Seyid Cəfər Pişəvəri -azadlıq və müstəqillik fədaisi (4)

 

Pişəvəri Təbrizdən məsləhətləşmə adı ilə çıxarılmazdan əvvəl 1946-cı il dekabr ayının 11-də Hacı Mirzə Əli, Şəbüstəri, doktor Salamulla Cavid və Sadiq Badiqandan ibarət 4-lüyü, idarəetmə orqanını bir yerə yığaraq, onlarla son vəziyyəti müzakirə etmişdi. Toplantıda öz səlahiyyətlərinin icrasını müvəqqəti olaraq maarif naziri Məhəmməd Biriyaya həvalə edən Pişəvəri eyni zamanda Təbrizə hücumla bağlı hansı tədbirlərin ələ alınması barədə rəhbərliyin fikrini soruşur.

Müzakirələr zamanı məlum olur ki, S.C.Pişəvəri və onun tərəfində olanlar  (F.İbrahimi, Q. Danişian, M.Çeşmazər,  N.Cahanşahlı) düşmənlə sona kimi mübarizə aparmaq istəyirlər. Amma M.Ə. Şəbüstəri,  S.Cavid  və Məhəmməd  Biriya düşmənə müqavimət göstərməyin əleyhinə çıxırlar. Onlar bunu silah və döyüş sursatı olmaması, həmçinin heç bir dövlətin onları müdafiə etməməsi ilə izah edirlər.

Yuxarıda qeyd etdiyimiz kimi rəhbərlikdə fikir ayrılıqlarına baxmayaraq, vətənsevər fədailər şah qoşunları ilə son nəfəsə kimi vuruşurlar. Bununla belə, başdan-ayağa silahlanmış fars əsgərləri 1946-cı il dekabr ayının 13-də (22 Azər 1325-ci il) qızğın döyüşlərdən sonra Təbrizə daxil olaraq, oranı qan gölünə döndərirlər. Şah qoşunları bütün Azərbaycan üzərində nəzarəti isə yalnız dekabrın 18-19-da bərpa edə bilirlər.

Fars qoşunlarının Təbrizə daxil olduqdan sonra həyata keçirdikləri qırğınların canlı şahidi olan Mənuçöhr  Əzizi  “Qanlı, qadalı  günlər” adlı  məqaləsində yazmışdı: “Mənim hələ xiyabanlarda asılan, güllələnən, doğranılan fədailərdən, talan edilmiş, od vurulmuş  evlərdən, mədrəsələrimizdə yandırılmış türkcə kitablarımızdan yazmağa əlim belə gəlmir. Bir həqiqət mənim  üçün aydındır ki, şəhid olan qəhrəmanların, fədailərin, azadlıq mücahidlərinin qanı yerdə qalmayacaq və Azərbaycan milləti şəhidlərin və Pişəvərinin yolunu davam etdirəcəklər”

 

Mübarizə Arazın şimalına keçirilir

 

Pişəvərini məsləhətləşmə adı altında Culfaya gətirən və oradan isə Naxçıvana aparan SSRİ rəsmiləri Moskvanın şah rejiminə qarşı mübarizənin davam etdirilməsinə icazə vermədiyini ona bildirirlər. Pişəvəri dərhal anlayır ki, onun artıq Təbrizə gedən yolu bağlanıb. Cənubi Azərbaycanda milli hökumət devrildikdən sonra Şimali Azərbaycana fədai dəstələri, həmçinin şah zülmündən qaçan fədai ailələri axışmağa başladı. Onların böyük hissəsi indiki Beyləqan - keçmiş Jdanov rayonuna yerləşdirildi. Onları bir müddət burada saxladıqdan sonra Azərbaycanın rayonlarına payladılar. Əli silah tutan və Cənubi Azərbaycanda şah rejiminə qarşı döyüşən fədailəri iki yerə ayıraraq, onların bir hissəsini Nuxa (indiki Şəki), digər hissəsini isə Kirovabad (indiki Gəncə) rayonlarında yerləşdirərək hərbi təlim keçməyə başladılar. Bunun da təşəbbüskarı Pişəvəri olmuşdu. O, tezliklə geri qayıdaraq düşmənlə döyüşəcəklərinə və Cənubi Azərbaycanı fars işğalçılarından azad edəcəklərinə ümid bəsləyirdi. Bir müddət Şimali Azərbaycanda qaldıqdan sonra Pişəvəri və Qulamyəhyanı Mircəfər Bağırov yanına çağırdı. Görüşə əlibintli gələn Bağırov Pişəvəriyə demişdi ki, birinci dəfə oğlu cəbhədə həlak olanda əli şişmişdi. İndi isə Cənubdakı faciələrə görə əli yenidən şişib. O bunu özünün keçirdiyi əsəb gərginliyi ilə əlaqələndirmişdi. Bütün bunlar da onu göstərir ki, Bağırov Stalin rejiminə xidmət etməsinə baxmayaraq ,milli təəssübkeşliyini və vətənpərvərliyini qoruyub saxlamış və Cənubdakı soydaşlarmızın məğlubiyyətinə üzülmüşdü.

