Müsyo Jordan və Dərviş
Məstəlişah”a müraciətimin özəl səbəbləri
də vardı”
“ABŞ-ın Nyu-York şəhərində Azərbaycan
teatrı təşkil
olunub. Azərbaycan-Nyu-York
Assosiasiyasının nəzdində
yaradılmış Nyu-York
Azərbaycan Teatrının
təqdimatında Əməkdar
artist, “Qızıl Dərviş”
mükafatı laureatı,
Hüseyn Ərəblinski
adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun quruluşunda
Mirzə Fətəli
Axundzadənin “Müsyö
Jordan və Dərviş
Məstəli şah”
tamaşası nümayiş
olunub. Bu günlərdə ABŞ-dan
qayıtmış Firudin
müəllimlə elə
onun iş yerində - Hüseyn Ərəblinski adına
Sumqayıt Dövlət
Musiqili Dram Teatrında
görüşdük. Cari ilin
oktyabr ayının
17-dən dekabrın 11-dək ABŞ-da olan Firudin
müəllimdən səfər
təəssüratlarını bizimlə bölüşməsini
xahiş etdik.
- Firudin
müəllim, ABŞ-a dəvətiniz
necə oldu?
- Azərbaycan-Nyu-York Assosiasiyası Nyu-York şəhərində teatr
bayramı keçirmək
istəyirdi. Bu bayram çərçivəsində onlar həm də həmin şəhərdə Azərbaycan
teatrı təşkil
etmək niyyətində
idilər. Odur ki, assosiasiyanın üzvləri
orada yaşayan soydaşlarımız üçün
maraqlı bir tamaşa göstərmək,
həm də konsert proqramı ilə çıxış
etmək məqsədilə
Bakıdan bir truppa dəvət etmək istəyirdilər.
Amma bu tədbirin
keçirilməsinə az qalmış Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri
Telman Cəlilov (o, vaxtilə Sumqayıt sakini olub, həm
də onun rəqs qrupu fəaliyyət göstərib.
Amerikada da “Soydaş” rəqs ansamblı təşkil edib) məni heç bir vəsait ödəmədən (onlar
mənim yalnız gediş-gəliş və
iaşə xərclərimi
ödədilər) bir
tamaşa hazırlamaq
məqsədilə ABŞ-a dəvət etdi. Belə bir təklifi eşidən tanışlarım
məni bu təklifdən imtina etməyə sövq etdilər. Hətta dedilər ki,
iki ay orada qonorarsız işləməyə
dəyməz. Amma mən
hər şeyin pulla ölçülmədiyini,
orada yaşayan soydaşlarımızı sevindirməyi
əsas tutaraq, bu dəvəti qəbul etdim. Bir də düşündüm
ki, orada yaşayan yəhudilər,
ermənilər bizdən
əvvəl niyə teatr təşkil etməlidirlər, qoy bunu birinci biz edək.
- Digər
tərəfdən, yəqin
ki, bu tarixi
missiyanın adınızla
bağlı olacağı
da sizi bu
işə həvəsləndirdi.
- Təbii,
əgər belə demək mümkünsə,
bu, mənə əlavə bir stimul verdi.
Və mən oktyabrın 17-də
ora yola düşdüm. Ayın 22-də orada “Amerikada Azərbaycan teatr bayramı” adı altında Azərbaycanın
dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümünə
həsr olunmuş tədbirlər keçiriləcəkdi.
- Səhv
etmiriksə, həmin tədbirə Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının yaradıcı heyəti də dəvət olunmuşdu... Bu, 138 illik tarixində Azərbaycan teatrının
Amerikaya ilk səfəri
kimi də tarixə düşdü.
- Elədir.
Həmin
tədbirin ssenari müəllifi və rejissoru da mən
idim. Elə Dövlət Musiqili
Komediya Teatrının
bir qrup yaradıcı heyətini
biz dəvət etdik.
İki gün onların da iştirakı ilə Nyu-York və Vaşinqton şəhərlərində konsertlər
verdik. Bakıdan gələnlər oktyabrın 26-da vətənə
qayıtdılar. Qeyd edim
ki, həmin tədbir Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı
ilə keçirilib.
- Deməli,
belə çıxır
ki, bu tədbirdən
sonra siz Nyu-Yorkda Azərbaycan teatrının təşkili
ilə məşğul
olmağa başladınız.
Firudin müəllim, bu prosesdə hansı çətinliklərlə qarşılaşdınız?
- Hər
şeydən əvvəl,
onu qeyd edim ki, mən
bu tamaşanı qeyri-professional aktyorların
iştirakı ilə
hazırladım. Bu mənada onlarla işləmək çox
çətin idi.
İnanın, bəzən elə
olurdu ki, əksəriyyəti ingilisdilli
olan bu həvəskarlar
hazırlıq prosesində
öz hərəkətlərini
gülüşlə qarşılayırdılar.
