“Cəbiş müəllim kimi saf adamlar üçün darıxmışam”

 

Orxan Fikrətoğlu... Onun sorağı ədəbiyyat aləmindən də gəlir, televiziya kanallarından da. Onun sorağı çəkiliş meydançalarından da gəlir, qəzetlərdən də... Özünəməxsus ziyalılığı ilə bir çoxlarından seçilən, sözə həqiqi mənada sərmayə qoyan, öz işləri ilə millətinə fəhləlik edən, “Zorxana”dan çıxan, “Vaxt”ı, “Yalan”ı, “Gərək qala”sı ilə  ürəyimizə yol tapmış Orxan Fikrətoğlunun ürəyinə qəzetimizin “Bizim qonaq” rubrikasında yol salmağa cəhd etdik. Yəni onun görünməyən tərəflərini də oxuculara çatdırmağa çalışdıq. Onun ürəyindən keçənləri bilməyi kim istəməz ki... Beləliklə, həmsöhbətimiz Orxan Fikrətoğludur.

- Atanızla - tanınmış şair Fikrət Sadıqla necə yola gedirsiniz?

- Fikrət Sadıqla bir yolla gedirəm. O hara gedirsə, anadan olandan mən də onun dalınca gedirəm. Bilirəm ki, o, Allaha doğru gedir. Yeri gəlmişkən, onu da deyim ki, bu gün Azərbaycan reallığında iki müxtəlif mədəni xətt mövcuddur: biri Sovet elitasının formalaşdırdığı dəyərlər sistemi, digəri isə yeni psevdomədəniyyət. Ancaq bu iki mədəniyyət konseptual olaraq ölkəmizin gələcəyini proqramlaşdıra bilməz. Azərbaycanın gələcəyini proqramlaşdırmaq üçün mütləq davamlı intellektual bir sistem formalaşdırılmalıdır.

- Necə bir sistem?

- Məsələn, Füzuli hansı dəyərlərlə yaşayırdı? -Kərbəla dəyərləri ilə... Nəsimi hürufiliyi ilə... Nizami o dönəmin saray əxlaqı ilə... Sabir və Cavid turançılıqla. Səməd Vurğun sovet ideologiyasını təbliğ edirdi. Bu istedadlı şəxslərin hərəsi bir dəyərlər sisteminin, müxtəlif ideologiyaların daşıyıcıları idi. Yəni bizim heç vaxt davamlı bir intellektli dəyərlər sistemimiz olmayıb. Bunları bir sistem olaraq formalaşdırmaq və bu dəyərlərdən yararlanmaq Fikrət Sadıqdan sonra bizim, mənim görəvimə düşür.

 

“Yaxşılar qalmalıdır da...”

 

- Son vaxtlar “Gərək qala”dasınız. Bu layihədə ən çox tarixi izlərimizi araşdırırsınız. Bu və digər layihələri gerçəkləşdirən Orxan Fikrətoğlu müəllif kimi hansı izinin qalmasını istərdi?

- Elə iddiada deyiləm. Amma o layihə mənim üçün çıxış yolu oldu. Mən, ümumiyyətlə, televiziyadan getmək istəyirdim. Bilirsinizmi niyə? Mən bu fikirdəyəm ki, yazılı mətbuatda, eləcə də elektron informasiya vasitələrində peşəkar qalmayıb. Qalıbsa da, çox az qalıb. Bir də, bu və digər məqalənin nəticəsi olmalıdır da. Amma son illər nəticə çıxarılan məqaləyə rast gəlmədim... Pamflet niyə bizdə işləmir? Jurnalist tədqiqatı, demək olar ki, yoxdur.

- Bəs “Gərək qala”da sizi ovsunlayan nə oldu?

