Möhkəm ailə sağlam cəmiyyətin təməlidir

 

Möhkəm ailə sağlam cəmiyyətin təməlidir. Bəs görəsən indi belə ailələr niyə az təbliğ olunur? Bəlkə reytinq gətirmir ona görə? Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun anası Səkinə Qəmbərova ilə görüşə getdiyim vaxt bu sual haradan ağlıma gəldi, bilmirəm. Bəlkə Səkinə ananın jurnalistlərin timsalında bu sualı mənə verəcəyindən qorxuram? Bilmirəm...

***

Möhkəm ailə sağlam cəmiyyətin təməlidirsə, onda Səkinə Qəmbərova kimi analarımız bu ailələrin sütunlarıdır. Bu analar Vətən yolunda öz ciyərparələrindən keçiblər. Mal-mülk, var-dövlət bir yana qalsın... Qızım Xədicə dünyaya gələndən sonra belə şeyləri daha yaxşı anlamağa başlamışam.

***

“Gələcəyimi bilir, yəqin Ramizin şəkillərini stolun üstünə düzüb məni gözləyir”,-deyə düşünürəm. Ramizin Səkinə anada bir dənə də şəklinin olmamasından xəbərsizəm axı...

Səkinə ana 1992-ci ildə öz doğma evini tərk etməyə məcbur olanda şəkilləri də götürməyib: “Ramiz kimi bir oğulu Şuşada basdırıb çıxmışdım, şəkli neynirdim”.

Ramiz deyirmiş ki, ermənilər yalnız onun meyitinin üstündən Şuşaya girə bilərlər. Elə də olub, onun ölümünün 8-ci günü Şuşa işğal edilib. Hərdən əsəbiləşəndə: “Şuşa bizi qoyub qaçmayıb ki, biz onu qoyub qaçmışıq”,- deyir Səkinə ana.

***

“Ramiz 1962-ci ilin iyul ayının 2-də dünyaya gəlmişdi. Doğulandan sonra ağlamadığına görə həkimlər elə bilmişdilər ki, laldır. Onlar deyənə inanmışdım, amma niyəsə pis olmurdum, fikirləşirdim ki, əl-ayağı düzdürsə, buna da şükür. Bir də 3 gündən sonra qığıldayanda bildik ki, lal deyil”.

Həmsöhbətim deyir ki, doğulanda lal bildiyi oğlunun şəhid olmasından 19 il ötür, amma bu gün də onun qəhrəmanlığı haqqında xoş fikirlərin səsi, sədası kəsilmək bilmir: “Onun da qismətinə belə yazılıbmış”...

 

“Yaxşı ki, sizin kimi analarımız var, olub və olacaq da”,- söyləyirəm. Cavabı çox təsiredici olur: “Bütün qəhrəmanlar ailədə yetişir. Belə ailəm olduğuna görə həmişə fəxr eləmişəm. Torpağının 20 faizi işğal edilən, Xocalı dərdi olan bir millətə belə ailələr lazımdır”.

***

Hələ uşaq vaxtı anası layla deməsə, Ramiz yuxuya getməzmiş: “Bir dəfə işim vardı, öz-özümə dedim ki, qoy bu dəfə də laylasız yatsın. İşlərimi qurtarıb evə girəndə gecə saat üç olardı. Dedim yəqin çoxdan yatıb. Gəlib başının üstündə duranda gördüm ki, oyaqdır, dinməz-söyləməz məni gözləyir. Böyüklər boşuna deməyiblər ki, ana laylasında böyük kəramət var. Uşağının el-obasına, ailəsinə  bağlı olmasını istəyən, tərbiyəli böyüməsini arzulayan ana ona layla deməlidir. Mənim indiki analara da arzum budur.

Nənə-babalarımız deyərdilər ki, haram çörəklə böyüyən uşaqdan igidlik gözləmə. Bu sözlər illərin sınağından çıxıb, oğul. İstəyirəm sən də daxil olmaqla, hamı bu sözlərimdən nəticə çıxarsın”...

Müsahibimin ürək yanğısı ilə dediyi bu sözlərdən çox təsirlənirəm. O hərdənbir söhbətinə fasilə verir, bir qədər fikirləşir və yenidən davam edirdi: “Ramiz Şuşasız qala bilməzdi. Bunu bildikləri üçün ermənilər onun başına qiymət qoymuşdular. Bilirdilər ki, nə qədər o sağdır, Şuşa əlimizdən çıxmayacaq. Elə ona görə də Şuşanı almaq üçün birinci onu və dostlarını aradan götürdülər. Onun batalyonunda döyüşən uşaqların hamısı elə bil bir ailədən çıxmışdılar. Elə bir ailənin üzvü kimi də döyüşürdülər. Qorxu bilmirdilər. Döyüşə ölməyə yox, qisas almağa gedirdilər. Mən arzu edirəm ki, bugünkü ailələrimizdə də övladları bu ruhda tərbiyə etsinlər”...