Pişəvəri həyat yoldaşı Məsumə xanım və oğlu Daryuşla birlikdə Xaqani küçəsi 13 də yaşamışdı. Ancaq o, tez-tez fədailərlə görüşərək, onlarla yeni azadlıq mübarizəsi başladacağına əmin idi.

 

 Müəmmalı ölümə aparan yol

 

Pişəvəri tezliklə Stalinlə görüşmək, ondan Cənubi Azərbaycanı farslardan azad etməyə, partizan müharibəsinə başlamağa icazə almaq istəyirdi. Ancaq onun bu fəaliyyətləri artıq Stalini və ətrafındakıları qane etmirdi. Moskva Pişəvərini sakitcəsinə aradan götürmək üçün fürsət gözləyirdi. Amma Pişəvərinin tez-tez fədailərlə görüşməsi və onları yeni mübarizələrə hazırlaması və üstəlik, Stalinlə görüşə can atması Moskvanı bu planı sürətləndirməyə məcbur etdi.

1947-ci il iyun ayının 10-da Pişəvəri SSRİ-nin Təbrizdəki keçmiş vitse-konsulunun müavini, Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşı Nuru Quliyev və general Qulamyəhya ilə birlikdə Goranboyda və Cəncədə məskunlaşmış həmvətənlərinə baş çəkdi. Sonra isə Hacıkənddəki fədai düşərgələrində təlim keçənlərlə görüşdü və onlara tezliklə vətənə qayıdacaqları barədə ürək-dirək verdi.

1947-ci il iyun ayının 11-də səhər Pişəvəri və onu müşayiət edən şəxslər Yevlaxa yola düşməli idilər. Lakin gözlənilmədən Pişəvərinin ABŞ istehsalı olan “Buyuk” maşınının sürücüsü maşını “işə sala bilmədiyini” söylədi. Ona görə də onları Yevlaxa erməni Qarnik Melkumyanın idarə etdiyi “Ford” markalı maşın aparmalı oldu. Adətən, həmişə maşında Pişəvərini arxada oturdurdular və ümumiyyətlə, vəzifəli şəxslərin arxada əyləşməsi onun təhlükəsizliyinə zəmanət verilməsi baxımından yazılmamış qanunlardan biri hesab edilirdi. Amma bu dəfə Pişəvəriyə qabaqda sürücü ilə yanaşı oturmağı təklif etdilər. Pişəvəri bunun arxasında hansısa bir oyun ola biləcəyini düşünmədən təklifi qəbul etdi. Pişəvərinin yol yoldaşları - Nuru Quliyev və Qulamyəhya isə arxada əyləşdilər. Yevlaxa çatmağa 14-15 kilometr qalmış gözlənilmədən “Ford” yoldan çıxaraq sürətlə kənardakı beton divara dəydi. Sürücü xəsarət almasa da, Pişəvəri də daxil olmaqla hər üç sərnişin yaralandı. Ancaq Pişəvəri sürücünün yanında əyləşdiyi üçün onun zədəsi nisbətən daha ağır idi. Pişəvərini yalnız 2-3 saatdan sonra Yevlaxdakı xəstəxanaya çatdırdılar. Şahidlərin dediklərinə görə, o, xəstəxanaya çatdırılana kimi çox qan itirsə də yaraları ölümə səbəb ola biləcək qədər ciddi deyildi. Üstəlik, xəstəxanaya daxil olanda huşu başında idi və aydın şəkildə danışırdı. Bakıdan xüsusi “tibb briqadası” gələnə kimi yerli həkimlərin Pişəvərini müalicə etməsinə icazə verməmişdilər. Bakıdan isə xüsusi “həkim briqadası” yalnız  5-6 saatdan sonra gəlib çıxdı.

Bakılı “cərrahların” Pişəvəri üzərində apardıqları “əməliyyat”dan sonra isə o, müəmmalı şəkildə dünyasını dəyişdi. Pişəvərinin meyiti ancaq iki gündən sonra ailəsinə təhvil verilmişdi. Ola bilsin ki, bu müddət ərzində xüsusi xidmət orqanları izi itirməyə çalışmışdılar. Pişəvərini Buzovnadakı Yaşıl bağda dəfn etməyi qərara almışdılar. Uzun illər Pişəvəri ilə çiyin-çiyinə çalışan doktor Cahanşahlı dəfn gününü belə xatırlayır: “General Atakişiyev bağa çatan kimi, başqalarına fikir vermədən məni birbaşa cənab Pişəvərinin ailəsi olan binaya apardı. Tabutun qoyulduğu kiçik bir otağa daxil olduq. Atakişiyev dedi ki, cənazəni görmək üçün  hamının buraya gəlməsini məsləhət görmürəm. Pişəvərinin xanımı pərişan halda səssiz dayanıb ağlayırdı. Mən cənazəyə baxan kimi zəhərlənmə əlamətlərini müşahidə etdim. Çünki Pişəvərinin bütün bədəni şişmişdi və yalnız iki kiçik yara, biri üzünün sağ hissəsində, digəri isə boynunda (çiyinə yaxın hissədə) müşahidə olunurdu. Mən təəccüblənib dedim: “Yoldaş general, bu iki kiçik yara ki adamı öldürməz ki? O, polis baxışlarına bənzər dərin, mənalı və nəsihətamiz nəzərlərini mənə zillədi və dedi: “Yoldaş həkim! Siz onunla Rza şah zindanında olubsunuz. Bilirsiniz ki, o, illərlə orada çox çətinliklərlə yaşayıb. Bu hadisədə onun xəstə ürəyi təəssüf ki, tab gətirməyib, keçinib. Onun həyata qaytarılması üçün əllərindən gələni əsirgəməyiblər”.

