Şabran zəngin
tarixi-arxeoloji abidələri ilə turizmin inkişafınamühüm zəmin
yaradır
“Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın Şabran rayonu ilə
bağlı müddəalarının uğurla icra
olunması digər sahələrdə olduğu kimi, mədəniyyətin,
turizm sahəsinin inkişafına da təkan verib. Rayonda
turizmin inkişafı üçün böyük potensial da
var. 2007-ci ilin avqust ayında ölkə
başçısı İlham Əliyev Şabranda olarkən
rayonun çox geniş turizm potensialına malik olduğunu
bildirib, rayonun ərazisində turizmin inkişafı ilə əlaqədar bir sıra ərazilərə
baş çəkib.
Qeyd edək ki, tarix-diyarşünaslıq muzeyində qədim
Şabranın tarixini əks etdirən və turistlər
üçün də maraq kəsb edəcək çoxlu
eksponatlar var. Abidələrə gəlincə, ümumilikdə,
Şabran rayonunda 150-dək tarixi abidə var ki, onlardan ən
möhtəşəmi qədim Şabran və
Çıraqqala abidələridir. Son illər bu abidələrin
həm mədəni irs nümunəsi, həm də turizm
potensiallı məskən kimi
təbliği yönündə
müəyyən işlər
görülür.
Rayon mərkəzinin şimal girəcəyində
Şabranın qədim tarixini özündə əks etdirən
və maraqlı kompozisiyaya malik “Şabran”, “Çıraqqala”
kompleksləri diqqəti cəlb edir. Şabran şəhərinin
cənub girəcəyində isə yeni mədəniyyət
obyekti - “Poeziya evi” inşa olunub. “Poeziya evi”nin
qarşısında klassik şairimiz Xəqaninin heykəli
qoyulub. Şabran şəhərində Xəqaninin heykəlinin
qoyulması heç də təsadüfi deyil. Çünki
bu klassik şairimizin kəşməkəşli həyatının
müəyyən dövrü Şabranla bağlı olub.
Görülən bu işlər rayona turist cəlbinə də əlavə zəmin yaradır.
Qeyd edək ki, Şabran
rayonu turizm üçün əlverişli
zonadır. Həm yay, həm də
qış istirahəti
üçün coğrafi
imkanlar var. Relyefi müxtəlif olan rayon şərqdə Xəzər
sahilləri ilə qovuşur, düzənliklər
tədricən təpəliklər,
daha sonra meşələr, sonra dağlarla əvəzlənir.
Buranın sıx meşəsi, sıldırım qayalar
arasından axan çayı və müalicəvi əhəmiyyətə
malik olan kükürdlü su bulaqları var. O cümlədən
Çıraqqala da təkcə tarixi abidə kimi deyil, həm
də qoynunda səfa qaynağı olan bulaqları ilə
turistlər üçün cəlbedici məkan ola bilər.
Bir sözlə, qədim Şabran şəhəri zəngin
tarixi-arxeoloji abidələri ilə turizmin inkişafına
mühüm zəmin yaradır.
Zaman.- 2011.- 29-31 dekabr.- S. 3.