“Misirin ağır vəziyyətə düşməsinin və bu ölkədə baş verən son hadisələrin bir səbəbkarı da Amerikadır”

 

Yanvar ayının 25-dən başlayaraq Misirdə baş verən hadisələr və xalqın Prezident Hüsnü Mübarəkin istefası tələbilə  ardıcıl olaraq etiraz aksiyaları keçirməsi beynəlxalq aləmin diqqət mərkəzindədir. Nəticədə etiraz aksiyaları iştirakçıları ilə polis və Mübarək tərəfdarları arasında baş verən toqquşmalarda onlarla adam ölüb , yüzlərlə adam isə yaralanıb. Buna baxmayaraq, Mübarək hələ ki istefa vermək niyyətində olmadığını nümayiş etdirir. Bəs Misirdə baş verən son etiraz aksiyalarını doğuran və xalqı küçələrə axışmağa məcbur edən nədir? Bizi maraqlandıran bu və digər suallara cavab almaq üçün uzun müddət Misirdə işləyən tanınmış diplomat və politoloq Vəfa Quluzadəyə müraciət etdik.

- Vəfa bəy,  Misir hazırda öz həyatının, belə demək mümkünsə, ən ağır və keşməkeşli dövrünü yaşayır. Bu baxımdan  Misiri 30 ilə yaxın bir müddət ərzində idarə edən Hüsnü Mübarəkə qarşı davam etməkdə olan etiraz aksiyalarını necə dəyərləndirərdiniz?

-  Misirdə baş verən son hadisələr mən deyərdim ki, nəinki bölgə, həm də bölgədən minlərlə kilometrlər uzaqlarda yerləşən və beynəlxalq aləmdə siyasi güc rolunda çıxış edən dövlətləri də silkələməkdədir. Bunu dünyanın əksər ölkələrinin, o cümlədən Avropanın aparıcı dövlətlərinin Misirdəki etiraz aksiyalarına olduqca həssas reaksiya verməsi də sübut edir. Niyə? Çünki Misir strateji baxımdan elə bir məkanda yerləşib ki, o, Süveyş kanalı vasitəsilə Avropa ilə dünyanın digər ölkələri arasında bir körpü rolunu oynayır. Süveyş kanalını isə Avropa ölkələri üçün obrazlı şəkildə bir qan damarı hesab etmək olar.

 Bu müstəvidə də, təbii ki, Misirdə baş verən hadisələr həm Avropada, həm də ABŞ-da olduqca böyük həyəcanla izlənməkdədir. Amma məsələnin digər tərəfi də var və bu da Misir xalqının olduqca ağır vəziyyətdə yaşaması, ölkədə işsizliyin ildən-ilə artması ilə bağlıdır. Aydın məsələdir ki, bu amil gec-tez Misirdə xalqın küçələrə çıxmasına gətirib çıxaracaqdı. Çünki xalq artıq boğaza yığılmış durumda idi və sanki küçələrə çıxmaq, etiraz aksiyalarına baş vurmaq üçün bir siqnal gözləyirdi. Bu baxımdan Tunisdə baş verən hadisələr Misirdə də xalqın küçələrə çıxması üçün bir siqnal oldu. Onu da deyim ki, mən uzun müddət Misirdə işləmişəm. Misir zəngin mədəniyyətə, şanlı keçmişə malik olan, vaxtilə bəşəri inkişafa öz töhfəsini verən, yüksək sivilizasiya quran bir ölkədir. Xalqın iqtisadi baxımdan ağır vəziyyətdə yaşamasına baxmayaraq, indinin özündə Misir elmi-texniki baxımdan müsəlman ölkələri arasında öncül yerlərdən birini tutmaqdadır. Belə bir ölkə isə aydın məsələdir ki, iqtisadi baxımdan uzun müddət səfalət və aclıq içində yaşamağa dözə bilməzdi. Yəni demək istəyirəm ki, Misirdə hökumət əleyhinə davam edən etiraz aksiyalarının arxasında ölkənin üzləşdiyi ağır iqtisadi vəziyyət dayanır.

 - Misir uzun müddət ABŞ-ın Yaxın Şərqdə əsas dayaq nöqtələrindən biri olub. Eyni zamanda adıçəkilən ölkə İsrallə də sıx münasibətlərdədir.  Bu baxımdan hakimiyyət dəyişikliyi ABŞ-ın bölgədəki roluna necə təsir edə bilər?