- “Gərək qala” proyektinin əsas məqsədi Azərbaycan düşüncəsində yaxşı nə olubsa, onları yaddaşlara həkk etməkdir. Bu yaxşılar qalmalıdır da. Onlar qalmasa, millət başqa cür formalaşar. Bu mənada ölkəmizə gərək olan qalmalıdır. Niyə mən Bakı kəndlərinə üstünlük verdim. Ona görə ki, həmin ərazilərdə yaşayan insanların etnik kökü də, hansı mədəniyyətə malik olmaları da təhrif olunub. Xəzərin içində Türkmənistanla Azərbaycanı birləşdirən bir yol olub. Bu isə türkmənlərlə birbaşa qohumluq əlaqələrinin olması deməkdir. Mən bu konteksdə səlcuqlar dönəmində tikilən abidələri önə çəkdim. Dünya şöhrətli memar Mahmud ibn Sədin burada işləri var. O, Sinan kimi memar olub. Nardaran qalasını, Bibiheybət məscidini o tikib. Burada batmış şəhərlər var. Səbail şəhəri. Dədə Qorqud dili ilə yazılmış daş kitabələr var. Bir sözlə, buranın tarixini öyrəndikcə çox böyük yeni kəşflər edirəm. Bir də bura elə yerdir ki, daşı, torpağı, ağacı, insanı, düşməni belə maraqlıdır.

- Yeri gəlmişkən, son illər ermənilər tərəfindən dağılan o qədər abidəmiz var ki...

- Mən bir təkliflə də çıxış etmək istəyirəm. İstəyirəm ki, ermənilər tərəfindən dağıdılmış evlər, digər obyektlər (heç olmasa, sərhəd yaxınlığındakılar) bərpa olunmasın. Necə var, eləcə də qalsın; haçansa bizi yenə barışdıracaqlar. Yaddaşımız yoxdur axı, unutqanıq. Biz yenə onları bağışlayıb, birgə yaşayacağıq. Nə demək istəyirəm? Onu deyirəm ki, sınıq qalalar gərək həmişə gözümüzün önündə olub, bizə erməni vəhşiliyini xatırlatsın.

- “Gərək qala” coğrafiyasını genişləndirəcəkmi?

- Təbrizə, Orta Asiyaya, Türkiyəyə gedəcəyəm. Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzəcəyəm. Yenə deyirəm, bu məmləkətin tarixini araşdırdıqca yeni-yeni faktlar üzə çıxır. Bunlardan savayı, əleyhimizə yazılmış elə kitablar var ki, onlara hələ yetərincə cavab verilməyib. Bu yaxınlarda bir ingilis yazarının kitabı əlimə düşdü. Bu, artıq dünyanın oxuduğu kitabdır. Özü də hər dildə var. Orada deyilir ki, guya 1905-də biz erməniləri qırmışıq. Bunlara cavab vermək lazımdır. Bunları araşdırmaq lazımdır. Belə şeylər qalıb bir yanda. Çoxu qarnı ilə məşğuldur.

- Bəs Orxan Fikrətoğlu köhnə azərbaycanlı olmaqdan yorulmadımı?

- Yox, özüm özümdən yorulmadım. Onu da deyim ki, mənim bu “köhnəliyimi” çox yerə yozurlar. Dəyərlər sistemi dəyişkəndir axı. Sosializm qurulanda futurist şair Mayakovskini Lenin xarab elədi. O, “Yaxşı nədir, pis nədir” şeirini yazdı. Birinci sinif uşağına öyrədərlər bunu… SSRİ dağılanda belə bir şeyi bizim üçün yazan olmadı. Onda da dəyərlər sistemi dəyişdi. Məsələn, bu gün bir jurnalistlə rəqabət prosesində onu şərləmək də mümkündür, hansısa yolla yıxmaq da. Bu gün belə bir əxlaq qəbul olunur. Əslində belə olmalı deyil. Köhnə azərbaycanlı belə etmir. Mən örnək olaraq Həccə də getdim. Bu, fərq olaraq, köhnə azərbaycanlılığın rəmzidir. Bu rəmziliyi yaradıb, sonra ona xidmət etməlisən. Mənə elə gəlir ki, ziyalı təmənnasız olmalıdır. Xalqına təmənnasız xidmət etməlidir.