***

Bulud kimi dolmuşdu. Yanaqlarından göz yaşları sel kimi axırdı. Onun göz yaşları mənə yağış yağanda çaxan ildırımları xatırladırdı. Kişilər ağlamaz deyiblər, bunu başa düşdük. Amma ağlayan analarımız, tökülən göz yaşları - dərd yağışları var, bəs görəsən Qarabağ dərdindən biz kişilərin ildırım kimi çaxmağımıza hələ çoxmu var?

***

Ramiz dünyasını dəyişənədək anası ona və onun əsgərlərinə yemək bişirib göndərərmiş, paltarlarını yuyarmış: “Paltarları suya çəkər, ütüləyər, səliqə ilə düzərdim. Ramiz bunu mənə irad tutardı. Amma fikir verməzdim. Deyərdim ki, qoy oğlum döyüşə də təmiz, səliqəli libasda getsin ki, düşmənin bağrı çatlasın”...

***

Oğlu döyüşdə yaralananda Səkinə ana Bakıya - cəbhədən xəstələnib müvəqqəti evə qayıtmış qohumunu yoluxmağa gəlibmiş: “İndi düşünürəm ki, gör Şuşada olanda bizim ailələrimiz arasında necə möhkəm bağlılıq var imiş. Oğlum cəbhədə ağır döyüşlərdə, düşmən evimizin kandarında, hər yer od tutub yanır, hamı dərd içində, amma biz yenə də xəstəyə baş çəkməyə gəlmişdik. İndi bu sakit dövrdə illərlə bir-birini axtarmayan insanları, qohum-əqrəbanı başa düşə bilmirəm. Bəs bizim vəziyyətimizdə olsaydılar, neyləyərdilər? Müharibə bizə təkcə dərd-bəla gətirmədi, həm də ailələrimizi sınağa çəkdi. Yüzlərlə ailə tanıyıram ki, müharibənin gətirdiyi problemlər onları sarsıda, dağıda bilmədi. Belə ailələrlə qürur duymalıyıq. Bu ailələr boşanmaq üçün növbəyə düzülənlərə nümunə olmalıdır...

Bizim ailələr xeyirdə-şərdə, dar gündə həmişə bir-birilərinə hayan olublar. Ailələr nə qədər möhkəm olsalar, cəmiyyətimiz bir o qədər sağlam olar”.

***

“Xəstəxanada dünyasını dəyişdi, heyif yetə bilmədim. Mayın 7-də onun yeddi mərasimini verdik, çoxlu adam gəlmişdi. Axşam dedilər ki, ermənilər Şuşaya yaxınlaşırlar. Oğlumu Şuşada qoyub getmək mənə çox ağır gəlirdi. Yoldaşım dedi ki, sən getməsən, mən də çıxmıram, qoy ermənilər gəlib böyüklü-kiçikli hamımızı qırsınlar. Bu sözdən sonra dinməz-söyləməz razılaşdım.

Onu da deyim ki, evdən çıxanda Ramiz üçün aldığım nişan üzüyü gözümə sataşdı, amma götürməyə əlim gəlmədi”...

***

“Dərdim çoxdur, oğlum, danışsam dəniz quruyar”,- deyən həmsöhbətim işğala qədər evlərini boşaltmamalarına belə aydınlıq gətirdi: “Bizdə inam vardı ki, Şuşa işğal olunmaz. Həm də Ramiz deyirdi ki, biz evimizi boşalda bilmərik - camaat ruhdan düşər. Əsgərlərdə, bizi tanıyan ailələrdə inam itməsin deyə ev-eşiyə son günədək əl vurmadıq.

Bizə baxıb tanış-bilişin çoxu, demək olar ki, evindən heç nə çıxarmadı. Hərdən deyirəm ki, özümüz çıxarmadıq-çıxarmadıq, gərək başa salaydıq, onlar vacib əşyalarını götürəydilər”...

***

Bakıya gələndən sonra Səkinə Qəmbərovanın həyat yoldaşı və cavan oğlu dünyasını dəyişib: “Heç bir dərd möhkəm ailəni sarsıda, dağıda bilməz. Xoş gündə bir yerdə olmağa nə var ki. Möhkəm ailə odur ki, çətin gündə də birgə olmağı bacarır.