- Gəlin açıq danışaq, Misirin iqtisadi baxımdan ağır vəziyyətə düşməsi və bu ölkədə baş verən son hadisələrin bir günahı da eləcə Amerikanın özüdür. Axı Prezident Hüsnü Mübarək 30 ildən artıq bir müdddət ərzində məhz ABŞ-ın vasitəsilə hakimiyyətdə qalıb. Yeri gəlmişkən xatırladım ki, 1979-cu ildə Kemp-Deviddə Misiri İsraillə separatçı sülh müqaviləsi imzalamağa məcbur edən ABŞ bununla da adıçəkilən ölkənin ərəb dünyasından təcrid olunmasına səbəb oldu. Ona görə də ABŞ bundan iki il sonra Ənvər Sadatı  Hüsnü Mübarəklə əvəz etməyə məcbur oldu.

 Amma ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələn Hüsnü Mübarək də xalqın arzuladığı Prezident olmadı. Çünki o da okeanın o tayındakı dayılarına arxalanaraq ölkəni avtoritar üsulla idarə etməyə başladı və ötən müddət ərzində özünü əsl diktator kimi göstərdi. Tarix isə heç bir diktatoru bağışlamayıb və onların əksəriyyətinin sonu faciəli şəkildə başa çatıb. ABŞ-a gəlincə, Misirdə baş verə biləcək hakimiyyət dəyişikliyi istənilən halda bölgədə və beynəlxalq aləmdə yeni siyasi vəziyyətin əmələ gəlməsinə yol aça bilər. Bu isə ABŞ və onun müttəfiqləri, xüsusilə İsrail üçün  olduqca arzuedilməzdir. Çünki Hüsnü Mübarək rejimi nəinki ABŞ-ın, həm də 60 ildən artıqdır ki, Fələstin torpaqlarını işğal edərək bu müddət ərzində yüz minlərlə  günahsız insanların qanlarını tökən, milyonlarla fələstinlinin yurd-yuvasını tərk edərək, qaçqın və köçkün halına salan İsrailin də qeyri-rəsmi müttəfiqi rolunda çıxış edir.

- Maraqlıdır, Hüsnü Mübarəki dəstəkləyən ABŞ nə üçün Misirdə xalqın iqtisadi baxımdan ağır vəziyyətdə yaşamasına göz yumur və bu vəziyyətin aradan qaldırılması üçün adıçəkilən ölkəyə yardımlar etmirdi?

- Bunun da səbəbi aydındır: ABŞ və onun müttəfiqləri müsəlman ölkələrinin iqtisadi baxımdan inkişaf etməsini istəmirlər və bunun gələcəkdə özləri üçün hansısa problem ortaya çıxmasından ehtiyat edirlər. Ona görə də ABŞ və müttəfiqləri həmin ölkələri diktatorlar vasitəsi ilə idarə etmək və xalqın qəzəbini Qərbə deyil, öz idarəedicilərinə qarşı yönəltmək siyasətini həyata keçirirlər. Belə təsəvvür yaradılır ki, guya xalqın pis vəziyyətdə yaşamasının səbəbi onları idarə edən diktatorlardır. Xalq ayağa qalxanda isə demokratiya pərdəsi altında onun yerinə nisbətən daha mülayimini gətirir və onun vasitəsi ilə müəyyən iqtisadi-siyasi islahatlar həyata keçirərək yenidən oranı öz təsirləri altında saxlamaqda davam edirlər. Bu baxımdan Misir də istisna deyildi. Necə deyərlər, ABŞ demokratiya pərdəsi adı altında ikili oyunlara baş vurur və diktatorlar vasitəsi ilə özlərinin iqtisadi-siyasi və müstəmləkəçilik maraqlarını qoruyub saxlamağa çalışır. Bunun isə bir sonu olmalı idi. Tunisdə başlanan etiraz aksiyaları və onun ərəb ölkələrində güclü əks-səda  verməsi də bununla əlaqədardır.

- Hüsnü Mübarəkin yerinə Beynəlxalq Atom Energetikası Agentliyinin (MAQATE) keçmiş rəhbəri Məhəmməd əl-Baradeyin adı hallandırılır...