Həmişə professional aktyorlarla işləməyə adət
etmiş bir şəxs kimi ilk günlər çox əsəbiləşirdim. Bu kimi çətinliklərə
rəğmən, bu işin öhdəsindən
gəldik. Hətta deyərdim
ki, təqdimat zamanı mən tamaşaya baxanda belə qərara gəldim ki, onların bəziləri bizim bəzi aktyorlardan yaxşı oynayırlar. Yeri gəlmişkən,
bir neçə kəlmə də tamaşadakı rolları
oynayanlar barədə
danışmaq istəyirəm.
Şəhrabani rolunda Aluda Zeynalova adlı qız çıxış
etdi. Kosa rolunu taksi sürücüsü Adil
Məmmədov oynadı.
Onu da qeyd edim
ki, tamaşada iştirak edənlərin hamısı iş-güc
adamları idilər.
Onlar axşam saat 9-da işdən çıxırdılar,
biz saat 11-dən gecə
saat 3-ə qədər
məşq keçirdik,
halbuki buna icazə yox idi.
Niyə məhz “Müsyö Jordan və Dərviş Məstəli
şah”?
- Bəs
“Müsyö Jordan və
Dərviş Məstəli
şah”a müraciətinizin
bir tarixçəsi varmı?
- Mənə
orada, əvvəlcə,
dahi Üzeyir bəyin “Arşın mal alan”ını səhnələşdirmək təklif
olundu. Amma həmin tamaşanın
dünyanın bir sıra ölkələrində
səhnələşdirildiyini əsas gətirərək,
bu fikirlə razılaşmadım. Azərbaycan dramaturgiyasının
banisi M. F. Axundzadənin
200 illik yubileyi münasibətilə onun yaradıcılığına - “Müsyö Jordan və Dərviş Məstəli
şah”a müraciət
etməyi məsləhət
gördüm. Üstəlik,
ərz etdim ki, 138 il bundan
qabaq Bakı Realnı Məktəbinin müəllimi, milli mətbuatımızın banisi
Həsən bəy Zərdabi öz şagirdləri Nəcəf
bəy Vəzirov və Əsgər bəy Adıgözəlov
Goraninin rəhbərliyi
ilə həvəskar
aktyorlardan ibarət heyətlə tamaşa hazırladılar. Tamaşa Mirzə
Fətəli Axundzadənin
“Lənkəran xanının
vəziri” idi və 10 mart 1873-cü ildə
oynanıldı. Ona görə
də milli peşəkar teatrımızın
tarixi həmin gündən hesablanır.
Qoy elə burada da teatrımız M. F. Axundovun bir əsəri
ilə fəaliyyətə
başlasın. Onlar da bu seçimdə məni dəstəklədilər.
Bu əsərə müraciətimin
digər səbəbləri
də var. Hər şeydən əvvəl,
əsərdəki hadisələr
Novruz bayramı vaxtı Qarabağda cərəyan edir. Bu isə
mənə ABŞ-da həm Qarabağın adının hallandırılmasına,
həm də Novruzla bağlı ənənələrimizin təbliğinə
stimul verirdi. Zənnimcə, tamaşa da
yüksək səviyyədə
təqdim olundu.
- Tamaşanın
ABŞ-ın digər
şəhərlərində nümayişi nəzərdə
tutulubmu?
- Tamaşanın
təqdimatında iştirak
etmiş Azərbaycanın
BMT-dəki nümayəndələri
“Müsyö Jordan və
Dərviş Məstəli
şah”ı Vaşinqton,
Hyuston və BMT-nin binasında da görmək istədiklərini bildiriblər.
- Tamaşa Azərbaycan dilində təqdim olunub. Onun başqa dillərdə təqdimatı gözlənilirmi?
- Artıq
belə bir ideya ortaya atılıb.
Bu tamaşanı ingilis dilində də təqdim etmək niyyətindəyik.
- Firudin
müəllim, 2 aya yaxın Amerikada oldunuz, oradan, ümumiyyətlə, Azərbaycan
mədəniyyəti necə
görünür?
- Bəri
başdan deyim ki, oradakı soydaşlarımız Azərbaycan
mədəniyyəti üçün
çox darıxırlar.
Ona görə də bir konsertə gələndə, proqram başa çatandan sonra belə, zalı tərk etmək istəmirlər.
Məlumat üçün qeyd edim ki,
onlar orada təkcə Azərbaycan televiziyasını izləyə
bilirlər.
- Firudin
müəllimin ABŞ-a yenə
səfəri gözlənilirmi?
- Onlar
məni Novruz bayramı ərəfəsində
Amerikaya dəvət etdilər, amma onlara bildirdim ki, mənə ölkəmizdə dövlət
sifarişli tamaşalar
həvalə edilib, onları hazırlamalıyam.
Amma diaspor təşkilatımız maddi
yardım göstərsə,
mən hər il 2 ay müddətində
oraya gedib, bir tamaşa səhnələşdirə bilərəm.
Məmmədov Ceyhun
Məhəbbətoğlu Qvami
Zaman.- 2011.- 22-23 dekabr.-S.8.