Bir ana kimi Ramizi mərd, qəhrəman böyütdüyümə, Vətən uğrunda qurban verdiyimə qətiyyən peşman deyiləm. Bakıda dünyasını dəyişən oğlumun azyaşlı iki balası qalıb. İstəyirəm ki, onlar da böyüyəndə qəhrəman olsunlar. Hər gecə yatanda onlara da layla deyirəm”...

***

“Ramiz dünyadan nakam getdi. Lap sonralar bildim ki, sevgilisi var imiş, işğaldan sonra bir çoxları kimi Bakıya gəlib, amma uzun illər ailə qurmayıb: “Bir gün Şəhidlər xiyabanına - Ramizin oradakı məzarını ziyarətə getmişdim. (Bu məzar rəmzi olaraq yaradılıb - N.İ) . Mollalardan biri mənə yaxınlaşıb dedi ki, dünən bura bir qız gəlmişdi, Ramizə Quran oxutdu, bir xeyli ağladı və məzarın sinə daşının altına bir məktub qoydu.

Həmin məktubu indi də əziz bir xatirə kimi evimdə saxlayıram”.

Səkinə ana bu sözləri deyəndən sonra əlləri əsə-əsə bir kağız parçasını mənə uzatdı. Alıb maraqla oxumağa başladım. Məktubda yazılmışdı: “Əzizim, Ramiz, bu məktubu sənə göz yaşları içərisində yazıram. Nə deyim, nə yazım bilmirəm. Əsirlikdən dəhşətli heç nə yoxdur. Keşkə əsirlikdə olaydın, onda valideynlərimin israrına dözər, ölənə kimi yolunu gözləyərdim. Axı onlar səni sevməyimdən xəbərsizdilər. Bağışla məni”.

Həmsöhbətim deyir ki, indi həmin qızın 3 uşağı var: “Həmin gəlini görəndə özümü elə aparıram ki, guya heç nədən xəbərim yoxdur, məktubu görməmişəm. Amma onu da qınamıram. O borcundan çıxdı, valideynlərinin, qohum-əqrəbasının israrına baxmayaraq, neçə illər Ramizin sevgisi ilə yaşadı. Mən indiki qızlarımıza o cür sədaqətli olmağı arzulayıram. Əgər o qız öz ailəsində Ramiz sevgisi ilə onun kimi igid, qəhrəman bir övlad böyüdəcəksə, Allah xeyir versin”..

***

“Oğul, sənə çox sağ ol deyirəm ki, gəlib qapımı açdın, məni keçmişə qaytardın. Elə bil bir az toxtadım. Ramiz kimi oğullar çoxdur. Belə oğullardan və onları böyüdən ailələrdən çox yazmaq lazımdır. Qoy oxusunlar, gənc valideynlər nümunə götürsünlər. Heç kim gətirib bizə Qarabağı verəsi deyil, onu özümüz almalıyıq. Onu almaq üçün isə ailəmizdə Vətən sevdalı əsgərlər böyütməliyik. Şuşa işğal olunanda təzəcə doğulmuş körpələr indi Azərbaycan əsgəridir. İndiki uşaqların gələcəkdə nə iş görəcəkləri isə verəcəyimiz tərbiyədən asılıdır. Qarabağı yalnız oğlu şəhid olanlar, xanimanı dağılanlar düşünməməlidir. Düşmən hamımızın düşmənidir. Ona görə də hamımız Qarabağ üçün çalışmalı və bu işə ailəmizdən başlamalıyıq. Çünki hər şey ailədən başlayır, ailədə pərvəriş tapır. Övladlarımızı elə ruhda tərbiyə etməliyik ki, düşmən qarşısında aciz qalmasınlar”.

***

Səkinə anadan ayrılmaq zamanı gəlib çatır. Açığı, gənc ailə başçısı kimi ondan daha çox məsləhət almaq istəyirəm. Amma həmsöhbətim Ramizin əsgər yoldaşlarından birinin ağır yataq xəstəsi olduğunu və ona baş çəkəcəyini söyləyir. Ayrılanda ona: “Çox dərd eləmə, Səkinə ana, inşallah, hər şey arzuladığımız kimi olacaq”,- deyirəm. O isə: “Şuşa dərdi mənə onun özü qədər əzizdir. İndi bu dərd Şuşadan mənə sonuncu yadigardır”,- söyləyib məndən uzaqlaşır..

Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

 

 NİCAT İNTİQAM, 

Zaman.-2011.-15-16 dekabr.- S.9.