- Bəs könhə azərbaycanlı yeni əsrlə, yeniliklərlə necə ayaqlaşır?

- Yeni əsrlə ayaqlaşıram. Amma elə yeniliklər var ki, onlarla ayaqlaşa bilmirəm. Yenilik özündən iki yaş böyük insana qoca deyib, onu şərləməkdirsə, söyməkdirsə, dəstə yaradıb istedadı deyil, yalnız öz yanında olanı, özünə qulaq asanı böyük istedad kimi təqdim eləməkdirsə, yenilik bölgə, tayfa marağıdırsa, bunu qəbul etmirəm. Mən belə “yeniliklərlə” təbii ki, ayaqlaşa bilmirəm.

- “Zorxana”nızdan tanıdığımız qəhrəmanınız  Xeybərdən bir xəbər yoxmu?

- Azərbaycanda fakt yoxdur, ancaq mülahizələrdir. Fakt olmayan yerdə o qədər uydurursan ki... Xeybər əslində çox primitiv jurnalist gedişidir də. Xeybər sırf nəzəriyyədir. O, fərdin kütləviləşdirilməsidir, ictimai maraqda açılmasıdır. Xeybər ümumiləşdirilmiş azərbaycanlı obrazıdır. Sən bu xalqa akademik tərzdə didaktika ilə heç nə anlada bilməzsən. Xeybər indi Azərbaycandadır, sağdır. Problemləri var. Çox qəribədir ki, Xeybər məndən çox tanınır, sevilir. Artıq indi onun öz yaşayış tərzi var. Ola bilsin ki, haçansa ondan canlı obraz kimi danışılacaq. Ola bilsin ki, onu haçansa kinoda canlandırım. Bir sözlə, Xeybər Novruzəlinin nəvəsidir, bu günüdür.

- Səhv etmirəmsə, sizin ən qısa ömürlü verilişiniz “Orxanın bazarı” olub. Niyə tez bağlandı “bazar”ınız?

- Yeri gələndə mən uduzmağı da bacarıram.

 

Ən böyük mükafatım...

 

- Sizə niyə mükafat verilmir? İstəmirsiniz, yoxsa yada düşmürsünüz?

- Ən böyük mükafatım Allahın mənə verdikləridir. Allah mənə müqayisə etmək bacarığı verıb. Özümə kənardan baxa bilirəm. Heç öyünmürəm də... Dövlət Kino Komitəsinin baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru olmuşam. “Mir” şirkətinin, “Günay” qəzetinin rəhbərlərindən olmuşam. Yəni birinci vəzifələrdə də çalışmışam, ikinci dərəcəli işlərdə də. Amma müxtəlif mühitlər, həmin stollar məni dəyişə bilməyib. Əksinə, mən onları dəyişmişəm. Mənim heç nəyə bağlılığım yoxdur. Desələr, ANS-dən çıx, çıxaram, “Mozalan”dan çıx, çıxaram. Bu cür yaşamaq elə mükafatdır da. Peyğəmbərimizin belə bir kəlamı var: Sənin sözünü eşitmirlərsə, sözünü dəyişmə, yerini dəyiş. 5 yaşlı qızım var. O da mənə verilən mükafatdır. Atamın 80 yaşı var. Bu gün də onunla dərdləşirəm. Məgər bütün bunlar mükafat deyil?

- Nə vaxtsa siyasətə qatılmaq fikriniz varmı?

- Mən heç vaxt siyasətdə olmamışam. Siyasətə yuxarıdan aşağı baxmışam. Amma bu bir həqiqətdir ki, biz siyasətlə məşğul olmasaq da, o, bizimlə məşğuldur. Bir də, zənnimcə, yazı-pozu adamının siyasətə dəxli olmalı deyil.

- Ən böyük itkiniz?