- Əl-Baradeyin ABŞ, Avropa ölkələri və İsraillə sıx münasibətləri olub və o, MAQATE rəhbəri vəzifəsində də İraqa və İrana münasibətdə Qəbdəki  ağalarının sifarişini həyata keçirib. O, ümumiyyətlə, siyasətçi deyil və belə adamın ölkə rəhbərliyinə gətirilməsi Misirə heç nə verməyəcək. Amma ABŞ və onun müttəfiqləri üçün Hüsnü Mübarəkin yerinə Əl-Baradeyin gətirilməsi daha məqsədəuyğundur. Lakin Misirdə əl-Baradeyi sevmirlər və inanmıram ki, Hüsnü Mübarək vəzifəsindən gedəcəyi halda, xalq ona etimad göstərsin. Amma ABŞ bütün hallarda çalışacaq ki, Hüsnü Mübarəki hakimiyyətdə öz adamı əvəz eləsin.

- Vəfa bəy, Misirdəki olaylarda ölkə əhalisi arasında böyük nüfuza malik olan “Müsəlman Qardaşları”nın səsi, demək olar ki, eşidilmir. Sizcə, onların  etiraz aksiyalarında fəal rol oynamaması nə ilə əlaqədardır?

 -  Sualınıza birbaşa cavab vermək və “Müsəlman  Qardaşları” ilə bağlı açıq danışmaq istəyirəm.  Əgər bu gün Misirdə şəffaf seçkilər keçirilsə, “Müsəlman Qardaşları” səslərin böyük əksəriyyətini alaraq qələbə çalacaq.  Amma indiki vəziyyətdə “Müsəlman Qardaşları” ehtiyatlı mövqe tuturlar. Zənnimcə, bunun səbəbi var. Çünki  “Müsəlman Qardaşları” aksiyalarda fəallıq nümayiş etdirəcəkləri halda, müəyyən güclər hadisələri başqa məcraya yönəldəcək və Qərbi müsəlman təhlükəsi ilə qorxutmağa cəhd edəcəklər. Bu isə Hüsnü Mübarəkin xeyrinə işləyən amil ola bilər. Zənn edirəm ki, adıçəkilən qurumun etiraz aksiyalarında fəal iştirak etməməsi bununla bağlıdır.

- Hüsnü Mübarək istefa verəcəyi halda “Müsəlman Qardaşları” hakimiyyəti ələ ala bilərmi?

-  Yox. “Müsəlman Qardaşları” çətin ki, indiki məqamda hakimiyyətə gəlməkdə maraqlı olsunlar. Çünki bu, onların əleyhinə işləyən amil ola bilərdi. Zənnimcə, bu, daha sonralar baş verəcək və istənilən halda “Müsəlman Qardaşları”nın hakimiyyətə gəlməsi üçün zamana ehtiyac var.

- Misirdəki hadisələrin sonunu necə görürsünüz?

- Misir hazırda elə qarışıb ki, orada nəinki bir neçə gündən, hətta bir neçə saatdan sonra hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Mən bunu Misirdə uzun müddət işləyən və bu ölkəni yaxından tanıyan bir diplomat kimi deyirəm. Çünki ABŞ və onun müttəfiqləri Hüsnü Mübarəklə bağlı məsələdə manevr edir, gah onu islahatlar keçirməyə, xalqa qarşı silah işlətməməyə, gah da yaxın zamanlarda yeni seçkilər keçirməyə çağırırlar. Yəni hər vasitə ilə onun hakimiyyətdə qalmasının ömrünü uzatmağa çalışırlar. Ola bilsin ki, hazırkı məqamda ABŞ-ın Hüsnü Mübarəki əvəz edə biləcək və özünə sadiqlik nümayiş etdirəcək adamı yoxdur. Bu baxımdan ABŞ-a loyal görünən ordu rəhbərliyi də tərəddüd içindədir. Belə ki, ordu bir tərəfdən xalqı müdafiə edir, ona qarşı silah işlətmir, digər tərəfdən də, Mübarəkə münasibətdə də hansısa qəti addımlar atmır. Ona görə də Misirdəki hadisələrin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Amma bir məsələ ilə bağlı reallıq ortadadır: Diktator üsul-idarələri çoxdan ömrünü başa vurub və bunu müsəlman ölkələrini idarə edənlər nə qədər tez başa düşsələr, o qədər də həm özləri, həm də xalqları üçün yaxşı olar.

 

 

ƏZİZ MUSTAFA

             

Zaman.-2011.-8-9 fevral.-S.11.