Osmanlı dövlətinin ilk baş memarı: Təbrizli Memar Əli

 

Azərbaycan və Anadolu coğrafiyasında yaşayan və eyni dil, mədəniyyət və inancı daşıyan xalqlar arasında qurulan münasibətlər XI əsrdən başlayaraq, bütün orta əsrlər boyu davam edib. XV-XVI əsrlərdə isə güclənən Azərbaycan-Osmanlı münasibətlərində bütün istiqamətlərdə olduğu kimi, mədəni əlaqələrdə də inkişaf qeydə alınıb. Buna bəzi siyasi və ictimai hadisələrin də səbəb olduğunu söyləmək mümkündür.

Azərbaycan, İran, Yaxın Şərq və Anadolunu öz hakimiyyətində saxlayan Elxanlılar (1256-1357) dövründə Təbriz şəhərinin bu dövlətin paytaxtı olması (1265) bölgədə həm Təbriz şəhərinin, həm də Azərbaycanın önəmini artırdı. İran, Çin, Anadolu və Suriyadan minlərlə sənət və elm adamının paytaxt Təbrizə cəlb edilməsi sonrakı illərdə Azərbaycanın mədəni həyatına da öz müsbət təsirini göstərdi. Bütün bunlar Azərbaycanı XIV-XV əsrlərdə, demək olar ki, Şərqin elm, sənət və mədəniyyət mərkəzinə çevirdi.

Azərbaycan və Anadolu coğrafiyasında yaşayan və eyni dil, mədəniyyət və inancı daşıyan xalqlar arasında qurulan münasibətlər XI əsrdən başlayaraq, bütün orta əsrlər boyu davam edib. XV-XVI əsrlərdə isə güclənən Azərbaycan-Osmanlı münasibətlərində bütün istiqamətlərdə olduğu kimi, mədəni əlaqələrdə də inkişaf qeydə alınıb. Buna bəzi siyasi və ictimai hadisələrin də səbəb olduğunu söyləmək mümkündür.

Azərbaycan ilə Osmanlı arasındakı mədəni əlaqələrin möhkəmlənməsində çox sayda adlı-sanlı azərbaycanlı şəxslərin - elm adamlarının, şairlərin və sənətkarların böyük xidmətləri olub. Bu dövr tarixi mənbələrində Azərbaycandan Osmanlı dövlətinə gedən alimlərə böyük rəğbət göstərildiyi bildirilməkdədir. Bu da iki ölkə arasında mədəni əlaqələrlə yanaşı iqtisadi-ictimai münasibətlərin də inkişafına imkan verib. Bu adlı-sanlı şəxslərin içərisində yüksək vəzifələrdə işləmiş azərbaycanlı memarlar da öz yerini alıblar. Bunlardan biri də Təbrizli Memar Əlidir.

Əsl adı Ələddin Əli bəy bin Əbdülkərim olan Memar Əlinin doğulduğu tarix dəqiq olaraq bilinməsə də, Təbrizdə dünyaya gəldiyi və təhsilini də boya-başa çatdığı bu şəhərdə aldığı bilinməkdədir. Əlimizdəki mənbələrdə, xüsusilə də türk qaynaqlarında qeyd olunur ki, orta əsrlərin məşhur sənət xadimi olan Təbrizli Əli Osmanlı dövlətində Memar Əcəm, Əcəm Əli, Əsir Əli və Memar Əli kimi də tanınıb. Bəzi Osmanlı mənbələri orta əsrlərdə Azərbaycanı da Əcəm diyarı kimi qələmə verdiyindən, eləcə də bəzi azərbaycanlı elm və sənət xadimlərini də Əcəmi məxləsiylə qeydə alıblar. Bu da çağdaş türk tarixşünaslığında çox sayda Əcəmi adında alimin azərbaycanlı olduğu halda, iranlı kimi tanınmasına səbəb olub. Memar Əli də bu şəkildə tanınan Azərbaycanın məşhur sənət xadimlərindən biridir.

Memar Əlinin Osmanlı dövlətinə gedişi isə Çaldıran döyüşündən (23 avqust 1514) sonrakı tarixə təsadüf edir. Bilindiyi kimi, Sultan Səlim (1512-1520) Çaldıran döyüşündən sonra təqribən 8 gün Təbrizdə qalmışdı. Bu səfərindən qayıdarkən çox sayda azərbaycanlı alim və sənətkar qrupunu özü ilə birlikdə Osmanlı dövlətinə aparmışdı. Hətta köçürülənlərin bir hissəsinin 23 mart-12 aprel 1515-ci il tarixində siyahıya alındığına dair Türkiyə Nazirlər Kabinetinin Osmanlı arxivində saxlanılan və türk tarixçiləri tərəfindən ortaya çıxarılan fars dilində sənəd də mövcuddur. Lakin bu dəftərdə Memar Əli və həmin dövrdə yaşadığını bildiyimiz bir çox məşhur azərbaycanlı alim, şair və sənət adamlarının adları yoxdur. Buradan aydın olur ki, xüsusi qabiliyyətli şəxslər başqa bir heyətlə aparılıblar. Osmanlı dövlətində bu kimi insanlara yüksək vəzifələr tapşırılaraq, onlara  çox böyük hörmət göstərilirdi. Memar Əliyə də Sultan Səlim tərəfindən Osmanlı dövlətinin ilk baş memarı kimi önəmli bir vəzifə verilmişdi.