- Mənim üçün ən böyük itki bilirsən nədir? “Zorxana”dan sonra mən tamaşaçıları itirdim. Yenə də “Zorxana” hazırlamaq olar. Amma inanmıram ki, o auditoriyaya təsir edə bilərəm. Onlar artıq başqa dəyərləri qəbul edib və o dəyərlərlə yaşayırlar.

 

Dü-şü-nün...

 

- Məşhur olmaq, tanınmaq necə şeydir?

- Yaxşı şeydir. Kim deyirsə, bundan xoşlanmıram, yalan deyir, inanmayın. Demirəm, bu mənə göydən düşüb. Efirə çıxan çoxdur, məni əməyimə görə sevirlər. Bir də, yaxşı mənada mənim jurnalist bicliyim də olub. Mən həmişə xalqın məddahı olmuşam. Yəni xalqın istədiyini demişəm, danışmışam. Lakin bir həqiqəti heç zaman unutmamışam. Heç vaxt özümü tamaşaçıdan ağıllı saymamışam. Mənim aləmimdə tamaşaçı istənilən halda jurnalistdən ağıllıdır. Kim özünü tamaşaçıdan ağıllı sayırsa, o uduzur.

- Səhv etmirəmsə, Pərviz adlı jurnalist deyib ki, Orxan millətə fəhləlik edir.

- Mən çox istəyirəm ki, bu millətin hər işinə yarayım.

- Bu millətdən istəyiniz?

- Bunu efirdən də açıq deyirdim. Deyirdim ki, intellekt işığınızı söndürməyin, düşünün. Bu mənada bir amacım var: millət dü-şün-sün. Basqa heç nə istəmirəm. Buna görə milləti hətta qıcıqlandırıram da... Millət isə deyir ki, əl çək, o qədər problemim var ki...

- İndi meydandakı gənclər ən çox inkarçılıqla məşğuldurlar. Ən çox da Anara ilişirlər.. Sizə ilişən yoxdur ki?

- Onları az oxuyuram. Düzü, mən istəmirəm belə şeylərə qarışım. Bu mənə görə kiçik şeydir. Axı harada görmüsünüz ki, iki dərzi iynənin keyfiyyətindən mübahisə etsin. Şalvarı tikib verir də. Sən yazını yaz, yaxşısan, pissən, bunu xalq deyər. Bu, xəstə rəqabətdir. Elə şeylər var ki, onlar haqqında danışılmamalıdır. Yenilərdən kimin 5 nəfəri ətrafına yığıb söz deməyə gücü, təcrübəsi var? Anarın yaradıçılığına özəl münasibətim var. Görüşəndə özünə deyə bilərəm.

- Orxan Fikrətoğlu inkarçıdır?

- Mən Yazıçılar İttifaqında elə çıxışlar etmişəm ki, indikilərin yuxusuna girməyib. Buna görə atam məni bir ay danışdırmayıb. Deyib ki, sən niyə tənqid edirsən ədəbiyyatımızı, yəni heç birimiz heç nə yazmamışıq? Demişəm, yazmamısınız. Amma elə bir dönəmə gəlib çatırsan, özünə sual verirsən ki, bəs sən özün ortaya nə qoydun.

 

Şeir və şor

 

- Şairdən söz düşəndə ağlınıza ilk kim gəlir?

- Şair deyəndə elə yadıma şair düşür. Mən şair çörəyi yemişəm. Şairlər mənim üçün müqəddəsdirlər. Onu da deyim ki, mən iki şeyi yaxşı ayırd edə bilirəm: şeiri və şoru... Şamaxılıyam da. Bu iki şeydə məni  aldatmaq olmaz. Yeri gəlmişkən, Şamaxıda “Gərək qala”nın çəkilişlərini apararkən yüz qram şor tapmadılar ki, mən onu yeyim. Bunları başqa ağa öyrəşdiriblər e... Konkret sualınıza gəldikdə isə, son illər mənə təsir edən şair olmayıb. Ruhuma ən yaxın isə Şəhriyardır.

