziyyətdən yararlanaraq,
mətbu fəaliyyətini
də bərpa edir. O, 1943-cü il
may ayının 23-də “Acer” qəzetini nəşr etməyə başlayır.
Pişəvəri siyasi
məqalələrində fars şovinizmi və onun rəhbəri
Pəhləvilər rejimini
kəskin şəkildə
tənqid edərək,
xalqı yeni azadlıq mücadiləsinə
hazırlayır. 1944-cü ildə Pişəvəri
Cənubi Azərbaycandan
İran XIV Şura Məclisinə deputat seçilir. Ancaq onun deputatlığı məclisdə üstünlük
təşkil edən fars şovinistləri
tərəfindən qəbul
edilmir. Bunu görən Pişəvəri
inqilabi fəaliyyətini
daha da genişləndirərək,
İranda nəşr olunan 44 qəzeti birləşdirir. Bu birləşmə əsasında
isə “Cəbhəyi
azadi” (“Azadlıq cəbhəsi”) adlı siyasi qurum yaradılır.
O, bu yolla fars şovinizminə
qarşı yeni bir mübarizəyə başlayır. Alman faşizminin II Dünya
müharibəsində məğlub
olması bütün
dünyada olduğu kimi, Cənubi Azərbaycanda da inqilabi vəziyyətin yaranmasına gətirib çıxarır.
1945-ci ilin sentyabr
ayının 3-də Cənubdakı
soydaşlarımızı milli azadlıq mücadiləsi ətrafında
daha sıx birləşdirmək məqsədilə
Pişəvəri Azərbaycan
Demokrat Firqəsini
(ADF) yaradır. Bu firqə
dərhal xalq hərəkatına rəhbərliyi
ələ alaraq, əhalini milli azadlıq mübarizəsinə
hazırladı.
1945-ci ilin oktyabr
ayında Azərbaycan
Demokrat Firqəsinin I qurultayı keçirildi. Qurultayda Pişəvəri
Mərkəzi Komitənin
sədri seçildi.
Qurultaydan sonra ADF-in əsas fəaliyyət proqramı və onun görəcəyi
işlər barədə
qurumun mətbu orqanı olan “Azərbaycan” qəzetində
geniş məlumat verildi. Qurultayda 21 Azər hərəkatının
taktikası da işlənib hazırlandı.
Əsas məqsədlərdən biri
də ölkədəki
siyasi durumu analiz edərək, yaranmış vəziyyətdən
çıxış yollarının
tapılması, polis və
jandarmların xalqa münasibətdə həyata
keçirdikləri zorakılıqların
qarşısının alınması
idi. Amma hadisələrin gedişi göstərdi ki, zorakılığın
qarşısını dinc
yollarla almaq mümkün olmayacaq.
Ona görə də ADF-nin II plenumunda zorakılığın qarşısının
alınması üçün
“yumruğa yumruqla” cavab verilməsi qərara alındı.
Eyni zamanda plenumda ümumxalq toplantısı
- Xalq Konqresinin (AXK) çağırılması məqsədəuyğun
hesab edildi.
1945-ci il noyabrın 21-də AXK tərəfindən
ölkədəki vəziyyətə
nəzarət edəcək
qurum - Milli Heyət yaradıldı.
Onu da deyək ki, ilkin mərhələdə
ADF Azərbaycana İran
daxilində muxtariyyət
verilməsini qarşısına
əsas məqsəd qoymuşdu. Amma hadisələrin gedişi və bununla əlaqədar Tehranla aparılan danışıqlar göstərdi
ki, rejim muxtariyyət məsələsindən
çox təşviş
keçirir və buna hazır deyil. Ona görə də
Azərbaycanın özünün
müstəqilliyini elan
etməsindən başqa
çıxış yolu
qalmırdı. Belə
bir vəziyyətdə
1945-ci il dekabrın 12-də Təbrizdə
Azərbaycan Milli Məclisi öz işinə başladı.
Məclisdəki müzakirələr zamanı İran daxilində Azərbaycan muxtar qurumunun - milli hökumətin yaradılması qərara
alındı. Yeni hökuməti
təşkil etmək
isə ADF-in sədri Pişəvəriyə tapşırıldı.
Yeni hökumət
əmələ gələn
problemləri dinc yollarla həll etmək və nahaq qan axıdılmaması
üçün bütün
imkanlardan istifadə etdi.
Milli Məclisin qəbul etdiyi qərarla Baş nazir təyin edilən Pişəvəri ölkə
daxilində bir sıra islahatlar həyata keçirdi. Azərbaycanlıların ana dilində
yazmaları, oxumaları,
təhsil almaları təmin edildi. Buna paralel olaraq, savadsızlığın kökünün
kəsilməsi ilə
bağlı müvafiq tədbirlər
həyata keçirildi.
Qadınlara kişilərlə bərabər hüquqlar verildi. Eyni zamanda torpaq
islahatına baş vuruldu. Ölkədə əmin-amanlıq, haqq və ədalət
bərpa edildi, geniş quruculuq işlərinə başlanıldı.
Necə deyərlər, ölkə
qısa müddətdə
Pişəvərinin rəhbərliyi
altında yarıməsrlik
inkişaf yolu keçdi. Amma bütün bunlar
Qərbdə Pişəvərinin
əlilə Stalinin İranı parçalamaq
niyyətində olması
barədə təsəvvür
formalaşdırmaqda idi.
ABŞ və İngiltərə
Cənubi Azərbaycanda
baş verən hadisələrin onların İrandakı
maraqlarına zərbə
vuracağından qorxaraq,
Tehran rejimini silahlandırmağa
başladılar. Onlar eyni
zamanda SSRİ-dən qoşunlarını İran
ərazisindən çıxarmasını
tələb etdilər.
Əslində Stalin də İranın
parçalanmasını və
SSRİ daxilində böyük
Azərbaycan yaradılmasını
istəmirdi. Stalinin ətrafındakılar,
xüsusən də
Mikoyan onu böyük
Azərbaycan təhlükəsi
ilə qorxudurdu.
Belə bir vəziyyətdə
Stalin Cənubi Azərbaycanı
Şimali Azərbaycana
birləşdirmə taktikasından
əl çəkdi.
Moskvadan Pişəvəriyə tapşırdılar
ki, İranın Qəvamüsəltənə rejimi
ilə dil tapsınlar. Bu isə Moskva tərəfindən Cənubi
Azərbaycana xəyanət
demək idi. Stalinin Qəvamüsəltənə
ilə dil tapmaq barədə göstərişini alandan
sonra Pişəvəri:
“Stalin bizi Qəvamüsəltənəyə
satdı. Hiyləgər Qəvamüsəltənə Stalini aldatdı”,-demişdi.
Həqiqətən də, Qəvamüsəltənə
İranın ərazi
bütövlüyü qorunduğu
halda, SSRİ-yə ölkədəki neft-qazla
zəngin yataqların
işlədilməsinə icazə
verəcəyini və
Moskva tərəfdarı
olan qüvvələrin
siyasi azadlıq hüququnun təminatını
vəd etmişdi.
ƏZIZ MUSTAFA
Zaman.-2011.-15-16 dekabr.- S.14.