Memar Əli Osmanlı dövlətində ilk dəfə olaraq, klassik Osmanlı memarlığı ilə İran üslubunu birləşdirərək, “toplu plan” adlandırılan memarlıq üslubunun əsasını qoyub. Memar Əlinin bu özünəməxsus arxitektura üslubundan sonra orijinallığı və möhtəşəmliyi ilə başqa ölkələrin sənət əsərlərindən tamamilə fərqlənən, türk-İslam mədəniyyətinin ayrılmaz parçasına çevrilən Osmanlı dövrünə aid abidə kompleksləri ortaya çıxıb. Bu üsulun özəlliyi ondan ibarətdir ki, binanın böyüklüyü və tarazlığına görə bir neçə günbəz və ya yarımgünbəzin daha böyük mərkəz günbəzdə birləşdirilməsi yolu ilə sütun və ya dayaq hörgülərinə ehtiyac olmadan, sahəsi geniş salonlu binaların inşa edilməsi mümkün olub. Məhz bundan sonra klassik Osmanlı əsərlərindən fərqlənən, eyni zamanda Osmanlı dövlətinin orta əsrlərdəki inkişafı ilə paralellik təşkil edən əzəmətli saraylar, çoxminarəli məscidlər və mədrəsə komplekslərinin tikilməsi gerçəkləşib və geniş yayılıb. Memar Əlinin ilk dəfə tədbiq etdiyi bu üsulu daha sonralar məşhur Osmanlı arxitektoru olan Memar Sinan tərəfindən inkişaf etdirilərək tətbiq olunub. Lakin bir çox tədqiqatçılar bu ardıcıllığı qarışdıraraq “toplu plan” memarlıq üslubunun ilk dəfə Memar Sinan tərəfindən istifadə olunduğunu bildirməklə, Memar Əlinin inşa etdirdiyi bir çox abidəni səhvən Memar Sinana aid edirlər. Bu səbəbdəndir ki, əslində Memar Əli tərəfindən inşa edilən Gəbzə şəhərindəki Çoban Mustafa Paşa məscidi ilə İstanbulun Sultan Əhməd səmtindəki İbrahim Paşa Sarayı da Memar Sinanın əsərləri kimi bilinməkdədir. Halbuki Memar Sinan, sadəcə, bu binaları öz dövründə təmir edib.

Bunlardan başqa, üslub və memarlıq xüsusiyyətlərinə görə Memar Əliyə aid edilən, lakin kitabəsi (“tarixi lövhə”si) olmayan çox sayda əsərin olduğu da bilinir. Bu vəziyyətdə olan başlıca əsərlər bunlardır: Saray Bosnada Qazi Xosrov bəy külliyyəsi (məscid, mədrəsə, mehmanxana, hamam və s.), Sofiyada Kadı Seyfəddin, Manisada Sultan, Trabzonda Xatuniyyə, Konyada Sultan Səlim, Çorluda Süleymaniyyə, Tekirdağa bağlı olan Saray qəsəbəsində Ayaz Paşa, İstanbul Fateh rayonunda Bali Paşa, İstanbul Əyyub bölgəsində Cəzəri Qasım, Sütlücə və Silivri bölgələrində Piri Məhməd Paşa məscidləri və bir də Topkapı Sarayında Babüs-Salamlıq bölməsi. Memar Əlinin özünün tikməsi heç bir şübhə doğurmayan (kitabəsi olan) memarlıq əsərləri isə İstanbulda Sultan Səlim məscidi və Şəhrəmini bölgəsində öz vəsaiti ilə ərsəyə gətirdiyi Memar Əcəm məscididir.

Memar Əli təqribən 23 ilə qədər Osmanlı dövlətinin baş memarı olaraq fəaliyyət göstərib. O, bu çox məsuliyyətli vəzifəni Yavuz Sultan Səlim və Qanuni Sultan Süleyman (1520-1566) dövrlərində də icra edib. Onun ölüm tarixi ilə bağlı mənbələrdə açıq məlumat verilməsə də, öz vəsaitinə tikdirdiyi Memar Əcəm məscidinin 20 mart 1537 tarixli vəqfiyyə sənədindən onun bu tarixdə həyatda olduğu başa düşülür. Bu tarixdən sonra haqqında heç bir bilgi verilməməsi və 1538-ci ildə Memar Sinanın Osmanlı dövlətində baş memar olaraq işə başlaması belə bir qənaətə gəlməyə əsas verir ki, Memar Əli 1538-ci ildə vəfat edib.

 

 

Dədəyev Bilal

 

Zaman.- 2011.-8-9 fevral.- S. 13.