- Mirzə Cəlil də millətdən yazırdı, Sabir də... İndi Orxan da yazır. Sabah da digəri yazacaq... Yaza-yaza hara gedirik?

- (gülərək) Oxuyaq deyirsiniz? Sabirin “Fəxriyə”si böyük əsərdir. Dərk eləmədik onu. Mirzə Cəlil o dövrdə kompyuter ixtira etmiş bir adam kimi idi. Mən Mirzə Cəlil məktəbinin nümayəndəsi sayılıram. Amma ruhən “Füyuzat”a - Əhməd bəy Ağayevə, Əli bəy Hüseynzadəyə yaxınam. Mirzə Cəlil dünya çapında baş vermiş inqilabi proseslərə hazır olmayan xalqın içinə virus buraxdı. Hətta Qori seminariyaçıları, sonradan inqilabçılar Mirzənin ifrat ideyalarından yararlandılar. Amma Nərimanov çox böyük siyasi xadim idi. O, hələ yaxşı araşdırılmayıb. Mən onun dalınca danışmışam. Bilməmişəm. O, böyük adam olub. Mirzənin adam ələ salmağı, cəmiyyəti aşağılamağı başqa effekt verdi. Bizdə belədir də, bu xalqı öyürsən, yalandır; öyüləsi yeri yoxdur axı... Mirzə Cəlilin söyüşü də effekt vermədi. O orta məxrəci ancaq cücərti olaraq, Nərimanov, Çəmənzəminli tutdu. Özü də proqram şəklində. Amma onlarda da alınmadı, qoymadılar. Yenə deyirəm, nə qədər qəribə olsa da, Sabir Füzulinin davamıdır. Füzuli qədər satirik şair Azərbaycanda yoxdur. Absurddur, amma budur. Allahı, sevgini Məcnun şəklinə salıb. Postmodernistdir də bu. Sabir həmən Füzuli qəlibində başladı satira yazmağa. İndi bu Sabir qəlibini - tragikomediyanı sındıracaq yeni bir fikir yaranmalıdır. O da Avropadan gələn novatorluq deyil, başqa bir şey olmalıdır.

 

“Bu da ibadətdir”

 

- Eşitdiyimizə görə, siz o dünyanı görüb gələnlərdənsiniz...

- Hə, bıçaqlandıqdan sonra klinik ölüm yaşadım. Klinik ölümlə bağlı oxumuşdum ki, guya belə məqamlarda gözə ancaq uzun bir tunel görünür, ilk yada düşənlər yaxınları olur. Amma mənim gözümdə ilişib qalan Xancan adlı qonşumun  38-34 nömrəli “Moskviç”i oldu. Bu nə sirr idi. İndiyədək dərk edə bilməmişdim.

- Dini qanunlara ciddi əməl edirsiniz?

- Çalışıram ki, qadağalara əməl edim. Məndə Allah xofu var. Namazım, orucum var. Çalışıram ki, cəmiyyətdə o ədalət balansını qoruyub saxlayım. Valideynə olan borcumu ödəyim, insanlara gücüm çatan köməkliyi edim. Mənə elə gəlir ki, insanları düşünməyə çağırışım da ibadətdir. Mən məgər “Zorxana”da ibadətlə məşğul deyildim? Mən o verilişdən istifadə edib, özümə heç nə almadım. Bu da ibadətdir elə. Bu gün adından istifadə etmirsənsə, bir çox şeylərdən imtina edə bilirsənsə, güclüsən.

- Bəs nə ilə təsəlli tapırsınız?

- Təsəllim budur ki, Azərbaycanın gələcəyi var. Şükür ki, inkişaf edir. Övladım sivil cəmiyyətdə yaşamaq şansındadır.

- Son illər yaradıcılıqlarını bir kitab halına salmaq dəbə düşüb. Bəs sizin belə bir fikriniz varmı?