Əslində Cahanşahlının bu söylədikləri Pişəvərinin xüsusi xidmət orqanlarının əli ilə öldürüldüyünü bir daha təsdiqləyir. Həmin dövrdə general Atakişiyev daxili işlər naziri vəzifəsində işləyirdi və çox güman ki, o özü də DTK əməkdaşı Nuru Quliyev kimi Pişəvərinin öldürülməsində hansı yollasa iştirak etmişdi.

Beləliklə, Pişəvəri Azərbaycanın birləşməsini istəməyən və fars şovinistlərinə dəstək verən Moskvanın əli ilə aradan götürüldü. Hər halda Pişəvərinin şəxsi maşınının dəyişdirilməsi və onun erməni sürücünün idarə etdiyi maşında qabaqda əyləşdirilməsi bu sui-qəsdin öncədən olduqca dəqiq şəkildə hazırlandığını  göstərir. Onu da deyək ki, “qəza”dan zərrəcə zədə almayan erməni sürücü baş verən hadisədən sonra maşından düşüb qaçmışdı. “Qəza”ya görə erməni sürücünü yalnız yüngülcə cəzalandırmaqla kifayətləndilər. Bir sözlə, Stalin-Mikoyan cütlüyü Pişəvərini aradan qaldırmaqla Cənubi Azərbaycanın milli-azadlıq hərəkatının qan içində boğulmasına və 1 milyona yaxın azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsinə yardım etmiş oldular.

 

 Pişəvəri Moskvaya inanmasının qurbanı oldu

 

Pişəvərinin faciəli şəkildə ölməsinin əsas səbəbi əslində onun Moskvaya inanması oldu. Pişəvəri də Nəriman Nərimanov kimi Moskvanın haqq və ədaləti bərpa edəcəyinə inanırdı. Təsadüfi deyil ki, o, gəncliyində Nərimanova pərəstiş edirdi. Yalnız 40-cı illərin ortalarında Pişəvəri Stalin tərəfindən aldadıldığını anladı. O bununla əlaqədar səhvini sonralar açıq şəkildə etiraf etmişdi. Amma özünü nələrin gözlədiyini bilərək Pişəvəri yenə də Moskvanın ədalətinə inanmaqda davam edirdi. Çünki Pişəvəri meydanda tək idi və o, təkbaşına Qərbin və SSRİ-nin dəstəklədiyi farslara qarşı mübarizədə məğlub olacaqlarını anlayırdı. Pişəvərinin faciəsinin bir səbəbini də məhz meydanda tək qalmasında axtarmaq lazımdır. Amma bütün hallarda Pişəvəri, Səttarxan, Xiyabani və digər məşhur azadlıq mücahidləri ilə birlikdə Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

 Pişəvərinin cənazəsini 1965-cı ildə Buzovnadan Fəxri xiyabana köçürdülər və bu gün Azərbaycan xalqının bu böyük oğlu, milli azadlıq mücahidi müstəqilliyini arzuladığı və bunun üçün ömrünü fəda etdiyi Böyük Azərbaycanımızın bir parçası olan müstəqil Azərbaycanda, ana vətən torpağında uyumaqda davam edir. Qəbrin daima nur içində olsun, ey böyük azadlıq mücahidimiz.

Azərbaycan xalqının qəlbində ən ağır faciələrdən biri kimi qalacaq milli azadlıq hərəkatının farslar tərəfindən qan içində boğulduğu bu hüznlü dekabr günlərində Pişəvərinin gələcək nəsillərə vəsiyyəti ilə yazımızı bitirmək istəyirik:

“Əgər Tehran  xarici imperialistlərin göstərişi və köməyi ilə bizim  hərəkatı məğlub etməyə müvəffəq olsa belə, xalqımızın haqqını əbədi olaraq qəsb edə bilməyəcəkdir. Tez-gec Azərbaycan öz istiqlaliyyətini alacaq, öz müqəddəratını özü təyin edəcəkdir”. Son.

 

 

Əziz Mustafa

 

Zaman.- 2011.-22-23 dekabr.- S. 14.