- Mənim aləmimdə kitab meşədən odun yığmaq kimi bir şeydir. Bir-bir yığıb, sonra onları şələləyib atmalısan da. Mən hələ odun yığıram. İndiyədək 7-8 kitabım çıxıb. Onu da deyim ki, mən kitablarımı satışa vermirəm. Oxuyub elə şeylər yazırlar ki... Mən hələ indiyədək heç bir əsərimin ədəbiyyatşünaslıq konteksində düzgün şərhinə rast gəlməmişəm. Bu fikri digər yazarlar barədə də demək olar. Amma “Vaxt”ımı əsl ədəbiyyatsevərlər arasında müzakirə etmək istərdim.

- İndi nə üzərində işləyirsiniz?

- Ssenari yazıram Ənvər paşadan. Onun basmaçı hərəkatı yaratmasından...

 

“Cəbiş müəllim kimi saf adamlar üçün darıxmışam...”

 

- Azərbaycan milyonçularından bəhs edən “Yük” filminiz çox ağır yol keçdi... Bu günün milyonçuları barədə nə deyə bilərsiniz?

- Əvvəlkilərdə böyük bir metsenatlıq, bir xeyriyyəçilik var idi. Elə götürək, Ağamusa Nağıyevi... O, Bakıda 98 bina tikdirib və onların hamısı indi də xalqa xidmət edir. Bir də onların dönəmində dövlətimiz yox idi axı. Əslində Azərbaycan dövlətçiliyinin arxivi İsmailiyyə binasının arxividir. Onu da ermənilər yandırdılar. Azərbaycan dövlətçiliyinin təməli Nağıyevin, Tağıyevin xeyriyyəçilik icmaları idi. İndiki milyonçuları isə mən tanımıram.

- İmkanlıları deyirəm...

- Hərə bir yolla imkan əldə edib. Ona görə də qazandıqlarını hansı yolla qazanıblarsa, o yola da sərf edirlər. Onlar adamı oynadıb, alçaldıb pul verərlər. Çünki özü oynayıb qazanıb. Bu gün xeyriyyəçilik nə ola bilər? Məncə, bu gün məscid tikmək xeyriyyəçilik deyil. Məscid insanın içindədir. İnsan oxutmaq da xeyriyyəçilik deyil. İndi xeyriyyəçiliyin də konyukturu dəyişib. Bu gün pulu əxlaqın bərpasına xərcləmək lazımdır.

- Nəyin arzusundasınız?

- İstərdim intellektual jurnalistlər ordusu olsun. Təmənnasız, heç bir qütbə işləməyən, acından ölən Cəbiş müəllimlər olsun. Mən Cəbiş müəllim kimi saf adamlar üçün darıxmışam.corabı görünən, sadəlövh o Cəbiş müəllim üçün. İndi sadəlövh insan da yoxdur. Hamı bicdir elə bil. Ən sadəlövhü bizik elə...

 

Rejissor varsa, film var...

 

- Bu gün elə bil kinomuzda nəsə çatmır...

- Kino haradan başlayır? Rejissorluqdan. Son on ildə bizdə rejissor yetişibmi? Digər tərəfdən, bizdə filmlər sifarişlə çəkilir. Halbuki film rejissor sözüdür. Film çəkmək rejissorun istəyi ilə olmalıdır. Mən bu sahədə çalışan adam kimi deyə bilərəm ki, indiyədək film çəkmək üçün hansısa rejissorun filan ideyam var, “filan filmi çəkmək istəyirəm” deməsinin şahidi olmamışam. Kinonun inkişafı birmənalı olaraq rejissordan asılıdır. Boş şeydir, deyirlər ki, struktur qurulmayıb, nə bilim, aktyor yoxdur. Rejissor varsa, film var, yoxdursa yoxdur... Kino rejissorun məhsuludur da...

- Türk filmləri ilə bağlı nə deyə bilərsiniz?

- Əvvəllər onların filmləri çox zəif, seçdikləri mövzular primitiv idi. Hətta deyərdim ki, o filmlər ötən əsrin 50-60-cı illərində ölkəmizdə istehsal olunmuş filmlərdən zəif idi. Amma son illər Türkiyə kinosunun inkişafı məni heyrətləndirib. Artıq Türkiyə kinematoqrafçıları dünyanın nə istədiyini bilir və dünyaya malını çıxarır. Bu sözləri onların teleməkanlarda yayımlanan seriallar barədə də demək olar. Bizdə məktəb yoxdur e... Məsələn, bu sahə üzrə kadrlar hazırlayan Mədəniyyət və İncəsənət Universitetində praktika keçmək üçün baza yoxdur. Əvvəllər praktikaya tələbələri Moskvaya göndərərdilər. Sovet dağılanda o əlaqə itdi. Səhv etmirəmsə, bu əlaqə ötən ildən bərpa olunur.

 

“Yalan”ım... sevilir

 

- Ssenariniz əsasında çəkilmiş “Yalan” filmi maraqla qarşılandı. Bəs Orxan Fikrətoğlunun həyatda ən böyük yalanı nə olub?

- Qardaşım Rusiyada rəhmətə getmişdi. Mən bu xəbəri alanda onu atamdan gizlətdim. Bu yalanla mən bir həftə içimdə yaşadım. Bu mənada “Yalan” mənim həqiqi yaşantılarım olub. Həmin film 2005-ci ildə çəkildi. Həmin il mənim üçün uğurlu oldu: “Ərazi” filmini çəkdim. Amerika Kino Akademiyasında göstərildi. Ssenarini də özüm yazmışdım, özüm də çəkmişdim. İki dəfə rejissorluq etmişəm. Birinci filmim (“Xalça nəğməsi”) isə Beynəlxalq Yalta Festivalının birinci prizini alıb. Sonra televiziyada çalışdığım üçün kino ilə məşğul olmağa vaxtım olmadı.

- Qarabağ dərdi bizim nəslin üz qarasıdır. Bu qara nə vaxt silinəcək? Sizcə, bu dərdi gələcək nəsillərə ötürəcəyik, yoxsa həll edəcəyik?

- Bu böyük geopolitik oyundur. Qarabağ problemimiz qalır. Avropa İttifaqı bizə Qarabağı verməyəcək. Rusiya heç vaxt Azərbaycana erməni məsələsində güzəştə getməyəcək. Çünki bu onun yaratdığı siyasətdir. Amerika qabağa düşə bilər. O da öz marağındadır... Qıraqdan nəsə gözləmək, məncə, mümkün deyil və mən buna inanmıram. Məğlub yaşamaq da olmaz. Artıq 20 ildir bu vəziyyətdə yaşayırıq. Onu da deyim ki, bu təkcə bizim nəslin görəvi deyil. Lakin onu da deyim ki, biz tarix boyu erməni ilə qarşı-qarşıya durmamışdıq. Məhz bizim nəsil ermənilərin qabağına əlisilahlı çıxdı.

- Nə vaxtsa ölkəni tərk etmək fikriniz olub?

- Türkiyəyə getmişdim. Ola bilsin, yenə gedəcəyəm. Oranı mən qıraq ölkə saymıram. İstanbulda, Ankarada özümü elə bil Vətənimdə hiss edirəm. Türkiyəyə köçməyim istisna deyil. Ora mərkəzdir də. Bu dil, bu təfəkkür üçün nə yaranacaqsa, zənnimcə, məhz İstanbulda yaranacaq. Bir də Mədinə mənə doğmadır. Onun küçəsində belə ölmək istəyirəm. Çünki onun küçəsində o qədər peyğəmbər ruhu var ki...

- Ən maraqlı müsahibiniz kimdir?...

- Ən yaxşı müsahibim özüməm. Hər yerdə özümlə danışıram. Gecə yatanda belə... Amma ortaq məxrəcə gələ bilmirik.

- İndi verəcəyimiz suallara isə bir sözlə cavab verməyinizi istəyirik...

 

 

Qvami Məhəbbətoğlu

 

Zaman.-2011.- 5-7  fevral.- S.4-5.